İMAM CƏFƏR SADİQ(ə)İN HƏYATI (2)

:

İMAM SADİQ (ə) VƏ EHTİKARLA MÜBARİZƏ
(Ehtikar camaatın ehtiyacı olan şeyləri baha satmaq üçün bir müddət saxlamaq deməkdir.)
İllərin birində Mədinədə buğda qıtlığı olduğundan camaat qorxub çox nigaran olmuşdu. Hər kəsin o ilin ehtiyaclarını təmin etmək üçün çalışıb buğda yığırdı.

Bu arada yoxsul adamlar gündəlik ehtiyaclarını bazardan almaq məcburiyyətində qalmışdı. Bir gün İmam Sadiq (ə) xidmətçisi Mütəbdən “Bu il evdə buğdamız varmı?” – deyə soruşduqda Mütəb cavab verdi: “Bəli bir neçə aylıq buğdamız var.”
İmam buyurdu: ”Apar onları bazarda sat!”
Mütəb dedi: “Mənim ağam, axı Mədinədə buğda tapılmır. Əgər bunları satsam, sonra özümüz üçün buğda almaq çətin olar və daha baha qiymətə almalı olarıq.”
İmam (ə) buyurdu: “Dediyim işi gör. Bundan sonra Mədinə yoxsulları kimi gündəlik ehtiyaclarımızı bazardan al. Çünki mənim evimin çörəyi ilə xalqın işlətdiyi çörək arasında bir fərq olmamalıdır.”

TAMAHKAR DİLƏNÇİ VƏ ŞÜKÜR EDƏN YOXSUL
İmamın əshabından biri deyir: “Həzrətlə (ə) Minada üzüm yeməyə məşğul olduğumuz vaxt bir yoxsul adam gəlib diləndi. İmam (ə) bir salxım üzüm ona verdi. Yoxsul adam üzümü almayıb pul istədi. İmam (ə) buyurdu: “Allah sənə yetirsin!” O kişi getdi və başqa bir yoxsul adam gəlib İmamdan köməklik istədikdə İmam (ə) ovcunu üzümlə doldurub ona verdi. Kişi üzümü alıb Allahına şükür etdikdə İmam (ə) ona iyirmi dirhəm pulla bərabər öz köynəyini də verdi. Kişi onları alıb İmama dua edə-edə bizdən uzaqlaşdı. Öz-özümə düşündüm ki, əgər bu kişi belə davam etsəydi, İmam var-yoxunu da ona verərdi.”

İSLAM ELM MƏRKƏZİNİN QURULMASI
İmam Sadiq (ə) müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə islami bir elm ocağı yaratmaq qərarına gəldi. O həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə elm əhlini Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdı ki, İmamın dərslərində iştirak etsinlər.
İmam (ə) müxtəlif elmi sahələrdə görkəmli alimlər yetişdirmişdir ki, onlardan bəzilərinin adlarını sizlərə təqdim edirik.
1. Fiqh elmində Zürarə və Mühəmməd ibn Müslim.
2. Əqaid və kəlam elmində Hişam və Mömini Taq.
3. İrfan və islam maarifi üzrə Müfəzzəl və Səfvan
4. Riyaziyyat və təcrübə elmləri üzrə Cabir ibn Həyyan.
Bunlarla birlikdə bir çox başqa alimlər də İmamın tələbəsi olub hərəsi ayrı-ayrı islami elm və fənnin təməlini qoymuşdur. Onların kitabları uzun illər Avropada qərb dillərinə tərcümə olunaraq tədris olunmuşdur. Məlum olduğu kimi, Əlinin (ə) zamanında İslam elmlərini yaymaq üçün belə bir münasib şərait yox idi. Çünki düşmən həmişə o həzrəti vətəndaş müharibəsi ilə məşğul edirdi. Beləliklə də islami elmlərin yayılmasının qarşısı alınırdı. Bu vəziyyət imam Səccadın (ə) zamanına qədər davam etmişdi. İmam Baqirin (ə) zamanından isə islami-elmi mədrəsələr təşkil olundu və imam Sadiq (ə) zamanında öz yüksək mərhələ və zirvəsinə çatdı. İmam Sadiqin (ə) elmi mədrəsəsində dörd min tələbə müxtəlif elmi sahələrdə yetişdirildi. Onlar da dünyanın dörd tərəfinə yayılıb xalqa təlim-tərbiyə verməklə məşğul olurdu.

