KOR ATA VƏ DİLAVƏR QIZ

:

KƏRBƏLA QADINLARININ MÜQAVİMƏTİNƏ QISA BİR BAXIŞ SİLSİLƏSİNDƏN
Əfifin oğlu Abdullah İmam Əlinin (ə) xalis şiələrindən idi. İmam Əli (ə) ilə birlikdə döyüşlərdə iştirak etmişdi və o Həzrətin (ə) ordusunun önündə gedənlərdən idi. Cəməl savaşında onun bir gözünə ox dəydi və o, gözünü itirdi.

Siffeyn döyüşündə bir gözü ilə iştirak etdi. Ancaq bu döyüşdə onun həmin gözünə də ox dəydi və iki gözü də kor oldu. Ondan sonra savaşlarda iştirak etməkdən məhrum olmuşdu, ancaq qəlbi kor deyildi və o, fikri, dili ilə İmam Əlinin (ə) xidmətində olar, Onu və Əhli-beyti (ə) müdafiə edərdi. Kərbəla hadisəsi baş verəndə o, İmam Hüseynə (ə) və Həzrətin (ə) əzizlərinə edilən bütün zülmləri eşitməkdən çox əziyyət çəkirdi. Dua, qarğış, ağlamaq və fəryad etməklə zalımlara nifrətini bildirirdi. Bir gün Kufənin qaniçən valisi İbn Ziyad öz xam xəyalı ilə qələbə bayramı münasibətilə məclis qurdu. Abdullah həmişəki kimi məscidin bir kənarında oturmuşdu. Fürsət axtarırdı ki, öz fəryadları ilə məclisi qarışdırsın. Birdən İbn Ziyadın söhbətə başladığını eşitdi. O, deyirdi: “Şükür olsun Allaha ki, yalançı oğlu yalançını, Hüseyni (ə) öldürdü.”
Məclisdəkilər məscidin küncündən ildırım kimi gurultulu fəryadın qalxdığını eşitdilər: “Ey haramzadə! Yalançı sən, sənin atan, səni və atanı camaatın boynuna mindirəndir! Ey pozğun qadının oğlu! Peyğəmbərin (s) pak və təmiz övladlarını öldürürsünüz, sonra pak müsəlman kimi danışırsınız.”
Onunla İbn Ziyad arasında mübahisə davam etdi. Axırda İbn Ziyad onun tutulmasının əmrini verdi və qışqırdı: “Onu qaçmağa qoymayın.”
Amma Əzud tayfası onu müdafiə etdi. Məclis bir-birinə dəydi. Abdullahı evə apardılar. Camaat dağılışandan sonra Abdullahın dilavər qızı atasına dedi: “Belə görürəm ki, İbn Ziyadın cəlladları bizim evimizə gələcəklər.”
Abdullah qızına dedi: “Qızım qorxma. Qılıncımı ver və düşmən qapını döyəndə mənə yol göstər.”
Cəlladlar daxil oldular. Abdullah qızının köməyi və yol göstərməsi ilə qılıncla onlara hücum etdi. Bu şirürəkli qız Səfiyyə fəryad çəkib qışqırdı: “Ey kaş, mən də kişi olaydım və səndən qabağa düşüb bu zalımlarla döyüşəydim.”
Hər tərəfdən Abdullaha hücum etdilər. Səfiyyə atasını hücum edilən tərəfdən xəbərdar etdi. Şücaətlik fəryadı çəkən Abdullah döyüşürdü. Axırda cəlladlar Abdullahı mühasirəyə alıb, İbn Ziyadın yanına apardılar. O, da söhbətdən sonra, Abdullahın edam əmrini verdi. Onun başını kəsib bədənini asdılar. O, şəhid olandan sonra Səfiyyə heç vaxt zülm qarşısında təslim olmadı. Qızı tutub zindana salsalar da, o, zindanda axıra kimi müqavimət göstərdi. Süleyman ibn Surədlə Yezidin ölüm xəbərindən sonra məhbuslarla birlikdə qiyam qaldıran zaman zindandan çıxdılar və əməvi hakimiyyətinə qarşı hərəkatı elan etdilər. (“Fərsanul-həyca”, 1-ci cild, səh. 245)
Kor Abdullahın və dilavər qızının qiyamı zahirdə məğlub oldu, ancaq onların hərəkatı, digər qiyamçıların hərəkatı ilə birlikdə Muxtarın qiyamının bünövrəsini qoydu və onların pak qanlarından lalə çiçəkləri yetişib, qaniçən İbn Ziyadın qüdrətini məhv etdi.

Kitabın adı: İslamda qəhrəman qadınlar
Mütərcimlər: V. Hüseynzadə və A. Eyvəzov

 

Tags: İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!