NƏ ÜÇÜN PEYĞƏMBƏRİN (S) XANIMLARININ SAYI ÇOX İDİ?

:

Mövzuya daxil olmaq üçün iki zəruri nöqtəni qeyd etməliyik:

BİRİNCİ:

PEYĞƏMBƏRİN (S) DÖVRÜNDƏ ƏRƏBİSTAN YARIMADASINDA İZDİVAC MƏDƏNİYYƏTİNƏ QISA BAXIŞ

1- Cahil (İslamdan öncəki) ərəblər qızlara və ümumiyyətlə qadın cinsinə baxış tərzləri tamamilə yanlış idi və onlar qadınlara nifrət gözü ilə baxır və təhqir edirdilər. Bunun da başlıca səbəblərindən biri də bu idi ki, ərəblərin yaşadığı mühit elə bir mühit idi ki, camaat müharibə və qan tökməklə məşğul idi. İctimai vəziyyət o yerə çatmışdır ki, hər kəs bacardığı qədər başqalarına zülm etməkdən əsla çəkinmirdi. Ərəblər qorxurdular ki, döyüşlərdə qızları əsir düşəcək və bu iş də o tayfanın adına ləkə gətirəcək. Həmçinin o dövrdə iqtisadi vəziyyətin pis olması ilə əlaqədar olaraq qadınların azğınlığa düşməsindən qorxaraq qız övladlarının dünyaya gəlməsindən əsla şad olmur və bu üzdən qız uşaqlarını sevmirdilər və üstəlik qız sahibi olmağı dəyərlərə zidd bilirdilər. Nəticədə qız övladlarını diri diri torpağa basdırmaqdan belə çəkinmirdilər.

2- O dövrdə müharibə və qan tökmək adi bir hal almışdır və cahil ərəblər kiçik bir bəhanə ilə bir-birini öldürürdülər. Bunun nəticəsində cəmiyyətin balansı pozularaq qadınların sayı kişilərin sayından həddən artıq çox olurdu (çünki müharibədə qadınlar deyil kişilər iştirak edirdi və öldürülənlər də kişilərdən olurdu). Belə olduğu təqdirdə problemdən çıxış yolunu, “bir kişinin bir neçə xanımı olması” kimi qəbul etdilər. Bu problem təkcə Ərəbistan yarımadasında deyil hətta indiki İran ərazilərində də hökm sürürdü lakin Ərəbistanda daha çox vüsət almışdır.

3- O cür iqtisadi böhranda bir ailədən xanım almaq bir növ o ailəyə kömək hesab olunurdu və buna görə də Qüreyş müşrikləri Peyğəmbərin (s) kürəkənlərinə təzyiq göstərirdilər ki, peyğəmbərin qızlarını boşayaraq bu yolla onun iqtisadi problemlərini artırsınlar.

4- Müharibələrin və insanların asayişini əldən alan belə bir təhlükəli mühitdə, izdivac etmək müharibənin qarşısını almaq üçün mühüm amillərdən biri idi.

5- Əgər o vəziyyətdə boşanmış qadın evlənməsəydi, o qadına pis gözlə baxılardı. Bu mühitdə bir qadının əri öldüyü və ya təlaq verildiyi təqdirdə “iddə müddəti” (boşandıqdan sonra qadının evlənməsi haram olduğu müddətə deyilir) bitdikdən sonra başqa bir kişi ilə ailə qurardı. “Ümeys qızı Əsma” da bu qəbildən olan qadınlardan idi. Belə ki, əvvəl Əbi Talibin oğlu Cəfər ilə evlənmişdi və Cəfərin şəhadətindən sonra Əbu Bəkrlə evlənir və Əbu Bəkr də öldükdən sonra İmam Əli (ə) Əsmanı xanımı olaraq kəbin edir. Bu metod o dövrdə çox normal qarşılanırdı.

