16-CI MÜNAZİRƏ - III hissə

:

«HƏSƏN VƏ HÜSEYN (Ə) CƏNNƏT CAVANLARININ AĞALARIDIRLAR» HƏDİSİ QARŞISINDA HƏDİS UYDURMALARI 
Dəvətçi: «O səhih hədislərdən biri Rəsulullahın (s) buyurduğu «Həsən və Hüseyn cənnət gənclərinin ağalarıdılar, ataları isə onlardan daha üstündür» – hədisidir.

Bu hədisi Xətib Xərəzmi «Mənaqib»də, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 8-ci məvəddəsində, imam Əbu Əbdürrəhman Nəsai «Xəsaisi-Ələvi»də, İbn Səbbağ əl-Maliki «Fusulul-mühimmə»nin 159-cu səhifəsində, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 54-cü babında Tirmizi, İbn Macə və Əhməd ibn Hənbəldən, Sibt ibn Cuzi «Təzkirə»nin 133-cü səhifəsində, imam Əhməd ibn Hənbəl «Müsnəd»də, Tirmizi «Sünən»də, İbn Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»in 97-ci babında bu hədisi nəql etdikdən sonra belə deyir: Hədis elminin imamı Əbul Qasım Tabərani «Mucəmul-Kəbir»də imam Həsənin (ə) həyatını araşdırarkən bu hədisi-şərifi nəql edən ravilərin adlarını yazmışdır. Bu hədisi nəql edən səhabələrdən bəzilərinin adları bunlardır: «Əmirəl-möminin Əli ibn Əbu Talib, ΙΙ xəlifə Ömər ibn Xəttab, Hüzeyfə Yəməni, Əbu Səid Xudri, Cabir ibn Abdullah Ənsari, Əbu Hüreyrə, Usamə ibn Zeyd və Abdullah ibn Ömər». Məhəmməd ibn Yusif Gənci əş-Şafei daha sonra belə deyir: «Rəsulullahın (s) buyurduğu; «Həsən və Hüseyn cənnət gənclərinin ağalarıdırlar, ataları isə onlardan daha üstündür» – hədisi «həsən» bir hədisdir. Bu hədisin sənədlərini bir-birlərinin yanına qoyduğumuzda, hədisin səhih bir hədis olduğu ortaya çıxır. Hafiz Əbu Nəim İsfahani «Hilyə»də, İbn Əsakir «Tarixi-kəbir»in ΙV cildinin 206-cı səhifəsində, Hakim «Müstədrək»də, İbn Həcər Məkki «Səvaiq»in 82-ci səhifəsində, xülasə əhli-sünnənin böyük alimləri bu hədisin Rəsulullah (s) tərəfindən buyrulduğu barədə ittifaq etmişlər».
Şeyx: «Zənn edirəm Rəsulullahın (s) buyurduğu bu hədisi «Əbu Bəkrin olduğu yerdə başqalarını ön görmək yersizdir», heç kim inkar edə bilməz. Bu hədis Əbu Bəkrin ümmətin digər şəxslərinə görə hər işdə qabağcılıq haqqına sahib olduğunu isbat edir.
Dəvətçi: «Anlaya bilmirəm, nə səbəbdən düşünmədən nəql olunan hər hədisi qəbul edirsiniz. Əgər Rəsulullahın (s) özü bu hədisi buyurmuş olsaydı, nə üçün özü dediyinə əməl etmədi? Nə üçün mübahilə hadisəsində Əbu Bəkrin yerinə həzrət Əlini (ə) özü ilə bərabər apardı? Nə üçün Təbuk səfərində Əbu Bəkr olduğu halda həzrət Əlini (ə) xəlifə olaraq öz yerinə qoydu? Məkkədə «Bəraət» surəsinin oxunması məsələsində, nə üçün Əbu Bəkri kənarlaşdırıb yerinə həzrət Əlini (ə) vəzifələndirdi? Nə üçün Məkkə fəth edildikdən sonra Kəbədəki bütləri yıxmaq üçün Əbu Bəkrin yerinə həzrət Əlini (ə) önə çəkib, hətta «Hubəl» bütünü yıxması üçün onun çiyninə çıxdı? Əbu Bəkr olduğu halda nə üçün yəmənliləri İslama dəvət etməyə həzrət Əlini (ə) göndərdi? Hamısından əhəmiyyətlisi, nə üçün özündən sonra xəlifə olması üçün Əbu Bəkrin yerinə həzrət Əlini (ə) vəsi təyin etdi?».
Şeyx: «Rəsulullahdan (s) bir çox səhih hədis nəql edilmişdir. Bunu qətiyyən inkar edə bilməzsiniz. Bu hədis belədir: Əmr ibn As deyir ki, bir gün Peyğəmbərdən (s) belə soruşdum: «Ya Nəbiyyəllah! Ailənizdəki qadınların içində ən çox sevdiyiniz kimdir?», cavabında; «Ayişə» buyurdu. Sonra «Kişilərin içində ən çox sevdiyiniz kimdir?» – soruşduğumda; «Ayişənin atası» buyurdu.  Əbu Bəkr Peyğəmbərin ən çox sevdiyi insan olduğuna görə ümmətin hamısına rəhbərlik etmək haqqı vardır. Bu da Əbu Bəkrin xəlifəliyi üçün qəti bir dəlildir».

