YENİYETMƏLƏR ÜÇÜN NAMAZIN CƏZİBƏDARLIĞI

:

Müqəddimə - Valideynlərin əksəriyyətinin nigarançılığı övladlarının dini təlim və tərbiyəsi məsələsidir. Bu səbəbdən, valideynlər övladlarının dini təlimlərə maraq göstərməsi və buna cəlb olunması üçün, daha təsirli metodlar axtarmaqdadırlar.

Eyni zamanda, hər bir valideyn dinin ən önəmli təlimlərindən biri olan namazın yeniyetmələrin tərbiyəsində daha təsirli olduğunu bilir və bu sahədə övladlarını namaz və ibadətə cəlb edəcək praktiki üsullar axtarırlar.

Hər hansı bir tərbiyə üsulunu həyata keçirərkən orta həddi qoruyub saxlamaq və tərbiyəvi məsələlərə riayət etməyin zəruri olduğuna da diqqət yetirmək lazımdır. Bununla əlaqədar Əhli-beytdən (ə) bir sıra örnəklər, məsləhətlər qələmə alınmışdır. Həmin örnək və istiqamətləndirmələr övladlarının tərbiyəsi yolunda qədəm götürmüş valideynlər üçün daha faydalı və əhəmiyyətli ola bilər.
Valideynlərin öz övladlarının tərbiyəsi barədə nigarançılığı Peyğəmbərin (s) mübarək kəlamlarındakı sifarişlərindən irəli gəlir:

ادّبوا اولادکم فانکم مسئولون1

"Öz övladlarınıza ədəbli olmağı öyrədin, çünki siz bunun üçün məsuliyyət daşıyırsınız."
Həmçinin, həzrət Əli (ə) buyurur:

2«اکرموا اولادکم و احسنوا آدابهم»

"Övladlarınızı əzizləyərək onlara şəxsiyyət verin və onları yaxşı tərbiyələndirin."
Əziz valideynlər həmişə öz övladları qarşısında məsuliyyət daşıdıqlarını bilir və onları düzgün tərbiyə etməyə çalışırlar. Valideynlərin bir çoxu öz övladlarına hətta kiçik yaşlarından namaz qılmağı öyrədirlər. Buna görə ki, namaz İslam dininin ən önəmli təlimlərindən biridir və yeniyetmələrin təlim-tərbiyə məsələsində daha təsirlidir.

Namazın əhəmiyyəti
Quran ayələrinin 122-dən çoxu namazla əlaqədar nazil olmuşdur ki, bu da namazın əhəmiyyətinə aşkar sübutdur. Həmçinin, məsum imamların (ə) namazla əlaqədar buyurduqları da bu məsələni təsdiqləyir. Bəzən namazın əhəmiyyətini izah etmək məqsədilə onu bir bədənin üzərindəki başa bənzətmiş və bəzən də İslam dininin beş sütun üzərində qurulduğunu və onlardan birinin namaz olduğunu qeyd etmişlər.
Peyğəmbər (s) namazı gözünün nuru hesab edir3 və namazı onunla həmsöhbət olmağın hər bir çətinliyi insan üçün şirinləşdirən məşuqə kimi vəsf edirdi.4
Bəli, həqiqətən də, namaz digər əzaların onun vasitəsilə öz yollarını tapdığı göz nuru və bütün əməllərin onunla ölçüləcəyi bir tərəzidir.5 Görəsən, özüylə bərabər mizan və tərəzi gətirməyən bir şəxsin əməllərini necə ölçmək olar?!6
Bütün peyğəmbərlər namaza dəvət olunmuş və eləcə də, insanları ona doğru səsləmişlər. İlahi rəhbərlər öz bərəkətli həyatları boyunca və hətta ömürlərinin son anınadək namaza rəğbət bəsləmiş və ona önəm vermişlər.7 Həzrət İbrahimdən (ə) namazın bərpası ilə əlaqədar bir fakta nəzər salaq. O həzrət öz həyat yoldaşı və körpə uşağını susuz və quru bir səhrada tənha qoyur8 və buna baxmayaraq, Allahdan öz həyat yoldaşı və övladlarını namazı bərpa edənlərin zümrəsinə daxil etməsini istəyir.9
Namaz qılmağın necə bir səadət olduğunu bəyan edərək, həzrət İsa (ə) belə buyurur:

10«وَ اَوْصانِی بِالصَّلوهِ وَ الزَّکوهِ ما دُمْتُ حَیّاً».

