HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-1

:

 

Allah-Taalanın yer üzündə höccəti olan İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin və övladlarının şəhadət günləridir. Məhərrəm ayı müsibət və əza saxlamaq ayıdır. Biz də bu münasibətlə başda sahibimiz, İmam Zaman (əc) olmaqla siz əzizlərimizə baş sağlığı deyir və bu səbəbdən dolayı İmam Hüseynin (ə) vəfalı səhabələrinin tərcümeyi-halını sizlərə təqdim edirik:

Cənab Abdullah ibn Yəqtir
Şəhidlər sərvəri olan İmam Hüseynin(ə) öndərlik etdiyi  hərəkatın Kufə şəhidlərindən olan cənab Abdullah ibn Yəqtir əziz İslam Peyğəmbərinin (s) səhabəsi və İmam Hüseynin (ə) süd qardaşı idi. O, İmam Hüseynin (ə) təvəllüdünə üç gün qalmış dünyaya göz açmışdır. Abdullah ibn Yəqtirin atası əziz İslam Peyğəmbərinin (s) xidmətçisi olmuş və anası Əmirəl-möminin (ə) -ın evində İmam Hüseynin (ə) qulluqçusu olmuş və bununla da, Həzrətə (ə) süd vermək şərəfinə nail olmuşdur. Buna görə də, Abdullah ibn Yəqtir İmam Hüseynin (ə) süd qardaşı hesab olunur.
İmam Hüseyn (ə) Məkkəni tərk etdikdən sonra Abdullah ibn Yəqtiri Müslüm ibn Əqilin məktubunun cavabını özü ilə aparması üçün Kufəyə göndərir. Müslüm ibn Əqil Küfə camaatının o Həzrətin (ə) ətrafında toplaşmaq istədiklərini və Həzrətin (ə) gəlməsinə dair məktub göndərmişdi. Lakin İbn Ziyadın məmurlarından olan Husayn ibn Namirin Qadisiyə məntəqəsində Abdullah ibn Yəqtiri həbs edir.
Abdullah ibn Yəqtir həbs edildikdən sonra, İbn Ziyadın yanına gətirilir, İbn Ziyad onun səfərdəki missiyasını və hansı səbəblərdən dolayı vəzifələndirildiyini soruşur, lakin İbn Yəqtir onun suallarını cavablandırmır. İbn Ziyad İmam Hüseynin (ə) elçisindən bunları tələb edir: "Sarayın damına qalxıb insanların qarşısında yalançıya və yalançı oğluna lənət deyəcəksən və bunları edib aşağı endikdən sonra, sənin haqqında görəcəyim tədbir haqqında düşünüb, rəyimi bildirəcəyəm". Abdullah aşağıda dayanan insanlara səslənmək üçün sarayın damına qalxır və deyir: "Ey insanlar! Mən Allah Rəsulunun (s) qızı Fatimənin oğlu Hüseynin (ə) Kufəyə göndərdiyi elçisiyəm, sizi ona kömək etməyə və Mərcanənin oğlu Ubeydullaha qarşı mübarizəyə səsləyirəm".
Bu xəbər Ubeydullah İbn Ziyada çatdıqda, öz məmurlarına İbn Yəqtirin sarayın üstündən atılması əmrini verir, yerə düşüb sümükləri sınmış halda can verən Abdullah ibn Yəqtirin başını bədənindən Kufənin fəqihi və qazisi olan Əbdülmalik ibn Əmir Ləhmin ayırır. Oraya toplaşan insanların onun bu çirkin əməlini qınaq atəşinə tutduqlarını görüb, "Mən onu rahat etmək istədim" deyir.
Abdullah ibn Yəqtirin şəhadət xəbəri Müslim ibn Əqilə çatdıqda, İmam Hüseynə (ə) məktub ünvanlayaraq, Abdullah ibn Yəqtirin şəhadət xəbərini yazıb göndərir, ancaq məktub Kufədə baş verən müxtəlif hadisələrdən dolayı və Müslüm ibn Əqilin və Hani ibn Ürvənin şəhadətindən sonra Abdullah ibn Yəqtirin faciyəvi şəkildə şəhadətə çatması xəbəri İmam Hüseynə (ə) çatır. Həzrət çox narahat halda öz səhabələrinin önündə Müslim ibn Əqilin məktubunu oxuyaraq buyurur: "Müslüm ibn Əqilin, Hani ibn Ürvənin və Abdullah ibn Yəqtirin şəhadətləri ilə əlaqədar fəlakətli xəbər gəlib bizə çatdı. Əlbətdə ki, Küfə camaatı bir daha öz əhdlərinə vəfa etmədiklərini sübut etdilər və bizim nümayəndələrimizə kömək etmədilər". Sonra Həzrət (ə) üzünü səhabələrinə tutaraq buyurur: "Qayıtmaq niyyətində olanların boynunda heç bir haqqım yoxdur, hər kim öz evinə və ailəsinin yanına qayıtmaq istəsə, azaddır, gedə bilər".

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!