HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-2

:

Cənab Qeys ibn Musəhhər Seydavi
Qeys ibn Musəhhər Seydavi, İmam Hüseynin (ə) şiələrindən idi. O, əziz İslam Peyğəmbərinin (s) övladına kömək etmək üçün hər fürsəti layiqincə dəyərləndirməyə çalışırdı və nəticədə belə fürsətlərin birində haqq dərgahına qovuşur.

Tam adı "Qeys ibn Musəhhər Seydavi"-dir. O, Bəni Əsəd tayfasının bir qolu olan Bəni Seyda qəbiləsinə mənsub olan nəcib və cəsarətli bir şəxs və səmimi qəlblə çox sevdiyi Əhli-Beytin (ə) sadiq davamçılarından idi.
Qeys İmam Hüseyn (ə) hərəkatında Kufə camaatı tərəfindən göndərilən məktubu İmam Hüseynə (ə) çatdırmaq üçün seçilən elçi idi. Həmin məktubda İmam Hüseynin (ə) Kufəyə gəlməsini xahiş etmiş və onlarda Həzrətə beyət edəcəklərini bildirmişdilər. Qeysin həyatının ən şərəfli və parlaq məqamı o zaman yetişdi ki, İmam Hüseyn (ə) Bətnul Ər-Rəmə məntəqəsinin Hacər bölgəsində olarkən, Qeys ibn Musəhhər Seydavini Kufəyə məktubla göndərir. Həzrət (ə) yazdığı həmin məktubun mətnində bu sözləri buyurur:
"Bismillahir-rəhmanir-rəhim, Hüseyn ibn Əlidən mömin qardaşlarına və müsəlmanlara salam olsun, Allaha həmd və şükürlər olsun ki, ondan başqa bir ilah yoxdur, Müslüm ibn Əqilin göndərdiyi məktub gəlib mənə çatmışdır və orada qeyd olunduğu kimi sizin xoşməramlılığınız və cəmiyyətinizin bizə kömək etmək istəyi və bizim haqqımızı dəyərləndirib, tələb etməyiniz xəbəri verilmişdir.
Allah Taaladan işimizi asan və yaxşı etməsini diləyirəm və etdiyiniz yardım və köməklərinizdən dolayı, Allah-Taladan sizlərə öz əzəmətli dərgahından əcr və əvəz əta etməsini arzu edirəm. Çərşənbə axşamı Zil-Hiccə ayının səkkizi sizə tərəf yollanmışam, bu səbəbdən dolayı, göndərdiyim elçim sizin yanınıza yetişdiyi zaman işinizi layiqincə yerinə yetirməyiniz üçün səylə çalışın, Allahdan yaxın günlərdə sizin yanınıza gəlib çatmağımı ümid edirəm. Allahın salamı, bərəkəti və rəhməti sizin üzərinizə olsun".

Qeys ibn Musəhhər Qadisiyə bölgəsindən Kufəyə gedən yolda Übeydullah ibn Ziyad tərəfindən məntəqəyə müvəqqəti komandir təyin etdiyi və Kufə ordusunun yüksək rütbəli zabitlərindən olan Husayn ibn Nemirin qoşunu ilə rastlaşır və həbs olunur. Məktubun məxfi və orada şiələrin adlarının olmasından dolayı, Qeys məktubun onların əlinə keçməməsi üçün udaraq onu məhv edir.
Onu İbn Ziyadın yanına aparırlar, İbn Ziyad ondan soruşur ki, sən kimsən? Qeys ona belə cavab verir: "Mən Əmirəl-möminin Əli (ə) və oğlu İmam Hüseynin (ə) şiələrindənəm", İbn Ziyad ondan məktubu nə üçün məhv etdiyini soruşanda,o, deyir: "Çünki məktubun məzmunundan xəbərdar olmamağın üçün bu işi etdim". İbn Ziyad soruşur: Məktub kim tərəfindən idi və kimlərə ünvanlanmışdı? Qeys deyir: "Mövlam İmam Hüseyn ibn Əli (əleyhis-salam)-dan və adları bilinməyən bir qrup Küfəlilər üçün göndərilmişdi".
Ubeydullah əsəbi halda Qeysdən məktubda olanların adlarını deməsini və ya minbərə qalxıb Hüseynə (ə), atasına və qardaşına lənət deməsini tələb edir. Qeys: "Adları deməyəcəyəm, amma minbərə çıxacağam"-deyir, daha sonra minbərə qalxaraq Allah-taalaya həmd və sitayiş etdikdən sonra aləmlərin Rəbbinə şükr edərək deyir:
"Ey insanlar, mən İmam Hüseynin (ə) sizin yanınıza göndərdiyi elçisiyəm və o Həzrətin göndərdiyi məktubu gətirməklə vəzifələndirilmişdim. Bu məktub sizin dəvətinizin və kömək etmək istədiyinizi bildirən məktubun cavabı idi. Məni Bəni-Üməyyənin məmurları və başçıları həbs etdilər və Ubeydullah məndən Hüseyn ibn Əlini, atası və qardaşını lənətləməyimi tələb etdi. Ey insanlar, İmamınızın əmrinə tabe olun və Ubeydullah ibn Ziyadı lənətləyib mübarizəyə qalxın.
Bu zaman, Ubeydullahın orada olan məmurları onu saraya qaytarıb əlləri bağlı halda sarayın damından yerə ataraq şəhadətə çatdırırlar. Qeys ibn Musəhhərin müsibətli şəhadət xəbəri İmam Hüseynə (ə) yetişdiyi zaman Həzrətin mübarək gözlərindən yaş axaraq vəfalı elçisinin əzadarı olur.

 Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!