"Mən həyatda olduğum müddətdə namaz qılmaq və zəkat verməyə tövsiyə olunurdum."
Həmçinin, həzrət Musa (ə) da namazı bərpa etməyə əmr olunmuşdu.11 Hikmət sahibi olan Loğman da öz oğluna namaz qılmağı tövsiyə etmişdir.12 Nəticədə, bütün möminlərə namaz qılmaq vacib oldu ki,13 bu coşub-daşan çeşmədən bəhrələnərək14 meraca və ən yüksək məqama ucalsınlar.15
Hətta, Peyğəmbər (s) özünün bu məsələdə ciddi olmasına baxmayaraq, öz ailəsini namaz qılmağa dəvət etməsi haqda Allah tərəfindən əmr almışdı. Allah-taala buyurur:

وَأْمُرْ أَهْلَکَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَیْهَا16

"Öz ailəni namaza dəvət et və özün də onu yerinə yetirməkdə səbirli ol!"
Belə ki, namaz möminlərin meracıdır və merac və yüksəlişdən geri qalan hər kəs cəhənnəmə giriftar olacaqdır:

مَا سَلَکَکُمْ فِی سَقَر؟ قَالُوا لَمْ نَکُ مِنَ الْمُصَلِّینَ17

"Siz hansı səbəbdən cəhənnəmdəsiniz? Dedilər: "Biz namaz qılanlardan deyildik.

 Övladlarımızın namaz qılmasının təsir və faydaları
1. Bəyənilmiş işlərə doğru yönəlmək
Namaz bütün xeyir və yaxşılıqların qaynağı olan Allah-taala ilə rabitə qurmaqla yanaşı, övladlarınızı da faydalı işlərə doğru dəvət edir. Namaz qılan şəxsin namazda riayət etməli olduğu məsələ və şərtlər elə bir şəkildə tənzimlənmişdir ki, istər-istəməz onu yaxşı işlərə doğru sövq etdirir. Buna misal olaraq, namaz qılan şəxsin namaz qıldığı yer və paltarının qəsbi olmaması, həmişə təyin olunmuş vaxtda namaza hazır olması və camaatla birgə namaz qılması və sairə kimi şərtləri sadalamaq olar. Namazın yalnız bir ibadət deyil, əksinə bəyənilmiş fikir, düşüncə və humanist xüsusiyyətləri insanların qəlbinə hopduran təlim-tərbiyə üsulu olması hər birimizin çox asanlıqla dərk edə biləcəyi bir məsələdir. Müşriklər (Allahın şəriki olduğuna inananlar) həzrət Şüeyblə (ə) mübahisə edərkən məqsədlərinin istehza etmək olmasına baxmayaraq, bu məsələyə işarə edərək o həzrətə deyirdilər:

یَا شُعَیْبُ أَصَلاَتُکَ تَأْمُرُکَ أَن نَّتْرُکَ مَا یَعْبُدُ آبَاؤُنَا أَن نَّفْعَلَ فِی أَمْوَالِنَا ما نَشاء18

"Ey Şüeyb! Atalarımızın sitayiş etdiklərini tərk etməyimizi sənə əmr edən və ya öz mallarımızdan istədiyimiz kimi istifadə etməyimizə mane olan sənin namazındırmı?!"
2. Günah və pis işlərdən uzaq olmaq
Çirkin və pis adətlərin nümunələrinin çoxluğuna baxmayaraq, namazın önəmli təsirlərindən biri namaz qılan şəxsi bütün günahlardan qorumasıdır. Quranda buyurulur:

