İMAM HƏSƏN(ə)İN FİKRİ-SİYASİ TARİXİ - 3

:

MƏCBURİ SÜLH VƏ ONUN MADDƏLƏRİ
İmam Həsənin (ə) İraq xalqının süstlüyünü görməklə döyüşdən imtina etdiyini fərz etsək belə, Müaviyənin öz nümayəndələrini Mədainə göndərməsi və o həzrətin öncə işarə etdiyimiz sözlərini nəzərə aldıqda, Müaviyənin döyüş olmadan və qan tökülmədən məsələnin həll edilməsinə meyilli olduğu aydınlaşır.

Müaviyə hiyləgərcəsinə özünü camaata həlim və səbirli göstərməklə döyüşmədən İraqa hakim olmaq istəyirdi. Təbii olaraq, bu vəziyyət İraq xalqının ona qarşı kin bəslədikləri halda hərəkətə keçməsini önləyirdi. Bundan əlavə, Müaviyə öz işinə rəsmi və qanuni don geyindirmiş və “Müaviyə zorakılığa əl ataraq islami hakimiyyəti ələ keçirmədi, əksinə başlarında imam Həsən (ə) olmaqla camaat özü xilafəti ona təqdim etdi!” – düşüncəsini xalqın zehinində canlandıra bilmişdı. Ancaq Müaviyənin sülh sazişi ilə əlaqədar olaraq hər iki tərəfin qəbul etdiyi razılaşmalara əməl etməməsi onun bütün hiyləgərlik və saxtakarlıqlarını aradan qaldırıb çirkin və saxta simasını açıq-aşkar nişan verdi. Tarix hər iki tərəfin qarşılıqlı razılğı ilə imzaladığı sülhün maddələrinin nəqlində imam Həsənə (ə) bağışlanılmaz zülm rəva görmüşdür. Mövzunu ətraflı və əqiq şəkildə araşdırdıqda, ravilərin bir qrupu və tarixçilərin tarixi xəbərləri qələmə alarkən məzhəbi meyillərindən təsirlənərək Əməvi siyasətinin xeyrinə və şiənin zərərinə hansı şəkildə yalan uydurduqları və tarixi həqiqətləri təhrif etdikləri asanlıqla aydın olur. Onlar bu cinayətə əl atmaqla aşağıda qeyd olunacaq bir neçə mətləbi isbat etmək istəyirdilər:
1. İmam Həsən (ə) acizanə bir şəkildə sülh olmasını istədi;
2. İmam Həsənin (ə) bu təşəbbüsü onun maddi istəkləri və var-dövlət üçün idi;
3. İmam Həsən (ə) yalnız özünü düşünərək xalqı Müaviyənin qarşısına yollamışdı...
Hişam ibn Əbdül-Məlikin sarayına bağlı və Bəni-Üməyyənin fəal tərəfdarlarından, həmçinin bu təhrifin meydana çıxmasının əsas qaynaqlarından biri olan Zöhri sülhün əsasının yalnız maliyyə şərtləri, “Əhvaz” və “Darabcerd”in maddi gəlirlərini almaq olduğunu bildirmişdir. (Bax: “Tarixi-Təbəri”, c. 4, s. 125; “Ət-təbəqatul-kubra”, İbn Səd, s. 168)
Biz burada mətləbi xülasə şəkildə qeyd etmək niyyətində olduğumuz üçün sülhün maddələri ilə bağlı tarixin bütün rəvayətlərini təhqiq etməyə fürsətimiz yoxdur. Buna görə də, yalnız qədim qaynaqlarda kamil şəkildə nəql edilən bir rəvayəti zikr etməklə kifayətlənəcək və onun haqqında şərh verəcəyik. Bu rəvayətin sənədləri bir-birindən tamamilə fərqlidir və iki qədim tarixçidən nəql edilmişdir. Bu iki rəvayətin sülhün kamil mətnini nəql etməkdəki bənzərliyi onların həqiqiliyini göstərən əlamətlərdəndir. Bu rəvayətdə belə qeyd olunmuşdur: “İmam Həsən (ə) Abdullah ibn Nofəli “xalqın can və malına toxunulmayacağı təqdirdə, təklif edilən sülhü qəbul etməyə hazır olduğunu” söyləmək üçün Müaviyənin yanına göndərdi. Amma Abdullah ibn Nofəl Müaviyənin yanında başqa məqsədli şərtlər də irəli sürdü. Həmin şərtlər belədir:
1. Müaviyədən sonra xilafətin imam Həsənə (ə) verilməsi;
2. Darabcerdin gəlirinin kənarında hər il əlli beş min dirhəm pulun ödənilməsi.
Müaviyə də bu şərtləri qəbul etdi və Abdullah ibn Nofəl İmamın yanına qayıdıb onun şərtlərini də əlavə etdiyini bildirdikdə, İmam onları qəbul etməyib “Mən xilafət arxasınca deyiləm və Müaviyənin mənə verməyə vədə etdiyi mallar da “beytül-mal”dan olduğu üçün onun müsəlmanların “beytül-malı”nda təsərrüf etməsi ilə bağlı səlahiyyəti yoxdur!” – deyə buyurdu. Həzrət daha sonra katibini çağıraraq aşağıdakı mətni yazmasını əmr etdi:
“Həsən ibn Əli və Müaviyə ibnƏbi Süfyanın razılığa gəldikləri müqavilə belədir: “Müaviyənin Allahın kitabın, Rəsulullahın (s) sünnəsi və əməlisaleh xəlifələrin rəftarlarına uyğun əməl etməsi şərtilə Həsən ibn Əli (ə) müsəlmanlar üzərində olan vilayət səlahiyyətini onun ixtiyarına qoyur. Müaviyə kimisə özünə xəlifə təyin etməməli və ondan sonrakı xəlifə möminlərin rəy və seçimi ilə təyin edilməlidir. Camaat ölkənin hər hansı bölgəsində – Şamda, İraqda, Təhamə və Hicazda – olursa olsun, kamil şəkildə təmin edilən təhlükəsizlik şəraitində həyatını davam etdirməlidir. Həmçinin Əmirəl-Möminin Əlinin (ə) səhabə və şiələrinin də canı, malı və övladları əmin-amanlıqda olmalıdırlar. Müaviyə, Həsən ibn Əli və qardaşı imam Hüseynin əleyhinə açıq-aşkar və yaxud gizliində sui-qəsd təşkil etməyəcəyinə dair spz verir.” (“Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 4, s. 158-160; ”Ənsabul-əşraf”, Bilazəri, c. 2, s. 42; “Əl-mənaqib”, İbn Şəhr Aşub, c. 4, s. 33)
Nəql edilən digər şərtlərin də bu nöqtəyə işarə etdiyini və hədis söyləyənlərin qeyd etdikləri sözlər olduğu diqqəti cəlb edir. Baxmayaraq ki, bu mətnin özündə belə, istifadə edilən bəzi ifadələrin tarixçilər tərəfindən daxil edlidiyi də mümkündür. Maliyyə (madiyyat) məsələsinin İmam tərəfindən təkzib edildiyini əvvəldə qeyd etmişdik. Amma digər bir rəvayətdə “Cəməl” və “Siffeyn” şəhidlərinin ailələrinin dolanışığını təmin etmək üçün bu şərtin diqqətə alındığı da söylənilmişdir. (“Biharül-ənvar”, Əllamə Məclisi, c. 44, s. 30; “Əvalimul-ulum”, c. 16, s. 182-188) Belə olduqda, sülhün mətni xaricində belə bir şərtlə razılaşma mümkündür. Hər halda, İmamın səxavətliliyi barədə məlumat verən tarixdən də o həzrətin belə bir şərti öz mənafeyi üçün qəbul etmədiyi anlaşılmaqdadır. Baxmayaraq ki, Əhli-beyt “beytül-mal” üzərində ixtiyar sahibidirlər. Tarixi bir xəbər şəklində daxil olan maddiyyatla bağlı şərtin Müaviyə tərəfindən İmama sülhün qəbul etdirilməsi üçün yayılan bir şayiə olduğunu, (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 42) həmçinin bu məqsədlə Müaviyənin hər il “Darabcerd” və “Fəsa”nın xəracını da o həzrətə verməyi qəbul etməsindən qaynaqlanır ki, ya tarixçilərin qərəzli münasibəti, ya da məsələdən xəbərsizliyin ucbatından belə nəql edilmişdir. tarixin özü haqqında yazdığı o qədər comərdliyi ilə belə bir şərti şəxsi mənfəətləri üçün mövzu əldə etmədiyi qətidir. Hərçənd Əhli-beytin müsəlmanların beyt-ül malında böyük bir haqqı vardır. Amma Müaviyədən sonra imam Həsənin (ə) xəlifə ünvanında təyin olunmasını qeyd etdiyimiz əvvəlki rəvayətlərin birində o həzrətin bunu inkar etməsilə yanaşı, sülh müqaviləsinin mətnindən çıxarıldığını da nəzərinizə çatdırırıq. Bu məsələ ilə əlaqədar tarixi xəbərlərin çoxluğuna baxmayaraq, bütün bunların Müaviyənin bir sıra vədələr verməsindən və özündən sonra xilafəti imam Həsənə (ə) verəcəyinə dair verdiyi sözlərdən qaynaqlanmasıı həqiqətdən uzaqdır.
