34-CÜ MÜNAZİRƏ - III hissə

:

HƏZRƏT ƏLİYƏ (Ə) OLAN SEVGİ İMANDIR, NİFRƏT, QƏZƏB İSƏ KÜFRDÜR 
Yenə “əl-Al ibn Xaləviyyə” kitabında Əbu Səid Xudridən nəqlən Peyğəmbəri-əkrəmin (s) Əliyə (ə) belə buyurduğunu yazmışdır: “(Ya Əli!) Sənə bəslənilən sevgi iman, qəzəb isə nifaqdır. Cənnətə ilk daxil olan səni sevəndir; Cəhənnəmə ilk düşən isə sənə nifrət bəsləyən və qəzəblənəndir”.

Həmçinin, Mirseyid Əli Həmədani Şafei “Məvəddətül-qurba”nın 3-cü məvəddəsində Rəsulullahın (s) əshabı arasında belə buyurduğunu nəql etmişlər: “Əlini təkcə mömin sevər; Ona təkcə kafir nifrət bəsləyər”.
Başqa bir yerdə isə belə buyurulur: “Səni təkcə mömin sevər və sənə təkcə münafiq qəzəblənər”.
Hafiz ibn Əsakir 100 cildlik kitabının 3 cildini Əlinin (ə) fəzilətlərinə ayırdığı (Tarix) kitabının 50-ci cildində bu xəbəri Ayişədən nəql etmişdir.
Məhəmməd ibn Yusif “Mətalibus-süul”un 27-ci səhifəsində, İbn Səbbağ Maliki də “Fusulul-mufimmə”də Tirmizi və Nəsaidən, onlar da Əbu Səid Xudridən belə dediyini nəql etmişlər: “Biz Rəsulullah (s) dövründə münafiqləri təkcə Əliyə olan qəzəbləri vəsitəsilə tanıyırdıq”.
Eləcə də, “Fusulul-muhimmə”də Rəsulullahın (s) həzrət Əliyə belə buyurduğu yer almışdır: “Səninlə döyüşmək mənimlə döyüşməkdir; sənin qanın mənim qanımdır; mən sənə qarşı döyüşənlə döyüşərəm. Səni ancaq əsl-nəcabəti olan kəslər sevər, sənə ancaq nəcabəti azğın olan insanlar nifrət edər. Səni ancaq möminlər sevər, sənə ancaq münafiqlər düşmənçilik edər.”
Şeyx: “Bu cür hədislər təkcə həzrət Əli (k.v) haqqında deyildir. Raşıdi xəlifələr haqqında da bu məzmunda hədislər rəvayət edilmişdir”.
Dəvətçi: “Mümkünsə, o hədislərdən birini nəql edin, həqiqətlər aşkar olsun”.
Şeyx: “Əbdürrəhman ibn Malik öz sənədilə Cabirdən nəlq edərək, Peyğəmbərin (s) belə buyurduğunu yazır: “Əbu Bəkr və Ömərə mömin nifrət etməz, münafiq də onları sevməz”.
Dəvətçi: “Əvvəlki gecələrdə söylədiyim kimi, zəhmət olmasa birtərəfli hədislər rəvayət etməyin; səhih hədislərə istinad edin. İftira və yalançı ravilərdən rəvayət edilən uydurma hədisləri bir kənara qoyun”.
Şeyx: “Bizdən eşitdiyiniz hər hədisi zəif adlandıraraq rədd etmək qərarınıza alışmısınız!”
Dəvətçi: “Təəssüflər olsun ki, sadəcə mən deyil, öz alimləriniz də rədd edirlər. Zəhmət olmasa, Zəhəbinin “Mizanul-etiqad”ına və Xətib Bağdadının “Tarix” kitabının 10-cu cildinin 236-cı səhifəsinə müraciət edin. Orada bir çox alimləriniz Əbdürrəhman ibn Malik haqda belə demişlər: “O, yalancı və iftiraçıdır. Hədis uyduran bir kəsdir. Heç kim bu mövzuda şəkk-şübhə belə etməmişdir”.
Allah xatirinə, iftiraçı, yalançı və hədis uyduran bir kəsdən rəvayət etdiyiniz birtərəfli olan bu hədis, o böyük alimləriniz rəvayət etdiyi və bizim də onlardan bəzilərinə toxunduğumuz bu sayda hədislərlə bərəbər ola bilərmi?
Zəhmət olmasa, sadalayacağım alimlərinizin kitablarına diqqətlə baxın: Süyuti: “Camiul-Kəbir”, c. 6, səh.390; Muhibbuddin: “Riyazun-nəzirə”, c. 2, səh.215, Tirmizi: “Came”, c. 2, səh. 299; İbn Əbdulbirr: “İstiab”, c. 3, səh.46;.
Bu mənbələrdə Əbuzərdən fərqli ibarələrlə belə rəvayət edilir: “Biz münafiqləri Rəsulullahın (s) dövründə ancaq 3 əlamətlərilə tanıyırdıq: Allah-taala və Rəsulunu rədd etmək, namazdan çəkinmək və Əli ibn Əbu Talibə nifrət etmək”.