أَقِمِ الصَّلاةَ إِنَّ الصَّلاةَ تَنْهى عَنِ الْفَحْشاءِ وَ الْمُنْکَرِ19

"Namazı bərpa edin! Həqiqətən də, namaz insanı fəhşa (iyrənc və nalayiq işlər) və bəyənilməyən işlərdən qoruyur."
Bu, namazın insanı pisliklərin nümunələri olan hər hansı bir günahdan qoruması deməkdir. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, bəzi namaz qılanların bir sıra günahlara mürtəkib olması səbəbi onların elə həmin miqdarda namaza laqeyd yanaşaraq ona önəm verməməsidir.
Burada iki incə məqama diqqət yetirməyimiz zəruridir:
Birincisi, namaza nə qədər əhəmiyyət və önəm versək, günahlardan bir o qədər uzaqlaşmış olacağıq. Xanım Fatimə Zəhra (ə) namazı təkəbbürdən uzaq olmağın çarəsi bilirdi. (20)
İkincisi, hər hansı bir səbəb üzündən günahlar çoxalsa və onun miqdarı bizim namaza olan diqqətimizdən artıq olsa, bu zaman namazdan aldığımız mənəvi ləzzətlər də elə həmin miqdarda azalacaqdır. Bu, çox təhlükəli bir vəziyyətdir, ona görə ki, bəziləri günaha bulaşdıqca artıq namaz qılmaq onlar üçün məna daşımır və nəticədə, namazı tərk edir və zaman keçdikcə günah bataqlığında daha da qərq olurlar.
3. Aramlığa qovuşmaq və şücaətli olmaq
Hər bir insan özünün və ətrafındakıların asudə həyat sürməsini istəyir. Eləcə də, hər bir ürəyi yanan valideyn öz övladının stres və narahatlığından qüssələnir və narahat olur. Quranda Allahı yad etməyin aramlığa səbəb olduğu bildirilir:

أَلا بِذِکْرِ اللهِ تَطْمَئِنُّ الْقُلُوبُ20

"Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aram olar."

Eyni zamanda, Allahı yad etmək üçün məhz namazın daha yaxşı vasitə olduğu vurğulanır:

أَقِمِ الصَّلاةَ لِذِکْرِی21

"Məni yad etmək üçün namaz qıl!"
Buna əsasən, əgər bizim övladlarımız namaz və razü-niyaz əhli olsalar, qəlbləri aramlığa qərq olmaqla yanaşı, Quranda buyurulduğu kimi, qorxu onların qəlbinə yol tapa bilməyəcəkdir:

إِنَّ الَّذینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ وَ أَقامُوا الصَّلاةَ ... لا خَوْفٌ عَلَیْهِمْ وَ لا هُمْ یَحْزَنُونَ22

"İman gətirən, saleh əməllər edən və namazı bərpa edən... kəslər üçün heç bir qorxu yoxdurvə onlar qəmgin olmazlar."
4. Müvəffəqiyyət və uğur hissləri.
Quranın "Muminun" surəsində möminlərin səadətə çatacaqları bəyan edildiyi kimi, həqiqi səadətin başqa bir aləmə aid olmasına baxmayaraq, elə bu dünyada da möminlər sanki qabaqcıllığı başqalarının əlindən alaraq mənimsəyiblər, buna görə ki, onlar hər zaman Allahdan yardım istəyirlər:

یا أَیُّهَا الَّذینَ آمَنُوا اسْتَعینُوا بِالصَّبْرِ وَ الصَّلاةِ23

"Ey iman gətirənlər! Səbir və namazla (Allahdan) yardım istəyin!"
Həmçinin, Allah-taala da namaz qılanları tək qoymayacağını bildirmişdir:

قالَ اللهُ اِنّی مَعَکُمْ لَئِنْ اَقَمتمُ الصَّلاةَ24

"Allah buyurdu: "Əgər namaz qılsanız, həqiqətən, mən sizinləyəm!""

Belə olduğu halda əgər övladlarımızı namaz və Allah-taala ilə rabitə metodu ilə tanış etsək, əsl həqiqətdə onları etimad və ümidlə dolub-daşan bir iqtidar və qüdrət mənbəyinə yönəltmiş oluruq. Başqaları ruzigarın çətinliklərilə üzləşdikdə fəryad etdiyi zaman, onlar sarsılmaz bir iradə ilə önə doğru hərəkət edəcəklər:

اِذا مَسَّهُ الشرُّ جَزُوعاً. وَ اِذا مَسهُ الخَیْرٌ مَنوعاً. اِلاّ المُصَلینَ. الَّذینَ هُمْ عَلی صَلاتِهِمْ دائِمُون25

"Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar. Namaz qılanlardan savayı."


