NİYƏ İMANLI CAVAN BƏZƏN DİN RƏHBƏRLƏRİNİN SÖZLƏRİNƏ ŞƏKK EDİR?

:

Cavab: Cavabdan öncə bilməliyik ki, cavanlığın ilkin çağlarına münasib hər bir fərddə cismani inkişafla yanaşı, bir sıra daxili hiss və maraqlar, dəyər və rəftarları izləmə prosesi, əqidə duyğusu və həyata baxış halları təbii faktor olaraq özünü büruzə verir.

Cavanlıq dövrü cismin, fikrin və ruhun sürətlə dəyişməsi və yeni təcrübələrin artması kimi, olduqca həssas və həyəcanlı keçid mərhələsidir. Bu mərhələdə cavan fərqli xüsusiyyətlərlə inkişafa doğru irəliləyir, sərbəstlik istəyir və özünə şəxsiyyət verir. Bu zaman öz həqiqəti və mahiyyətini tanımaq, kor-koranə təqlidlərini köklü etiqadlara çevirmək istəyən şəxsin şəkk və vasvasılığı, həyatın önəmli məsələlərinə iradla yanaşması qəribə deyildir. Yeniyetmələr və cavanlara onların əsl həqiqəti və mahiyyətini başa salmaq üçün cavanlıq mərhələsi ilə bağlı tərbiyəvi üsullarla yanaşı, aşağıdakı incəlikləri də diqqət mərkəzində saxlamalıyıq:
1. Psixoloqlar yeniyetməlik dövrü haqda deyirlər: Cavanlıq dövrü iki dövrün – uşaqlıq və böyüklük – arasında yerləşir; belə ki, nə hər bir şeyi böyüklərdən qəbul edən dünənki uşaqdır, nə də yaşlıdır. Cavanlar bir çox fenomenləri gördüklərinin və əqli təhlillərinin köməyi ilə araşdırırlar.
2. Psixoloqların qeydlərinə görə, cavanlar mərifət baxımından əxlaq, məzhəb və müxtəlif həyat tərzləri kimi kəsb olunan dəyərləri intizamlı şəkildə araşdıra bilərlər. Onların zehnində bir məsələnin həlli və tutarlı cavab seçimi üçün müxtəlif yolların müqayisəsi imkanını hazırlayan ardıcıl dəlil-sübutlar formalaşır, onun təfəkkür tərzi genişlənir.1 Bununla belə, hələ də isbat və düşüncə qüvvəsi uşaqlıq mərhələsindən böyüklük mərhələsinə keçid vəziyyətində durur. Bu zaman onun dərketmə və qəzavət qüvvəsi elə geniş olmadığından dolğun, dərin, əhatəli və yeni üsullara uyğun hesab etmək olmaz. Başqa sözlə, inkişafda olan cavan dəlil-sübutlarını özünə aid etməyincə, anlaşılmaz məsələlərin həlli üçün şəxsi təcrübələrindən və (arqumentlər, stimullar, ictimai-mədəni dəyərlər və tarixi cərəyanlar kimi) özünün psixoloji normalarından kömək almayınca, püxtələşə bilməz. Belə isə onun bəzi həyat üsullarında şəkk-şübhəsi daha çox məlumat əldə etməsi və dərin mərifətə sahib olması üçün bir girişdir, bunun üçün nigarançılıq lazım deyildir.
3. İnsan cavanlıq dövründə şəxsiyyət və mahiyyətini əldə etmək istəyir. Bu baxımdan cavanlığın ilk çağları böyük əhəmiyyət daşıyır. O, “öz şəxsiyyəti, mənliyi və mahiyyəti” ilə əlaqədar qarşısına çıxan (Mən kiməm? – kimi) əsaslı suallara cavab tapmaq zorunda qalır. Bu zaman o, “mənliyini və mahiyyətini” elə mənalarla formalaşdırmalıdır ki, keçmişi ilə əlaqəsini qırmamaq şərtilə gələcək tədbirləri haqda da düşünə bilsin. Erikson yazır: “İnsanın formalaşması və şəxsiyyətini qəbul etməsi olduqca çətin vəzifədir və onda iztirab və həyəcan doğurur. Bu zaman yeniyetmə daha münasib seçim üçün müxtəlif tədbir və ideyalarını sınaqdan keçirməlidir. Bu mərhələni güclü şəxsiyyət hissi ilə keçənlər isə gələcəkdə nəfsinə etimaddan doğan geniş hisslərlə üzləşməyə hazırdır. Bu yaşlarda yeniyetmələri özləri ilə uyğunlaşdıran ictimai qurumların təsiri də misilsizdir. Onlar fərdin uyğun şəxsiyyətinin inkişafına təsir göstərmək qüdrətinə malikdirlər.”2
Demək, burada dost, din və ya hətta qeyri-dini örnəklər də böyük təsir bağışlayır və ictimai rəftarları təsir altında saxlayır.
4. Yeniyetmə və cavanın tərəqqisi, özünü və Allahını tanıması istiqamətində münasib şəraitin hazırlanması, həyat tərzini rahat və cavanlıq enerjisi ilə keçməsi, süqut və uçurumlardan qurtulması və doğru yolda addımlaması üçün təfəkkürə, qayğıya, mehriban və agah məsləhətçiyə daha çox ehtiyac duyur.