Yenə İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi”nin 1-ci cildinin 364-cü səhifəsində Mötəzili şeyxi Şeyx Əbülqasim Bəlxinin belə dediyini nəql edir: “Bütün mühəddislər səhihliyində şübhə olmayan bir çox hədislərdə Rəsulullahın (s) həzrət Əliyə (ə) belə buyurduğunu ittifaq etmişlər: “Ya Əli! Mömin sənə nifrət etməz, münafiq isə səni sevməz”.
Bu cür rəvayətlər sizin mötəbər kitablarınızda olduqca çoxdur. Məclisin vaxtını nəzərə alaraq, zehnimdə olan bu bir neçə rəvayəti nəql etdim.
İndi siz ağalar ədalətlə hökm verin; Ayişənin həzrət Əli (ə) ilə döyüşməsi, Rəsulullah (s) ilə döyüşmək deyilmi? Görəsən, bu döyüş və xalqı həzrət Əli (ə) əleyhinə döyüşməyə təşviq etmək sevgi, dostluq və məhəbbətə görə idi, yoxsa qəzəb, kin və düşmənçiliyə görə !?
Zəhmət olmasa, sevginizə və qəzəbinizə görə deyil, ədalətlə hökm verin!
Yadıma bir rəvayət düşdü. Həmədanlı fərih Mirseyid Əli Şafei “Məvəddətul-qürba”nın 3-cü məvəddəsində bilavasitə Ayişədən Rəsulullahın (s) belə buyurduğunu nəql etmişdir: “Allah-taala, Əliyə qarşı qiyam edənin kafir və Cəhənnəm əhli olduğunu mənə bildirdi”.
Çox qəribədir, Ayişəni “Belə bir sözü Peyğəmbərdən (s) eşitdiyin halda niyə Əliyə qarşı qiyam etdin?” – deyə ittiham etdikdə, o, gülünc bir üzr gətirərək: “Bu hədisi Cəməl günü unutdum, amma Bəsrədə xatırladım!” – dedi”.
Şeyx: “Sizin öz bəyanınıza görə, o zaman niyə Ümmül-möminin Ayişəni (ə) ittiham edirsiniz. Bu aydındır ki, insan qəflət edə bilər, unuda bilər”.
Dəvətçi: “Cəməl günü döyüşün od-alovundə unuda bilər. Amma Məkkədən hərəkət etdikdə Peyğəmbərin (s) bütün dostları, hətta zövcələri belə ona mane olmaq istədilər. Lazımsız işlərə baş qoşduğunu, Əliyə müxalifətin həzrət Peyğəmbərə (s) müxalifət olduğunu söylədikdə də bunu xatırlamadımı? Görəsən, “Cəməl” hadisəsini yazan tarixçiləriniz də Rəsulullahın (s) belə buyurduğunu xatırlatmadılarmı?: “Ey Ayişə! Həvəb itlərinin sənə qarşı hürdüyü yoldan qorx!”
Ayişə Bəsrəyə gedərkən, Bəni-Kilabın su quyusuna yetişdikdə, itlər ətrafına dolanıb hürməyə başladı. “Bura haradır?” – deyə soruşduqda, “Həvəb” dedilər. Bu adı eşitdikdə Rəsulullahın ona buyurduğu sözü xatırladı. Bəs onda niyə Zübeyrin oğlunun oyunu ilə yoluna davam edib Bəsrəyə getdi və o böyük fitnəyə səbəb oldu? Görəsən, yenə də onun unutduğunu və bilərək yoluna davam etmədiyini söyləyə biləcəksinizmi? Görəsən, bu dəlil Ayişə üçün heç bir zaman silinməyəçək böyük bir ləkə deyilmi?
Bilərək Rəsulullaha (s) itaətsizlik etdi. Təlhə və Zübeyrin oyunu ilə Peyğəmbərin (s) xəlifəsinə qarşı döyüşdü! Məlum olduğu kimi, bilavasitə özü Peyğəmbərin (s) belə buyurduğunu bəyan edirdi: “Hər kim Əli ilə döyüşüb ona qarşı qiyam edərsə, o, kafirdir!”
Rəsuli-əkrəmin (s) xəlifəsinə qarşı döyüşmək və ona bir çox əziyyət vermək Peyğəmbərə əziyyət etmək deyilmi? Əvvəlki gecələr sənədi ilə rəvayət etdiyim bir hədisdə Pyğəmbər belə buyurmamışdırmı?: “Kim Əliyə əziyyət edərsə, mənə əziyyət etmişdir; mənə əziyyət edən də Allaha əziyyət etmişdir. Ey insanlar! Əliyə əziyyət edən Qiyamət günü yəhudi və xristian həşr olar”.