1. "Səfinətul-bihar", "ədəb" sözü
2. "Vəsailuş-şiə", c. 21, səh. 476, hədis. 27629.
3. "Biharul-ənvar", c. 77, səh. 77. قرة عینی فی الصلوة»  «
4. "əl-Kafi, Kuleyni", tərcümə və şərh Seyyid Cavad Mustəfəvi, c. 3, səh. 131, Tehran, Əhli-beyt (ə) adına mədəniyyət və nəşr evi.
Peyğəmbər (s) buyurdu:
«افضل الناس من عشق العباده فعانقها و احبها بقلبه و باشرها بجسده و تفرغ لها، فهولایبالی علی ما اصبح من الدنیا علی عسر ام علی یسر»
"İnsanların ən yaxşısı ibadəti özünün məşuqu hesab edən, ibadətə sarılaraq onu bütün vücudu ilə hiss edən və özünü onun üçün hazırlayan kəsdir. Bu zaman dünyanın ona asan və ya çətin keçməsindən nigaran olmayacaqdır."
5. "Kafi", c. 1, səh. 267. «الصلوه میزان»
6. "Vəsailuş-şiə", c. 3, səh. 23. və "Mən la yəhzuruhul-fəqih", c. 1, bölmə 30, hədis. 5.
İmam Sadiq (ə) buyurdu:
«اول ما یحاسب به العبد، الصلاة فان قبلت قبل سائر عمله و اذا ردت رد علیه سائر عمله»
"Bəndədən sual olunacaq ilk şey namazdır, əgər o, qəbul olmuş olsa, digər əməlləri də qəbul olunacaqdır. Amma əgər namazı qəbul olmasa, digər əməlləri də qəbul olunmayacaqdır."
7. "Mizanul-hikmə", c. 5, səh. 397.
İmam Sadiq (ə) buyurur:
«احب الاعمال الی الله (عز وجل) الصلوة و هی اخر وصایا الأنبیاء»
"Namaz Allahın yanında ən yaxşı əməl və peyğəmbərlərin sonuncu vəsiyyətidir."
8. "İbrahim" surəsi, ayə 37.
9. "İbrahim" surəsi, ayə 40.
10. "Məryəm" surəsi, ayə 31.
11. "Taha" surəsi, ayə 14.
12. "Loğman" surəsi, ayə 17.
13. "Nisa" surəsi, ayə 103.
14. "Kənzul-ummal", c. 7, səh. 291, hədis. 18931.
Peyğəmbər (s) buyurur:
«مثل الصوات الخمس کمثل نهرجار عذب علی باب احدکم یغتسل فیه کل یوم خمس مرات فما یبقی ذالک من الدنس»
"Beş vaxtda qılınan namazlar axan çaylara bənzəyir ki, qapılarınızın önündən axır və hər gün beş dəfə onun pak və saf suyunda özunuzu yuyursunuz və beləliklə, bədəninizdə çirkinliklərdən əsər-əlamət qalmır."
15. "Kəşful-əsrar", c. 2, səh. 676.
Peyğəmbər (s) buyurur:
«الصلوة معراج المؤمن»
"Namaz möminin meracıdır."
16. "Taha" surəsi, ayə 132.
17. "Muddəssir" surəsi, ayə 42-43.
18. "Hud" surəsi, ayə 87.
19. "Ənkəbut" surəsi, ayə 45.
20. "Əyanuş-şiə", c. 1, səh. 316.
Xanım Fatimə (ə) buyurur:
«(جعل الله) الصلاة تنزیها لکم عن الکبر»
"Allah-taala namazı sizin təkəbbür və xudpəsəndlikdən uzaq olmağınız üçün müəyyən etdi."
21. "Rəd" surəsi, ayə 28.
"Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aramlaşar."
22. "Taha" surəsi, ayə 14.
23. "Bəqərə" surəsi, ayə 277.
"İman gətirib saleh əməllər edən, namazı bərpa edən və zəkat verən kəslərin mükafatı öz rəbblərinin yanındadır və onlar üçün qorxu və qəm-qüssə yoxdur."
24. "Bəqərə" surəsi, ayə 153.
"Ey iman gətirən kəslər! Səbr və namazdan kömək alın, Allah səbr edənlərlədir."
25. "Maidə" surəsi, ayə 12.
"Allah Bəni-İsraildən əhd aldı və onlardan on iki rəhbər seçdi və Allah buyurdu: "Əgər namazı qoruyub-saxlasanız, mən sizinləyəm.""
26. "Məaric" surəsi, ayə 19-23.
"İnsan həris və zəif yaradılmışdır, ona çətinlik üz verdikdə, dözümsüz davranır və mənfəətlə qarşılaşdığında isə başqalarına mane olur, namaz əhli istisna olmaqla, o kəslər ki, namazı həmişə əda edirlər".

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!