«ƏBU BƏKR VƏ AYİŞƏ RƏSULULLAHIN (S) ƏN ÇOX SEVDİYİ İNSANLARDIRLAR» – SÖZÜNÜN CAVABI
Dəvətçi: «Bu hədis, Əbu Bəkr tərəfdarlarının uydurması olmasından əlavə, iki məzhəbin qəti olaraq qəbul etdiyi hədislərlə də ziddiyyətlidir. Bu səbəbdən bu hədisin mərdudluğu sabitdir. Bu hədisi iki baxımdan diqqətlə araşdırmaq lazımdır: Birincisi Ümmül-möminin Ayişə baxımından, digəri isə Ι xəlifə Əbu Bəkr baxımından. Ayişənin Rəsulullahın (s) ən çox sevdiyi qadın olduğu sözü, hər iki məzhəbin (şiə və sünnilərin) mötəbər kitablarında mövcud olan başqa səhih hədislərlə ziddiyyət təşkil edir».
Şeyx: «Mümkünsə, onların hansı hədislər olduğunu söyləyin, biz də adilanə bir şəkildə hökm verək».
Dəvətçi: «Bu hədisin xilafına, sizin öz alim və raviləriniz tərəfindən Ümmül-əimmə həzrət Fatimə (ə) haqqında bir çox hədis nəql edilmişdir.

