NAMAZIN ƏHƏMİYYƏTİ

:

Namaz ibadətlərin şahı və əməllərin ən yaxşısıdır. Qurani-kərimin səksənə yaxın ayəsində namaz haqqında məlumat verilir. Bundan başqa bir çox surələrdə namaz qılanlar barədə ayələr vardır.

Bu ayələri nəzərdən keçirdikdə Allah-taalanın namaza nə qədər yüksək əhəmiyyət verdiyinin şahidi oluruq. Əlbəttə, namaza aid ayələrin hamısını bu kiçik məcmuədə əhatə etmək mümkün deyil. Lakin biz bəhsimiz üçün maraqlı olan bəzi ayələri nəzərinizə çatdırırıq. (Əlavə məlumat üçün Bəqərə - 3, 43, 83, 110, 153, 177, 238, 277, Nisa - 43, 77, 101, 102, 103, 142, 162, Maidə - 6, 12, 55, 58, 91, 106, Ənam - 72, Əraf - 170, Ənfal - 3, Tövbə - 5, 11, 18, 54, 71, Yunis - 87, Hud - 114, Rəd - 22, İbrahim – 31, 37, 40, İsra – 78, Məryəm – 31, 51, 59, Taha – 14, 132, Ənbiya – 73, Həcc – 35, 41, 78, Nur – 37, 56, 58, Nəml – 3, Ənkəbut – 45, Rum – 31, Loğman – 4, 17, Əhzab – 33, Fatir – 18, 29, Şura – 38, Mücadilə - 13, Cümə - 9, 10, Müzzəmmil – 20, Bəyyinə - 5, və s. ayələrə müraciət edə bilərsiniz.)
“Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin” (Bəqərə-43).
“İman gətirən bəndələrimə de: Namaz qılsınlar...” (İbrahim-31).
Mən həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” (taha-14).
“...Namaz möminlər üçün sabit və müəyyən bir vəzifədir.” (Nisa-103).
“Ey iman gətirənlər! Səbr və namaz ilə Allahdan kömək diləyin...” (Bəqərə-153).
Qurani-kərimdə namaza dair ayələri diqqətlə izləyəndə aşağıdakı məsələlər üzə çıxır:
1. Quran qeybə inanan, namaz qılan və Allahın verdiyi ruzini ehtiyacı olanlara paylayan kəslərə doğru yol göstərir (Bəqərə-3).
2. Namaz insana ən yaxşı kömək vasitələrindən biridir (Bəqərə-45, 153).
3. Quranda hər hansı yaxşı əməlin edilməsi tövsiyə olunarkən namaz da qeyd olunmuşdur: Məsələn, buyurur: “... İnsanlarla xoş danışın, namaz qılın, zəkat verin...” (Bəqərə-83).
“Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir (abad) edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” (Tövbə-18).
4. Namaz qılanlar bir-biri ilə qardaşdırlar (Tövbə-5).
5. Bütün peyğəmbərlərin namazı olub və onlar öz övladlarının da namaz qılan olmasını Allahdan istəyiblər (İbrahim-37, 40, Taha-14, Hud-87 və s).
6. Allahın sevimli bəndələri sənətindən asılı olmayaraq Allahı unutmur, onların sənəti namaz qılmalarına mane ola bilmir. (Nur-38).
7. Namaz insanı günahdan və azğınlıqdan qoruyur. (Ənkəbut-45).
8. Nəinki namaz qılmamaq, hətta ona az əhəmiyyət vermək də insanı əbədi bədbəxt edər (Maun-5).
9. Namazı tənbəlliklə, süst halda qılmaq da pislənilir (Nisa-142).
10. Namaz qılarkən pak olmaz lazımdır (Maidə-6).
11. Namazı məst halda qılmaq olmaz (Nisa-43).
12. Hətta müharibədə də namaz qılmaq vacibdir (Nisa-102).
13.İnsan öz yaxınlarını namaz qılmağa sövq etməlidir (Taha-132).
14. Namaz məhz, Allah rizası üçün qılınmalıdır (Ənam-162).
15. Cəhənnəmə getmənin əsas səbəblərindən biri namaz qılmamaqdır (Muddəssir-43).
