İMAM HADİ(ə)IN HƏYATI - 1

:

İMAM HADİ(ə)NİN TƏVƏLLÜDÜ 
Hadi ləqəbi ilə məşhur olan imam Əliyyən Nəqi (ə) 212-ci hicri qəməri ilinin zil-həccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi.

Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdi. Necə ki, Mütəvəkkil İmamı Mədinədən Samirraya gətirdi və İmam ömrünün axırına qədər orada qaldı.

İMAM HADİ(ə)NİN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halına görmüşdü. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən Həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.
Mütəvəkkilin anası imam Hadinin (ə) zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibn Xaqanı o həzrətin evinə dərman almaq üçün göndərdi. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdı. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını Həzrət yoxsullar arasında payladı.

İMAM HADİ(ə)NİN YOXSULLARA ETDİYİ KÖMƏKLƏR
Bir gün rəssam Yunus qorxa-qorxa İmamın hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə yetişin!“ Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: “Abbasilərin adamlarından biri mənə üzərinə şəkil çəkmək üçün daş-qaş vermişdi. Lakin işləyərkən o qiymətli daş yarı bölündü. Sabah onu geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr məni öldürəcəklər.” İmam başını aşağı salıb, belə buyurdu: “Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar, daha sənə heç bir ziyan yetirməyəcək. Əksinə bu iş sənin xeyrinə qurtaracaq!”
Sabahı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: “Ey Yunus! Daş-qaşın üzərinə bir rəsm çəkəcəkdin. Lakin o daş-qaşın üstündə mənim iki qızım arasında ixtilaf yarandı. Əgər mümkünsə, onu iki böl və hər birinin üstündə ayrı-ayrı naxış sal! Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm.”
Yunus: “İcazə verin bu barədə bir az fikirləşim!” – deyib oradan çıxdı və sevincək İmamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.

İMAM HADİ (ə) ÜÇÜN ÇƏTİN DÖVR
İmamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxaliflərinə davam etmələri İslam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülm ilə saziş etməmələri və yoxsullardan tərəfdarlıq etmələri zülmkarları qəzəbləndirirdi.
Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o həzrətin yaşadığı ən ağır dövr Mütəvəkkilin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir kişi idi. Zahirdə özünü dindar göstərsə də bu oyun, yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. 
Mütəvəkkil 226-cı hicri ilində əmr etdi ki, imam Hüseynin (ə) qəbrini Fərat çayının suları altında qoyaraq uçurdub yerində əkin əksinlər. Beləliklə də o, bu əməli ilə xalqı Kərbəla şəhidlərinin qəbrini ziyarət etməkdən məhrum qoymaq istəyirdi. Mütəvəkkil yaxşı bilirdi ki, bu qəbirlərdən hər biri ürəyi yanmış aşiqləri dünyanın hər tərəfindən özünə tərəf çəkən möhkəm bir səngərdir. Mütəvəkkil hətta alimlərdən biri olan Məhəmməd ibn İdrisdən tərəfdarlıq edərək xalqı məsələlərini ondan soruşmalarına təşviq edirdi. Bununla da o, xalqı Əli (ə) xanədanından uzaqlaşdırmaq istəyirdi. Mütəvəkkil törətdiyi ağır cinayətlərdən (yəni İmamı qətlə yetirədən) sonra heç vaxt rahatlığın nə olduğunu bilmədi və nəhayət türk şiələr tərəfindən öldürüldü.

İMAM HADİ (ə) VƏ QEYBİ YARDIMLAR
Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: “Siz nə üçün məmurlarınıza imam Hadiyə hörmət etmələrini və o, içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy İmam da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün!”
Mütəvəkkil onun istəyini qəbul edib məmurlarına əmr etdi ki, İmam gələndə pərdələri qaldırmayıb qapıları açmasınlar.
Bir gün məmurlardan biri qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: “İmam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxır. Bu vəziyyət artıq hamının diqqətini özünə cəlb edib, əgər belə davam etsə, İmamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir.“ Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, İmamla əvvələr olduğu kimi davranıb o həzrətə daha artıq hörmət etsinlər.

İBNİ SİKKİTİN HAQQ YOLUNDA ŞƏHADƏTİ
Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan İbni Sikkitdən “Mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?” – deyə soruşdu 
O, dərhal və cəsarətlə belə cavab verdi: “Əlinin (ə) qulu Qənbəri sən və sənin uşaqlarından daha çox sevirəm.”
Bu zaman Mütəvəkkil yerində ilan kimi qıvrılaraq dərhal o böyük şəxsiyyətin dilini boynunun ardından çıxartmalarını əmr etdi və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.

