27-Cİ MÜNAZİRƏ - III hissə

:

XƏLİFƏLƏRİN 12 NƏFƏR OLDUĞUNU PEYĞƏMBƏR (S) BƏYAN ETMİŞDİR
Hörmətli alimləriniz də buna işarə etmişlər. Şeyx Süleyman Qunduzi Hənəfi «Yənabiül-məvəddə» kitabının (İstanbul nəşri) 77-ci babının əvvəlində, 444-cü səhifədə belə deyir: «Peyğəmbəri-əkrəmin: «Məndən sonra xəlifələr 12 nəfərdir»hədisinin təhqiqi. ..»

Bir rəvayəti nəql etdikdən sonra belə deyir: «Yəhya ibn Həsən «Əl-ümdə» kitabında Rəsulullahdan (s) sonra xəlifələrin 12 nəfər, hamısının da Qüreyşdən olduğuna dair 20 yolla hədis rəvayət etmişdir. «Səhihi-Buxari» də 3, «Səhihi-Müslim»də 9, «Sünəni-Əbu Davud» da 3, «Sünəni-Tirmizi» də 1 və Həmididən isə 3 müxtəlif yoldan rəvayət edilmişdir».
Digər alimləriniz də, məsələn: Həmuyini «Fəraid»də, Xarəzmi və İbn Məğazili «Mənaqib»də, imam Sələbi «Təfsir»də, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»ndə və xüsusilə Mirseyid Əli Həmədani Şafei «Məvəddətül-qurba»nın 10-cu məvəddəsində, Abdullah ibn Məsud, Salman Farsi, Abdullah ibn Abbas, Əbayə ibn Rəbi, Zeyd ibn Haris, Əbu Hüreyrə və Əmirəl-möminin həzrət Əlidən (ə) müxtəlif yollarla Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: «Məndən sonrakı xəlifə və imamlar 12 nəfərdir; hamısı da Qüreyşdəndir».
Bəzi rəvayətlərdə isə «Bəni-Haşimdəndir» yer almışdır. Bəzi rəvayətlərdə də bilavasitə adları zikr edilmiş, bəzilərində isə ancaq sayı qeyd olunmuşdur.
Bunlar sizin mötəbər kitablarınızda yer alan rəvayətlərdir. İndi əgər Peyğəmbəri-əkrəmdən 4 imam ilə əlaqəli bir rəvayətiniz varsa söyləyin, biz də təslim olaq. Etiraf edilməlidir ki, 4 imam haqqında bir dənə belə rəvayətiniz yoxdur. Şiə imamları ilə sizin imamlar arasında çox böyük fərq vardır!
Əvvəlki gecələrdə də işarə etdiyim kimi, bizim 12 imamımız (ə) Rəsulullahın (s) vəsiləri və Allah-taalanın təyin etdiyi imamlardır. 4 imam Onlarla (ə), əsla müqayisə edilə bilməz! Sizin imamlarınızın fiqh və ictihad yönü vardır. Onlardan bəzisi məsələn; Əbu Hənifə, bilavasitə öz alimlərinizin etiraf etdiyi kimi hədis, fiqh və ictihad əhli deyil, qiyas əhli idi. Bu da onun elmsizliyini göstərir. Lakin bilindiyi kimi, bizim 12 imamımız (ə) ilahi höccətlər, vəsilər və Rəsulullahın xəlifələridir. Onlara səbəbsiz yerə təqlid etmirik; bilavəsitə Peyğəmbəri-əkrəmin əmrinə tabe olaraq yollarını izləyirik.
Sizin fəqihləriniz Əhli-beyt (ə) imamlarının tələbələri idilər; təqlid və adət üzrə elm və əməl ustadlarını buraxıb, elmi təməlləri görməməzliyə vurub, qiyas və rəylə əməl edən tələbələrə yönəldiniz!».
Seyid Əbdülhəy: «İmamlarımızın sizin imamlarınızdan elm öyrəndiyi haradan bəllidir?

