İMAM HÜSEYN(ə)İN HƏYATI - 1

:

TƏVƏLLÜDÜ
Həzrət Fatimənin ikinci övladı hicri 4-cü ili şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. Həzrət Peyğəmbər (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızının evinə yola düşdü.

Zəhranın (s.ə) xidmətçisi Əsma uşağı ağ parçaya büküb Peyğəmbərimizin hüzuruna gətirdi.
Əziz Peyğəmbərimiz (s) körpəni qucağına alıb sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub həzrət Hüseyni birinci dəfə olaraq Allahın adı ilə yaxından tanış etdi.
Anadan olmasının yeddinci günü Allah tərəfindən Peyğəmbərə nazil olan mələk belə buyurdu: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə imam Hüseynin (ə) adı Allah tərəfindən seçildi.
Hüseynin (ə) təvəllüdünün yeddinci günü, Fatimə (s.ə) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı.
Həzrət Peyğəmbər (s) dəfələrlə bu uşağı qucağına alıb onu öpərək ağlayıb belə buyurmuşdu: “Hüseyni qarşıda böyük bir müsibət gözləyir. Bəni-Üməyyədən olan zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum qalacaqlar.”

PEYĞƏMBƏRİMİZİN HÜSEYNƏ OLAN MƏHƏBBƏTİ
Həzrət Peyğəmbərin əshabından olan Salman Farsi bu barədə belə deyir: ”Peyğəmbəri (s) oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş etdiyini gördüm ki, Həzrət (s) belə buyurdu: “Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam gələcəkdir ki, onların axrıncısı “Vəd olunmuş Məhdidir.”
Peyğəmbərin (s) Hüseynə (ə) olan sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir.”

HÜSEYN (Ə) ATA-ANASINA KÖMƏKÇİ İDİ
İmam Hüseyn (ə) ömrünün altı ilini babası Peyğəmbər ilə keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra isə, otuz il atası Əli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olub, atasını həmişə müdafiə etmişdi. Necə ki, bir gün Peyğəmbərin məscidinə girib ikinci xəlifənin babasının minbərində oturub danışdığını görəndə, Hüseyn (ə) fəryad edib dedi: “Babamın və atamın minbərindən düş aşağı. Ora sənin yerin deyil!“
Atasının xəlifə olduğu bir neçə il ərzində, fədakar və yorulmaz bir əsgər kimi İslamı müdafiə edir, eləcə də zalımlar əleyhinə mübarizə aparırdı.
Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o da, atası ilə çiyin-çiyinə düşmənə qarşı döyüşmüşdü. Atasının şəhadətindən sonra isə rəsmi olaraq qardaşına beyət edib, onu öz rəhbər və imamı qəbul etmiş və özünə verilən sualları qardaşı imam Həsənə (ə) həvalə etmişdi.

İMAM HÜSEYN (Ə) MÜAVİYƏNİN DÖVRÜNDƏ
İmam Həsən (ə) Müaviyə tərəfindən şəhid edildikdən sonra Əlinin (ə) 46 yaşında olan ikinci oğlu Hüseyn (ə) xəlifəlik və əmirlik məqamına yetişdi.
İmam Hüseyn (ə) çox yaxşı bilirdi ki, müsəlmanların başına gələn bütün bədbəxtliklər Müaviyə tərəfindəndir və Müaviyə müxtəlif hiylə və planlarla İslamın bünövrəsini məhv etmək istəyir. Amma Müaviyə özünü xalqla elə göstərirdi ki, guya İslam və müsəlmanların halına yanan yeganə şəxsiyyətdir. Buna görə də imam Hüseyn (ə) onunla aşkar şəkildə mübarizə apara bilmirdi. Çünki bilirdi ki, özünün də taleyi qardaşının taleyi kimi olacaq.
Buna görə də İmam (ə) çalışırdı ki, xalqı cəhalət və nadanlıq yuxusundan oyadıb, tədricən şüurlu adamları öz tərəfinə çəkərək onlardan İslamın mənafeyi naminə istifadə etsin.
İmam (ə)  mömin şəxslərin tərbiyəsi və maariflənməsi ilə məşğul olduğu halda bəzən Müaviyənin əleyhinə də çıxışlar edirdi. Müaviyə, oğlu Yezid üçün xalqdan beyət aldığı zaman, imam Hüseyn (ə) buna qarşı çıxıb Müaviyəyə göndərdiyi məktublar vasitəsilə onu rüsvay etmişdi. Həmin məktublardan bəziləri bunlardır:
1. “Ey Peyğəmbər xəlifəsi olduğunu iddia edən Müaviyə! Sən Əzra çölündə Hücr ibn Ədiy və dostlarını öldürmədinmi? Demək, sən qatil və günahkarsan, səni cəzalandırmaq lazımdır və sənin ümmətin rəhbəri olmağa haqqın yoxdur. ”
2. “Ey Müaviyə! Sən illər boyu xalqın arasında atası bəlli olmayan Ziyadı öz qardaşın və Əbu Süfyanın haramzadə oğlu olaraq tanıtmadınmı? Beləliklə sən öz ailənin təmiz olmadığını etiraf edibsən. Buna görə də sənin İslam ümmətinə rəhbərlik etməyə ləyaqətin yoxdur. “
3. “Ey Müaviyə! Sənin çirkin əməllərindən biri də budur ki, Yezid adlı səfeh bir cavanı xalqa hakim edib onun üçün camaatdan zorla beyət alırsan. Demək, sən Allahın dinini məhv edib müsəlmanları əlində oyuncaq hesab edirsən. “

