İMAM ZEYNÜLABİDİN(ə)İN HƏYATI - II hissə

:

İMAM SƏCCAD(ə) YEZİDİN MƏCLİSİNDƏ
Peyğəmbər ailəsi yorğun və narahat idi. Onları iplə bir-birinə bağlayıb Yezidin sarayına apardılar. Onlar Yezidlə də İbn Ziyadla davrandıqları kimi rəftar etdilər.

Bu vaxt imam Səccad (ə) buyurdu: “Ey Yezid! Sən özünü müsəlman hesab edirsən, amma əgər Peyğəmbər (s) bizi bu vəziyyətdə, belə bağlanmış halda görsə, səninlə necə rəftar edər və sənə nə deyər?”
İmamın bu qəti cümləsi orada onların hamısını ağlatdı. Yezid isə qorxusundan tez iplərin kəsilməsini əmr etdi.
Daha sonar Yezid ağır sözlər deməyə başladı. Lakin Hüseynin övladları, o cümlədən həzrət Səccad (ə), qarşısında dayanıb işfaedici sözlərilə onu rüsvay etdi. İş o yerə çatdı ki, Yezidin hərəmxanasından belə etiraz və ağlama səsi ucaldı. Bu etiraz səsləri Yezidin başına dəyən bir çəkicə bənzəyirdi ki, onu eyş-işrət yuxusundan oyadırdı. O başa düşdü ki, əgər Peyğəmbərin varislərini bir az da öz sarayında saxlasa, qiyam başlanar və o zaman da Yezid həlak olar. O özünü xalqın etiraz və qəzəb dəryasında qərq olmuş bir vəziyyətdə görür, o ətrafına baxaraq özünə bəraət qazandırmaq üçün çıxış yolu axtarırdı. Birdən qışqırıb dedi: “Allah bu İbn Ziyada lənət eləsin! Mən Hüseyni öldürmək və ailəsini əsir aparmağa razı deyildim.“ Lakin artıq iş işdən keçmişdi və hamı bilirdi ki, əsl cinayətkar önun özüdür.
Buna görə də rüsvayçılıq artmasın deyə dərhal əmr etdi ki, əsirləri qabaqcadan onlar üçün hazırlanmış xüsusi yerə aparsınlar. Peyğəmbərin övladlarını həmin yerə apardılar. Lakin onlar orada da sakit durmayıb xalqa Yezidin cinayətləri barədə məlumat verirdi. Hətta imam Hüseynin (ə) üç yaşında olan qızı Rüqəyyə də bu mübarizədə iştirak edirdi.