İMAM CƏFƏR SADİQİN (Ə) MƏQAMINA İŞARƏ
Dəvətçi: «Həm tarixi həqiqətlər, həm də kitablarınızdakı qeydlər dediklərimi təsdiq edir. Böyük və dəyərli alimləriniz öz kitablarında bunu etiraf etmişlər. Bu mövzuda dəyərli alim Nurəddin ibn Səbbağ Malikinin «Fusulul-mühimmə kitabının haqq və həqiqətlərin sirlərini kəşf edən «İmam Sadiq (ə)» fəslinə müraciət edin. O, İmamın elm və fəziləti haqqında belə deyir: «İmam Sadiq (ə) elm və fəzilətdə seçilən və üstün şəxsiyyət idi. Elm əldə etmək istəyənlər dörd bir tərəfdən Onun ətrafına toplanırdılar. İmamın şöhrəti bütün bölgələrə yayılmışdı. Alimlər Əhli-beytin heç birindən, ondan nəql etdikləri qədər hədis rəvayət etməmişlər. Ümmətin böyüklərindən çoxu Yəhya ibn Səid, İbn Cüreyh, Malik ibn Ənəs, Süfyan Suri, Əbu Üyeynə, Əbu Əyyub Sicistani, Əbu Hənifə (hənifəlilərin imamı), Şöbə və daha bir çoxları imam Sadiqdən rəvayət nəql etmişlər».
Kəmaləddin ibn Əbu Təlhə özünün «Mənaqib» kitabında belə yazır: «Bir çox din imamı və böyük alimlər imam Sadiqdən (ə) hədis rəvayət edib, Onun elm və məlumatından istifadə etmişlər». Daha sonra da «Fusulul-mühimmə»nin müəllifinin saydığı adları sıralamışdır.
İmamın (ə) zahiri və batini kamal və fəzilətləri dost-düşmən – hər kəsin qəbul etdiyi bir şeydir. Bunu insaflı və inadkar olmayan böyük alimləriniz də öz mötəbər kitablarında qeyd etmişlər. Məsələn; Şəhristani «Miləl və Nihəl»də, Maliki «Fusulul-mühimmə»də və xüsusilə Şeyx Əbdürrəhman Sələmi «Təbəqatul-məşayix» kitabında belə deyir: «İmam Cəfər Sadiq bütün həmdövrlərindən üstündür; O, dində tükənməz bir elmə sahibdir. Dünyaya qarşı zahid, şəhvətlərdən uzaq və hikmətlərdə kamil bir hikmətə sahibdir».
Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul» kitabının 6-cı babının əvvəlində bu mənanı əhatəli şəkildə rəvayət edərək belə deyir: «İmam Sadiq Əhli-beytin böyüklərindən və sayılanlarından idi. Bütün elmlərin və ibadətlərin əhli idi; davamlı zikr edir, açıq-aydın zöhd içində yaşayırdı. Quran oxumağa böyük həvəs göstərir, Quran dənizindən incilər çıxarır, maraqlı nəticələr əldə edirdi. Vaxtını hər cür itaətə ayırmışdı. Qiyamətdə verilən hesab kimi nəfsini hesaba çəkir, həmişə axirəti yada salırdı. Onun sözlərini dinləmək insanı dünyada zahid edir, hidayətinə uymaq insana Cənnəti qazandırırdı. Yanaqlarındakı nur onun nübüvvət xanədanından olduğuna şəhadət verir, əməllərinin təmizliyi haqq və həqiqəti açıqlamağı, risalət soyundan olduğunu göstərirdi. Bir çox imam və böyük şəxsiyyətlər elmindən istifadə etmiş və ondan hədis rəvayət etmişlər. Yəhya ibn Səid, İbn Cüreyh, Malik ibn Ənəs, Suri, İbn Üyeynə, Şöbə, Əyyub Sicistani və başqaları İmam Sadiqdən elm aldıqları üçün fəxr edir, qürurlanır və əsrin əhlinə məhz ondan elm və hədis öyrəndiklərinə görə üstünlük iddiası irəli sürürdülər».
Əlbəttə, o imamət günəşini və sahib olduğu uca məqamlarının mində birini bu naqis dillə ifadə edə bilmək mümkün deyildir».
Nəvvab: «Qiblə sahib! Sözünüzü kəsdiyim üçün üzr istəyirəm. İcazənizlə, yadımdan çıxmasın deyə, bir şey soruşmaq istəyirəm».
Dəvətçi: «Buyurun, istədiyiniz zaman soruşa bilərsiniz; əsla narahat olmaram».
Nəvvab: «Əvvəlki gecələrdə də bəyan etdiyiniz kimi, şiə məzhəbi 12 imam məzhəbidir. Bu halda niyə imam Cəfər Sadiqin adına bağlayaraq «Cəfəri məzhəbi» deyirlər?»

