BƏŞƏR ATASI - Hz. ADƏM (ə) - 3

:

GÖRÜŞ
Mələklər Adəmi (ə) çox sevirdilər. Ona görə ki, Allah-taala onu Öz qüdrət ilə yaratmışdı. Onu çox istəyirdilər, çünki onu Allah yaratmış və məqamını mələklərdən üstün etmişdi.

Mələklər Adəmə (ə) səcdə etdilər, çünki bunu onlara Allah əmr etmişdi.
Adəm (ə) Allahın əmrindən çıxıb, o ağacdan yeyəndə peşman oldu, tövbə etdi və ağlayıb, Allahın dərgahına yalvardı. Bizim mehriban Allahımız onun tövbəsini qəbul etdi və onu nümayəndə kimi yerə göndərdi.
Yer insan üçün imtahan dünyasıdır. Görəsən, o, Allaha ibadət edəcək, yoxsa Şeytanın sözünə baxacaqdır?!
Mələklər Adəmi (ə) sevirdilər. Onun xeyir və səadətini istəyirdilər. Onlar istəyirdilər ki, Adəm (ə) yenidən cənnətə qayıtsın. Amma Şeytan Adəmi (ə) xoşlamırdı. O, insan məxluqunu sevmirdi. Ona kin bəsləyirdi. Ona görə də, Adəmə (ə) paxıllıq edərək səcdə etmədi və Allahın qarşısında lovğalandı; o, Adəmi (ə) aldatdı. Onu səhvə vadar etdi və Adəm (ə) həmin ağacın meyvəsindən yedi.
Şeytan insanı xoşlamır. Bütün varlığı ilə ona düşməndir və onun bədbəxtçiliyi üçün çalışır. O, insanı cəhənnəm oduna çəkmək istəyir.
Adəm (ə) yerə endi. Həmişə Allaha səcdə edir və günah etdiyi üçün dərin peşmançılıq hissi keçirirdi. Allah onun tövbəsini qəbul etdi. Onu bağışladı.
Adəm (ə) yoldaşı Həvvanı yadına saldı. Onu çox sevirdi. Onunla olanda şad və xoşbəxt idi. Amma indi onun harada olduğunu bilmirdi. O, Həvvanı tapmaq üçün axtarışa başlamalı idi.
Adəm (ə) yerdə təkbaşına yoldaşı Həvvanı axtarmağa başladı. Bir mələk ona xəbər verdi ki, Həvva bu yerdən çox uzaq bir məkanda yerləşir. O, səni gözləyir və qorxu içində yaşayıb, səni axtarır. Əgər bu istiqamətdə hərəkət etsən, mütləq onu görəcəksən.
Adəm (ə) ümidvar olub, Həvvanı axtarmaq üçün yola düşdü. Uzaq məsafələri qət etdi. O ayaqyalın yol gedirdi. Acanda çöl bitkilərindən yeyir, axşam düşəndə isə qorxaraq münasib bir yerdə yatırdı. O, uzaqdan gələn heyvan səslərini eşidirdi.
Adəm (ə) gecə-gündüz yol gedərək Məkkəyə çatdı. Ürəyində Həvvanı tapacağını hiss etdi. Çoxlu dağları bir-birinin ardınca arxada qoyurdu.
Həvva da gözləyirdi. Dağların başına çıxıb, üfüqlərə baxır, Amma heç bir şey görmürdü.
Bir gün Həvva ətrafa baxarkən uzaqdan gələn bir qaraltı gördü. Bildi ki, Adəmdir (ə). Çünki Həvvanın özünə bənzəyirdi. Həvva dağdan endi. Qaça-qaça Adəmə (ə) tərəf getdi. Çox şad və ümidvar idi. Adəm (ə) də uzaqdan Həvvanı gördü. Qaça-qaça Həvvaya tərəf getdi. Həvva da Adəmə (ə) doğru qaçırdı.
Görüş Ərəfat adlı bir dağın yanında baş verdi. Adəm (ə) və Həvva hər ikisi şövqdən ağlayırdılar. Aydın səmaya baxır və onları bir daha qovuşdurduğu üçün böyük Allaha şükür edirdilər.

İŞ VƏ YAŞAYIŞ
Yerdə yaşamaq asan deyildi. Çünki yer cənnət deyil. Yer kosmosda fırlanan bir planetdir. Orada fəsillər dəyişir. Onun dağ və dərələri, qarla örtən soyuq qışı, isti və yandırıcı yayı vardır. Onun yarpaqları tökən və ağacları quru budaqlara bənzədən payızı vardır. Sonra bahar gəlir. Yer yaşıl və səfalı olur.
Adəm (ə) cənnətin gözəl yaşayışı barədə fikirləşirdi. Adəm (ə) ağlayırdı. O, yenə də cənnətə və oradakı xoş həyata qayıtmaq istəyirdi.
Onlar yaşamaq üçün yerin gözəl bir nöqtəsini seçdilər. Orada quruda bitən bəzi bitkilər və müxtəlif meyvəli ağaclar vardı.
Cənnətin gözəl və şad günləri sona çatdı. Orada nə isti, nə də soyuq vardı. Orada aclıq və yorğunluq da yox idi. İndi Adəm (ə) və Həvva çalışmalı və işləməlidirlər. İndi onlar özlərini qarşıdan gələn qışa və onun soyuq küləklərinə hazır etməlidirlər. Onlar ağac budaqlarından düzəltdikləri evi tikib qurtarana qədər mağarada yaşamalı idilər.
Adəm (ə) həmişə çalışıb, zəhmət çəkirdi. Gündüzlər işləməkdən tərləyirdi. Onlar acından ölməmək üçün əkinçilik etməli, öz məhsullarını biçməli, un üyütməli, xəmir yoğurmalı və sonra özləri üçün iki tikə çörək bişirməli idilər. Onlar arxada qalan xoş günlərini yada salır və yenidən cənnətə, onları yaradan Allahın yaxınlığına qayıtmaq istəyirdilər.
Onlar öz günahlarını yada salıb, ağlayır və Allahdan bağışlanmaq diləyirdilər. Beləliklə, onların yaşayışı iş, ibadət və övladlarının gələcəyi barədə fikirlə keçirdi. 
Günlər ötdü. Həvvadan bir qız və bir oğlan doğuldu. Sonralar o, yenidən bir oğlan və bir qıza sahib oldu. Beləliklə, yer üzərində sakin olan insanların sayı altı nəfərə çatdı. Adəm (ə) və Həvva övladları olduğu üçün çox sevinirdilər. Onların övladları günbəgün böyüyürdülər.
Onlar böyüyüb, cavanlıq yaşına çatdılar. Qabil və qardaşı Habil həmişə ataları ilə çölə gedər və ondan işləmək öyrənərdilər: yer şumlamaq, qoyun otarmaq. Eqlima və Luza isə ev işlərində, aşpazlıqda, ev süpürməkdə və dərzilikdə analarına kömək edirdilər. Yaşamaq iş və zəhmət tələb edirdi.
Günlər və illər beləcə ötürdü.

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə
Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!