PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİ - 1

:

İSLAM PEYĞƏMBƏRİNİN MÖCÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ
Bu haqda məlumatı olan hər bir şəxs Peyğəmbərin (s) ən böyük möcüzəsi olan Quranın keçmiş peyğəmbərlərin möcüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir.

Peyğəmbərin (s) möcüzəsi yalnız Quranın nazil olması ilə bitmir. Qurani-Kərimdən başqa onun digər möcüzələri də olmuş və bəzi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur. Quran isə ona xas olan əbədi və ilahi möcüzədir.
Quranın digər möcüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər möcüzələri ilə keçmiş peyğəmbərlərin möcüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:
1. Mütəvatir hədis və rəvayətlər:
Müsəlmanlar Peyğəmbərin (s) möcüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb yaratmışlar.
Peyğəmbərin (s) möcüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin möcüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:
a) Zaman yaxınlığı;
Peyğəmbərin (s) göstərdiyi möcüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda məlumat əldə etmək bir o qədər də çətin deyildi.
b) Hədislərin mütəvatirliyi və çoxluğu.
Peyğəmbərə (s) iman gətirmiş və onun möcüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduqları üçün onların möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.
Demək, Həzrət İsa və Musanın (ə) möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, Həzrət Muhəmmədin (s) möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha çox mütəvatir olmalıdır.
2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi:
Həzrət Muhəmmədin (s) keçmiş peyğəmbərlərin möcüzələrinə yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi möcüzələri həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə malik olduğu üçün o, özünü digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi möcüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs başqalarından üstün olarsa, bəzi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bəzi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana gələr. Çünki, bir tərəfdən o, hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan möcüzə tələb olunmasın deyə, möcüzəni qətiyyətlə inkar etmiş və bu məzmunda nazil olmuş Quran ayələrini müxtəlif mənalarda yozmağa cəhd göstərmişlər.

YANLIŞ TƏSƏVVÜR
Bəzi inadkar şəxslər peyğəmbərlərin möcüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi, heç bir elm və məntiqə əsaslanmayan nadan və cahil şəxslər də Həzrət Muhəmmədin (s) möcüzələrinin yalnız Qurandan ibarət olduğunu və onun digər başqa möcüzələrə sahib olmadığını iddia edirlər. Hətta bəzi sadəlövh insanlar əldə etdikləri yanlış məlumatlara əsaslanaraq – öz nəzərlərində – bu mətləbə toxunan Quran ayələrinə istinad edirlər.
Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, məntiqi dəlillərlə belə bir təfəkkür tərzinin yanlış olduğunu sübuta yetirəcəyik.
“Bizə möcüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin [keçmiş ümmətlərin] onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi [maya] dəvə verdik, lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz möcüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik.”
Onlar deyirlər: Ayədən belə məlum olur ki, Muhəmmədin (s) Qurandan savayı başqa bir möcüzəsi olmamışdır. Və Allah-taala ona Qurandan başqa ayrı bir möcüzə vermədiyi üçün, keçmiş ümmətlər öz gözləri ilə gördükləri möcüzələri təkzib edir və onun qarşısında təslim olmurdular.
Cavab: Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələrə malik olmaması deyildir. Sadəcə olaraq o Həzrət müşriklərin yersiz tələblərini rədd etmiş və onlara möcüzə göstərməkdən boyun qaçırmışdır.
Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır.
Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün möcüzələri deyil, əyləncə məqsədilə görmək istədikləri möcüzələri rədd etməsi olmuşdur.
Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır:
1. Ayədə əlamət və nişan mənasını verən “ayə” sözünün cəm formasından, yəni “ayat” sözündən istifadə olunmuş, özü də müəyyənlik formasında, yəni “əlif-lam” ilə işlənmişdir. Bu səbəbdən də burada “əlif-lam”ın istifadə olunmasına dair üç ehtimal verə bilərik:
a) ”Əlif-lame cinsi”;
Bu halda ayənin mənası aşağıdakı kimi olacaqdır. Allah-taala Həzrət Muhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir dəlil və möcüzə göndərməmişdir. Demək, Allah tərəfindən göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məsuliyyət düşməmiş və onların fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası aşkara çıxarılacaqdır.
b) “Əlif-lame cəmi”;
Bu məna da peyğəmbərliyi sübuta yetirən möcüzə ayələrinin bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır.
v) Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan “əlif-lam” şərt və əhd mənasında işlənmişdir. Buradan belə məlum olur ki, Quranın inkar etdiyi möcüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrdir.
2. Əgər müşriklərin inkar və təkzib etmələri onların möcüzə göstərməsinə mane olsaydı, Peyğəmbərin (s) ən böyük möcüzəsi olan Qurani-Kərim də nazil olmazdı. Çünki, ümumi bir qanun olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə gəlirik ki, Quranın inkar etdiyi və ya daha dəqiq desək, qadağan etdiyi möcüzələr peyğəmbərlərin bütün möcüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzədir.
3. Ayədə möcüzənin göstərilməməsi keçmiş ümmətlərin möcüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o zaman qəbul etmək olar ki, möcüzənin həyata keçməsinə ehtiyac duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. Qeyri halda isə möcüzənin baş verməməsini nə iləsə əlaqələndirmək heç bir məna daşımayacaqdır. Məsələn biz, od olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə bilmərik. O ki qaldı möcüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi isə insanların istək və tələbləridir.

