NADANLIĞIN İCTİMAİ FƏSADLARLA ƏLAQƏSİ

:

Sual: Nadanlığın ictimai fəsad və pozğunluqlarla nə kimi əlaqəsi vardır?
Cavab: Quran ayələrinə əsasən, cəmiyyətdə nadanlığın artması bir çox ictimai fəsad və zərərlərə yol açır. Nadanlıq ikitirəlik və qarşıdurma yaradır. Nadanlıq bədgümanlıq və bədbinlik amilidir. Nadanlıq ədəbsizliyin mənşəyidir. Nadanlıq ictimai bədbəxtliklərin başlıca səbəbidir. Nadanlıq dəyərlərin sıradan çıxması amildir...

Cəmiyyətdə nadanlığın artması bir sıra ictimai pozuntu və problemlərlə nəticələnir. Onlardan bəzilərinə işarə edirik:
Nadanlıq ikitirəlik və qarşıdurma amilidir.
Allah-taala Mədinə yəhudilərinin daxili qarşıdurmaları haqda buyurur:
1لَا یُقَاتِلُونَکُمْ جَمِیعًا اِلَّا فِی قُرًى مُّحَصَّنَهٍ اَوْ مِن وَرَاءِ جُدُرٍ ۚ بَاْسُهُم بَیْنَهُمْ شَدِیدٌ ۚ تَحْسَبُهُمْ جَمِیعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِکَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَعْقِلُونَ 
“Onların hamısı möhkəm qalalarda və ya divar arxasından başqa yerdə sizinlə döyüşmürlər. Öz aralarında vuruşmalar güclüdür (amma sizin müqabilinizdə zəif!) Güman edirsən ki, onlar müttəfiqdirlər, halbuki qəlbləri pərakəndədir. Bu ona görədir ki, onlar dərin düşünməyən dəstədirlər”.
“قرى” – ”qurən” sözü, “قریه” – ”qəryə” sözünün cəm formasıdır, şəhər və kənd də daxil olmaqla mənası abadlıqdır. Bəzən də bir qrup insanın toplaşdığı yerə deyilir.
“قرى محصنه” – ”qurən muhəssənətin” o abadlığa deyilir ki, bina, divar, xəndək və digər maneələrlə düşmən hücumunun qarşısı alınmışdır. “Bəni-Nəzir (Mədinədəki üç yəhudi tayfasından biri) tayfasından söz açan bu ayə onların daxili qorxusundan, ixtilafından və pərakəndəliyindən xəbər verir. Ayədə buyurulur: Onların zahiri birliyinə baxma, əslində onlar pərakəndədirlər. Bu isə cahil və nadanlıqlarına görədir.
Həmişə ixtilaf nadanlıqdan, birlik isə məlumatlı olmaqdan qaynaqlanır. Cahil insanlar nəinki pərakəndəliyin böyük təhlükəsini görmür, birliyin bərəkətindən də xəbərsizdirlər. Bundan əlavə, sağlam həyat prinsipləri, əməkdaşlıq tərzi və düzgün ictimai fəaliyyət şərtləridən belə qafildirlər. Bu da, onları ikitirəliyə çəkib aparır.
Təəssübkeş, inadkar, xudbin, ədavətli və acımasız fərdlər əsla birlik qura bilməzlər. Çünki, bunların hər biri birlik yolunda ən böyük maneədir və bildiyimiz kimi bu nəsnələrin hər biri nadanlıqdan doğur.2
Nadanlıq bədgümanlıq və bədbinlik amilidir.
Allah-taala bir qrup müsəlmanın Ühüd döyüşündəki yanlış gümanları haqda buyurur:
3“ثُمَّ اَنزَلَ عَلَیْکُم مِّن بَعْدِ الْغَمِّ اَمَنَهً نُّعَاسًا یَغْشَىٰ طَایِفَهً مِّنکُمْ ۖ وَطَایِفَهٌ قَدْ اَهَمَّتْهُمْ اَنفُسُهُمْ یَظُنُّونَ بِاللَّهِ غَیْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِیَّهِ” 
“Sonra bu qəm-qüssənin ardınca sizə bir təskinlik nazil etdi. Bu təskinlik mürgü surətində idi ki, (Ühüd hadisəsidən sonrakı gecədə) – bir qisminizi bürüdü. O biri qisminiz isə öz canlarının hayında idi (və gözlərinə yuxu getmədi). Onlar Allah barəsində cahiliyyət dövründəki düşüncələrə bənzər yanlış gümanlara qapıldılar”.
Bu ayə Ühüd döyüşündən sonrakı ağrılı və iztirablı gecədə baş verən macəraya işarə edir; bəzi müsəlman dəstələr düşmənin ağır zərbəsinə davam gətirdikdən sonra, Qüreyş fatehlərinin növbəti dəfə Mədinəyə dönəcəyini və Ühüd meydanındakı hadisələr nəticəsində müsəlmanların zəifləmiş müqavimətlərini birdəfəlik qıracaqlarına ehtimal edirdilər.
Bu arada Allah onlara sakitləşdirən bir yuxu verdi və iztirablarına son qoydu. Lakin imanı zəif olanlar gərgin düşüncə altında səhəri yuxusuz açdılar; bəzən özləri ilə danışır, bəzən öz aralarında düşünürdülər ki, görəsən, Allah Rəsulunun (s) vədələri həqiqətən, doğrudurmu? Görəsən, Ühüddə başq verən bu acınacaqlı halla sonda zəfər çalacağıqmı? Bu həngamədən sağ-salamat çıxacağıqmı? Və bizə deyilənlər hamısı yalan idimi? Bu kimi şeytani vəsvəsələr, nadanlıqdan doğan bədgümanlıqlar onları rahat qoymurdu.
Lakin qarşıdakı hadisələr göstərdi ki, onlar çox səhv ediblər, ilahi vədələrin hamısı həqiqət idi. Cəhalət dövründən qopa bilmədiklərindən dolayı, Allah və Rəsulu (s) barəsində belə pis gümanlara düşmüşdülər.
Bu ibarə bədgümanlıq amillərindən birinin nadanlıq və hadisələri düzgün təhlil etmək potensialının olmaması olduğunu göstərir. Əgər insan məlumatlar sayəsində hadisələri düzgün təhlil edə bilsə, belə bədbinlik və bədgümanlıqlara mübtəla olmaz.
Nadanlıq ədəbsizliyin qaynağıdır.
Allah-taala İslam Peyğəmbərinə (s) qarşı bir qrup ərəb və bədəvi ərəbin ədəbsizliyinin köklərindən söz açır və buyurur:
4“اِنَّ الَّذِینَ یُنَادُونَکَ مِنْ وَرَاءِ الْحُجُرَاتِ اَکْثَرُهُمْ لاَ یَعْقِلُونَ”
“Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti anlamırlar”.
Bir dəstə ərəb vardı, vaxtlı-vaxtsız Peyğəmbərin (s) evinin qapısına gəlir və ucadan:
"یا محمّد! یا محمّد! اُخرُجُ اِلَیْنا"
Ey Məhəmməd! Ey Məhəmməd (s)! Çölə çıx (səninlə işimiz var)! – deyə, səslənirdilər. Peyğəmbər də (s) onların ədəbsizliyindən, tez-tez narahatçılıq yaratmalarından çox inciyirdi. Lakin həyasına görə sükut edirdi. Nəhayət, “Hücurat” surəsinin ayələri nazil oldu və Peyğəmbərlə (s) danışıq tərzi və ədəb qaydalarını izah etdi.
“اَکْثَرُهُمْ لاَ یَعْقِلُونَ” – “onların əksəriyyəti anlamır” – ibarəsi problem yaradan fərdlərin ədəbsizliyinin kökündə nadanlıq durduğunu göstərir. Xülasə, harda elm olsa, orda ədəb var, harda nadanlıq görünsə, ədəbsizlik onunla yanaşıdır.
Həmçinin, Bəni-İsraildən olan gəncin qətli əhvalatında buyurulur:
5“وَاِذْ قَالَ مُوسَى لِقَوْمِهِ اِنَّ اللهَ یَاْمُرُکُمْ اَنْ تَذْبَحُوا بَقَرَهً قَالُوا اَتَتَّخِذُنَا هُزُواً قَالَ اَعُوذُ بِاللهِ اَنْ اَکُونَ مِنْ الْجَاهِلِینَ”
“Və (yada salın) Musa öz qövmünə dedi: Allah sizə əmr edir ki, bir inək kəsib (və onun bir parçasını öldürülənin bədəninə vurun ki, dirilsin və qatilini göstərsin). Dedilər: Bizi məsxərə edirsən? Dedi: Nadan olmaqdan Allaha sığınıram!”.
Bu ayə Bəni-İsraildə baş verən qətllə bağlıdır. Qatil naməlum olduğundan bu müəmma Bəni-İsrail qəbilələri arasında böyük savaşlara yol açacaqdı. Allah tərəfindən əmr gəldi ki, bir inək kəsib bədəninin bir parçasını ölüyə toxundursanlar. Bununla da ölü dilə gəlib qatilinin kimliyini bildirsin.
Əmrin qeyri-adiliyindən dolayı Bəni-İsrail əvvəldə təəccüblə Musadan (ə) soruşdular: Sən bizi məsxərə edirsən?!
Musa (ə) cavabında dedi: Mən cahil olmaqdan Allaha pənah aparıram. Yəni, istehza nadanlıq əlamətidir, xudbinlik və təkəbbür əlamətidir. Belə fərdlər başqalarını təhqir etmək üçün onları məsxərə edirlər. Bildiyimiz kimi özünü başqalarından üstün bilmək də, nadanlıqdan qaynaqlanır. Hətta, bir çox nadanlar alimlərə istehza edirlər.6
Nadanlıq ictimai bəla və peşmanlıqların başlıca amilidir.
Allah-taala fasiq şəxsin verdiyi xəbərlə qarşılaşdıqda araşdırma aparmadan tədbir görmək barədə buyurur:
7“یَا اَیُّهَا الَّذِینَ آمَنُوا اِنْ جَاءَکُمْ فَاسِقٌ بِنَبَا فَتَبَیَّنُوا اَنْ تُصِیبُوا قَوْماً بِجَهَالَه فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِینَ”
“Ey iman gətirənlər! Əgər fasiq bir şəxs sizə xəbər gətirsə, onu araşdırın. Məbada, bilməməzlikdən bir dəstəyə zərər vurasınız və gördüyünüz işdən peşman olasınız”.
Bu ayə başlıca prinsip kimi müsəlmanlara göstəriş verir ki, xəbəri alarkən çatdıranın sadiq – doğrucul olmasına diqqət edin. Əgər hər hansı xəbər onlara fasiq və etibarsız şəxs tərəfindən gəlibsə, araşdırsınlar. Araşdırma aparmadan heç bir addım atmasınlar. Çünki, bir sıra müsibət və bəlalara səbəb ola bilər.
Cahil şəxsin müxtəlif hadisələrdə düzgün mövqe sərgiləyə bilməyəcəyi məlum məsələdir. Bilgisizliyi bir çox ziyan və müsibətlərə yol açar. Bu işin nəticəsi peşmançılıqdan başqa bir şey deyil.
Nadanlıq və dəyərlərin alt-üst olması.
Allah-taala müsəlmanların dəyərləri müəyyən etməsi barədə buyurur:
8“کُتِبَ عَلَیْکُمْ الْقِتَالُ وَهُوَ کُرْهٌ لَکُمْ وَعَسى اَنْ تَکْرَهُوا شَیْیاً وَهُوَ خَیْرٌ لَکُمْ وَعَسَى اَنْ تُحِبُّوا شَیْیاً وَهُوَ شَرٌّ لَکُمْ وَاللهُ یَعْلَمُ وَاَنْتُمْ لاَ تَعْلَمُونَ” 
“Sizin xoşunuza gəlməsə də, cihad (döyüş) sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz”.
İnsanın hərəkəti həmişə nəzərindəki dəyərlərə yönəlikdir. Dəyərləri müəyyənləşdirmək insan hərəkətlərinin cəhət almasında daima mühüm rola malikdir. Nadanlıq dəyərləri anti-dəyərlərdən ayırmasında insanın yanlışlığına səbəb olur; inkişafa, xeyrə və bərəkətə səbəb olanı şər, yaxud anti-dəyər bilir, bədbəxtliyinə səbəb olanı isə xoşbəxtlik amili sayır.
Yuxarıdakı ayə deyir: Allah yolunda cihad bir dəyər – abır, izzət və uğur amili – olduğu halda siz nadanlığınız ucbatından onu xoşagəlməz sayırsınız, çünki fayda və bərəkətindən xəbərsizsiniz. Tam əksinə olaraq, sükutu, cihadı tərk etməyi, asayiş, səadət və dəyər sanırsınız. Halbuki, bu iş bədbəxtliyinizlə nəticələnəcək.
Bu minvalla, nadanlıq dəyərləri müəyyənləşdirmədə səhvə yol açır. O da öz növbəsində bir sıra məsələlər, həyatın müxtəlif hadisələri, növbənöv ifrat və səhlənkarlıqlar qarşısında yanlış mövqe sərgiləməyə gətirib çıxarır.9, 10