NƏ ÜÇÜN ŞİƏLİK “CƏFƏRİ MƏZHƏBİ” ADLANIR?
Şiə məzhəbinin imam Cəfər Sadiqin (ə) elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə “Cəfəri” məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Mühəmmədin (s) əsl islamının hədəfini imam Hüseynin qanında, bəyanını isə imam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri İslamı, Əlinin (ə) yolunda cihad etdiyi, Həsənin (ə) sülh etdiyi, Hüseynin (ə) şəhid olduğu, Səccadın (ə) əsir düşdüyü islamdır. Əgər İslam, hökmdarlarının qəsb olunmuş taxta oturduqları, Zəhranı (s.ə) qəzəbləndirən və Əlini (ə) zalıma beyət etməyə məcbur edən islam olsaydı, heç vaxt belə bir islama boyun əyməzdik. Çünki dahi, mömin və Peyğəmbərin (s) ailəsinə eşq, iman bəsləyən alimlərin məntiqinə görə, Peyğəmbərin (s) ailəsinin kənarda qaldığı islam, müaviyələr, yezidlər və mütəvəkkillər kimi hakim dairənin icad etdikləri islamdır. Ələvi şiəlik tarixi sübuta yetirmişdir ki, hər kəs Əli (ə) ailəsini kənarda qoymaqla İslamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir.

MƏNSUR İMAM SADİQ(ə)Ə XƏYANƏT EDİR
İmam Sadiq (ə) elmi-mədəni məktəbinin insanları öz talelərini təyin etməkdə təsirli hesab etdiyindən onlara deyirdi: “Cəmiyyəti təşkil edən sizsiniz, sizlər özünüzü xoşbəxt yaxud bədbəxt edə bilər, geri yaxud irəli getməyinizi təmin edə bilərsiniz. Yəni ey camaat! Sizlər zalım hökmdarları hakimiyyətdən endirə bilər, hökuməti daha ləyaqətli və ürəyi yanan şəxslərə tapşıra bilərsiniz!”
Müsəlmanların Qurani etiqadlarına əsaslanan bu düşüncə tərzinin yayılması zəmanənin hökmdarı Mənsura ağır gəldi. O fəsadı daha artıq yaymaqla bu düşüncənin qarşısını alıb xalqın bilik və ayıqlıq məktəbi olan İmam Sadiq (ə) məktəbinə meyl etməsinə mane olmağa çalışırdı.
Mənsur bu məqsədini həyata keçirmək üçün bir sıra alimlərə pul verdi ki, “dini determinizmi”(cəbr əqidəsini) təbliğ etsinlər. Yəni xalqı inandırsınlar ki, yoxsulluq, bədbəxtlik, zülm və sair bu kimi hadisələr Allahın iradəsi ilə baş verir və heç kəs onları dəyişdirməyə qadir deyildir. Beləliklə, müxalifətlər və inqilabların qarşısı alınacaq xalq hakimlərin zülmünə dözəcək və etiraz etmək əvəzinə şükür edəcəkdir. Şübhəsiz imam Sadiq (ə) islami fikir və mədəniyyət adı altında xalqa qəbul etdirilən bu yanlış və təhlükəli əqidənin yayılmasına göz yumub sükut edə bilməzdi. Həzrət (ə) bu təhlükəli əqidələrlə mübarizə aparmaq məqsədilə elmi mədrəsə təşkil edib qısa müddət ərzində islami əqidələr və mədəniyyət sahəsində dörd min tələbə yetişdirib camaatın arasına göndərdi ki, muzdur alimlərin təbliğatlarını puça çıxartsınlar.

MƏNSURUN İMAM SADİQ(ə)Ə ETDİYİ ZÜLMLƏR
Qəribədir ki, Abbasilər Kərbəla şəhidlərinin intiqamını almaq, Əməvilərin zülmünə qarşı mübarizə etmək bəhanəsilə xalqı öz ətraflarına yığıb Əli (ə) ailəsinə məhəbbət bəsləyən iranlıların və Xorasanlı Əbu Müslimin köməyi ilə Əməvi hökumətini yıxdı, lakin xəlifəliyi zəmanənin imamı Həzrət Sadiqə (ə) tapşırmaq əvəzinə özləri hakimiyyət başına keçdi. 132-ci hicri ilində Əməvi hökuməti devrildikdən sonra Səffah və Mənsur adlı Abbasilərə mənsub iki şəxs xəlifə oldu. Birincisi 10 il ikincisi isə 22 il hakimiyyət etdi. Onlar bu müddət ərzində fasiləsiz olaraq İmam (ə) və rəhbərlərə əziyyət verirdi. İmam Sadiq (ə) Mənsur zamanında şiddətli təzyiq altında idi. Hətta bəzi vaxtlar xalqın o həzrətlə görüşməsinə belə icazə verilmirdi. Misal üçün Harun adlı bir şəxs İmamdan (ə) bir məsələ soruşmaq istəyirdi, amma İmamla (ə) görüşə bilmək üçün bir yol tapa bilmırdı. Nəhayət səbətdə xiyar satan bir kişini gördü. Bir az fikirləşdikdən sonra onun yanına gəlib bütün xiyarları səbətlə bir yerdə alıb onun köhnə paltarlarını da əmanət alaraq əyninə geyib xiyar satmaq bəhanəsilə İmamın qapısına getdi və həyətə daxil olandan sonra məsələnin soruşub düzgün cavabını alıb geri qayıtdı.
Mənsur İmamın (ə) əshabının çoxunu tutub zindana salmışdı, bir neçə dəfə İmamın özünü qətlə yetirmək istəmişdi, lakin hər dəfəsində İmamın kəraməti, möcüzəsi nəticəsində planı nəticəsiz qalmışdı.

