ƏŞRƏF-ül-ƏNBİYA (2)

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN

PEYĞƏMBƏRİN MÜHARİBƏLƏRİ 
1. BƏDR MÜHARİBƏSİ 
Həzrət Peyğəmbər (s) strateji baxımdan mükəmməl şəkildə təchiz olunduqdan sonra, əvvəlcə Mədinənin ətrafındakı qəbilələrlə, onların Mədinəyə hücum etmələrinin qarşısını almaq məqsədilə, bir sülh müqaviləsi bağladı.

Sonra belə qərara gəldi ki, Şama gedən və o məntəqədən keçən Qüreyşin böyük bir karvanına basqın etsin. Bununla o, həm küfr ilə şirk başçılarının qürurunu sındıracaq, həm də mühacirlərin Məkkədəki var-dövlətlərini talan edərək evlərini yıxanlarla cavab verəcəkdi.

Bu müharibə Bədr quyularının yanında baş verdiyinə görə “Bədr müharibəsi” adlandı. Peyğəmbərimiz (s) bu müharibədə səhabənin böyükləri ilə məsləhətləşdiyi və düşmənin vəziyyətindən kifayət qədər xəbərdar olduğu üçün tezliklə hücuma başlamaq əmrini verdi. Əshabın imanı sayəsində müsəlmanlar qələbə çaldı, müşriklər isə məğlub oldu.

2. ÜHÜD MÜHARİBƏSİ
Müsəlmanların Bədr müharibəsində qələbə çalması və müşriklərin öldürülməsi, onların başçılarını çox əsəbləşdirmişdi. Belə ki, Əbu Süfyan heç kimə ölənlərə yas tutmağa icazə verməmişdi.
Digər tərəfdən isə, yəhudilər müsəlmanların qələbəsindən çox narahat idi. Buna görə də yəhudilərdən Kəb ibn Əşrəf adlı biri Məkkəyə gəlib camaatı üsyana çağıran şeirlər oxuyaraq müşriklərin ölülərinə ağlaya-ağlaya Qüreyşi onların intiqamını almağa təhrik edirdi.
Axırda müşriklər “Darün-nüdvədə” yığıncaq keçirərək bir çox müzakirələrdən sonra gələn müharibənin büdcəsi olan əlli min dinar qızılı təsdiq və təmin etdilər. Sonra da müharibə üçün könüllü döyüşçü yığmağa və Məkkə ətrafındakı qəbilələrdən kömək almağa başladılar.

HƏRƏKƏTİN RİTMİ
Üç min nəfərdən ibarət olan müşrik ordusu Məkkəyə yola düşmüşdü.
O günə kimi müsəlman olduğunu gizlədən Abbas ibn Əbdülmüttəlib Peyğəmbərimizin (s) görüşünə gəlmişdi. Mədinəyə tərəf sürətlə hərəkət edən bir nəfərə verdiyi məktubda əhvalatı həzrət Peyğəmbərə bildirmişdi.
Əbu Süfyanın başçılığı altında hərbi təchizatla hərəkət edən müşriklər ordusu Ühüd dağları yaxınlığında çadır qurub düşərgə saldı. Onların piyada əsgərlərinin başçısı isə Xalid ibn Vəlid idi. Peyğəmbərimiz (s) vəziyyətdən xəbər tutan kimi əshabı ilə məsləhətləşib əksəriyyətin təsdiqi ilə qüvvələrini Mədinədən xaricə çıxarmağı qərara aldı.
Həzrət Peyğəmbər (s) 1000 nəfər könüllü əsgərdən ibarət İslam ordusu ilə hicri 3-cü ilin şəvval ayının yeddisində, sübh namazından sonra, Ühüdə sarı yola düşdü. İslam ordusu düşmənin düşərgəsi yaxınlığında çadır qurdu.
Peyğəmbərimiz Abdullah ibn Cübeyri əlli ox atan ilə birlikdə Ühüd keçidinə göndərdi ki, strateji əhəmiyyətə malik olan həmin keçidi qorusunlar. Onlara nə olursa olsun, (qələbə yaxud məğlubiyyət) oranı tərk etməyə haqları olmadığını söylədi.
Nəhayət tövhid və şirk orduları qarşı-qarşıya gəldilər və ilk toqquşma Qüreyş əsgərlərindən olan Əbu Əmir tərəfindən başlandı.
Əvvəlcə qüdrətli İslam ordusu tam cəsarət və imanla döyüşüb küfr ordusunu dağıtdı, ancaq birdən-birə müharibənin şəkli dəyişdi.
Peyğəmbərimizin keçidi qorumaq üçün göndərdiyi əsgərlər müharibənin qurtardığını güman etdiklərinə görə qənimət yığmaq üçün oranı buraxmış və strateji əhimiyyətə malik olan bu keçid müdafiəsiz qalmışdı.
Düşmənin piyada hissələrinin başçısı Xalid ibn Vəlid də bu fürsətdən istifadə edərək qüvvələri ilə birlikdə dağın arxa tərəfinə keçmiş və keçidə girəndə qənimətləri yığmaqla məşğul olan müsəlmanlara həmlə edərək onların çoxunu öldürmüşdü.
Müsəlmanlar yetmiş şəhid verərək müharibə meydanından geri çəkilməyə məcbur oldu. Müharibədə müşriklər qələbə çaldı. Ancaq Allahın Peyğəmbəri (s), həzrət Əlinin (ə) fədakarlıqları nəticəsində əsgərləri təzədən toplayıb düşməni təqib edərək onlardan bir qismini öldürərək, müşriklərin yenidən Mədinəyə basqın etməsinin qarşısını aldı.

