HƏZRƏT ƏYYUBUN (Ə) ƏHVALATI-II HİSSƏ

:

İMTAHAN
 Allah-təala Şeytanın yalanını insanlar üçün göstərmək istədi. İstədi ki, Əyyubun doğruluğunu, onun səbir, dözüm və imanını onlara aydınlaşdırsın. Ona görə də Əyyubun dərd və bəlaları başlandı. Ona bir-birinin ardınca müxtəlif bəla və müsibətlər gəldi. İndi görək Əyyub necə səbir edib, özündən dözüm göstərəcəkdir?

Bütün işlər öz qaydası ilə gedirdi. Əyyub Allaha səcdə edir və nemətlərinə görə ona minnətdarlıq göstərirdi. Onun oğlanları özləri ilə yemək dolu xurcunlar götürüb, kasıb, yoxsul, yolçu və yolda qalmış insanların köməyinə tələsirdilər. Xidmətçilər isə tarlalarda çalışır və buğdaları anbarlara aparırdılar.
Əyyubun həyat yoldaşı Rəhimə dəyirmanla un hazırlayırdı. Başqaları odun dəstələri hazırlayır, bəziləri isə bulaqdan su gətirirdilər.
Çobanlar heyvan sürülərini otlamaq üçün yaşıllıqlara aparırdılar. Hər şey öz təbii axarı ilə gedirdi.
Qəflətən, çobanların biri təngnəfəs daxil olub, qışqırdı:
-Allahın peyğəmbəri Əyyub haradadır?
-Nə olub? Danış görək!
-Onları öldürdülər. Bütün yoldaşlarımı öldürdülər. Bütün çoban və əkinçiləri öldürdülər. Qanlarını tökdülər.
-Nə üçün?
-Quldurlar bizə hücum etdilər. Qoyun sürülərini oğurladılar. İnək və qoyunlarımızı götürüb, getdilər.
Dağlar heç zaman tufan qarşısında titrəmir. Əyyub nigaran oldu. Amma, dözdü. Dözümlə və səbirlə dedi:
-İnna lillah və inna iləyhi raci`un (Həqiqətən, biz Allah tərəfindənik və ona doğru qayıdacağıq).
Allah-təala Əyyubu daha bir imtahana çəkdi. Onun, aləmlərin rəbbinə olan imanını yoxladı. Görəsən, o səbir edib, dözəcək, yoxsa küfr edəcəkdi?
İkinci gün qəribə bir hadisə baş verdi. Səmada qara buludlar göründü. İldırım çaxdı, gurultu səsləri ucaldı. Əkinçilərin biri içəri daxil oldu. Paltarı yanmışdı. Üzü alov və tüstüdən qaralmışdı. Əyyub dedi:
-Nə olub?
-Alov! Ey Allahın peyğəmbəri, alov!
-Bu daha bir müsibətdirmi?
-Hə, ey Allahın elçisi. Hər şey odda yandı. Bəla nazil oldu. İldırım əkin sahələrini yandırdı. Ey allahın peyğəmbəri, torpaqlarımız külə çevrildi. Bütün dostlarım yanıb, dünyadan köçdülər.
Rəhimə dedi:
-Dünyanın bütün müsibətləri bizə doğru gəlirlər.
-Ey Rəhmət, səbir et! Allah belə istəmişdir.
-Allah istəmişdir?!
-Hə. İndi imtahan zamanı çatmışdır. Allah bütün peyğəmbərlərinin ürəyini imtahan edib, yoxlayır.
Əyyub səmaya bir nəzər saldı. Dedi: «İlahi! Mənə səbir ver!»
O gün Əyyub öz xidmətçilərinə tapşırdı ki, onun evindən getsinlər. Mehribanlıqla onlara dedi:
-Öz ailələrinizə qayıdın. Ya da özünüzə başqa bir yer tapın! Çünki, Allah-təala məni imtahan edir.
Xidmətçilərin biri dedi:
-Övladlarım, bilirəm. Amma, bəla və müsibətlər artacaqdır. İstəmirəm ki, siz gözümün qabağında yanasınız. Övladlarım, gedin! Məni tək qoyun ki, yalqız halda imtahan olunum.