CƏFƏRİ MƏZHƏBİNİN ZÜHURU
Dəvətçi: «Həzrət Mühəmməd (s) də, özündən sonra vəsi təyin edən digər peyğəmbərlər kimi, Əmirəl-möminin Əlini (ə) vəsisi, xəlifəsi və elm qapısı olaraq tanıtmış və ona itaəti ümmətinə əmr etmişdir. Amma bilindiyi kimi, Peyğəmbəri-əkrəmin vəfatından sonra müəyyən siyasi səbəblərdən xilafət məqamı Əbu Bəkr, Ömər və Osmanın əlinə keçdi. İlk günlər istisna olmaqla, bütün xilafət dövründə Əbu Bəkr və Ömər həzrət Əli ilə məşvərət edir və onun məsləhətləri ilə hərəkət edirdilər. Gün kimi aydın həqiqətləri kəşf etmək üçün Mədinəyə gələn din alimləri də həzrət Əli ilə müzakirələr aparırdılar. Həzrət Əli həyatda olduğu müddət ərzində müqəddəs İslam dininə böyük xidmətlər göstərmişdir.
Lakin Əmirəl-mömininin şəhadətindən sonra xilafət Əməvilərin əlinə keçdi, vilayət və imamət tamamilə təhlil edilib, hücuma məruz qaldı. Peyğəmbəri-əkrəmin Əhli-beytinə böyük zülm və düşmənçiliklər edildi.
İmam Həsən (ə) və Hüseyn (ə) şəhid oldu, imam Zeynul-Abidin (ə) və imam Məhəmməd Baqir (ə) böyük təzyiq və əziyyətlərə məruz qaldı; bütün yollar üzlərinə bağlandı. Sadəcə bir qrup xalis şiələr onlardan elm və həqiqətləri öyrənirdi. Sonda onlar şəhid edildi.
Hicri II əsrin əvvəllərində Əməvilərin pis idarəçiliyi və zülmündən canadoyan xalq qiyam etməyə başladı; xüsusilə də Abbas və Üməyyə oğulları arasında qanlı döyüşlər başladı. Əməvilərin başı özünümüdafiəyə qarışdığı üçün, artıq Rəsulullahın Əhli-beytinə əvvəllər olduğu kimi təzyiq göstərməyə imkan tapa bilmirdilər. İmam Sadiq (ə) bu fürsəti dəyərləndirərək, evinin qapısını açdı. Əməvilərin təzyiqi üzündən tənha bir guşəyə çəkilmiş İmam, məsciddə minbərə çıxıb, dini hökm və elmləri təbliğ etməyə başladı, 4 minə qədər tələbə dərslərində iştirak edərək, dini elm və hədislər öyrənib, imamın sonsuz elm dəryasından istifadə etdilər.
İmamın dərsində iştirak edən seçilmiş tələbələr əldə etdikləri elm nəticəsində 400 üsul (ədəb, ərkan) yazdılar; bunlar «Dörd yüz üsul» adı ilə məşhur oldu.
İmam Yafei Yəməni özünün «Tarix» kitabında imam Sadiqin elm və fəzilətdə tay-bərabəri olmadığını, uca elminin sonsuzluğunu yazmışdır. Bundan başqa, İmamın tələbələrindən olan Cabir ibn Həyyan Sufi o həzrətdən əldə etdiyi elmlər nəticəsində 1000 səhifəlik bir kitab və 500 risalə təlif etmişdir.
Əhli-sünnənin böyük imam və məşhur fəqihləri də imam Sadiqin feyzindən istifadə edən tələbələrdəndir. Məsələn: Əbu Hənifə, Malik ibn Ənəs, Yəhya ibn Səid Ənsari, İbn Cüreyh, Məhəmməd ibn İshaq, Yəhya ibn Səid Qəttan, Süfyan ibn Üyeynə, Süfyan Suri və başqaları. Bir çox insan qabiliyyətləri ölçüsündə İmamın nurlu hüzurundan istifadə etmişlər.
Belə elmi riyasətin həqiqətləşməsi Əhli-beytdən heç kimə nəsib olmamışdır. Heç bir maneə ilə qarşılaşmadan dini hökmləri, Quran ayələrinin təfsirini, elm və hədis təməllərini, sirr və həqiqətləri açıq-aşkar açıb söyləmək onlardan heç birinə nəsib olmamışdır. Çünki Əməvilər həzrət Sadiqin ata-babalarını, Abbasilər isə İmamın oğullarından olan imamlara hədsiz dərəcədə ehtiramsızlıq göstərmiş, daim təzyiq altına saxlamışlar.
Şiə məktəbinin gün kimi aydın həqiqəti və Peyğəmbəri-əkrəmdən miras alınan Əhli-beyt (ə) elminin sirləri imam Sadiq vasitəsi ilə ortaya çıxmışdır. Elə buna görə də haqq şiə məzhəbi onun adı ilə şöhrət tapmışdır. Yoxsa imam Sadiqlə digər Əhli-beyt imamları arasında əmisi imam Həsən Müctəba başda olmaqla heç bir fərq yoxdur.