İMAM SƏCCAD(ə) ŞAM MƏSCİDİNDƏ
Bir gün Yezid məğlubiyyətin acısını aradan aparmaq üçün hakimiyyət və qüdrətinin mərkəzi olan Şam məscidində təntənəli bir məclis qurub satqın natiqlərə əmr etmişdi ki, onu tərifləyib Peyğəmbərin ailəsinə nalayiq sözlər desinlər. Bununla da xalqın qarşısında bəraət qazanıb Peyğəmbər (s) övladlarını təqsirkar göstərmək istəyirdi. İmam Səccad (ə) məscidin bir küncündə oturub Yezidin natiqini dinləyirdi. Natiq Yezidi mədh edib Peyğəmbərin xanədanına pis sözlər dediyi vaxt, o həzrət (ə) uca səslə fəryad etdi: “Vay olsun sənin halına ey satqın muzdur! Yezidi sevindirmək üçün Allahı qəzəbləndirdin, özün üçün isə cəhənnəmi qazandın.“
Sonra Yezidə tərəf dönüb buyurdu: “Qoy bu taxtaların üstünə çıxım, Allah və xalqı sevindirən sözlər danışım!“
Yezid əvvəlcə əhəmiyyət verməyib icazə vermək istəmədi. Lakin məclisdə olanlar Yeziddən İmama icazə verməsini istədi. Yezid çarəsiz qalıb icazə verdi, lakin bu işin axırından qorxurdu.
İmam (ə) minbərə çıxıb Allaha həmd və səna etdikdən sonra buyurdu: “Ay camaat! Allah-taala bizə elm, dözüm, səxavət, şücaət, iman və pərhizkarlıq əta etmişdir. Bilin ki, İslam peyğəmbəri bizdəndir, Əli (ə) və Cəfəri Təyyar bizdəndir, Həmzə Seyyidüş-şühəda və Peyğəmbərin qəlbinin meyvələri olan imam Həsən ilə imam Hüseyn bizdəndir.“
Sanki xalq özünə gəldi, qəlblər sinələrdə çırpınmağa başladı və bütün gözlər İmama (ə) zilləndi.
Demək bizə yalan demişdilər ki, bunlar hökumət əleyhinə qiyam edən xaricilərdir. Bunlar Allahın yer üzündəki ən yaxşı bəndələridir.
İmamın sonrakı cümlələri xalqı daha da ayıltdı. İmam (ə) belə buyurdu: “Mən Məkkə və Minanın övladıyam, mən zəmzəm və Səfanın övladıyam (yəni onlar bizə aiddir). Mən meraca getmiş bir şəxsin övladıyam, mən Allah peyğəmbərinin övladıyam, mən Əliyyi-Mürtəzanın, Fatimey Zəhranın övladıyam, mən Kərbəlada günahsız öldürülən Hüseynin övladıyam.“ Birdən hamı qəhərlənib, kişili-arvadlı ağlama başladı. Özünü mühasirədə hiss edən Yezid müəzzinə azan verməsini əmr etdi. Azan səsi yüksəldi “Allahu Əkbər!“ Həzrət (ə) buyurdu: “Ən böyük Allahdır.” Azanverən dedi: “Əşhədü ən la ilahə illəllah.” Həzrət (ə) belə buyurdu: “Ətim, dərim və sümüklərim də buna şahiddir.“ Müəzzin dedi: “Əşhədü ənnə Mühəmmədən Rəsulullah.” Həzrət (ə) buyurdu: “Ey azançı! Adını çəkdiyin Peyğəmbərə görə bir az səbr et, dayan!.“ Sonra Yezidə xitab edərək buyurdu: “Ey Yezid! Adını çəkdikləri bu Peyğəmbər mənim babamdır yoxsa sənin baban? Əgər “mənim babamdır” – desən, yalan deyibsən və əgər “sənin babandır” – desən, onda nə üçün Kərbəlada oğullarını öldürüb uşaqlarını əsir etdin?!”
Yezid cavab verə bilməyib xalqı aldatmaq üçün tez namaza qalxdı. İmam (ə) isə Şam əhalisindən bir qrupla birlikdə, etiraz nişanəsi olaraq, məscidi tərk etdi.
Bu sözlər və kəlamlar o qədər təsiredici idi ki, Yezid Peyğəmbərin Əhli-beytini etiramla Mədinəyə göndərmək məcburiyyətində qaldı. Bu etirazlar xalqın qəzəb və nifrətini Yezid və Əməvi dövlətinə qarşı artıraraq inqilab bayrağını dalğılandırdı. Artıq Mədinədə Yezid əleyhinə üsyan və qiyam başlanmışdı.
Yezid qiyamı qırğınla yatırtmaq istədi, amma artıq bunun heç bir faydası yox idi. Buna görə də Müslim ibn Əqəbə adlı murdar bir kişinin sərkərdəliyi altında Mədinəyə qoşun göndərdi. O da üç gün əsgərlərilə birlikdə xalqın evinə soxulub var-dövlətlərini talan edərək, təxminən on min nəfəri öldürdü. Lakin bunların heç biri fayda vermədi və ondan sonra Yezid xoş bir gün görmədi.
Nəhayət hicri 64-cü ildə Yezidin həyatının qara kitabı bağlanıb dünyadan getdi və oğlu ikinci Müaviyə onun yerində oturdu. Lakin qırx gündən sonra atasının cinayətləri və xanədanının abırsızlığına görə vəzifəsindən istefa verdi. İllərlə xəlifəlik məqamına göz tikən Abdullah ibn Zübeyr Məkkədə qiyam edib hakimiyyəti ələ keçirtdi. Şamda isə Mərvan qüdrətə çatdı. Hakimiyyət uğurunda mübarizə başlandı. İkisi də bir-birlərini aradan aparmaq üçün müharibəyə hazırlaşırdı Çox keçmədi ki, Mərvan öldü və oğlu Əbdülməlik onun yerində oturdu.
O, hakimiyyəti ələ keçirtdikdən sonra hicri 73-cü ildə Məkkəni mühasirə edib Abdullah ibn Zübeyri öldürdü.
Əbdülməlik xəsis və alçaq bir adam idi. Onda insanlıq və mərhəmətdən bir əsər yox idi. Belə ki, bir gün Müsəyyibə “yaxşı işlər xoşuma gəlmir” – deməsi tarixi bir həqiqətdir. Əbdülməlikin ən böyük cinayətlərindən biri də Həccacı Kufə və Bəsrəyə hakim təyin etməsidir. Həccac çox rəhimsiz və daşürəkli bir adam idi və qısa bir müddət ərzində həzrət Əlinin (ə) ardıcılarından təxminən yüz iyirmi min nəfəri öldürüb çoxlarını da zindana saldı.
Əbdülməlik həzrət Səccadı (ə) nəzarət altında saxlayır, o həzrəti tutdurmaq üçün bəhanə axtarırdı. Nəhayət onu tutdurub Şama gətirdi. Lakin xalqın etirazı nəticəsində Həzrəti (ə) Mədinəyə qaytarmaq məcburiyyətində qaldı.