İKİNCİ:

İslam Peyğəmbərinin (s) izdivacına qısa bir baxış

1.Dəyərli İslam Peyğəmbəri (s) mübarək ömrünün iyirmi beş yaşında o dövrün ərəblər arasında ismət və ləyaqətdə adlı sanlı qadınlarından sayılan xanım Xədicə (sə) ilə evlənmişdir. Bəzi tarixi məlumatlara əsasən evləndiyi zaman bu ismətli xanımın 40 yaşı var idi və öncədən də bir və ya iki dəfə evlənmiş və həyat yoldaşının ölümündən sonra dul qalmışdır. O xanım peyğəmbər ilə iyirmi səkkiz il bir yerdə ömür sürdü və bu dövrdə həzrət Peyğəmbər (s) ikinci bir xanımla evlənməmişdir.
2.Aişədən başqa həzrət Peyğəmbərin (s) bütün xanımları dul idi və peyğəmbər ilə evlənməmişdən öncə bir və ya iki dəfə ərdə olmuşlar. Ərləri öldükdən, bəziləri şəhid olduqdan sonra iddə müddəti bitirərək həzrət Peyğəmbər (s) ilə evlənmişdir.
3.Peyğəmbərin (s) ümdə izdivacı əsasən çətin şəraitdə və müharibələr zamanı baş vermişdir. Necə ki, Ühüd döyüşündə müsəlmanların vəziyyəti olduqca acınacaqlı idi.
4.Peyğəmbər (s), mühüm qəbilələrdən o cümlədən Tim, Üdey, Bəni Üməyyə həmçinin Mədinə yəhudilərindən xanım almışdır lakin Mədinə müsəlmanlarından (ənsardan) xanım almamışdır.
İndi isə yuxarıda qeyd etdiyimiz nöqtələrə diqqət etsək çox gözəl başa düşmək olar ki, Peyğəmbərin (s) izdivacı öz nəfsani istəklərinə görə yox, əksinə ali hədəflər uğrunda olmuşdur ki, aşağıda onları şərh edirik.

Şübhə yoxdur ki, Peyğəmbər (s) bir neçə xanım almaqla əylənmək yaxud xoşgüzəranlıq qurmaq fikrində olmamışdır.

ÇÜNKİ:

Birinci:

Əgər doğrudan da belə olsaydı gərək qocalıq və çətin dövründə deyil cavanlıq dövründə bu işi görəydi.

İkinci:

Əgər xoşgüzəranlıq o həzrətin amalı olsa idi həyat yoldaşı seçimində mütləq bu amal özünü göstərmiş olaydı. Belə olsaydı Peyğəmbər (s) mütləq gözəl, cavan və zəngin qadınlar seçməli idi. Hətta Ümmü Sələmənin elçiliyinə gedəndə o qadın təəccüb etdi ki, bu yaşında onunla kimsə evlənməzdi və nə üçün Peyğəmbər (s) bu işi gördü cavan qadınla evlənmədi.

Üçüncü:

Bir neçə qadınlarla evlənməklə öz cinsi istəklərinin həvəsində olanların həyat tərzi və yaşayışının mahiyyəti başqa cür olur. Elə insanlar çox zaman dünyanın bər-bəzəyinə, müxtəlif əlvan gözəl bahalı paltarlara üstünlük verib eyşlə yaşayan insanlardır amma Peyğəmbərin (s) həyat tərzinə və yaşayışına baxanda tamamilə bunun əksini görürük. Tarixdə oxuyuruq ki, Peyğəmbərin (s) xanımlarından dünya zinətlərinı qabartdıqda peyğəmbər tez buna reaksiya göstərərək xanımlarına ya onunla sadə yaşamaq ya da azad olub gedib öz dünyasını yaşamaları üçün onları seçim qarşısında qoyurdu. Dəyərli alim və filosof cənab Əllamə Təbatəbai bu haqda belə yazır: Peyğəmbər (s) istər həyatının başlanğıcında təkcə xanım Xədicə (sə) ilə kifayətlənməsi və həmçinin həyatının son illərində isə izdivac o həzrətə haram olmasını, üstəlik qadınlarının çox olma məsələsini o həzrətin qadınlara meylli olması ilə əlaqələndirmək olduqca yanlış bir məsələdir. Əksinə son illərdə ona evlənməyin Allah tərəfindən haram edilməsi və həmçinin cavan yaşında özündən yaşlı qadınla evlənməsi ona atılan böhtanları alt-üst edir.1

Dördüncü:

Peyğəmbərin (s) xanımlarından ikisi kəniz idi. Əgər Peyğəmbərin (s) izdivac etməkdə hədəfi onlardan şəhvani ləzzətlər olsaydı peyğəmbər o ikisi ilə evlənmədən və rəsmi nikah etmədən onlardan ləzzət aparardı. Çünki kənizləri rəsmi nikah etmək onlara dəyər vermək və ehtiram etmək sayılırdı.