İMAM HÜSEYN (Ə), YEZİDİN QARŞISINDA
İmam Hüseyn (ə) öz sərt çıxışları və məktubları ilə Bəni-Üməyyə xanədanını rüsvay etməsinə baxmayaraq, Müaviyə ona qarşı heç bir əksül-əməl göstərmirdi. Çünki bunu məsləhətə uyğun bilmirdi.
Müaviyənin ölümündən sonra Yezid özünü İslam hökmdarı elan edib, hakimiyyətinin təməlini daha da möhkəmlətmək üçün önəmli müsəlman şəxsiyyətlərə məktub göndərərək onları beyət etməyə çağırdı. Buna görə də Mədinədəki valisi Vəlidə də bir məktub yazıb ondan bu haqda Hüseyndən beyət almasını və əgər beyət etməsə onu öldürüb başını Yezidə göndərməsini tələb etdi. Müaviyə dəfələrlə hətta ölüm yatağında olarkən, Yezidə Hüseyn (ə) ilə işi olmamasını tövsiyə etmişdi. Çünki bu işin axırı yaxşı qurtarmayacaqdı. Amma buna baxmayaraq, səfeh və xudbin Yezid ona edilmiş bütün nəsihətləri ayağı altında tapdalayaraq Hüseynə qarşı çıxdı.
Mədinə valisi Hüseynə (ə) məktubun məzmununu bildirdikdə, həzrət Hüseyn (ə) cavab olaraq buyurdu: “Mən şəhid olmağa hazıram. Bu murdar Yezidin İslama rəhbər və hakim olduğu gün, İslamın ruhuna fatihə oxumaq lazımdır.“ İmam Hüseyn (ə) bilirdi ki, müxalifət etdiyi üçün daha Mədinədə qala bilməyəcəkdir. Elə buna görə də Həzrət (ə) ailə və əshabı ilə gecə Mədinədən Məkkəyə yola düşdü. Hüseynin (ə) bu hicrəti Yezidə beyət etməyə qarşı bir növ etiraz əlaməti idi. Bu iş bütün Mədinəni ayağa qaldırmışdı. Daha sonra İmam (ə) xüsusilə hacılara nitq söyləyib Yezidin hökumətini tənqid etdiyi zaman Məkkə də ayağa qalxdı. Hüseynin (ə) bu hərəkəti Kufə və ətrafındakı şəhərlərə də çox böyük təsir etmişdi. Belə ki, onlar Yezidin hakimiyyətinin haqq olmadığını və ona beyət etmənin İslama, eləcə də müsəlmanlara böyük xəyanət sayıldığını çox gözəl bilirdi.

İMAMIN (Ə) KUFƏYƏ DƏVƏT OLUNMASI
Hüseynin (ə) qiyamı və hicrət etməsi xəbəri Yezidin hakimiyyəti altında olan Kufə şəhərinə çatdıqda hamı İmamı Kufəyə dəvət edib onu İslam və müsəlmanların xəlifəsi məqamına seçmək qərarına gəldi. Onlar müxtəlif elçilər vasitəsilə Məkkəyə məktublar göndərərək rəsmən imam Hüseyni (ə) Kufə şəhərinə dəvət edirdi.
Lakin İmam (ə) kufəlilərin vəfasız olduğunu bildiyi və onların atası və qardaşına vəfadar qalmadıqlarını gördüyü üçün əmisi oğlu Müslimi ora göndərdi ki, vəziyyəti yaxından öyrənib məsləhət bildiyi təqdirdə İmamı da Kufəyə çağırsın.
Müslim İmamın əmrinə itaət edib Kufəyə yola düşdü. Kufəyə çatdığı vaxt xalq onu sevinclə qarşılayıb məscidə apardı və orada minlərlə adam onunla beyət edərək namaz qıldı.
Müslim İmama (ə) bir məktub göndərib o həzrətin tezliklə yola düşməsini orada xatırlatdı. İmam (ə) zilhəccə ayının 8-ə qədər Məkkədə qalıb müxtəlif vaxt və yerlərdə camaata xitab edərək onları Yezidə qarşı çıxmağa dəvət etdi. Daha sonra İraqa tərəf hərəkət etdi.

İMAMIN NÜMAYƏNDƏSİNİN AQİBƏTİ
Müslimin hərəkəti və Kufə əhalisinin onunla beyət etməsindən xəbərdar olan Yezid dərhal ən murdar yoldaşlarından biri olan İbn Ziyadı tam səlahiyyətlə Kufəyə göndərdi.
Kufə xalqının əxlaqına yaxşı bələd olan İbn Ziyad onların imanının zəifliyindən, ikiüzlü və qorxaq olmalarından istifadə edib xalqı təhdid edərək onları Müslimdən uzaqlaşdırdı. Hətta iş o yerə çatdı ki, İmama dəvət məktubu göndərənlər döyüş paltarı geyinərək imam Hüseynin (ə) nümayəndəsi ilə vuruşmağa başladı.
Müslim çarəsiz qalıb özü tək başına İbn Ziyadın muzdurları ilə vuruşduqdan sonra qəhrəmancasına şəhid oldu, daha doğrusu onu tutub şəhid etdilər. İmam (ə) Mədinədən hərəkət etdiyi gecədən başlayaraq döyüş və şəhidlikdən xəbər verib buyururdu: “Bizim yolumuzda öz canından keçməyə hazır olan və Allah-taalanın görüşünə getmək istəyən varsa bizimlə gəlsin.“
Məkkədə də öz əshabına cihad və şəhidlikdən danışdı. Hətta yarı yolda şair Fərəzdəq, Müslimin şəhid olması xəbərini ona verdikdə Həzrət belə buyurdu: “Müslim, Allahın rəhmətinə qovuşdu O, öz vəzifəsini yerinə yetirdi və bu öhdəliyin qalan yükünü bizim boynumuza qoydu. Ümid edirəm ki, tezliklə bu yükü məqsədə yetirə biləcəyik.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!