ATANIN ZİNƏTİ - 3

:

ACI XƏBƏR 
Hüseyn (ə) karvanı Məkkədən İraqa tərəf hərəkətdədir. Aram-aram Məkkədən uzaqlaşıb İraqa yaxınlaşır. Yol boyu müxtəlif hadisələr baş verir. İmam bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa çağırır.

Züheyr ibn Qeyn kimi bəziləri vəfalı və mömin həyat yoldaşının təşviqi ilə İmamın dəvətinə ləbbeyk deyir. Bəziləri isə əsassız dəlillərlə əbədi səadətdən məhrum qalırdılar.
Karvan əhli gecə vaxtı Sələbiyyə adlı bir yerə çatdılar. Yoldan təzə yetişmiş və mühüm xəbərləri olan iki Əhli-beyt dostu İmamın görüşünə tələsirlər.
Onlar:" Bu xəbəri aşkar, hamının yanında deyək, ya məxfi və xüsusi"? 
Həzrət o iki nəfərə və öz dostlarına baxıb buyurdu: "Mən dostlarımdan bir şey gizlətmirəm. Bizim aramızda sirr yoxdur". 
"Bizə doğru və mötəbər bir xəbər çatıb ki, Müslüm və Hanini Kufədə qətlə yetirib, bədənlərini bazarda yerlə sürüyüblər". 
Həzrət bu xəbəri eşidən kimi neçə dəfə buyurdu: “İnna lilla və inna iləyhi raciun. Allah onlara rəhmət etsin.” Sonra ağlayıb özləri və işləri üçün dua etdi. Daha sonra isə buyurdu: “Hər kəs istəsə bizdən ayrılsın. Azaddır və heç bir məsuliyyəti də yoxdur.” Bu sözdən sonra bir dəstə Həzrətin dövrəsindən dağıldı və İmam Məkkədən onunla gələn bir dəstənin arasında qaldı. Bu İmam Hüseyn (ə)-ın Kərbəlaya hərəkəti yolunda onun dostlarından alınan ilk imtahan idi ki, iman və sədaqətlə Həzrətlə yoldaşlıq edənlər dünya tamahı, məqam və rəyasət istəyi ilə ona qoşulanlardan ayrıldılar.

KƏRBƏLAYA GİRİŞ
İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.
İmam bu yerə girən kimi onun adını soruşdu. Cavab verib buranın Kərbəla olduğunu söylədilər. İmam Kərbəla sözünü eşidib ağladı və dua etdi: “İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram.” Sonra buyurdu: “Enin. Bura xeymə mənzillərimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub.”
Rahat olun mənziliniz Kərbəla,
Hər qarışı könlünüzə aşına.
Zeynəb Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə o səbəbdən də, İmamın şəhadətinə qədər ondan bir an da ayrılmır.

YEZİDLƏ BEYƏT? HEÇ ZAMAN!
Məhərrəm ayının 2-i  Aşura karvanının Kərbəlaya daxil olduğu gün Əməvi hökuməti İmam Hüseyn (ə)-la qarşılaşmaq üçün oraya yaxşı təchiz olunmuş və çoxlu sayda hərbi qüvvə ezam etdi.
İmamdan istədikləri bircə kəlmə idi. Yezidlə beyət! Elə İmamın indiyəcən nəinki qəbul etmədiyi və heç zehnindən belə keçirmədiyi də həmin məsələ idi.
Hər iki tərəfin tələb və istəkləri barəsində çoxlu müzakirələr aparılmasına baxmayaraq, İmamın qəti mövqeyi əvvəldən bəlli idi.
Zeynəbi-Kubra (s) bütün bu səhnələrdə qardaşının yanında olub onun ilahi qərarları qarşısında itaət və təslimçilikdən başqa bir şey düşünmürdü. Tarix sübut edir ki, onun İmamın istəyindən ayrı bir istəyi olmamışdır. Elə ona görə də, heç vaxt və heç yerdə narazılıq, peşmanlıq bildirmədi. Allah eşqi ilə, İmamla birgə Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gələn bir bacıdan elə gözləmək olar ki, hər yerdə İmamının istəyinə təslim olub, başqa bir istəkdən vaz keçsin.