AYİŞƏNİN ƏMRİ İLƏ BƏSRƏDƏ SƏHABƏ VƏ MÖMİNLƏRİN ÖLDÜRÜLMƏSİ
Bu rəvayətlər sizin mötəbər kitablarınızda yoxdurmu? Bu halda niyə şiəyə etiraz edirsiniz? Möminlərin qanını tökmək, Peyğəmbərin (s) əshabından olan Osman ibn Hüneyfə işgəncə vermək, yüzdən çox Quran hafizini və silahsız dövlət məmurlarını öldürmək, şikəst bir kişini məsciddə qətlə yetirmək, bu döyüşün səbəbkarı olan Ayişənin boynunda deyilmi?
Əllamə Məsudi “Mürucuz-zəhəb”in 2-ci cildinin 7-ci səhifəsində belə yazır: “Yaraladıqlarından başqa 70-dən çox insanı öldürdülər. Bu 70 nəfərdən 50-nin boynun vurdular. Bu öldürülənlər İslamda məzlumca öldürülən ilk kəslərdir.
Bu faciəli hadisəni təfərrüatı ilə İbn Cərir, İbn Əsir və digər alim və tarixçiləriniz də həql etmişlər.
Şeyx: “Buyurduqlarınız doğrudur. Ümmül-möminin Ayişə də bir insandır, məsum deyildir. Əlbəttə, xəta etmiş, sadəliyindən iki səhabəyə aldanmışdır. Amma sonra tövbə etmiş, Allah-taala da onu əfv etmişdir”.
Dəvətçi: “Əvvəla, siz də qəbul edirsiniz ki, bəzi böyük səhabələr də xəta etmiş və aldanmışdır. Halbuki bilindiyi kimi, bunlar da Rizvan ağacının altında beyət edənlərdəndir. Daha doğrusu, sizin əvvəlki gecə rəvayət etdiyiniz “Əshabım ulduzlar kimidir; hansına tabe olsanız, doğru yola hidayət olarsınız” hədisi özü-özlüyündə batil olur.
İkincisi; Ayişənin tövbə etməsi sırf bir iddiadır. Ayişənin qiyamı, döyüşü və qətliamı bütün müsəlmanlara bəllidir. Amma tövbə etməsi bəlli deyildir.