3. XƏNDƏK (ƏHZAB) MÜHARİBƏSİ
Mədinə yəhudiləri xəyanətlərinə və düşmənlə əməkdaşlıq ediklərinə görə bu şəhərdən sürgün olunmalarına baxmayaraq, yenə də xəyanətdən əl çəkməmişdi.
Onların başçıları Məkkəyə gedib Qüreyşi müsəlmanlarla müharibə etməyə təşviq etmiş və beləliklə də onlara kömək edəcəklərini söz vermişdi.
Nəhayət yəhudilərin təhriki nəticəsində ayrı-ayrı qruplardan ibarət İslam düşmənlərindən bir cəbhə yarandı. Buna görə də bu müharibəyə “Əhzab” (qruplar, dəstələr) müharibəsi deyilir.
Müşriklərdən, yəhudilərdən, münafiqlərdən və Mədinədən qaçanlardan ibarət bu qüvvələrin hamısı İslam əleyhinə birlik yaratmışdı. Onlar tezliklə İslamı aradan apara biləcəklərini güman edirdi. 
On min nəfərdən ibarət olan müşriklər ordusu hicri 4-cü ilin şəvval ayında Əbu Süfyanın başçılığı ilə Mədinəyə tərəf yürüşə başladı.
Xüzaə qəbiləsindən bir neçə atlı sürətlə özlərini Mədinəyə çatdırıb vəziyyəti Peyğəmbərə (s) bildirdikdə Allah Peyğəmbəri müharibəyə hazırlıq əmrini verdi. Hərbi sərkərdələrin fikrini öyrənmiş, uzun sürən muzakirədən sonra Salmanın fikri qəbul edilmişdi. Mədinənin ətrafında xəndək qazılmış, müsəlmanlar isə xəndəyin arxasında keşik çəkirdi. Üç min fədakar müsəlman gecə-gündüz çalışaraq 12000 metr uzunluğu, 5 metr dərinliyi və təqribən 6 metr eni olan xəndəklər qazdı. Xəndək boyunca keçid üçün körpü-yol salıb, onlara növbətçi qoyuldu. Xəndəyin arxasında müxtəlif səngərlər düzəldərək şəhəri müdafiə etmək üçün orada ox atanları yerləşdirmişdilər.
Şirk ordusu Mədinəyə çatanda qarşılarında keçilməsi qeyri-mümkün olan bir xəndəyin olduğunu gördü.
Buna görə də xəndəyin arxasında çadır qurmağa məcbur oldu.
Əbu Süfyan ordunun əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün Bəni-Nəzir yəhudilərin başçısı Həyy ibn Əxtəbi çağırtdırıb əmr etdi ki, Bəni-Qürəyzə yəhudilərinin başçısı Kəb ibn Əsəd ilə görüşərək onlara itaət edənlərlə birlikdə Mədinədə üsyan qaldırsınlar. Bu təqdirdə müşriklərin hücumu üçün də yol açılacaqdı. Həyy ibn Əxtəb Əbu Süfyanın əmrini yerinə yetirdi. Lakin Peyğəmbərimiz (s) öz uzaqgörənliyi ilə işin bu cür baş verəcəyini anlamışdı və beş yüz döyüşçünü şəhərin içində gözlənilən hər hansı bir təhlükəyə qarşı hazır vəziyyətdə saxlayırdı. Beləliklə, düşmənin bu hiyləsi də boşa çıxdı.
Bu vəziyyəti görən müşriklərin əsgərləri gecə-gündüz xəndəyin arxasında gözləmək məcburiyyətində qaldı.
Bir gün müşrik döyüşçülərdən beş nəfər Əmr ibn Əbdəvüdün başçılığı ilə xəndəyin eni az olan yerindən keçməyə müvəffəq oldu.
Əmr bağıraraq deyirdi: “Ey öldürüldükdən sonra cənnətə gedəcəklərini iddia edənlər, hardasınız? Gəlin, sizi oraya göndərək!“ Həzrət Əlidən (ə) başqa heç kim Əmrin cavabını verməyə cürət etmədi.
Əli (ə) ildırım kimi onun üstünə şığıyaraq bir zərbə ilə onu yerə yıxdı və ucadan “Allahu Əkbər” – dedi.
Əmrin yanında onlardan biri qaçanda xəndəyin içinə düşdü, amma Əli (ə) ona da aman verməyib öldürdü. Qalanlar isə qaçıb gedə bildi.
Əlinin (ə) qüdrəti və sürəti İslam əsgərləri üçün meydana böyük bir zəfər gətirmişdi. Belə ki, Peyğəmbər (s) buyurdu: “Əlinin bu fədakarlığı və müvəffəqiyyətinin dəyəri insanların və cinlərin yetmiş illik ibadətindən daha üstündür.”
Sabahı gün Xalid ibn Vəlid məğlubiyyətin əvəzini çıxmaq üçün atlı dəstələrlə birlikdə xəndəyi keçmək istədi. Ancaq İslam əsgərləri onların da qarşısını aldı. Bu vəziyyət düşmənin əhval-ruhiyyəsini tamam pozmuşdu. Peyğəmbərimiz müvəffəq olmuşdu ki, Nəim ibn Məsudun vasitəsilə müşriklərlə Bəni-Qüreyzə yəhudiləri arasında ikitirəlik yaratsın. Ondan sonra da bu iki qəbilə arasındakı müqavilə pozulmuşdu.
Bundan əlavə, Xüzeyfə adlı bir nəfəri də gecə yarısı düşmən əsgərləri sırasına nüfuz edib onları ruhi baxımdan zəiflətmək üçün məmur etmişdi. O müşriklərə havanın soyuqluğu və təhlükəli tufandan danışmış axırda əsgərlərlə başçılar arasında fikir ayrılığı meydana gəlmişdi.
Nəhayət Əbu Süfyan qüvvələrini toplayıb Məkkəyə qayıtmaq məcburiyyətində qaldı. Bunun üçün də gecənin qaranlığından istifadə etdi.
Müsəlmanlar sübh namazını qılmaq üçün qalxdıqları zaman düşmənlərdən bir iz belə qalmadığını gördü.
Peyğəmbərimiz (s) düşmənin qaçdığını öyrəndikdən sonra əshabına hərbi mövqeylərini buraxıb şəhərə qayıtmalarını əmr etdi.