DÜŞMƏN QARŞISINDA MÜQAVİMƏT
İmam Hüseyn (ə)-ın və dostlarının bu meydanda şücaət və müqavimətləri düşmənin öz gücünü artırmasına və nəhayət, ayın 7-də su yollarını bağlamasına səbəb oldu. Bir neçə dəfə Imam dostları su gətirsələr də şücaət və şəhadət günü olan Aşuraya qədər bu vəziyyət davam etdi. Suyun olmaması üç gün Kərbəlanın isti və quru çölündə Hüseyn (ə)-ın xeymələri qarşısında əsas problemlərdən biri olmuşdur.
Bu fəsildə bütün çətinliklərə baxmayaraq İmamın əhli-əyalının, uşaqların və xeymələrin idarəsini öhdəsinə götürmüş Həzrət Zeynəb (s) bu məsələnin həllində tədbir və isar ilə uşaqları sakitləşdirmək üçün çalışmalı və düşmənin bu alçaqlığı qarşısında zəiflik və zillət büruzə verməməli idi.

TASUA GÜNÜ
Tasua 9-cu gün deməkdir. Şiə lüğətində Məhərrəm ayının doqquzuna Tasua deyilir. Tasua, İmam Sadiq (ə)-ın sözünə əsasən, imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür. Əhli-beyt (ə) düşərgəsinin mühasirəyə düşməsi ilə vəziyyət daha da ağırlaşdı, hər növ kömək və qüvvə çatdırılması qeyri-mümkün oldu.
Kufə şəhərindən, Ubeydullah ibn Ziyaddan Ömər Sədə rəsmi bir məktub çatdı. Məktub tezliklə qiyamçılara təzyiq göstərmək əmrindən ibarət idi. Bu məktubun ardınca Tasua günü, günortadan sonra Ömər Səd rəsmən hücum fərmanı verdi. Bu zaman İmam xeyməsinin qabağında qılınc əlində, başını qollarına qoyub yuxuya getmişdi.
Düşmənin hərəkətini görüb, səslərini eşidən Zeynəb qardaşının yanına gəlir: “Qardaş, düşmən ordusunun səsini eşitmirsən? Onlar artıq yaxınlaşıblar.” İmam Hüseyn (ə) başını qaldırıb deyir: “İndicə Peyğəmbəri yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.”
Zeynəb bunu eşitcək ağlamağa başladı, İmam isə buyurdu:  “Sakit ol bacı, Allah sənə rəhm etsin.”
Bu zaman İmam üzünü bayraqdarı və qəhrəman əsgəri Abbasa tərəf tutub buyurdu: “Canım sənə qurban, düşmənlə görüş, gör nə istəyirlər.”
Abbas, Züheyr və Həbib ibn Məzahir olmaqla iyirmi nəfərdən ibarət dəstəylə düşmənin yanına gəldi. Onların vuruşmaq niyyətində olduqlarını bildikdən sonra qardaşının yanına qayıdıb əhvalatı danışdı. İmam buyurdu: Onlara deyin bu gecəni möhlət versinlər ki, namaz, dua və tövbə ilə məşğul olaq. Allah şahiddir ki, mən namaz və Quranı, dua və tövbəni çox sevirəm.
Beləliklə, Aşura gecəsini düşməndən möhlət alıb, dua, namaz və zikr ilə özlərini məbud və məşuqlarının görüşlərinə hazırlayırdılar.

SÜBH AÇILIR
İmam və səhabələr sübhü camaat namazı və Allah dərgahına dua və münacatla başlayırlar. Bu namaz çoxları üçün son namaz olacaqdır: Eşq və vida namazı. Camaat namazı sona çatdı. İmam namaz qılanlara üz tutub, Allaha həmd-səna edərək buyurdu: “Allah mənim və sizin ölümünüzü bu gün üçün imza etmişdir.”

