İMAM ƏLİ (Ə) VƏ QƏDİR XUM HAQQINDA

:

ƏMİRƏLMÖMİNİN ƏLİ (Ə) ÖZ XİLAFƏTİNİ “QƏDİR-XUM” HƏDİSİ İLƏMİ SÜBUTA YETİRİBMİ?

İzah: Bilirik ki, İslam Peyğəmbəri (s) Əmirəlmöminin Əlinin (ə) xilafət və canişinliyini Qədir günü elan etmiş, ona itaəti bütün müsəlmanlara vacib saymışdır. Belə bir sual yaranır: Əgər Əmirəlmöminin Əlinin (ə) canişinliyi belə bir gündə elan olunmuşdursa, nə üçün o həzrət həyatı boyu öz imamətinin isbatı üçün bu hədisi dəlil göstərməmişdir?

CAVAB:

Əslində İmam (ə) öz xilafəti və canişinliyinin sübutu üçün müxtəlif məqamlarda Qədir hədisini sübut göstərmişdir. O, bütün münasib fürsətlərdə öz müxaliflərinə bu hədisi xatırlatmış və bu yolla xalqın qəlbindəki mövqeyini möhkəmləndirmişdir.

Təkcə İmam (ə) özü yox, eləcə də Peyğəmbərin qızı həzrət Fatimə (s), onun girami övladları imam Həsən (ə) və imam Hüseyn (ə), eləcə də bir çox böyük şəxsiyyətlər (Əbdullah ibn Cəfər, Əmmar Yasər, Əsbəğ ibn Nəbatə, Qeys ibn Səd, Ömər ibn Əbdül-Əziz, Əbbasi xəlifəsi Məmun və hətta bəzi müxaliflər) Qədir hədisini həzrət Əlinin (ə) xilafətinə dəlil olaraq göstərmişlər.

Demək, hələ Həzrətin öz dövründə Qədir hədisi imamın canişinliyinə sübut kimi məşhur idi. Bəzi nümunələr göstərək:

1. Əmirəlmöminin (ə) ikinci xəlifənin göstərişi ilə üzvləri təyin olunmuş Şura günü şuranın rəisinə qarşı çıxaraq buyurmuşdur: “Mən sizə elə bir dəlil gətirəcəyəm ki, kimsə onu inkar edə bilməsin. Sizi Allaha and verirəm, aranızda elə bir adam varmı ki, həzrət Peyğəmbər onun haqqında belə buyursun: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Pərvərdigara, Əlini (ə) dost tutanı dost tut, Əliyə (ə) yardım edənə yardım et...” Şuradakılar hamısı bir ağızdan dedilər: “Bu fəzilət səndən başqa kimsədə yoxdur.”1

Qeyd edək ki, İmam (ə) yalnız bu məclisdə Qədir hədisini dəlil göstərməmişdir.

2. Bir gün həzrət Əmirəlmöminin (ə) Kufədə çıxış edərkən üzünü cəmiyyətə tutub belə buyurdu: “Sizi Allaha and verirəm, Qədirdə olub öz qulağı ilə Peyğəmbərin məni canişin təyin etdiyini eşidən dursun və şəhadət versin. Mən başqalarından bu barədə eşidənləri yox, yalnız öz qulağı ilə eşidənləri deyirəm.” Həzrətin bu sözündən sonra otuz nəfər ayağa qalxdı və Qədir hədisinin doğruluğuna şəhadət verdi.

Diqqət yetirmək lazımdır ki, həmin vaxt Qədir hadisəsindən iyirmi beş ildən çox ötmüşdü. Bundan əlavə, bir çox Peyğəmbər səhabələri Kufədə deyildilər. Kimi o vaxtadək dünyasını dəyişmişdi, kimi də həmin məclisdə hansısa səbəbdən şəhadət vermək istəmədi. Yoxsa şəhadət verənlərin sayı daha artıq olardı. (Mərhum Əllamə Əmini öz nəfis “Əl-qədir” kitabında uyğun hədis haqqında ətraflı məlumat vermişdir. Maraqlananlar həmin kitaba müraciət edə bilərlər.2)

