DAVUD (ə) və SÜLEYMAN (ə) - 2

:

HİKMƏTLİ SÜLEYMAN
Süleyman ölkə idarəsinin və hakimiyyətinin məsuliyyətinə başlayanda imanlı bir cavan idi. O, öz ordusunun qüdrət və gücünü artırdı; amma başqa ölkələri işğal etmək və ölkəsini genişləndirmək üçün yox, Allah hökmlərini yerdə yaymaq üçün.

Süleyman peyğəmbərlik, elm, bilik və padşahlıq neməti ilə bəhrələnmişdi. Allah-taala Süleymanın təvazökarlığının və şükrünün artdığını gördükdə, onun güc və qüdrətini də artırdı. Onun ölkəsinə xeyir-bərəkət bağışladı. Bu bərəkətlər hər yeri bürüdü. Allah-taala Süleymana ondan başqa heç kəsə əta etməyəcəyi nemətlər bəxş etdi. Çünki o, Allaha şükür edirdi.
Allah-taala küləkləri onun ixtiyarına qoymuşdu. Onlara əsmək fərmanı verdikdə əsirdilər. Allah-taala cinləri də onun itaətinə gətirmişdi. Onlar həzrətin fərmanına əməl edirdilər. Cinlər dənizlərin diblərinə batmışdılar və oradan xəzinə, mirvari və mərcan çıxarırdılar. O həzrət üçün gözəl məbədlər düzəldirdilər.
Süleyman bir hökumət bərpa etmək fikrində idi; Allaha iman gətirənlərin arxası olacaq bir dövlət. Ona görə də, Allahdan istədi ki, elm və bilik sirlərini onun üçün açsın. Allah-taala elm və biliyin, quşların və heyvanlarının dilinin sirlərini ona öyrətdi. Ona görə də, əkinçilik genişləndi. Sədlər düzəldildi. İnsan və cinlərdən ibarət böyük bir qoşun Süleymanın fərmanını yerinə yetirirdilər. Onlar Abnus taxtası, qızıl, fil sümüyü, yaqut, zümrüd və minlərlə qiymətli daşlar əldə etməklə əsrarəngiz gözəlliyə malik olan bir taxt düzəltdilər. Həmçinin qorxulu və taxt üstündə oturmuş iki şir və qanadlarını açmış iki kərkəs heykəli düzəltdilər.

SÜLEYMANIN QARIŞQASI
Allah insan və heyvanı yaratmışdır. O hər şeyi yaradandır. Biz öz ətrafımıza baxdıqda, çoxlu məxluq görürük. Kiçik məxluqlar bizim yaxınlığımızda yaşayırlar. Bəzi məxluqlar bizim yanımızdan ötdükdə hiss etmirik. Əgər diqqətlə baxmasaq, onları görə bilmərik. Məsələn, qarışqa.
Qarışqalar ictimai şəkildə yaşayırlar. Onlar özləri bir millətdirlər. İşləyir, çalışıb-vuruşur və özlərini müdafiə edirlər. Onların yaşayışı nizam-intizam üzrə və əməklədir. Yayda yemək məhsullarını hazırlayıb, qışa saxlayırlar. Bu kiçik məxluqun Süleymanla eşitməli bir əhvalatı vardır:
Bir gün Süleyman öz ordusuna Allah yolunda mübarizə üçün sərkərdəlik edirdi. Ordunun yolu qarışqaların yaşadığı bir yerdən keçirdi. Atların dırnağının səsi yeri lərzəyə gətirmişdi. Qarışqalar adətləri üzrə orada fəaliyyətdə idilər. Onların bəziləri yeyinti məhsulları toplayır, bəziləri isə yuvaların içində işləyirdilər.
Orada kiçik bir qarışqa da işləyirdi. O birdən yerin titrədiyini hiss etdi. Bildi ki, Süleymanın qoşunu həmin yerə tərəf hərəkət edir. Qarışqa dayanıb, qışqırmağa başladı. O, qarışqalara xəbərdarlıq edərək dedi:
-Ey qarışqalar! Süleymanın ordusu yoldadır. Tez öz yuvalarınıza qayıdın. Yoxsa, onun əsgərləri etinasız olaraq sizi ayaqları altında əzəcəklər.
Qarışqa ağacın başına çıxıb, üfüqə baxırdı. Bu zaman Süleyman və onun ordusu yaxınlaşdılar.
Süleyman o qarışqaya baxdı. Qarışqanın xəbərdar edən fəryad səsləri eşidilirdi.
Allah-taala Süleymana qarışqanın dilini öyrətmişdi. Ona görə də, Həzrət onun sözlərinə təbəssüm etdi. Həzrət öz miniyindən düşdü. Allaha səcdə edib, başını göyə qaldırdı və dedi:
“İlahi! Mənə və ata-anama bəxş etdiyin nemətlər üçün Sənə şükrlər olsun! Mənə ilham və Sənin razılığına səbəb olan saleh işlər görməkdə müvəffəqiyyət ver! Məni öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et!”
Süleyman fərman verdi ki, əsgərlər o yerə daxil olmayıb, başqa bir yolla getsinlər. Qarışqalar qorxu və dəhşət içində idilər. Çünki onların yuvalarının çoxu atların dırnaqları və əsgərlərin ayaqları altında dağılacaqdı.
Amma o qarışqa macəranı onlara xəbər verdi. Onlar sevinib, Allahdan Süleyman və onun ordusu üçün qələbə istədilər.
Süleymanın ordusu Allah yolunda mübarizə etmək üçün öz yolunu davam etdirdi. Qarışqalar qayıdaraq rahat və təhlükəsiz o yerdə işləməyə başladılar.