ZEYNƏB AŞURA HADİSƏLƏRİNDƏ
Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn(ə) bacısının qəlbini ağrıdan və belini sındıran da məhz bu səhnələr idi.
İmamın səhabələri şəhadətə çatmayınca Əhli-beytdən (ə) heç kimi meydana buraxmadılar. Bütün səhabələr şəhid olandan sonra Əhli-beytdən (ə) meydana gedən ilk döyüşçü İmam Hüseyn (ə)-ın böyük oğlu Əliəkbər idi.
Beləliklə, Zeynəb çox sevdiyi bir əzizini əldən verir və bununla da onun dağlı sinəsinə daha böyük dərd əlavə olunur. Bundan az və yüngül müsibət hər bir insanı təslim etməkdə kifayət idi. Lakin Zeynəb üçün bütün bunlara dözməyi asanlaşdıran, onun İslama və zəmanənin imamına təəssübü idi. O, yalnız ilahi vəzifəsini düşünür, Allahın məsləhəti və İmamının fərmanına tabe olurdu. Elə bütün bunlar Zeynəbə səb-r, dözüm və arxayınlıq bəxş edir, pak əqidəsi, xalis imanı və mənəvi qüdrəti, sonacan onu möhkəm və dözümlü saxlayırdı.

ZEYNƏB ÖVLADLARINDAN ŞƏHİD
Məlum olduğu kimi, Zeynəbi-Kubranın əri Abdullah ibn Cəfər İmam Hüseyn (ə) Məkkədən çıxarkən, o Həzrətə bir məktub yazıb, oğulları Məhəmməd və Ovnu məktubla birgə İmamın yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq məlumat olmasa da, qəti surətdə məlumdur ki, Ovn, Abdullahın Həzrət Zeynəbdən olmuş oğludur.
Aşura günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı şəhadətə yetişir.
Zeynəb kimi insandan bu müsibətin qarşısında da yalnız səbr gözləmək lazımdır. Övlad şəhadəti, onun üçün Seyyidüş-Şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. çünki, Zeynəbin nəyi olsa da, o, özünü Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə etiqadlı idi. Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və övladlarından da üstün tutulmalıdır.

ƏHLİ-BEYTLƏ VİDA
İmam Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O, ən yaxşı və vəfalı insanlardan ibarət olan Əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı gedir. Əhli-beytin ən əziz və ən istəkliləri olan Hüseyndən (ə) ayrılmaq onlar üçün necə də ağırdır! Çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.
Bu ayrılığın İmam (ə)-a Əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək olmaz. Lakin bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: “Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey ÜmmÜ Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!” İmamın istəkli qızı Səkinə qışqırır. Ey ata! Ölümə gedirsən? İmam buyurdu: Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?
Sonra Əhli-beyt qadınları şivən edir və İmam (ə) onları sakitləşdirir.

İMAM HÜSEYN(ə)IN ŞƏHADƏTİ
İmam Hüseyn (ə) qaynar Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən düşmən ordusunun qarşısında dayandı. Düşmən hamılıqla Həzrətə tərəf üz tutdu. Vuruş şiddətləndi və Həzrətin susuzluğu çoxaldı.
İmam ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra isə mübarizə mərkəzinə qayıtdı.
Əbul-Hətuf Cofi mübarək alnına bir ox vurdu. Həzrət onu çıxartdı, qan üzünə axdı və dedi: “Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən mənə yetişən bu halıma agahsan. İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə! Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama"! 
Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət o qədər zəifləmişdi ki, aram olmaq üçün dayandı. Amma bir kişi alnına daş vurdu, qan üzünə axdı. öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə başqa bir kişi üçguşəli oxla mübarək qəlbini hədəf tutdu.
Peyğəmbər övladı əl atıb belindən oxu çıxartdı. Qan havadan axan su kimi axırdı. Həzrət, əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib buyurdu: “Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və qorxusuzdur”.
Zürət ibn Şərik o Həzrətin sol çiyninə zərbə endirdi. Həsin Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibn Ənəs nizə ilə əvvəlcə sinəsinin üstünə, sonra isə boğazına bir ox batırdı. Saleh ibn Vəhəb də böyründən oxladı.
O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət Rəbbin dərgahına duada ərz edirdi: “Sənin təqdiratın və fərmanın qarşısında səbr edib dözürəm, İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!

Tərcümə edən: V. Hüseynzadə və M. Sayil

 

DÖRDÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: İMAM HÜSEYN (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!