Quranın ən doğru təfsirçiləri olan İslam Peyğəmbəri (s) və onun Əhli-beyti (ə) də əməli surətdə namazın əhəmiyyətini göstərmiş və bu işi daima təbliğ etmişlər. Peyğəmbər (s) namazı elə qılırmış ki, az qalırmış ruhu bədənindən ayrılsın. O zaman dünyadan tam təcrid olunmasın deyə, öz əhli-əyalından onu məşğul etməyi xahiş edirmiş. O Həzrət namazı çox sevirmiş və buyurmuşdur: “Namaz mənim gözümün nurudur”, “Namaz ümmətimin meracıdır”, “Namaz dinin sütunudur”, “Namaz günahların kəffarəsidir”. İslam tarixçiləri yazırlar ki, bir gün Peyğəmbər (s) müharibədən qayıdarkən buyurdu: “Gedək istirahət edək”. Hamı evinə getmək istərkən Peyğəmbəri (s) məscidə gedən gördülər. Səbəbini soruşduqda, o Həzrət: “Mənim istirahətim namazdır” - deyə, cavab verdi. Peyğəmbər namazı tələsik qılanları sevməzmiş. Bir gün məsciddə bir kişi namaz qılırmış. Həzrət Peyğəmbər görür ki, kişi namazın rüku və səcdələrini düzgün şəkildə yerinə yetirmir. Həzrət buyurur: “Əgər bu şəxs belə namaz qıla-qıla ölsə, mənim dinimdə olmadan ölmüş olar”. Peyğəmbər namazın əhəmiyyətini bu hədisində tamamilə başa salır: “ Hər kəs qəsdən namazı tərk etsə, kafirdir!”.
Peyğəmbərin canişinləri olan imamların da həyatına nəzər saldıqda namaza nə qədər yüksək qiymət verdiklərinin şahidi oluruq. Birinci imam Həzrət Əli (ə) müharibələrin birində günəşə tərəf boylandı. Döyüşçülərdən biri dedi: “Bu hay-hayda namaz qılmaq haqda fikirləşirsiniz?”. İmam buyurdu: “Onsuz da biz namaz uğrunda döyüşürük.” Əlinin (ə) namazı barədə çox rəvayətlər nəql olunmuşdur. Həzrətin ayağındakı oxu çıxartmaq istədikdə, əziyyət olmasın deyə, namaz qılmasını gözləyirdilər. Çünki namaz qılarkən Həzrətin bütün fikri-zikri namazda olurdu. Gecələr gəlib Fatimeyi-Zəhraya (s.ə) xəbər verirlər ki, Əli (ə) xurma bağında öldü. Xanım cavab verir ki, o, hər gecə orda namaz qılarkən beləcə huşunu itirir. O qədər namaz aşiqi idi ki, şəhidliyi də namaz qılarkən baş verdi. Burada bir məsələni qeyd etməyi lazım bilirik. Namaz o vaxt insanı doğru yola yönəldir ki, namaz qılan namazı Allaha görə və paklanmaq üçün qılsın. Yoxsa elə Əlini (ə) arxadan namərdcəsinə vuran İbn Mülcəm də namaz qılırdı. Peyğəmbər Əhli-beyti (ə) ilə düşmən olan şəxsin namazı namaz deyil.
Namazın əhəmiyyəti Əhli-beytdən (ə) gəlib çatan hədislərdə də bariz şəkildə göstərilir. Əbu Bəsir deyir ki, imam Kazim (ə) buyurur: “Atam (İmam Sadiq (ə)) vəfat edərkən mənə buyurdu: Ey oğul! Həqiqətən, bizim şəfaətimiz namaza əhəmiyyət verməyənlərə yetişməz”.
İmam Baqir (ə) Zürarəyə buyurdu: “Namazında süstlük etmə. Çünki Peyğəmbər vəfat edərkən buyurmuşdur: “Məndən deyil namazı yüngül sayan! Məndən deyil məstedici (şərab) içən! And olsun Allaha ki, o, Cənnətdəki Kövsər bulağının kənarında mənim yanıma gələ bilməz”.
Məlum məsələdir ki, insan son nəfəsində ən çox sevdiyi əmanəti vəsiyyət edər. Həm Peyğəmbər, həm də Əhli-beytin ən çox sevdiyi şey namaz idi. Elə ona görə də son nəfəslərində onu qorumağı vəsiyyət etmişlər. Kərbəlada imam Hüseyn (ə) Tasua gecəsi düşməndən möhlət alarkən qardaşı Abbasa (ə) belə buyurdu: “Get, bu gecə onlardan möhlət istə. Qoy, bu gecə səhərə kimi ibadətlə məşğul olaq. Çünki Allah şahiddir ki, mən namazı həqiqətən sevirəm.” Peyğəmbər (s) buyurmuşdur: “Namazı qılmaqda səhlənkarlıq edən və onu yüngül sayan şəxsi Allah-taala onbeş bəlaya düçar edər. Altısı dünyada, üçü qəbirdə, üçü öləndə, üçü də qiyamətdə.
Dünyadakı altı bəla:
1 .Ömründən bərəkət götürülər.
2. Ruzisindən bərəkət götürülər.
3. Simasından xeyirxahların əlaməti götürülər (və ya xeyirxahlıq cizgiləri silinər).
4. Etdiyi heç bir xeyir iş qəbul olunmaz və heç bir əməlinə savab verilməz.
5. Duası qəbul olunmaz.
6. Yaxşı insanların duası ona şamil olmaz.
Ölərkən düçar olacağı bəlalar isə aşağıdakılardan ibarətdir:
1 .Rüsvay və xar olaraq ölər.
2. Ac ölər.