BƏNİ-QÜREYZƏNİN AQİBƏTİ
Xəndək müharibəsindən sonra Peyğəmbərimiz (s) Bəni-Qüreyzə qalasına tərəf hərəkət etdi. İyirmi beş gün davam edən mühasirədən sonra onları təslim olmağa məcbur edib həzrət Əlinin (ə) köməyi sayəsində tərk-silah etdi.
Bəni-Qüreyzə məğlub olduqdan sonra Peyğəmbərdən Mədinədən getmək üçün icazə istədi. Lakin Peyğəmbər (s) onların bu istəyini qəbul etmədi, çünki, onların fürsət tapan kimi yeni bir müharibə planı hazırlayacaqlarını qabaqcadan çox gözəl bilirdi. Eyni şəkildə Bəni-Qəynüqə yəhudiləri də fürsət tapandan sonra Ühüd müharibəsində və Bəni-Nəzir yəhudiləri də Xəndək müharibəsində düşmənə qoşulmuşdu. Nəhayət onlar müharibə əsnasında düşmənlə əməkdaşlıq və xəyanət etdiklərinə görə Səd ibn Übadənin hökmünə təslim oldu. Həmin hökmə əsasən kişilər öldürülməli, var-dövlətləri isə müsadirə olunmalı idi.