Buna görə də Peyğəmbərin (s) bir neçə xanımla evlənməkdə hədəflərini araşdırmaq lazımdır. Bu məsələni düzgün təhlil etdikdə izdivacın hədəflərini aşağıdakı kimi görmək olur.

1- Təbliğ və siyasi hədəf

Peyğəmbərin (s) evlənmə hədəflərindən biri də mübarək İslam dininin təbliği idi və siyasi hədəf də daşıyırdı. Yəni bu evliliklə qəbilələr arasında öz ictimai və siyasi mövqeyini möhkəmlədərək müsəlmanlar üçün qəbilələr yanında əlverişli mövqe yaratdı.

Bu hədəfi rəhbər tutaraq Peyğəmbər (s) Əbubəkrin qızı Aişə ilə evlənərək böyük “Tim” qəbiləsi, Ömərin qızı Həfzə ilə evlənərək “Üdey” qəbiləsi, Əbu Süfyanın qızı Ümmi Həbibə ilə evlənərək “Bəni Üməyyə” qəbiləsi, Ümmi Sələmə ilə evlənərək “Bəni Məxzum” qəbiləsi, Sudə ilə evlənərək “Bəni Əsəd” qəbiləsi, Məymunə ilə evlənərək, “Bəni Hilal” qəbiləsi və Səfiyyə ilə evlənərək “Bəni İsrail” qəbiləsilə qohumluq əlaqəsi yaradıb müsəlmanların ictimai mövqeyində əvəzolunmaz addım atdı. Bu hədəflə peyğəmbər nəinki təkcə müsəlmanların təhlükəsizliyini qorudu üstəlik ümumi ərəblər arasında ictimai sülh və asayiş yaratdı.

Müharibə və qan tökmək rəvac tapdığı bir cəmiyyətdə hətta “İbn Xəldunun” təbiri ilə desək, müharibə və qan tökmək onların ikinci dərəcəli xisləti idi.2 Müharibə alovunu söndürən, vəhdət və ülfət amillərdən biri də evlilik əlaqəsi idi. Qüreyşin böyük qəbilələri də Peyğəmbər (s) ilə düşmənçilik etməkdə bir-birilə yarışırdılar. Məsələn Bəni Üməyyə və Bəni İsrail qəbiləsi açıq aşkar düşmənçiliyini əsla gizlətmirdi buna görə də Peyğəmbər (s) o qəbilələrdən olan xanımlardan evləndi. Lakin bunun müqabilində Mədinə əhalisindən heç bir təhlükə hiss etmədiyi üçün onların qəbiləsindən heç bir xanımla ailə həyatı qurmamışdır. Ruminiyalı məsihi yazar belə qeyd edir: Muhəmməd (s) Ümmi Həbibə ilə evləndi ki, Əbu Süfyanın kürəkəni olsun və bu səbəbdən Qüreyş qəbiləsinin ona olan düşmənçiliyini azaltmış olsun. Nəticədə peyğəmbər Bəni Üməyyə və Əbu Süfyanın arvadı Hind və başqalarının ona olan kin-küdrətini azaldaraq xanımı Ümmi Həbibə də Məkkədə olan ailələrə İslamı çatdırmaqda təsirli rol oynadı. 3

2- Tərbiyəvi hədəf

Peyğəmbər (s) məhrumları və fəqirləri himayə etməyi öz dininin nicatbəxş missiyası qərar verdi. Qurani-Kərim bu məsələni qabardaraq məhrumları himayə etməyi müsəlmanlara və ümumbəşərə elan edir. Peyğəmbər (s) müxtəlif münasibətlərdə camaatı bu Allah bəyənən işə təşviq edir və praktiki olaraq biçarə zəif insanlar üçün “Süffə” məscidinin yanında bir yer tikdirməyi əmr etdi və fəqirləri orada sakin etməyi müsəlmanlara əmr etdi.