AYİŞƏNİN, İMAM HƏSƏNİN (Ə) HƏZRƏT PEYĞƏMBƏRİN (S) MÜBARƏK MƏZARININ KƏNARINDA DƏFN EDİLMƏSİNƏ MANE OLMASI
Qəti şəkildə məlumdur ki, Ayişə uşaqcasına hərəkət etmiş və hər bir davranışı tarixdə bir fəsada səbəb olmuşdur. Dediyiniz kimi, əgər həqiqətən tövbə edib peşman olmuş olsaydı, o zaman niyə sonradan Peyğəmbərin (s) nəvəsi imam Həsənin (ə) cənazəsi qarşısında hər kəsi kədərləndirib, narahat edən rəftarı ilə yeni bir fəsada səbəb oldu?
Ayişənin xətası təkcə Peyğəmbəri (s) kədərləndirmək, incitmək, dəvəsinə minərək cahiliyyət qadınları kimi Rəsulullahın xəlifəsilə döyüşmək deyildi. O, ölənlərlə də eyni şeyi edirdi. Qatıra minib Peyğəmbərin (s) nəvəsi imam Həsənin cənazəsini müşayiət edən  karvanın qarşısını kəsərək, onun Rəsuli-əkrəmin mübarək qəbrinin yanında dəfn edilməsinə də mane olmuşdu.
Yusif Sibt ibn Cuzi “Təzkirətu-xəvassil-ümmə” nin 122-ci səhifəsində, “Mürucuz-zəhəb”in müəllifi Əllamə Məsudi “İsbatul-vəsiyyə” nin 136-cı səhifəsində, Vaqidi və Əhməd ibn Məhəmməd ibn Hənəfi “Tarixi-Əsəmi-Kufi”nin tərcüməsində, Əbul-Fida və başqaları da öz tarix kitablarında belə nəql etmişdir: “Həzrət Həsənin cənazəsini gətirdikdə, Ayişə qatıra minib, Bəni-Üməyyədən bir qrup şəxs və kölələrlə birlikdə cənazənin qarşısını kəsərək, imam Müctəbanın Peyğəmbərin (s) qəbrinin yanında dəfn edilməsinə izn verməyəcəklərini söylədilər”.
Məsudinin rəvayətinə görə İbn Abbas belə dedi: “Sənə təəccüblənirəm ey Ayişə! Xalqın “Cəməl – dəvə – günü” deməsi sənə kifayət etmədi, indi də “Qatır günü” desinlər?! Bir gün dəvəyə, bir gün də qatıra minərək Rəsulullahın (s) hicabını cırdın (ehtiramını qopumadın), Allahın nurunu söndürməkmi istəyirsən? Halbuki müşriklər istəməsə də, Allah-taala nurunu tamamlayacaqdır. Biz Allah üçünük, Ona doğru dönəcəyik!”.
Bəziləri də ona belə deyildiyini rəvayət etmişlər: “Bir gün dəvəyə mindin, bir gün də qatıra; yaşasan bir gün də filə minəcəksən (Yəni Əbrəhə kimi Allahla döyüşə qalxacaqsan) Mirasın səkkizdə birinin 9\1-i düşdüyü halda, sən hamısına əl qoydun”. (Dünyasını dəyişən insanların övladları varsa, həyat yoldaşına mirasından səkkiz də biri  düşür. Peyğəmbərin (s) 9 xanımı olduğu üçün bu “səkkizdə birin” 9 yerə bölünməsi lazım gəlir. Yəni Ayişənin haqqı Rəsulullahdan (s) qalan “səkkizdən birin” 9\1-i idi. Amma Ayişə buna razı olmayaraq, hamısına əl qoydu.)
Haşim övladları qılınc çəkib onları dəf etmək istədikdə, imam Hüseyn (ə) mane olaraq: “Qardaşım, cənazəsi üstündə bir damla belə qan tökülməsin deyə vəsiyyət etmişdir.” – buyurdu. Bu səbəbdən cənazəni geri aparıb, “Bəqi” qəbiristanlığında dəfn etdilər.

Ardı var ...

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!