İmam Həsən (ə) nəql edilən sülh müqaviləsində yalnız belə buyurmuşdu: “Xəlifə təyin etməyə Müaviyənin haqqı yoxdur və bu, möminlərin şurası ilə həyata keçməlidir.” İmamın bu sözü Ömərin əvvəllərdə yaratmış olduğu və yeni şəklə düşmüş “xəlifəni təyin edən şura”nı rəsmi olaraq tanıması mənasında deyil, əksinə İmamın məqsədi hakimin bütün xalq kütlələrinə qəbul edilməsidir. Bu da, şiə etiqadına zidd deyil. Çünki bütün hallarda məsum imam belə, hökuməti ələ almaq istəsə, xalqın onu qəbul etməsinə möhtacdır. Allahın camaatın istəyindən asılı olmayaraq, bütün varlıq aləmində mütləq “təkvini” vilayəti vardır və “təşrii” hakimiyyətə isə camaatın Allahı və dinini qəbul etdiyi sürətdə sahib olur.
İmam Həsənin (ə) belə bir addım atmasının səbəbi bir tərəfdən Müaviyənin xilafəti miras kimi qiymətləndirməsi məsələsini aradan qaldırmaq, digər tərəfdən də o dövrün camaatı xilafəti seçilmiş şəxslərin sərbəst olaraq beyət etməsində bildiyindən İmam bu qanunu dirçəldərək Müaviyə bu qanuna təcavüz etdiyi təqdirdə, xalqın müxalifəti ilə qarşı-qarşıya qoymaq istəyirdi. Müaviyənin cahil olmaması və xalq arasında isstədikləri arzuya çaya bilən kimi tanınmasına baxmayaraq, İmam istəyirdi ki, onun hiyləgər və məkrli olmasını camaat və gələcək nəsillərə göstərsin və Həzrətin bu istiqamətdəki tədbirləri belə idi:
1.Camaatın, xüsusilə Osmanın tərəfdarlarına qarşı “Cəməl” və “Siffeyn” döyüşlərinə qatılan Əmirəl-Möminin Əlinin (ə) şiələrinin can təhlükəsizliyini təmin etmək;
2. Xilafətin Müaviyədən sonra miras olmaması;
3. İmam Həsən (ə) və imam Hüseyn başda olmaqla Rəsulullahın (s) Əhli-beytinin təhlükəsizliyini təmin etmək.