MÜTƏVƏKKİLİN Hz.ƏLİ (ə) XANƏDANINA OLAN HÖRMƏTSİZLİYİ
Mütəvəkkil israf etməkdə, eləcə də xalqın sərvətini boş yerə xərcləməkdə şöhrət qazanmışdı. Hətta o, bu gün də Samirra şəhərində mövcud olan Bürc sarayının tikilməsinə bir milyon yeddi yüz min qızıl dinar pul xərcləmişdi. Lakin bütün bunlara baxmayaraq Peyğəmbər nəslini elə ağır vəziyyətə salmışdı ki, Peyğəmbərin qızları Mədinədə ip əyirməklə güzəranını təmin edirdi. Hətta iş o yerə çatmışdı ki, əyinlərinə geymək üçün bir dənə təzə paltarları belə yox idi. Mütəvəkkil Əli (ə) övladları ilə sərt davranır, Əli (ə) düşmənləri ilə dost, eləcə də onlara Əli (ə) və xanədanını ələ salıb təhqir etmək üçün külli miqdarda pul verirdi. Həmişə yanında bir təlxək də var idi ki, iyrənc hərəkətləri ilə Əlini (ə) lağa qoyub Mütəvəkkili güldürürdü.
Mütəvəkkilin Əli (ə) övladlarına qarşı etdiyi hörmətsizlik o dərəcəyə çatmışdı ki, bir gün öz məktublarının birində Mədinə valisinə belə yazdı: “Hər kim Əli (ə) xanədanına yardım etsə, yaxud onlarla oturub-dursa, onu ağır şəkildə cəzalandır!”
Mütəvəkkil 243-cü hicri-qəməri ilində imam Hadini (ə) Mədinədən Samirraya sürgün etdi və o həzrəti oğlu imam Həsən Əskəri ilə birlikdə ömürlərinin sonuna qədər hərbi əsgər şəhərciyinin yanında nəzarət altında saxladı. Elə buna görə də 11-ci imam (ə) Əskəri ləqəbi ilə məşhur oldu.

İMAM HADİ(ə)NİN ELMİ MƏQAMI
Həzrət Hadinin (ə) elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək qəlbinə saçaraq onu yaradılış sirrindən xəbərdar edirdi. Onun elmi haqqında bir neçə nümunəni burada qeyd edirik:
1. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: “İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin adını yazın! Çünki biz onu İncildə tapa bilmədik.”
Abbasi xəlifəsi bütün alimləri toplayaraq bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə imam Hadini (ə) də dəvət edərək həmin məsələni ondan soruşdu. İmam (ə) belə buyurdu: “O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namazda oxuduğu Həmd surədir.” Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək bütün alimləri heyrətdə qoydu. İmamın verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.
2. Məmun və ondan sonrakı xəlifələrin zamanında məşhur alimlərdən sayılan Yəhya ibn Əksəm məktub vasitəsilə həzrət Hadidən (ə) bir neçə məsələ soruşdu. İmam (ə) da onların hamısının cavabını verdi. Yəhyanın məsələləri və İmamın cavabları aşağıdakılardan ibarət idi:
a) Süleyman Səba mələkəsi Bilqeysin taxtını istədikdə onun vəziri olan Asif Bərxiya belə dedi: “Mən onun taxtını bir göz qırpımında bura gətirərəm.”
Nə üçün Süleymanın özü bu işi görmədi? Məgər onun özü bu işi bacarmırdımı?
Cavab: “Asif nə edirdisə Süleyman (ə) tərəfindən görürdü. Bildiklərinin hamısını da ondan öyrənmişdi. Süleyman bu işin sirrini bilirdi, amma öz canişinini xalqa tanıtmaq və onun məqamını xalqa bildirmək üçün bu işi onun öhdəsinə qoymuşdu.”
b) Quranın dediyinə görə Yəqub övladları ilə birlikdə oğlu Yusifi görmək üçün Kənan diyarına gəldikdə onların hamısı Yusifin qarşısında səcdə etdi. Nə üçün Yəqub kimi bir peyğəmbər Yusifin qarşısında səcdə etdi?
Cavab: “Bu səcdə Yusif üçün deyildi. O, oğlunun sağ olduğuna görə Allaha şükür səcdəsi etmişdi. Eynilə mələklərin həzrət Adəm (ə) qarşısında etdikləri səcdə kimi; mələklər də Adəmə deyil, yaratdığına görə Allaha səcdə etmişdi.”
c) Əgər Quranın dediyi kimi “Yeyəcəklər və içəcəklər ləzzət üçündürsə”, onda nəyə görə Adəmin üzüm yeməsi qadağan olundu və cənnətdən qovuldu?
Cavab: “Çünki Allah-taala Adəmi sınamaq üçün ona əmr etdi. Lakin o, əmrə tabe olmadı və cənnətdən qovuldu.
d) Nə üçün Əli (ə) Cəməl müharibəsində əmr etdi ki, yalnız döyüşçüləri təqib edin, qaçanları, silahsızları və yaralıları öldürməyin; lakin Siffeyn müharibəsində əmr etdi ki, onların hər birini, istər silahlı, istər silahsız, istər yaralı, istər sağ gördüyünüz zaman öldürün. Bu iki əmrin fərqli olmasının səbəbi nə idi?
Cavab: “Çünki Cəməl müharibəsində İslamla İslam, aldanmış müsəlmanlarla müsəlmanlar bir-birilə döyüşürdü. Lakin Siffeyn müharibəsi Küfr ilə İslamın , zahirdə müsəlman olan kafirlərlə həqiqi müsəlmanların müharibəsi idi.”
Başqa bir gün isə Yəhya ibn Əksəm Abbasi xəlifəsinin məclisində olan alimlərin hamısına belə bir sual verdi: “Həzrət Adəm həccə gedib Allahın evini ziyarət edəndə kim onun başını qırxdı?”
Heç kim bu sualın cavabını verə bilmədi. İmam Hadidən (ə) soruşduqda o həzrət belə buyurdu: “Allahın mələyi Cəbrayıl.”
Yəhya İmamın verdiyi cavablardan ləzzət aparıb hamının qarşısında imam Hadinin (ə) yüksək elmi məqam sahibi olduğunu etiraf etdi.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HADİ (ə), İMAM NƏQİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!