XURAFATIN QƏBUL OLUNMA SƏBƏBLƏRİ - 1

:

XURAFATIN YARANMASI VƏ İNSANLARIN ONU QƏBUL ETMƏLƏRİNİN AMİLLƏRİ
Xurafi və səhv adət-ənənələrin yaranıb qəbul olunmasında müxtəlif amillər rol oynayır. Burada onlardan bəzi nümunələrə işarə edirik:

1.    CAHİLLİK VƏ NADANLIQ
Təəccüblüdür ki, Allah-Təala ən böyük mövhumat və xurafi əqidələrdən biri olan bütpərəstliyin köklərinin cəhl və nadanlıq olduğunu bildirərək, bizi ibrət almağa dəvət etmişdir: Bəni-İsrail Fironun caynağından xilas olub dəryadan salamatlıqla keçdikdən sonra yol əsnasında bütpərəst olan bir cəmiyyətlə rastlaşdı. Bu səhnəni gördükdə, Həzrət Musadan (ə), ibadət etmələri üçün bir büt tanıtmağı istədilər.
قالوا يا موسى اجعل لنا الها كما لهم آلهه قا ل انكم قوم تجهلون
Həzrət Musa (ə) onların cavabında dedi: «Siz, cahil və nadan bir cəmiyyətsininiz!»
Nadanlıq və cəhalət, xurafatın yayılıb genışlənməsində ən əsas və mühüm səbəblərdəndir. Onun keçmişdə və hal-hazırkı əsl kökünü bunda axtarmaq lazımdır. Əsl problem də budur ki, nadanlıq və cəhalətin dərmanı asan olmayıb, bəzən peyğəmbərləri aciz və çarəsiz etmişdir. Ondan böyük müşkül və xəstəlik varmı?!

CAHİLLİK SAĞALMAZ XƏSTƏLİKDİR
Rəvayətdə deyilib ki, Həzrət İsanı (ə) qaçan halda görürlər və soruşurlar:
«Nədən qaçırsınız?"
Buyurur: «Cahildən!" 
«Siz ki, öz ilahi nəfəsinizlə ölünü dirildib ona yenidən həyat bağışlayırsınız, amma cəhl və nadanlığına çarə edə bilmirsiniz?!"
«Yox! Ona çarə edə bilmirəm. Ondan xilas olmaq üçün qaçıram." 
عالجت ا لاحمق فلم اقدر علی اصلاحه
«Axmaq və nadana çarə tapmaq üçün çalışdım, amma onun dərdinə dərman tapa bilmədim.»  («Əl-İxtisas», Şeyx Müfid, səh: 221. Cüzi dəyişikliklə rəvayətin davamında axmağın sifətləri də bildirilib.)

2.    KORKORANƏ VƏ ƏSASSIZ TƏQLİDLƏR
Bəzən xurafat elə şəkildə yayılır ki, guya şəxs ona əməl etməsə günah etmiş olur. Sanki buna görə onu təhlükə və zərər gözləyir. Məsələn, bəzi yerlərdə qurbanlıq qanının təzə avtomobilə tökməyi təhlükəsizlik tədbiri sayırlar. Ona əməl etməyənləri isə hər an təhlükə təqib edəcək və onların mütləq avtomobil qəzası keçirəcəyini sanırlar!
Xalqı məhv eylədi öz təqlidləri,
Lənətləyək belə təqlidləri.
Sürüdən bir qoyun ayrılsa əgər,
Hamını azdırıb yoluna çəkər.
İslam dini və bizim səmavi kitabımız olan Quran, düşüncəsiz və nadan təqlidlə mübarizə aparır. Dəfələrlə bildirir ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul olunan bir əməl, onun doğrulugunu göstərən amil deyil. Bəzən cəmiyyətin əksəriyyəti səhv yol tutur. Bizim də qoşulub onların arxasınca getməyimiz böyük səhvdir! (Nümunə üçün baxın: «Zuxruf» surəsi, ayə: 21-21, «Əraf» surəsi, ayə: 70, 173 və «Hud» surəsi, ayə: 62, 84.)

3.    DÜŞÜNCƏ YERİNƏ HİSS
Xurafatın qəbul olunma amillərindən biri də ağıl, məntiq və dəlillərə əsaslanan davranışın yerinə hiss və duyğunun keçməsidir.
Adətən, insanların əksəriyyəti özünün əqli və məntiqi ehtiyaclarını ödəmək arxasınca getmir. Buna görə də, onları hiss və duyğular yolu ilə ələ alaraq bir işə vadar etmək və ya çəkindirmək olar. Aristotel bunun həqiqətini etiraf edərək deyir: «Elmi və dəqiq (yəqin) dəlillər xalq kütləsi üçün faydasızdır. Onları əqli dəlillərlə qane etmək çətin məsələdir. Ən dəqiq və ən kəskin elmlərlə camaatı bir işə vadar etmək olmaz. Çünki yəqinə söykənən elm, dillərdə dolanan söz-söhbətdən (şüar) və hisslərdən deyil, ağıl və təfəkkürdən qaynaqlanır.» («Əl-Xətabə», c: 1, səh: 95; «Benəql əz usul və məbadiye Suxənvəri», səh: 278.)
Məsələn, bir şəxsin mühüm bir problemi olarsa, xəstəlik, yaxud çətin bir iş irəli gələrsə, ona «Aşın qazanı ilə nəzəri uzaqlaşdır», ya «Neçə bağlama şamı filan qəbiristanlıqda yandır», yaxud «Filan qoca falçı arvadın yanına gedib falına baxdır» və s... deyərlər. Bu zaman duyğu və hisslər deyilənləri elə bir şəkidə göstərir ki, ağılla fikirləşmək üçün fürsət belə qalmır. Dinimiz dəlilsiz bir şeyi qəbul etməməyə, əqli və nəqli faktlar olmadan onun həyata keçirilməməsinə göstəriş verir. Bu məsələ təfərrüatı ilə sonrakı bölümlərdə izah olunacaq.