1. “Həşr” surəsi, 14-cü ayə.
2. Həzrət Əli (ə) buyurur:
“Əgər cahil sussaydı, xalq arasında ixtilaf olmazdı”.
(“Biharul-ənvar”, c. 75, səh. 81, fəsil 16.)
3. “Ali-İmran” surəsi, 154-cü ayə.
4. “Hücurat” surəsi, 4-cü ayə.
5. “Bəqərə” surəsi, 67-ci ayə.
6. Əmirəl-möminin Əli (ə) buyurur:
“Alimlər aralarındakı nadanların çoxluğundan dolayı qəribdirlər”.
“Biharul-ənvar”, c. 75, səh. 81, fəsil 16. (Ma cəməə min cəvamii kiləmi Əmirəl-muminin sallallahu əleyhi və əla zurriyyətih).
7. “Hücurat” surəsi, 6-cı ayə.
8. “Bəqərə” surəsi, 216-cı ayə.
9. Əmirəl-möminin Əli (ə) buyurur:
“Cahili həmişə ya həddini aşan, ya da səhlənkar gorərsən”.
(“Nəhcül-bəlağə”, (Şərifur-Rəzi, Məhəmməd ibn Hüseyn, səh. 479, qısa kəlamlar (68) 70.)
10. Ayətullah Nasir Məkarim Şirazinin “Quranın mesajı” kitabından iqtibas edilib, c. 1, səh. 94. Hazırladı: Seyid Azər Əhmədoğlu

 

 

Tags: AİLƏ VƏ CƏMİYYƏT, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!