SƏBADAN XƏBƏRLƏR
Süleymanın ordusu imanlı insanlardan təşkil olunmuşdu. İnsanlardan əlavə cinlər və quşlar da ona qulluq edirdilər. Məsələn, şanapipik quşu su tapmaq üçün onun ordusuna kömək edirdi.
Şanapipik quşu Allahın ona verdiyi hissiyyatla bilirdi ki, filan yerdə yerin altında su vardır. Ona görə də, ora enirdi. Sonra isə işçilər gəlib, oranı qazır və su çıxarırdılar.
Bir gün həzrət Süleyman əsgərlərinə bir fərman verdi. İmanlı insanlar, cin və quşlar toplaşdılar. Həzrət öz böyük hakimiyyəti barəsində danışaraq buyurdu:
-Bütün bunlar Allahın hədiyyəsidir. Allah şükür edənlərə ruzi bəxş edir.
Allah quşların dilini bizə öyrətmişdir. O, hər şeyi bizə əta etmişdir.
Bu zaman Süleyman gördü ki, hələ şanapipik gəlməmişdir. Şanapipikdən başqa bütün quşlar orada idilər.
Allahın peyğəmbəri soruşdu:
-Niyə şanapipiyi görmürəm? O deyəsən burada yoxdur.
Quşlar bir-birlərinə baxıb, öz-özlərinə dedilər:
-Şanapipik böyük bir səhvə yol vermişdir.
Süleyman buyurdu:
-Onu yaxşı tənbeh edəcək, ya da başını bədənindən ayıracağam. Amma, əgər olmamağının səbəbini ağlabatan bir üzrlə izah etsə, işim olmayacaqdır.
Bir neçə gündən sonra şanapipik göründü. Quşlar baş verən hadisəni ona xəbər verdilər. Şanapipik öz canı üçün alim padşahın əzabındən qorxurdu.
Amma doğrusu, şanapipik harada idi? O, Süleymanın yanına gedərək hadisəni xəbər verəndə, biz də məsələni öyrənəcəyik.
Şanapipik bildi ki, canı təhlükədədir. Əgər ağlabatan üzrü olmasa, ölümlə hədələnmişdir.
Şanapipik saraya tərəf uçdu. O, sarayın yaxınlığında yerə endi. Gözətçilərdən icazə alıb, saraya girdi.
O, başını aşağı salaraq gedirdi. Qanadlarını mərmər daşların üzəri ilə sürüyürdü. Bunların hamısı peşmançılıq və üzr əlaməti idi.
Allahın peyğəmbəri soruşdu:
- Şanapipik, harada idin?
Şanapipik başını qaldırdı. O, öz həyəcanlı səfərinin macərasını Süleymana bəyan etdi:
-Mən Səba ölkəsinə getmişdim. Sənin üçün mühüm xəbərlər gətirmişəm. Böyük millət və bir ölkə gördüm. O ölkəyə bir qadın başçılıq edir. O, əzəmətli bir taxtın üzərində oturur.
Süleyman onun həyəcanlı xəbərlərinə qulaq asdı. Şanapipik dedi:
-O xanımın adı Bilqeysdir. Allahın əvəzinə günəşə səcdə edir. O tərəfin insanlarının hamısı günəşə ibadət edirlər. Həqiqətən, Şeytan onları aldadıb, vəsvəsə etmişdir ki, guya, günəş varlıq dünyasının mənbəyidir.
Süleyman nigaran oldu. O dedi:
-Nəyə görə yerdə və göylərdə olanları çıxaran, aşkar edən, gizlətdiyiniz və aşkar etdiklərinizi bilən, ondan başqa heç bir məbud olmayan və əzəmətli ərşin pərvərdigarı olan Allaha səcdə etmirlər?
Şanapipik o yerlərdə gördüklərindən danışdı. Süleyman ona nəzər salıb, buyurdu:
-Tezliklə doğru və ya yalan dediyini biləcəyəm.
Süleyman bu sözü deyib, Səba padşahına bir məktub yazmaq üçün yerindən qalxdı. Şanapipik etdiyi işə görə cəzalanmayacağını bilib, öz taleyi barədə arxayın oldu. O, istirahət etmək və səfərin yorğunluğunu çıxartmaq üçün Süleyman padşahdan icazə istədi. Sabah isə Həzrətin məktubunu ora aparacaqdı.
Bütün quşlar şanapipiyin kəşfi barəsində danışırdılar. Çünki o, heç bir cin və insanın etmədiyi qəribə bir səfər etmişdi. Hətta Süleyman da Allahın yerinə günəşə pərəstiş edən belə bir millətin və ölkənin olmasından xəbərsiz idi.

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!