İMAM SADİQ(ə)İN MƏNSURU İFŞA ETMƏSİ VƏ MÜQAVİMƏTİ
Müxtəlif yolları imtahan edib ümidi kəsilən Mənsur “biz Abbas xanədanından və Peyğəmbərin ailəsindənik” – deyə xalqı aldatmağa başladı. Özünün ləyaqəti olmadığını və bu vəzifəyə yalnız Peyğəmbərin həqiqi övladlarının layiq olduğunu bilə-bilə özünü Peyğəmbərin həqiqi varisi və xəlifəliyə haqqı çatan bir şəxsiyyət kimi təqdim etməyə çalışırdı.
İmam Sadiq (ə) Mənsurun bu həyasız rəftarına qarşı çıxaraq öz məktublarında bu nəsli rüsvay etdi.
1. Bir gün Mənsur İmama belə yazdı :”Niyə başqa adamlar kimi bizim yanımıza gəlmirsən?
İmam (ə) Mənsurun cavabında belə yazdı: “Bizim dünyadan heç bir şeyimiz yoxdur ki, ona görə də səndən qorxaq. Sənin də axirət və mənəviyyatdan bir şeyin yoxdur ki, ona xatir sənə ümid bəsləyək. Onda nəyə görə sənin yanına gələk?”
2. Başqa bir gün Mənsur belə yazdı: “Gəl bizə nəsihət ver!”
İmam (ə) onun cavabında belə yazdı: ”Hər kəs dünya əhli olsa, sənə nəsihər verməz, hər kəs də axirət əhli olsa, sənin yanına gəlməz.”
3. Günlərin birində İmam (ə) Mənsurun məclisində idi. Bir milçək Mənsura çox əziyyət verirdi və nə etsə də milçək getmir və yenə gəlib Mənsurun üzünə qonurdu. Mənsur hirsli-hirsli İmamdan soruşdu: “Allah nə üçün milçəyi xəlq etmişdir.?”
İmam (ə) dərhal bu cavabı verdi: “Güclü zalımları onun vasitəsilə incidib alçaltmaq üçün.”
Mənsur narahat olmasına baxmayaraq öz yerində oturdu və İmama (ə) getməsi üçün icazə verdi.

İMAM SADİQ(ə)İN MƏDİNƏ VALİSİNƏ HİRSLƏNMƏSİ
Mənsur Bəni-Haşim nəslindən bir neçə nəfəri şəhid etdikdən sonra Şəybə adlı bir kişini imam Sadiqin (ə) hərəkətlərini nəzarət altında saxlamaq üçün Mədinəyə vali təyin etdi. Şəybə cümə günü məscidə gəlib namazdan sonra minbərdə Əli (ə) və Peyğəmbərin (s) ailəsi, xanədanı barədə nalayiq sözlər deməyə başladı. Peyğəmbərin ailəsini yaxından tanıyan və onlara məhəbbət bəsləyən camaat çox narahat oldu, lakin bir söz deməyə cəsarət etmədilər.
Bu arada imam Sadiqin (ə) ayağa qalxıb belə buyurduğunun şahidi oldular: “Ay kişi , saydığın yaxşılıqlar bizə layiqdir, saydığın yamanlıqlar da sənlə Mənsura.” Sonra isə camaata tərəf dönüb buyurdu: “Bilirsiniz qiyamət günündə kimlər hamıdan çox ziyan görəcək?
“Axirətini başqalarının dünyasına satanlar. Bu vali də belə bir adamdır.”
Camaat sevinib İmama (ə) afərin dedi. Vali də xəcalətli halda məsciddən çıxıb getdi.

İMAM SADİQ(ə)İN ŞƏHADƏTİ
Mənsur İmamı (ə) özünə tərəf çəkməyə və ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi.
Nəhayət imam Cəfər Sadiq (ə) 148-ci hicri ili şəvval ayının 25-də zəhərlənərək şəhid oldu və o həzrətin pak bədəni Mədinədə Bəqi qəbristanlığında dəfn edildi.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM SADİQ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!