FİKRİ GƏRGİNLİKLƏRDƏN ÇIXIŞ YOLLARI
Cavan öz həqiqət və mahiyyətini tanımaq məqsədilə düzgün yolda addımlaması, düzgün əqidələrə yiyələnməsi və tərbiyəvi üsullara bağlanması üçün aşağıdakı göstərişlərə əməl etməsi məsləhət görülür:
1. Elm: Onun əsas vəzifəsi elm öyrənməkdir. Elm və biliyi artırmaq həyat tərzini düzgün istiqamətə yönəldən ən dəyərli töhfədir. Demək, dini kitabları oxumaq doğru etiqadlar əsasında elm və biliyi artırmaqdır. Savadsız insan isə ilahi vəzifələri tanımaqda, onlara düzgün əməl etməkdə və nəticədə həyatın həqiqi mənasını dərk etməkdə acizdir.
2. Təfəkkür: Elm öyrənmək başqalarının təcrübə və təfəkküründən bəhrələnməkdir. Həyat tərzi və onun müxtəlif mövqeləri haqda düşünmək insana bir sıra həqiqətləri aşılayır. Başqa sözlə, elm və bilik insanın şüur və təfəkkürünü artırır. Bilikli şəxs hadisə və problemləri təhlil edə bildiyi kimi, onun öhdəsindən də layiqincə gəlir.
3. İman: İman dedikdə, kainatın Xaliqinə qəlbən inanmaq, əmr və qadağalarına təslim olmaq nəzərdə tutulur. İnsanın imanı nə qədər güclü olsa, onun təsirləri vücudunda bir o qədər təcəlla edəcəkdir.3 Belə isə, həyat yolunda Allaha inanan şəxsin özünə inam və etimadı güclənəcək, həmişə ona arxa olan güclü əhval-ruhiyyəyə malik olacaqdır.
4. Əməl: Müsbət və yaxşı işlər həmişə insanın məqam və mövqeyini artırır. Qurani-Kərimdə yaxşı işlər möminlərin təkamülə çatması və daxili istedadlarının çiçəklənməsinin səbəbi kimi tanıtdırılır. Belə ki, buyurulur:

وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا

“Möminlər düşmən qoşunlarını gördükdə dedilər: “Bu, Allahın və Rəsulunun bizə verdiyi vədidir. Allah və Rəsulu düz buyurmuşlar. Bu (vəziyyət) onların yalnız iman və itaətini artırdı.”4
İslam təlimlərinə əsasən, əməl elm və imanın artmasında yüksək təsirə malikdir. İman insanın seçim qüvvəsini və əməlini daha da artırır. Həmçinin saleh əməl elm və imanın artmasına və ehtiyacların münasib həddə təmin edilməsinə səbəb olur. Buna əsasən, ən yaxşı əməl dini vəzifələri və göstərişləri yerinə yetirmək, başqalarını saleh əməllərə rəğbətləndirmək və pis işlərdən çəkindirməkdir. İnsan ilahi vəzifələrə əməl etdikdə, inkişaf stimulu güclənir və həyatında Allahın varlığını dərindən hiss edir. İman insanın dinə baxış və iltizamını artırır, dünyagörüşünü genişləndirir və onu həyatın eniş-yoxuşlarında düzgün variantı seçməkdə, məqsəd və amalına çatdırmaqda sərgərdan qoymur.
Deyilənlərdən belə qənaətə gəlirik ki, cavanlıq dövrü təfəkkür və düşüncənin fəaliyyət dövrü olsa da, saysız-hesabsız şübhələrlə onun əsas sütunları titrəyə bilər. Əgər o, elmini, şüurunu, dərketmə qüvvəsini və yaxşı əməllərini artırsa və həmişə Allaha güvənsə, sözsüz ki, dini, əqli, əxlaqi, ictimai və s. sahələri müvəffəqiyyətlə bitirib yüksək hədəfinə çatacaqdır.

 Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Rəvanşünasiye-rüşd (2) nocəvani, cəvani və bozorgsali”, Hüseyn Lütfabadi, səh.26.
2. “Şəxsiyyət nəzəriyyələri”, Erikson, tərcümə: Yusif Kərimi və tərcümə həmkarlar birliyi, səh.332.
3. “Məsaili-nocəvanan və cəvanan”, Kərbasi, Mənijə və Kəlyan Mənuçehr, səh.176.
4. “Əhzab” surəsi, ayə 22.

 

Tags: SUALLARA CAVAB, MƏQALƏLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!