BÖYÜK ÜRƏK AĞRISI VƏ ƏHLİ-BEYTƏ (Ə) ETİNASIZLIQ
Təəssüf ki, sizdən əvvəlkilər dost-düşmən hər kəsin ən elmli və kamil insan olduğunu qəbul etdiyi böyük bir İmamı hər kəsdən daha alim, daha fəqih və daha kamil olaraq tanımadılar. Mübarək adını 4 məzhəb imamları arasında zikr etməyi belə rəva görmədilər. Halbuki imam Cəfəri-Sadiqin, alimlərinizin də təsdiq ediyi kimi, elm, fəzilət, zöhd, təqva və kamaldakı uca mərtəbəsinə və Peyğəmbəri-əkrəmin Əhli-beytindən olduğuna görə öndə durmağına haqq var idi.
Əgər say baxımından da baxsaq, 4 məzhəb imamlarından birinin tərəftarları belə imam Sadiqin (ə) tərəftarları qədər deyildir.
Təəssübkeş alimləriniz Peyğəmbəri-əkrəmin (s) pak Əhli-beyt (ə) barəsində saysız-hesabsız tövsiyələrinə baxmayaraq əməldə onlara etina göstərməmişdir. Buxari və Müslim kimi böyük fəqihləriniz Əhli-beyt fəqihi imam Sadiqin (ə) rəvayətlərini öz kitablarında nəql etməmişlər. Hətta Əhli-beyt imamlarından Ələvi, Hüseyni, Səccadi, Musəvi, Rəzəvi və başqaları Zeyd ibn Əli ibn Hüseyn (şəhid), Yəhya ibn Zeyd, Məhəmməd ibn Abdullah (pak nəfsli), Hüseyn ibn Əli (Fəxdə dəfn olunub), Yəhya ibn Abdullah ibn Həsən və qardaşı İdris, Məhəmməd ibn Cəfəri-Sadiq (ə), Məhəmməd ibn İbrahim (İbn Təbatəba adı ilə məşhurdur), Məhəmməd ibn Məhəmməd ibn Zeyd, Abdullah ibn Həsən, Əli ibn Cəfər (Ərizi) və başqaları risalət xanədanının böyük alimlərindən də hədis və rəvayət nəql etməmişlər. Lakin halı bəlli Əbu Hüreyrə, Əkrəmeyi-xarici və daha əvvəlki gecələrdə də söylədiyim kimi, bilavasitə alimlərinizin də təsdiq etdiyi bir qrup iftiraçı, yalançı və saxtakar insanları cani-qəlbdən qəbul etmiş, onlardan hədis rəvayət etmişlər!
İbnul-Bəyy belə yazmışdır: «Buxari həzrət Əlinin (ə) qatili İbn Mülcəmi tərifləyən İmran ibn Həttan kimi 1200-ə qədər xarici və nasibilərdən hədis rəvayət etmişdir»

TƏƏSSÜFLƏR OLSUN!
Çox təəssüflər olsun! Rəsulullahın (s) Əhli-beytindən (ə) olmayan imam Əzəm (Əbu Hənifə), imam Malik, imam Şafei və imam Hənbəlin təqibçi və müqəllidlərini, üsul və füruda bir-birləriylə o qədər ixtilafları olmalarına baxmayaraq, təmiz müsəlman bilir və onlar üçün öz məzhəblərinə görə azad əməl etmələrinə haqq qazandırır, lakin imam Cəfəri-Sadiqin (ə) ardıcıllarını kafir, müşrik və rafizi kimi tanıyırsınız. Şiələrin, hətta Allah-taalanın sığınacaq yeri qərar verdiyi Məkkədə belə inanc, əməl və ibadət azadlığı yoxdur. Hafiz Şirazi necə də gözəl bəyan edir:
Əgər müsəlmançılıq Hafizdə olandırsa,
Ey vay, bu günün bir də sabahı varsa!
Bilin ki, biz şiələr, əsla, ikitirəlik yaratmırıq. Əksinə siz, sizinlə eyni qibləni, namazı, orucu, həcci və digər dini hökmləri paylaşan milyonlarla mömin və müvəhhid müsəlmanı özünüzdən uzaqlaşdırır, onları müşrik və kafir sayırsınız!
(Bu əsnada işa azanı oxundu.)

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!