Bu praktiki hümanist əməl kişilərə aid idi lakin Peyğəmbər (s) qadınlar üçün onların mövqeyini nəzərə alaraq bu cür çıxış yolunu onlar üçün bəyənilməz olduğu üçün və qadınların ismət məsələsi ortada olduğuna görə çıxış yolunu başqa yöndən həll etməyi qərara aldı. Həzrət Peyğəmbər (s) ərəblərin mədəniyyətinə uyğun olan birdən çox qadının olmasından istifadə edərək başsız və yetimləri olan qadınlarla müsəlman kişiləri evlənməyə təşviq edib bu minvalla əxlaqsızlığın və fəsadın qarşısını aldı. Bu addım küçədə qalan başçısı olmayan qadınlara hümanis bir addım atmaqla yanaşı eyni zamanda fəqirlik, aclıq və fəsadın qarşısını almaqla tamamlandı. Bunun üçün özü də xanımı olduğu halda başqa bir qadınla evlənərək bu addımı ilə müsəlmanları bu hümanist addıma təşviq edərək o xanımları məhrumiyyətdən azad etdi.

Peyğəmbər (s) dul qadınlarla izdivac edərək onlara yetim uşaqları ilə birlikdə evində yer verərək həm özü bu humanist işdə praktiki olaraq qədəm atdı və həm də bu əməli ilə müsəlmanları bu humanist işə təşviq etdi.

3- Quldarlıqla mübarizə hədəfi

İslam dini çox dəqiq proqramla mərhələ-mərhələ quldarlıqla mübarizə apardı. Allahın Peyğəmbəri (s) yaxşı və ardıcıl metodlardan istifadə edərək quldarlıqla mübarizə apardı ki, evlənmə o metodlardan biri idi. Cəviriyyə və Səfiyyə kəniz idi. Peyğəmbər (s) bu ikisini əvvəl azad etdi sonra onlar başçısız qalmasın deyə onlarla evləndi. Bununla müsəlmanlara da ülgü göstərərək bildirdi ki, təkcə varlılardan və adlı sanlı insanlardan deyil hətta kənizlə də evlənmək olar. Peyğəmbərin (s) Cəviriyyə ilə izdivacından sonra çoxlu kənizlər azad oldu. Belə ki, Bəni Müstələq müharibəsində Cəviriyyə əsir olmuşdu və qənimət kimi Peyğəmbərin (s) payına düşmüş bir kəniz (qul) qadın idi.

Məsihi alimi Virgil Gheorghiu belə yazır: Muhəmməd Cəviriyyə ilə evləndiyi zaman səhabələri bu əməli bəyənməyib ona təəccüb etdilər. O günün sabahı öz əsirlərini azad etdilər. Çünki qəbul edə bilmirdilər ki, Peyğəmbərin (s) xanımının həyat yoldaşının qohumları onların qohumları olsun.4

4- Qadınların nicatı və onların öz kafir qohumlarına qayıtmasının qarşısını almaq

Qadınlardan bəziləri Peyğəmbərin (s) insani keyfiyyətlərini və əxlaqını gördükdən sonra könül xoşluğu ilə İslam dinini qəbul edərək cahillikdən nicat tapmışlar. Müsəlman olduqdan sonra müsəlman kişilərlə ailə həyatı qurmuşlar. Sonradan ərləri dünyasını dəyişmiş yaxud müharibələrdə şəhid olduğu üçün başsız qalırdı. Belə olan halda yaşayışları olduqca çətinləşir və olduqca acınacaqlı vəziyyətə düşürdülər. Əbu Süfyanın qızı Ümmi Həbibə də bu qəbil qadınlardan idi ki, həyat yoldaşı Efiopiyaya hicrət etdi və orada öldüyü üçün Ümmi Həbibə başsız qaldı. Beləliklə bu xanım nə orada qala bilmədi nə də Məkkəyə müşrik qohumlarının yanına qayıda bilmədi. Peyğəmbər (s) o xanımın problemindən xəbərdar olduqda Həbəşə (indiki Efiopiya) padşahına bir namə yazaraq ondan istədi ki, Ümmi Həbibəni Peyğəmbərlə (s) evləndirsin. Bu izdivacın nəticəsində Ümmi Həbibə sahibsizlikdən və müşriklərin yanına dönməkdən nicat tapdı.