İMAM SƏCCAD(ə)IN HİŞAMLA OLAN ƏHVALATI
Əbdülməlik illərlə davam etdirdiyi cinayətlərindən sonra öldü və oğlu Hişam atasının taxtında oturdu. O, həcc günlərinin birində Məkkəyə, özü demişkən, Allahın evini ziyarət etməyə gəlmişdi. Təvaf zamanı izdiham çox olduğuna görə təvaf edə bilmədiyindən məcbur qalıb bir küncdə oturdu. Birdən imam Səccad (ə) Hərəmə girdikdə, camaat o həzrəti salamlayaraq onun rahat təvaf etməsi üçün yol açdı.
Həzrət (ə) təvaf etdikdən sonra Həcərül-əsvədə tərəf getdi ki, ona əl sürtsün. Bu əhvalatı görən Hişam bərk narahat olub etinasızlıqla soruşdu: “Bu kişi kimdir? Onu tanımadım.”
Azad ruhlu şair Fərəzdəq tez Hişama tərəf dönüb dedi: ”Ey Hişam, onu tanımamağın çox təəccüblüdür. Əgər sən onu tanımırsansa, mən yaxşı tanıyıram. Qulaq as onu sənə təqdim edib tanıtdırım:
–Bu Məkkə diyarının və Allahın hərəminin tanıdığı bir şəxsdir.
Bu elə bir şəxsdir ki, İslam Peyğəmbəri onun babasıdır. Allah-taala həmişə onlara salam göndərir. Bu, Allahın bəndələrinin ən xeyirlisinin oğludur. Bu həmin məşhur pərhizkar insandır. Sənin “onu tanımıram” – deməyin, ona heç ziyan yetirməz. Əgər sən onu tanımasan da, bütün ərəb və əcəm onu tanıyır.”
Hişam Fərəzdəqin sözlərindən qəzəblənib onu zindana aparmalarını əmr etdi.
İmam Səccad (ə) zindanda ona hədiyyə göndərərək çəkdiyi zəhmətlərinə görə təşəkkür etdi. Nəhayət, onu zindandan azad etdirdi.

İMAM SƏCCAD (ə) VƏ SƏHİFEYİ-SƏCCADİYYƏ
İmam Səccad (ə) nəzarət altında olduğu üçün təbliğat vəzifəsini dua şəklində bəyan etmək məcburiyyətində qalmışdı. O həzrətin dualarının külliyatı “Səhifeyi-Səccadiyyə” adlı bir kitabda toplanmışdır. Bu kitab riyaziyyat, biologiya, astronomiya, əxlaq, siyasət və sairə elmləri ehtiva edir. Əslində isə bu kitab həqiqətləri, çətinlikləri və dərdləri ifadə edir. Biz nümunə olaraq həmin kitabdan bir neçə qısa və sadə cümlənin tərcüməsini sizlərə təqdim edirik:
1. “Ey Allah! Qəzəb və paxıllığın həddini aşmasından, səbrin azlığından və həyatda ifrata varmaqdan sənə pənah gətirirəm.”
“İlahi! Ömrüm Sənin bəndəliyində və Sənə itaət etməklə keçdiyi müddətdə məni diri saxla, şeytanın otağına çevrildikdə isə məni özünə tərəf apar və canımı al!”
2. “Ey övlad! Ata-anana hörmət göstər. Çünki atan olmasaydı, sən də yox idin. Səni bütün varlığı ilə qoruyan anana bax! O, səni qidalandıraraq ac qalmasından qorxmur; səni geyindirərək özünün paltarsız qalmasından qorxmur; səni kölgədə saxlayaraq özünün gün altında qalmasından çəkinmir. Sən onun zəhmətlərinin əvəzini verməyə qadir deyilsən. Bu işi yalnız Allah görə bilər.”
3. “Övladına yaxşı bax! Çünki yaxşı halda da, yaman halda da səndən aslıdır və sən ona tərbiyə vermək, doğru yol göstərmək üçün məsuliyyət daşıyırsan.”
4. “Bacı-qardaşlarınla mehriban ol! Çünki onlar sənin izzətin və qüdrətindir. Düşmən qarşısında onlara yardım et və həmişə onların xeyrini istə!”
5. “Müəlliminə hörmət bəslə və o olan yerdə ədəbli ol və onun sözlərinə yaxşı qulaq as!”
6. “Qonşuna ehtiram göstər və ona yardım et. Əgər onun bir eybini görsən, aşkar etmə, səhv etdikdə isə ona nəsihət ver!”
7. “Yoldaşınla insafla davran və o səni necə istəyirsə, sən də onu elə sev! Əgər günah etmək istəsə, ona mane ol. Onunla həmişə qəzəbli deyil, mərhəmətlə davran!”

İMAM SƏCCAD(ə)IN ŞƏHADƏTİ
Nəhayət o böyük İmam (ə) hicri 95-ci ilin məhərrəm ayının 25-də 57 yaşında ikən, bir çox narahatçılıqlardan və zəhmətlər çəkdikdən sonra Hişam ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhid oldu. Bəqi qəbrəstanlığında imam Həsənin (ə) yanında dəfn olundu. Bu gün mübarək və müqəddəs məzarı aşiqləri və yolunun ardıcıllarınin ziyarətgahına çevrilmişdir.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM SƏCCAD (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!