3. Susuz ölər, hətta bütün dünyanın sularını da içsə, susuzluğu yatmaz.
Qəbirdəki bəlalar:
1 .Bir mələk ona daima əzab verər.
2. Qəbri çox dar olar.
3. Qəbri qaranlıq və zülmət olar.
Qiyamətdəki bəlalar:
1. Bir mələk onu camaatın qarşısında üzüüstə sürüyə-sürüyə haqq-hesaba aparar.
2. Ondan çox çətin haqq-hesab çəkilər.
3. Allah rəhmət nəzəri ilə ona baxmaz və onu paklandırmaz. Onu acınacaqlı əzab gözləyər”.
İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günü bəndədən soruşulacaq ilk sual, namaz barəsində olacaq. Əgər o qəbul olunsa, digər yaxşı əməllər də qəbul olunacaq və əgər namaz qəbul olunmasa, heç bir əməl qəbul olunmayacaq”.
Peyğəmbərdən soruşanda ki, ən yaxşı əməl (savab iş) hansı işdir, belə cavab verdi: “Ən yaxşı əməl vaxtının əvvəlində qılınan namazdır”. İmam Baqir (ə) buyurmuşdur: “İslam dini beş əsasın üstündə qurulmuşdur. Namaz, zəkat, həcc, oruc və vilayət (yəni Əhli-beytin (ə) rəhbərliyini qəbul etmək). Zürarə soruşdu: “Hansı birisi daha üstündür?”. İmam buyurdu: “Vilayət, çünki bütün əməllərin açarı vilayətdir. Vilayətdən sonra isə namaz bütün əməllərdən üstündür. Çünki Peyğəmbər (s) buyurmuşdur: Namaz sizin dininizin sütunudur...!”.
Namaz qılan şəxsin və ümumiyyətlə bütün ibadətləri yerinə yetirən şəxsin xalis niyyətli olması, ibadəti məhz, Allah xatirinə etməsi zəruridir. Əks halda, hədislərdə deyildiyi kimi, Qiyamət günü Allah-taala o şəxsə deyəcək: “İbadəti kimə görə etmisənsə, savabını da get ondan al.” Namaz qılarkən kimə, nəyə görəsə haləti dəyişmək, namaza bir az da rövnəq vermək namazı batil edər.
Bir nəfər ömrü boyu namaz qılır, lakin hər dəfə riya edir və başqalarının xoşuna gəlməyə çalışırmış. Məsələn, kiminsə ona baxdığını hiss edib namazı daha da təmtəraqla qılırmış. Bir gün qərara gəlir ki, daha bəsdir riya elədim, bəsdir ikiüzlü oldum. Gedim kənar bir yerdə sədaqətlə namaz qılım. Şəhərin kənarındakı bir uçuq daxmaya girib gecə vaxtı namaza başlayır. Elə təzəcə “Allahu əkbər” deyib namaza başlamışdı ki, qapı cırıltısı eşidir. Şeytan yenə də onu qıcıqlandırır. Öz-özünə fikirləşir ki, eybi yox, bu dəfə də bu gələn adam məni tərifləsin deyə, namaz qılım, gələn dəfə xalis niyyətlə namaz qılaram. Bu fikirlə gecəni səhərə qədər uzun-uzadı rüku, səcdə və qunutla məşğul olur. Səhər açılar-açılmaz, fikirləşir ki, axı bu gələndən səs-səmir gəlmir. Dönüb baxanda bir itin qapının ağzında yatdığını görür. Bəli, Allah xatirinə olmayan niyyətlə edilən ibadətin axırı elə belə də olmalıdır. Bir nəfərlə söhbət edərkən bütün diqqətimizi cəmləyib ondan başqa kim və nə varsa unuduruq. Namaz qılarkən isə yeri-göyü yaratmış, qüdrətli, ibadətə və diqqətə layiq olan varlıqla söhbət edirik. Belə olan halda, nəyə görə diqqətimizi cəmləməyək?
Namazın əhəmiyyətini bütövlükdə bu məcmuədə təsvir etmək mümkün olmadığından, sözümüzü bu fikirlə bitiririk. Allah bütün müsəlmanlardan (vilayətdən sonra) hər bir əməldən öncə namazı tələb edir. Bu qədər nemətin müqabilində hər gün cəmi 17 rükət namaz istəmişdir. Bunu da etməyən müsəlmana Allah insaf versin. Allah-taala bizi həqiqi namaz qılanlardan qərar versin.
İstifadə olunmuş ədəbiyyat:
1 .Qurani-kərimin tərcüməsi. Professor V. Məmmədəliyev, akademik Z. Bünyadov.
2. Böyük günahlar
3. Biharul-ənvar
4. Usuli-Kafi.

Hazırlayan: Təkamül Tərcümə Mərkəzi

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!