3. Osmanın xəlifəliyi dövründə mühacirlərdən və ənsardan olan iki yüz nəfərdən çox şəxs Peyğəmbər məscidində toplanıb müxtəlif mövzularda söhbət edirdilər. Nəhayət, Qüreyşin fəzilətləri haqqında söhbət düşür. Bu məclisdə iştirak edən Əmirəlmöminin (ə) danışanları dinləyir və susurdu. Nəhayət, məclisdəkilər ona üz tutub bir söz deməsini istədilər. İmam xalqın israrı ilə qalxdı və Peyğəmbər (s) ailəsinə yaxınlığı haqqında danışaraq dedi: “Yadınızdadırmı ki, Qədir günü Allah öz Peyğəmbərinə əmr etdi ki, namaz, zəkat, həcc mərasimini aşkar etdiyi kimi mənim xalqa rəhbərliyimi də iqrar etsin? Bu işi yerinə yetirmək üçün Peyğəmbər belə bir xütbə oxudu: “Allah mənə bir iş tapşırmışdır. Mən bəzilərinin bu ilahi göstərişi təkzib edəcəyindən qorxuram. Amma Allah əmr etmişdir ki, bu tapşırığı çatdırım və məni xalqın şərindən qoruyacağını vəd etmişdir. Ey xalq! Allah mənim mövlam və mən möminlərin mövlasıyam. Mən möminlərə onların özlərindən yaxın deyiləmmi?” Hamı dedi: “Bəli.” Sonra Peyğəmbər buyurdu: “Əli (ə), qalx. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır...” Bu vaxt Salman həzrət Peyğəmbərdən soruşdu: “Əlinin bizim üzərimizdə hansı vilayəti var?” Həzrət buyurdu: “Əlinin (ə) sizin üzərinizdə vilayəti mənim sizin üzərinizdə vilayətim kimidir. Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır..."3

4. Uyğun hədisi təkcə həzrət Əli (ə) dəlil göstərməmişdir. Bir gün Peyğəmbərin girami qızı üzünü Peyğəmbər tərəfdarlarına tutaraq buyurdu: “Məgər Peyğəmbərin Əliyə “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” dediyi Qədir gününü unutmusunuz?”

5. İmam Həsən (ə) Müaviyə ilə sülh bağlamaq qərarına gəldiyi vaxt ayağa qalxdı və belə bir xütbə oxudu: “Allah Peyğəmbər Əhli-beytini İslam vasitəsi ilə girami tutdu. Bizi seçdi və hər növ çirkinlikdən bizi pak etdi. Hamı Peyğəmbərin Əliyə “sən mənim üçün Harun Musa üçün olduğu kimisən” dediyini eşitmişdir. Hamı gördü və eşitdi ki, Peyğəmbər Qədir-Xumda Əlinin əlini tutub xalqa müraciətlə buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır...”4

6. İmam Hüseyn (ə) Məkkədə bir çox Peyğəmbər səhabələrinin qatıldığı cəmiyyət içərisində belə buyurdu: “Sizi Allaha and verirəm, Qədir-Xumda Peyğəmbərin Əlini xəlifə və canişin seçdiyini bilirsinizmi?” Оradakılar dedilər: “Bəli, buna şəhadət veririk.”

Bundan əlavə, Peyğəmbərin yaxın səhabələrindən olan Əmmar Yasir, Zeyd ibn Ərqəm, Əbdullah ibn Cəfər, Əsbəğ ibn Nəbatə və başqaları uyğun hədisi həzrət Əlinin (ə) canişinliyinə dəlil olaraq göstərmişlər.5

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr
Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni
Tәrcümә еdәn:А. Turаn


1 - “Mənaqib”, Xarəzmi, səh.217 və s.

2 - “Əl-qədir”, c.1, səh.153-170.

3 - “Fəraidus-səmteyn”, 58-ci fəsil.

4 - “Yənabiul-məvəddət”, səh.482.

5 - Bu haqda əlavə məlumat üçün “Əl-qədir”, c.1, səh.146-195-ə müraciət edə bilərsiniz.

 

 

Tags: İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!