HÜDEYBİYYƏ SÜLHÜ
Müsəlmanların daxili müharibələrində ardıcıl qələbə çalması, düşmənlərin, xüsusilə Bəni-Müstələq qəbiləsinin məğlubiyyətə uğraması və həzrət Peyğəmbərə iman gətirməsi Qüreyşi bərk qorxutmuşdu.
Həzrət Peyğəmbər (s) hicri yeddinci ilin zilqədə ayında müsəlmanlardan ibarət min dörd yüz nəfərlə Kəbəni ziyarət məqsədilə Mədinədən Məkkəyə yola düşüb Zülhüleyfə adlı yerdə ehram bağlamışdı.
Bu səfər, mənəvi və ibadi baxımdan əlavə, əhəmiyyətli siyasi dəyərə də malik idi. Bu vəziyyət müsəlmanların Ərəbistan yarmadasında mövqeylərinin yaxşılaşmasından xəbər verirdi.
Qüreyş müşrikləri Peyğəmbərin hərəkətindən xəbərdar olduqda, onların Məkkəyə girmələrinə mane olacaqlarına dair bütlərə and içdi. Xalid ibn Vəlidi iki yüz atlı ilə birlikdə onların qabağını almaq üçün müsəlmanların üstünə göndərdi.
Peyğəmbərimiz (s) toqquşma baş verməsin deyə kəsə yoldan gedərək Hüdeybiyyə ərazisinə çatdı. Peyğəmbərimiz əvvəlcə Qüreyşə onlarla müharibə etmək fikrində olmadığını və müsəlmanların məqsədinin ancaq həcc mərasimini yerinə yetirmək olduğunu bildirsinlər deyə bir neçə elçi göndərdi. Lakin onlar Peyğəmbərin göndərdiyi qasidlər ilə yaxşı rəftar etmədi. Onların rəftar və hərəkətlərindən fikirlərinin yalnız müharibə olması aydınlaşdı.
Həzrət Peyğəmbər (s) bir ağacın altında əshabından yenidən beyət aldı. Onların hamısı Peyğəmbərə söz verdi ki, son nəfəslərinə kimi öz hədəflərinə bağlı qalacaqdır. Qüreyşlilər əhvalatı öyrənəndən sonra qorxub Süheyl adlı bir nəfəri Peyğəmbər ilə sülh müqaviləsi  imzalamaq üçün həzrət Mühəmmədin (s) yanına göndərdi.
Onların istəyi müsəlmanların bu il Məkkəyə daxil olmayıb geri qayıtmaları, gələn il isə silahsız gəlmələrindən ibarət idi. Qüreyş isə müsəlmanları dini mərasimlərində sərbəst buraxıb onların mal və canlarını qoruyacaqdı.
Müsəlmanlardan bəzisi isə Məkkənin fəthinə zəmin yaradan bir müqavilənin parlaq gələcəyini hələ anlaya bilməmişdi.
Lakin bütün bunlara baxmayaraq beş maddədən ibarət sülh müqaviləsi imzalandı. Dediyimiz kimi müsəlmanlardan bəzisi narahat olub Peyğəmbərə etiraz etdi. Müqavilənin maddələrindən biri də bu idi: “Əgər Məkkə müsəlmanlarından biri, Mədinəyə pənah gətirərsə, Qüreyşə geri qaytarılacaq.” Onlar belə güman edirdi ki, bu iş müsəlmanlar üçün zillət və alçaqlıq gətirəcəkdir.
Peyğəmbərimiz isə bu barədə çıxış edərək onların cavabını vermişdi.
İmam Sadiq (ə) bu sülh müqaviləsinin dəyəri haqqında belə buyurur: ”Həzrət Peyğəmbərin (s) həyatında heç bir hadisə Hüdeybiyyə müqaviləsindən xeyirli olmamışdır.”