5- Cahil və səhv ənənələrlə mübarizə hədəfi

İslamda “oğulluq” həqiqi oğul hökmündə deyil və “oğulluğa” götürülən şəxs özünə qadın alarsa bu qadın, oğlanı saxlayan kişiyə məhrəm olmur. Əslində insanın öz oğlunun xanımı (kişinin gəlini) ona məhrəm olur. Oğulluğa götürülən uşağın arvadı kişiyə məhrəm olmaz. Halbuki cahiliyyət dövründə oğulluğa götürülən uşağı həqiqi oğul hökmündə bilirdilər. Bu səbəbdən də oğulluğa götürülən şəxsin arvadını kişiyə məhrəm bilirdilər və bu səbəbdən həmin qadın özünü məhrəm bildiyi üçün kişinin yanında başaçıq gəzər onunla əl verib görüşərdi ki, bu da İslam dinində haram sayılır.5 Zeyd ibn Harisə adlı bir nəfəri Peyğəmbər (s) oğulluğa götürmüşdür. Onun Zeynəb adlı bir xanımı var idi ki, Zeynəb binti Cəhş kimi tanınırdı və sonradan bu xanım Zeyd ibn Harisədən boşanmışdı. Yuxarıda qeyd etdiyimiz xurafatın qarşısını almaq üçün Allah Peyğəmbərə (s) göstəriş verir “Cəhş qızı Zeynəb” ilə evlənsin ki, cahillikdə olan batil bir hökm aradan getsin və camaat anlasın ki, belə bir qadın onlara məhrəm sayılmır.6

Bu izdivac olmasaydı mümkün idi Zeyd ibn Harisə yaxud onun oğlu Üsamə, peyğəmbərin vəfatından sonra onun varisi kimi tanınardı ki, bunun da ardınca çoxlu fəsadlar törənərdi. O cümlədən İmamət məsələsində əsaslı problemlər ortaya çıxardı.

Peyğəmbərin (s) izdivacında yuxarıda sadaladığımız hədəflərdən əlavə, başqa hədəf və hikmətlər də mövcuddur ki, yazını ixitisara saldığımız üçün burada onları qeyd etmirik.

Sonda əlavə bir nöqtəni də qeyd etmək yerinə düşər. Qeyd edək ki, İslamda eyni zamanda bir neçə qadın almaq kişilər üçün məhduddur. Kişi eyni zamanda dörd qadından artıq özünə qadın ala bilməz. Qurani-Kərimdə buyurulur ki, ədalətə riayət etmək şərtilə dörd qadın ala bilərsiniz.Bu hökm nazil olmamışdan öncə əslində ərəblər dörd qadından çox özlərinə qadın alırdılar eyni zamanda.

Peyğəmbərin (s) qadınlarının hamısı bu hökmdən öncə peyğəmbərlə ailə həyatı qurmuşdu. Allah Peyğəmbərinə əmr etdi ki, bundan sonra kimsə ilə evlənmək haqqı yoxdur hətta bütün qadınlarına təlaq versə yaxud onların yerinə başqa qadınlar da ala bilməz.8 Bu hökm yalnız peyğəmbərə məxsusdur necə ki, gecə namazı yalnız peyğəmbərə vacib idi və başqa müsəlmanlara vacib deyildi.

Hazırladı: Rəsul Mahmudzadə


1. Seyid Muhəmməd Hüseyn Təbətəbai, Fərazhayi əz Eslam, s174
2. İbn Xəldunun müqəddiməsi (tərcümə), c1, s286
3. Muhəmməd yenidən tanınmalıdır, səhifə 207
4. Həmin mənbə, səhifə 181
5. Əhzab, 4-cü ayə
6. Əhzab, 37-ci ayə
7. Nisa, 3-cü ayə
8. Əhzab, 52-ci ayə

Tags: SUALLARA CAVAB, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!