Lakin Müaviyə bu maddələrin heç birinə riayət etmədi; hətta, indi belə, Müaviyəyə sevgi bəsləyən kəslərin Müaviyənin özünün qəbul və imza etdiyi bu şərtlərin ən sadəsinə də əməl etmədiyini bilməsini istərdik. Müaviyə sülhün maddələrini qəbul edib imzaladıqdan sonra Kufəyə girib xalqın təəccübdən bərəlmiş gözləri qarşısında çıxış etdi və söhbət əsnasında imam Həsən (ə) müqabilində verdiyi vədələrdə məqsədin sırf hakimiyyəti ələ keçirmək olduğunu və əhdnamənin rəsmi cəhətdən heç bir dəyər və etibar daşımadığını söyləməsi diqqəti daha çox cəlb edir:
“Müharibə alobunu söndürmək və fitnəni yatırmaq üçün bəzi şərtləri qəbul etməyimə və bəzi vədlər verməyimə baxmayaraq, Allah müsəlmanlar arasındakı dostluq və söz birliyini (iş birliyini) bizim xeyrimizə təmin etdikdən və bizi ixtilaf təhlükəsindən qurtardıqdan sonra o şərtləri bütövlükdə ayaq altına atıram.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 44-46-48; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 4, s. 163)
“Allaha and olsun, mən sizinlə namaz qıla, oruc tuta, həcc gedə və ya zəkat verəsiniz deyə döyüşmədim. Onsuz da özünüz bunları qerinə qetirirsiniz. Mən yalnız hakimiyyəti ələ keçirmək üçün sizinlə döyüşdüm ki, xoşlamadığınız halda, Allah bunu mənə ata etdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 44, Nəcəf çapı)
Əbu Sasan Həsin ibn Münzir belə deyir: “Müaviyə imam Həsənə verdiyi sözlərin heç birinə əməl etmədi, Hücr və dostlarını şəhadətə yetirdi, özündən sonra xəlifənin seçilməsi ixtiyarını möminlərin öhdəsinə buraxmayıb oğlu Yezidi özünə vəliəhd təyin etdi və imam Həsəni (ə) zəhərlətdi.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 47-48)

İMAM HƏSƏNİN (Ə) MÜAVİYƏNİN KUFƏYƏ GƏLMƏSİNDƏN SONRAKI DANIŞIQLARI
Müaviyə Kufəyə gəldikdə, xalqa xitab olaraq “hər kəs üç gün müddətində mənə beyət etməzsə, amanda olmayacaq” – deyə hədə-qorxu gəldi. Camaat Kufə məscidinə toplaşdı. Müaviyə imam Həsəni (ə) camaatın gözündən salmaq və ondan beyət almaq məqsədilə Həzrətin minbərə çıxıb söhbət etməsini istədi. Bu barədə tarixçilərin nəql etdikləri məlumatlar müxtəlifdir, belə ki, onların hər biri İmamın sözlərindən bir qismini nəql etmişlər ki, belədir: “Xəlifə Allahın kitabına və Peyğəmbərin sünnəsinə uyğun olaraq əməl edən kəsdir. Camaata zülm edən bir kəsdən isə xəlifə olmaz, o, sadəcə hakimiyyəti ələ keçirərək qısa bir müddətdə ondan fatdalanan, sonra bütün ləzzətləri aradan gedən və zəhməti puç olan bir padşahdır.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 47; “Zəxairul-uqba”, s. 40; “Nəzmu durərus-səmteyn”, s. 200-201)
İmam bu sözlərilə xalqa Müaviyənin zalım bir padşah olmasını vurğulayır. Başqa bir rəvayətdə isə belə deyilir: “İmam Həsən (ə) yer üzündə cəddi İslam Peyğəmbəri (s) olan yeganə şəxsin özü və qardaşı Hüseynin (ə) olduğuna toxunaraq buyurdu: “Allah bizim cəddimiz vasitəsilə sizi doğru yola yönəltdi. Müaviyə mənə aid olan haqqa sahib olmaq üçün mənimlə müxalifət etdi və mən də ümmətin məsləhəti və qan tökülməməsi üçün haqqımdan keçməyə məcbur oldum.”” (“Tarixi-xalifət”, İbn Xəyyat, c. 1, s. 234)
Bəli, İmam yeddi ay yeddi gün hakimiyyətdə olduqdan sonra hökuməti Müaviyənin ixtiyarında qoyaraq Mədinəyə qayıtdı. Bu müddət ərzində yalnız döyüş və camaatın islahı barədə düşünürdü. O həzrət fürsət düşdükcə, atasının vaxtilə seçmiş olduğu valiləri öz vəzifələrində saxladı. İbn Xəyyatın nəqlinə görə, Müğeyrə ibn Şöbə özü üçün İmamın adından bir hökm uydurdu və bu, əhli-sünnə tərəfindən səhabələrin hamısının ədalətli və sözlərinin höccət (dəlil) olmasını qeyd etdikləri bir haldadır.

Kitabın adı: İmamların fikri-siyasi tarixi
Tərcümə edən: R. Zevinli və Q. Məmmədov
Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!