4. XEYBƏR MÜHARİBƏSİ
Hicri yeddinci ilin rəbiül-əvvəl ayında həzrət Peyğəmbər (s) 1600 İslam əsgəri ilə birlikdə Mədinədən Xeybərə doğru hərəkət etdi. Düşməni qəfildən məğlub etmək üçün sürətlə Qətfan torpaqları ilə Xeybər arasında olan Rasi adlı bir yerə istiqamət aldı. Bu hərbi taktika ilə müttəfiq olan Qətfan ərəbləri ilə Xeybər yəhudilərini bir-birindən ayıraraq onların əlaqəsini kəsdi.
Xeybər qalası hələ gecə ikən müsəlmanlar tərəfindən mühasirəyə alındı. İslam döyüşçüləri xurmalıqlar arasında münasib yer seçərək Xeybər və düşmən əsgərlərinin vəziyyətini öyrənib vuruşmağa başladı. Cəsarətlə canlarından keçərək bütün qalaları bir-bir ələ keçirdi. Sadəcə yəhudilərin müdafiə etdikləri iki əhəmiyyətli qala qalmışdı ki, onlar yuxarıdan müsəlmanları ox yağışına tuturdu.
Peyğəmbərin əmri ilə İslam ordusu üç gün ardı-arası kəsilmədən Əbu Bəkr, Ömər və Səd ibn Übadənin başçılığı altında ayrı-ayrı qalalara basqın etsələr də məğlubiyyətə uğradı. Bunu görən həzrət Peyğəmbər buyurdu: ”Sabah bayrağı elə bir adama verəcəyəm ki, bu qalanı fəth edəcək.”
Hamı o şəxsin kim olduğunu öyrənmək üçün səhəri gözləyirdi. Həmin şəxs Həzrət Əlidən (ə) başqa kim ola bilərdi?
Vəd olunan gün gəlib çatdıqda həzrət Peyğəmbər (s) zəfər bayrağını Əliyə (ə) verərək qalanı fəth etmək vəzifəsini də onun öhdəsinə qoydu. Bununla həzrət Peyğəmbər (s) həzrət Əlinin (ə) o biri qoşun başçılarından daha üstün və dəyərli olduğunu göstərmək istəyirdi.
Əlinin (ə) əsgərləri qalaya yaxınlaşdıqları vaxt Haris və Mərhəb adlı iki döyüşçü qardaş əllərindəki toxmaqları ilə onlara həmlə etdilər. Nəticədə müsəlmanlar onların hücumuna tab gətirməyib qaçdı. Amma həzrət Əli (ə) öz böyük və sarsılmaz müqaviməti ilə onların ikisini də öldürdü. Yəhudilər qorxularından qala qapılarını bağladı. Qaçanlar bu səhnəni görəndə müharibə meydanına qayıtdı. Həzrət Əli (ə) qəzəbli şir kimi qalaya tərəf gəlib onun qapısını yerindən qopararaq özü üçün qalxan etdi. Daha sonra qapını qalanın ətrafındakı xəndəyin üstünə atıb əsgərlərin keçməsi üçün körpü düzəltdi. Bu qapı o qədər ağır idi ki, müsəlmanlardan yeddi nəfər belə onu yerindən tərpədə bilmədi.
Həzrət Əli (ə) özünün bu heyrətləndirici gücü barədə belə buyurmuşdur: “Mən onu öz adi gücümlə qaldıra bilməzdim. Allahın köməyi və imanım sayəsində bu işi görə bildim.”
Nəhayət İslam qüvvələri bütün qalaları ələ keçirərək yəhudiləri ağır məğlubiyyətə uğratdı. Yəhudilər Peyğəmbərə bildirdi ki, öz yerlərində qalıb əkinçiliklə məşğul olmaq və qazanclarının yarsını müsəlmanlara vermək istəyir. Peyğəmbərimiz bu istəyi qəbul edib onları sərbəst buraxdı.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

 

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!