ƏYYUBUN SƏBİRİ
 Əyyubun müsibətləri bunlarla bitmədi. Onun təkcə tarlaları yanıb, külə çevrilmədi və təkcə heyvanları məhv olmadı. O başqa bir müsibətə də düçar oldu.
Onun bütün oğlan və qız övladları dünyadan köçdülər. Mehriban həyat yoldaşı Rəhimədən başqa onunla heç kəs qalmadı.
Əyyubun evi boşaldı. Artıq onun heç bir övladı yox idi. O, yalnız qoca bir kişi idi. Zavallı həyat yoldaşı ağlayırdı.
-Bu, Allahın istəyidir və biz onun əmrinə tabe olmalıyıq.
Şeytan Əyyubu öz halında buraxmadı və onun yanına gəlib, vəsvəsə etdi:
-Necə böyük müsibətdir! Yeddi oğul və üç qız bir anda can verdilər.
Onlar atalarının ümid və arzuları idilər. İnsan necə özünə təsəlli versin?
Əyyub ulduzla dolu olan səmaya baxıb dedi: «İlahi, bilirəm ki, bütün xeyir və bərəkətlərin mənşəyi sənsən! İlahi mənə səbir və dözüm ver!»
Şeytan uzaqlara qaçdı. Heç bir şey, Allahı yad etmək qədər Şeytanı qorxutmur. Şeytan Allahın adından qorxduğu kimi heç nədən qorxmur.
İnsan, «Şeytanın şərindən Allaha pənah aparıram» - dedikdə Allah onu qoruyur, ona arxa durur və ürəyini təmizləyir. Allah-təala öz bəndələrini sevir və onların xeyrini istəyir.
Ona görə də Əyyub bəla və müsibətlərin qarşısında səbir edirdi. O bilirdi ki, Allah bütün xeyir və yaxşılıqların mənşəyidir. O xeyirxahdır. Pis və şər işlər isə Şeytan tərəfindəndir. O, insanı kafir etmək istəyir.

HƏVRAN CAMAATI
 Şeytan öz vəsvəsindən əl çəkmədi. O Əyyubu məğlub etmək istəyirdi. Ona görə də şəhər camaatının yanına getdi və onlara dedi:
-Allah Əyyuba qəzəblənmişdir. Ona bəla və müsibət göndərir. Əyyub böyük günah işlətmişdir və Allahın lənətinə gəlmişdir. Əyyubun bu şəhərdə qalması sizin üçün də qorxuludur. Siz də Allahın qəzəbinə düçar ola bilərsiniz. Yaxşısı budur ki, onu şəhərdən qovun.
Həvran camaatı Şeytanın vəsvəsələrinə qulaq asdılar. Onlar Əyyubun evinə gəldilər. Həyat yoldaşı Rəhimədən başqa evdə heç kəs yox idi. Onların biri dedi:
-Biz belə güman edirik ki, sən Allahın qəzəb və lənətinə düçar olmusan. Biz qorxuruq ki, bu nifrin bütün şəhəri bürüyər. Sən bizim şəhərimizdən çıx! Uzaq bir yerə get! Çünki, bizim aramızda qalmağını istəmirik.
Rəhimə bu sözdən narahat oldu və dedi:
-Biz öz evimizdə yaşayırıq. Allahın peyğəmbərlərinə əziyyət verməyə haqqınız yoxdur.
Şəhər əhalisi kobudluqla dedilər:
-Əgər siz şəhərdən çıxmasanız zorla sizi qovacağıq. Siz Allahın qəzəbinə düçar olmusunuz. Sizə görə bütün şəhər Alllahın qəzəbinə gələcəkdir.
Əyyub onlara mehribanlıqla dedi:
-Övladlarım, bu sözlər nədir danışırsınız? Mənim üçün baş verənlər Allahın imtahanıdır. Allah-təala məndən qabaqkı peyğəmbərlərini də imtahan etmişdir.
Ey Həvran əhalisi, Allahdan qorxun! Peyğəmbərinizi incitməyin!
Bu zaman nadan bir insan dedi:
-Sən Allaha günah etmisən. Onun sənə qəzəbi tutmuşdur.
Rəhimə dedi:
-Siz peyğəmbərinizə zülm edirsiniz. Siz onun yaxşılıqlarını unutmusunuzmu? Ey Həvran əhalisi Əyyubun evindən götürdüyünüz yemək və geyimləri unutmusunuzmu?
Əyyub göyə nəzər saldı. O qəmli halda dedi:
«İlahi, əgər sənin iradə və istəyin budursa, mən şəhərdən çıxıb, səhrada yaşayaram. İlahi! Bu insanların nadanlıqlarını əfv et! Əgər haqqı təyin edə bilsəydilər, peyğəmbərləri ilə belə rəftar etməzdilər».

Ardı var...

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı:Peyğəmbərlərin həyatı
Tərcümə edən:Vüsal Hüseynzadə
Hazırladı: Rəsul Mahmudzadə

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!