HƏZRƏT FATİMƏ (S) ALƏMDƏKİ QADINLARIN ƏN ÜSTÜNÜDÜR
Hafiz Əbu Bəkr Beyhəqi öz yazdığı tarix kitabında, Hafiz ibn Əbdülbirr «İstiab»da, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»da və sairə alimlər Rəsulullahın (s) belə buyurduğunu nəql edirlər: «Fatmə ümmətimin qadınlarının ən üstünüdür».
Əhməd ibn Hənbəl «Müsnəd»də və Hafiz Əbu Bəkr Şirazi də «Nüzulul-Quran fi Əli» adlı kitabında, Məhəmməd Hənəfiyyədən, o da Əmirəl-möminin həzrət Əlidən (ə), İbn Əbdülbirr «İstiab»da, həzrət Fatiməni (s.ə) və Ümmül-möminin həzrət Xədicə Əbdülvaris ibn Süfyan və Əbu Hüreyrədən nəqlən; yenə Ümmül-möminin həzrət Xədicə (ə) Əbu Davuddan o da Əbu Hüreyrə və Ənəs ibn Malikdən nəqlən, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 55-ci babında, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 13-cü məvəddəsində Ənəs ibn Malikdən və digər bir çox etibarlı alimləriniz Ənəs ibn Malikdən Rəsulullahın (s) belə buyurduğunu nəql edirlər: «Aləmlərdəki qadınların ən üstünü dörd nəfərdir: İmran qızı Məryəm, Məzahim qızı Asiya, Xüveylid qızı Xədicə və Mühəmməd qızı Fatimə».
Xətib «Tarixi-Bağdad» kitabında belə yazır: «Rəsulullah (s) bu dörd qadını aləmlərin ən yaxşı qadınları olaraq saydıqdan sonra Fatiməni həm dünyada, həm də axirətdə digər üçünə üstün etmişdir».
Məhəmməd ibn İsmail Buxari «Səhih»də və imam Əhməd ibn Hənbəl «Müsnəd»də Əbu Bəkrin qızı Ayişədən Rəsulullahın (s) Fatiməyə (ə) belə buyurduğunu nəql edirlər:
«Ey Fatimə! Sənə müjdələr olsun, Allah səni aləmdəki qadınların üzərinə ümumi olaraq və müsəlman qadınları üzərinə də məxsus olaraq seçdi və səni pak etdi. İslam ən üstün dindir».
Buxari “Səhih”inin ΙV cildinin 64-cü səhifəsində, Müslim “Səhih”inin ΙΙ cildinin «Fəzailu -Fatimə» babında, Həmidi «əl-cəmu beynəs-Səhiheyn»də, İbn Əbdülbirr «İstiab»da həzrət Fatimənin (ə) hayatı haqqında qeyd edərkən, imam Əhməd «Müsnəd»in VΙ cildinin 282-ci səhifəsində, Məhəmməd ibn Səd Katib «Təbaqat»ın ΙΙ cildində Rəsulullahın (s) xəstə olduğu vaxt yataqda ikən buyurduğu sözlərin içində və 8-ci cilddə həzrət Fatimənin (ə) həyatı haqqında uzun bir hədisi (məclisin vaxtı az olduğu üçün hamısını demirəm) Ayişədən Rəsulullahın (s) belə buyurduğunu nəql edirlər: «Ey Fatimə! Aləmdəki qadınların xanımı olmağa razı deyilsənmi?» İbn Həcər Əsqəlani bu ibarəni (yəni sən aləmlərdəki qadınların ən üstünüsən) həzrət Fatimənin (s) hayatı haqqında nəql etmişdir. Yenə Buxari və Müslim Səhihlərində, imam Sələbi təfsirində də, imam Əhməd ibn Hənbəl «Müsnəd»də, Tabərani «Mucəmul-Kəbir»də, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 32-ci babında təfsiri- İbn Əbi Xatəmdən, Təbəri «Təfsiri-Təbəri» adlı kitabında, Vahidi «Əsbabun-nüzul»da, İbn Məğazili əş-Şafei «Mənaqib»də, Muhibbuddin Təbəri «Riyaz»da, Mömin Şəblənci «Nurul-əbsar»da, Zəməxşəri təfsirində, Əllamə Səmhudi «Tarixul-Mədinə»də, Fazil Nişapuri təfsirində, Qazı Beyzavi təfsirində, imam Fəxri Razi «Təfsiri-Kəbir»də, Seyid Əbu Bəkr Şəhabuddin Ələvi «Rəşfətüs-Sadi min bəhri fəzaili bənin-Nəbiyyil-Hadi»də təfsiri Bəğəvi»dən,  Şeyx Abdullah ibn Məhəmməd ibn Əmir əş-Şəbravi əş-Şafei «Kitabul-ithaf»ın 5-ci səhifəsində Hakim, Təbərani və Əhməddən; Cəlaləddin Süyuti «İhyaul-meyyit»də İbn Munzir, İbn Əbi Xatəm və İbn Mərduyə»nin təfsirlərindən və Təbəraninin «Mucəmul-Kəbir» adlı kitabından, İbn Xatəm və Hakimdən, qısaca desək böyük alimlərinizin ümumi (Əməvi tərəftarları və Əhli-beyt düşməni olan çox az bir qrupdan başqa) İbn Abbas və digərlərindən belə nəql edirlər:
«Şura» surəsinin 23-cü ayəsi ‒ «De: «Bunun əvəzində sizdən yaxınlarıma olan məhəbbətdən başqa heç bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, biz də onun savabını artırarıq» ‒ nazil olduğunda səhabələr belə dedilər: «Ya Rəsuləllah! Allah, sevməyi bizə vacib etdiyi yaxınların kimlərdir?» Rəsulallah (s) cavabında: «Əli, Fatimə, Həsən və Hüseyndir» –  buyurdu. Bəzi hədislərdə də Rəsulullahın (s) belə buyurduğu nəql edilir: «Əli, Fatimə və onların iki oğludur».
Bu kimi hədislər sizin mötəbər kitablarınızda çoxdur. Amma vaxtın azlığı, onların hamısını nəql etməyə imkan vermir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!