HƏZRƏT ƏYYUBUN (Ə) ƏHVALATI-I HİSSƏ

:

HƏQİQİ TÖVBƏKAR
 2500 il öncə Həvran torpaqlarında Yusifin nəvələrindən olan bir kişi yaşayırdı. O kişi pak fitrətli Əyyub idi. O, Yusifin digər nəvələrindən olan Rəhimə adlı qızla evlənmişdi.

Onlar şadlıqla ömür sürürdülər. Allaha və onun elçisinə iman gətirmişdilər.
Allah-təala Əyyuba bol ne`mətlər əta etmişdi. Ona oğlan və qız övladlar vermişdi. O həzrətin əkin sahələri, inək, qoyun və keçi sürülərinin otladığı geniş otlaqları var idi.
Bir gün mələklər onun yanına gəlib, peyğəmbər olması xəbərini çatdırdılar. Əyyub bu nemətlərə şükr etmək məqsədi ilə Allaha səcdə etdi.
Hamı Əyyubu sevirdi. O qəlbən pak insan idi. Allah onu peyğəmbərlik məqamına yüksəltmişdi.
Əyyubun böyük və geniş evi, çoxlu oğlan və qız övladları vardı. Onun evində çoxlu ərzaq məhsulları və xörəklər olardı. O həzrət yoxsulları sevirdi. Onlara yemək və paltar verirdi. Süfrəsində yetim, yoxsul və ya bir kasıb olmasaydı, yemək yeməzdi.
Kasıb və yoxsul insanlar uzaq yerlərdən Əyyubun evinə gəlir, özləri, övladları və ailələri üçün yemək və paltar götürüb, şad halda öz şəhərlərinə qayıdırdılar. İnsanlar Allahın peyğəmbəri Əyyubu sevirdilər. Çünki, o, heç kəsi ümidsiz etmir və heç kəsə də minnət qoymurdu.

ƏYYUBUN EVİ
 Bir gün qoca bir kişi o diyara daxil oldu. Əyyubun evinə getdi. Ona salam verib dedi:
-Salam olsun Allahın peyğəmbəri Əyyuba!
-Allahın salam və rəhməti olsun sənə! Buyurun, ev sizin ixtiyarınızdadır.
-Allah Əyyubun izzətini artırsın! Gördüyünüz kimi mən imkansız bir qocayam, övladlarım acdırlar. Allahın peyğəmbəri aclara yemək verir və çılpaqları geyindirir.
Əyyub naharat oldu və dedi:
-Ey qoca, məncə sən qəribsən.
-Yox, ey Allahın peyğəmbəri, mən Həvran əhalisindənəm.
Əyyub daha çox naharat oldu və dedi:
-Mənim üçün çox ağırdır ki, evim yeməklə doludur, amma, sən acsan.
Qoca kişi dedi:
-Mənim öz günahımdır. Mən ehtiyacımı bundan öncə sizə deməmişəm.
Əyyub dedi:
-Mən özüm sizi axtarmalı idim.
Əyyub oğlanlarına üzünü tutub, dedi:
-Allahın qəzəbindən qorxmursunuzmu? Necə tox yatmağa razı oldunuz, halbuki, Həvran şəhərində ac qocalar və uşaqlar var.
Oğlanları üzr istədilər və dedilər:
-Biz çox axtarış etdik, amma, Həvranda ehtiyaclı bir insan tapmadıq.
Ata narahat olub, dedi:
-Bəs bu qoca kişi kimdir?
-Ata, bizi bağışla!
-İndi tez olun! Onun üçün xörək və geyim götürün və onu evinə aparın!
-Baş üstə!
Əyyub daşdan tikilmiş evdə beləcə yaşayırdı. O həzrət tarlada və əkin sahələrində işləyir, yoldaşı un hazırlayır, qızları və kənizləri ona kömək edirdilər. Əyyubun oğlanları özləri ilə yemək və geyim götürüb, Həvranda yoxsul və kasıbların axtarışına başladılar. Fəhlələr və xidmətçilər tarlada işlə məşğul idilər. Meyvələri və dənləri anbarlara daşıyırdılar.
Çobanlar heyvanları otlaqlara aparırdılar. Əyyub ona çoxlu mal və övlad əta etmiş Allaha şükr edirdi. Camaat Əyyub peyğəmbəri sevirdilər. Çünki, onun Allaha imanı vardı və nemətlərinə görə ona şükr edirdi. O hamıya kömək edirdi. Amma, çoxlu mallar, tarlalar, əkin sahələri, heyvanlar və övladları onu Allaha şükr etməkdən saxlamırdı. O eləcə işləyib, çalışırdı.
Əyyub rifah içində yaşaya bilərdi, amma, o öz əlinin zəhməti ilə dolanırdı. Yoldaşı Rəhimə də zəhmət çəkirdi. Onlar inanırdılar ki, bütün var-dövlətləri böyük Allahın lütfündəndir. Ona görə də həmişə Allahı yad edir və ona çox şükr edirdilər.
İnsanlar Əyyubu sevirdilər. Onlar bilirdilər ki, o xeyir və bərəkətli insan, həmçinin Allahın peyğəmbərlərindən biridir. Ona görə də Allah-təalaya iman gətirdilər. Kimə istəsə çoxlu ruzi verən və kimi istəsə səfalətdə saxlayan odur.

ŞEYTAN
 Şeytan Əyyuba həsəd apardı. O həzrət insanları hidayət etməyə çalışır və onların xeyrini istəyirdi. Amma, Şeytan onları fəsada və azğınlığa çəkirdi. Buna görə də camaata vəsvəsə edir və onlara deyirdi: «Əyyub qorxur ki, Allah onun mallarını və əkin sahələrini ondan alar. Ona görə də ona ibadət edir. Əgər Əyyub yoxsullaşsa, daha Allaha ibadət və səcdə etməz».
Camaat Şeytanın vəsvəsələrinə qulaq asır və ona inanırdılar. Onların Əyyub barəsində fikirləri dəyişildi: «Bəli, əgər o, Allaha ibədət edirsə, bu yalnız ona görədir ki, ona dəyərli nemətlər vermişdir. O, Allahın nemətləri ondan almasından qorxur. Ona görə də əgər Əyyuba hər hansı bir bəla və müsibət üz versə, Allaha ibadətdən əl çəkər. Əgər ildırım onun əkin sahələrini yandırsa, o nalə edib, ağlayacaqdır. Əgər Allah ne`mətlərini ondan alsa, daha Allaha səcdə etməyəcəkdir».
Şeytan beləcə Həvran camaatını çaşdırırdı.

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı:Peyğəmbərlərin həyatı
Tərcümə edən:Vüsal Hüseynzadə
Hazırladı: Rəsul Mahmudzadə

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!