DAHA ÇOX KİMLƏR XURAFATI QƏBUL EDİR?
Görəsən, daha çox kimlər xurafatı qəbul edib ona əməl edirlər?! Hansı qrup adamlar xəstəliklə, problemlə qarşılaşanda daha çox və daha tez falçılara pənah aparırlar?! Çay, noxud və qəhvə falına etiqad bəsləmək, bədnəzərin qarşısını almaq üçün yumurtanı maşının təkəri altında, ya da insanların gözü önündə sındırmaq, əlin içinə baxmaq, kitab açmaq, evin böyüklərinin ölməsinə səbəb olmasın deyə, böyük şam və xurma ağaclarını evdə soymamaq və sair xurafati əməllər, görəsən, daha çox hansı fərdlər üçündür?! Bəxt, şans, xoşbəxtlik ulduzu, ayağı düşməmək və s. bunun kimi fikirləri qəbul etmək, kimlər tərəfindən irəli sürülür?! Bu şerləri kimlər qoşub ona etiqad bəsləyirər:
Hər kimin dönərsə iqbalı, baxtı,
Eşşəyə çevrilər mindiyi atı.
Su üçün səharaya yollansa əgər,
Bir damçı tapılmaz, gövhərə dönər.
Toy edib bəy olsa, o bəxtidönər,
Yel əsib toy günü çırağı sönər.
Burada yoxsul-varlı, elm-cəhl, sağlamlıq-xəstəlik, rahatlıq-çətinlik, həyatdan razılıq, yaxud da narazılıq rol oynayırmı?! Bir az düşünsək, yuxarıda saydıqlarımızın oynadığı rolu inkar etmərik. Zərbi-məsəldə deyildiyi kimi, təcrübədən keçmişdir ki, «الغریق یتشبث بکل حشیش; Suda boğulan, hər otun kökünə əl atar. Çox hallarda yoxsulluq, xəstəlik və həyatın problemləri düzgün olmayan etiqad, mövhumat və xurafatın qəbul olmasında güclü amillərdən olmuşdur. Lakin bunları əsas səbəb götürmək olmaz. Məsələnin kökünü başqa yerdə və başqa amillərdə axtarmaq lazımdır.
İndiyədək bəşəriyyətin rəhbər və yol göstərənlərini, – o qədər çətinlik və bəlalarla üzləşdiklərinə baxmayaraq – «bəxt», «şans», «bəxtigətirmə» və s barədə danışan görmüsünüz?! Özlərinin və cəmiyyətlərinin talelərini fələk və qəza-qədərlə bağlamışlar?!
Burada Nəbiyullahın (s) elm qapısı Həzrət Əlinin (ə) həkimanə və yolgöstərici bir kəlamına işarə edirik:
اذا قویت نفس الانسان انقطع إلی الرای، و اذا ضعفت انقطع إلی البخت
«İnsanın ruhu (iradəsi) güclənəndə ağıl və düşüncəyə, zəifləyəndə isə bəxt və şansa arxalanır.» («Şərhi-Nəhcul-bəlağə», İbn Əbil-Hədid, c: 20, səh: 169.)
Bəli! Xurafatın qəbul olunub-olunmamasının ən mühüm amili, insanın ruhununu – iradəsinin güclü və ya zəif olması ilə bağlıdır. Buna görə də, cadugərlər, ovsunçular və ruhu ehzar (Ruhları çağırmaq) edənlər əvvəlcə onlara müraciət edənləri ölçüb, iradələrinin nə dərəcədə möhkəm və ya zəif olduğunu götür-qoy edirlər. Müştərinin güclü ruh və iradə sahibi olduğunu gördükdə, hər hansı bəhanə ilə (vaxtın azlığı, zamanın və məkanın münasib olmaması kimi və s.) onun işinin yükünü çiyinlərindən atıb, üzrlü olduqlarını bildirirlər.
Sözün qısası budur ki, fərd, yaxud cəmiyyətin nə qədər ağıl, düşüncə məntiq, təcrübə və dəlil əhli olması, onların təkamülünün hansı səviyyədə olduğunu bildirir. Nəticədə, onların arasında xurafatın qəbul olunub yayılması azalır və ya çətinləşir.

Kitabın adı: Camaat arasında olan xurafat və insanların xurafat saydıqları həqiqətlər
Müəllif: Seyyid İsmail Şakir Ərdəkani
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!