İlahi hikmətin iki səbəbi vardır:
1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz.
2. Əgər insanları təkzib etmək möcüzənin qarşısını alsaydı, peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi.
İkinci əsas səbəbə, yəni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar möcüzəni gördükdən və bütün lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də əyləncə məqsədilə möcüzə görmək istəyirdilər. Belə bir halda məlum məsələdir ki, Allah-taala onlara möcüzə göstərməyəcəkdir.
Nəticə: Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta yetirmək üçün göstərdikləri möcüzələrə deyil, müşriklərin möcüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb etdikləri möcüzələrə dəlalət edir.
Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin möcüzəni təkzib etmələri sonralar baş verəcək möcüzələrin qarşısını necə ala bilərdi?
Cavab: Onların möcüzəni təkzib etmələri şiddətli əzaba düçar olmaları ilə nəticələnə bilərdi. Belə ki, əgər onlar möcüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr və şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz peyğəmbərlərinə öz ümməti arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir.
“Halbuki sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyil.” (“Ənfal” surəsi, ayə: 33)
Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən heç bir möcüzə göndərilməmişdir.
İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta yetirmək və onların özləri haqda hidayət məqsədilə baş verən möcüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin təkzib olunmasından az olmayırdı. İstər peyğəmbərlərin, istərsə də möcüzələrin insanlar tərəfindən təkzib olunması axirət əzabından başqa ayrı bir şeylə nəticələnməyir. Amma əgər əyləncə məqsədilə göstərilən möcüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət, həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki, həqiqətə nail olmaq istəyən şəxs, gördüyü birinci möcüzəyə iman gətirər və bununla da kifayətlənər.
Əgər bir şəxs möcüzə görmək istəyirsə, əslində bununla o, peyğəmbərlik iddiası edən şəxsin həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, bu əməli ilə peyğəmbəri istehza etmiş və öz istəyinin əksinə çıxmış olur.
Tələb olunan möcüzələr təkzib olunduğu üçün Allah-taala bu kimi möcüzəni ayənin sonunda “qorxuducu möcüzələr” adlandırır. Beləliklə, Allah-taala insanlara peyğəmbərləri və onların möcüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq bütün hallarda deyil, yalnız insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirən möcüzələrdə də müşahidə edilə bilər.
4. Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi oluruq ki, Allah tərəfindən qadağan olunan möcüzələr ümumi xarakter daşımır və məhz inadkar insanların əyləncə məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən möcüzələrə aiddir.
a) “İsra” surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən düçar olduqları fəlakətlərə toxunulur.
“Elə bir məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda [lövhi məhfuzda] yazılmışdır.”
b) Həmin ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur.
v) Bu möcüzələr həmin xəbərdarlıq ayələri altında qeyd olunmuş və “Biz möcüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik” ifadəsilə sona çatır.
Bütün deyilənlərdən belə məlum olur ki, qadağan olunan möcüzələr deyildikdə, inkar edilməsi ilahi əzabla nəticələnən möcüzələr nəzərdə tutulur.
5. Bu mətləbə toxunan digər Quran ayələrində də qadağan olunmuş möcüzələrin müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə araşdırdıqda məlum olur ki, müşriklər özləri üçün əzab göndərilməsini istəmiş və ya tələb etdikləri möcüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.
Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür.
1. Bəla istənilən ayələr;
2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan möcüzələr haqda nazil olmuş ayələr;
3. Möcüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr.

Kitаbın аdı: Əl-bəyan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!