ÖLÜMƏ QƏDƏR VƏ SONRA MÖVCUD OLAN HƏYAT MƏRHƏLƏLƏRİ

:

İnsan həyatını bir neçə mərhələyə bölmək olar.

Birinci mərhələ: “Zərr aləmi”dir. Hədislər bu aləmi bizə belə izah edir: “Bu aləm insanların ruhlarının yaşadığı aləmdir. İnsanların ruhları orada bir-birini görür. İnsanların ruhları sonra gəlib cisimlərlə tərkib tapır və insan bir mövcud halında, Allahın yaratdığı məxluq kimi dünyada yaşayır.

İkinci mərhələ: Ananın bətnidir. İnsanlar bir müddət orada yaşadıqdan sonra üçüncü aləmə daxil olurlar.

Üçüncü mərhələ: Dünyadır. İndi biz bu aləmdə yaşayırıq. Şübhəsiz ki, bu aləmdən də köçüb başqa aləmə səfər edəcəyik. Hər bir insan qarşıda müxtəlif mərhələdən keçəcək. Onu gələcəkdə çox çətin vəziyyətlər gözləyir. O hadisələri görməyə, o halları keçirməyə, o mərhələlərə daxil olmağa insan özünü hazır etməlidir. Bunlara hazır olanlar böyük nailiyyətlərə çatacaq. Hazır olmayanlara isə həyatda çox böyük zərbələr dəyəcək. Bizim, gələcəkdə üzləşdiyiz aləmlər, yeddi əsas mərhələdən ibarətdir. Bunlar ölüm, qəbir, nüşur, mizan, hesab və kitabdan ibarətdir.

BİRİNCİ: ÖLÜM

İnsan istədi-istəmədi və gözləmədiyi halda onu haqlayan mərhələ ölüm mərhələsidir. Bu barədə “Ənkəbut” surəsinin 56-cı ayəsində buyurulur: “Bütün insanlar ölümü dadacaq, sonra isə bizə tərəf qayıdacaqlar.”

“Nisa” surəsinin 78-ci ayədə buyurulur: “Harada olsanız, ölüm sizi haqlayacaq. Baxmayaraq ki, möhkəm və alınmaz qalalarda yaşayasınız.”

“Ali-İmran” surəsinin 145-ci ayədə buyrulur: “Heç bir insan Allahın icazəsi olmadan ölə bilməz. İnsanların yaşaması üçün müəyyən vaxt təyin olunub ki, o təyin olunan vaxta qədər onlar dünyada qalacaqlar”.

Digər ayədə buyurulur: “Cihadda iştirak etməyən münafiqlər müharibədə şəhid olanları (məzəmmət) edərək “biz onlara dedik getməyin. Onlar isə bizim sözümüzə baxmayıb gedib müharibədə iştirak edərək öldürüldülər”- deyirdilər. Ya Peyğəmbər! onlara de ki, siz düz deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın. Siz ölümdən qaça bilməyəcəksiniz. Ölüm sizi tapacaq”.

“Cümə” surəsi, 10-cu ayə: “Siz qaçıb, uzaqlaşdığınız ölümlə nəhayət ki, görüşəksiniz. Sonra isə Allaha tərəf qayıdacaq və etdiyiniz əməlləri sizə xəbər verəcəklər”.

Əli (ə) buyurur: “Siz ölənlərin nələr gördüklərini görsəydiniz qorxudan özünüzü yığışdırıb haqqı dinləyib itaət edərdiniz. Amma heyflər olsun ki, onların gördükləri sizlərə qaranlıqdır. Lakin yaxın gələcəkdə bu pərdə sizin gözünüzdən götürüləcəkdir.”

İslam Peyğəmbəri (s) buyurur: “Əgər heyvanlar sizin ölüm haqda bildiyinizi bilsəydilər istifadə etmək üçün onlardan yağ əldə edə bilməzdiniz.” Bir gün olacaq ki, günəş çıxdığı yerindən batacaq. Bu gün insanların qarşısında olan ən çətin anlarından və keçəcəyi ən ağır mərhələlərindən biridir.

İKİNCİ: QƏBİR VƏ BƏRZƏX

İnsan öldükdən sonra qoyulduğu yer qəbir, öləndən sonra yaşadığı həyat isə bərzəxdir.

“Muminun” surəsinin 100-cü ayəsində buyurulur : “Onlar qarşıda Qiyamətə qədər bir müddət Bərzəx aləmində yaşayacaqlar”.

Peyğəmbər (s) buyurur: “Axirətdə olan mənzillərin əvvəlincisi qəbirdir. Orada nicat tapanlar üçün sonrakı mənzillər rahat olacaq.”

Buyurulur ki, ruh bədəndən ayrılanda insana üç nida gəlir: "Ey adəm övlad, hanı o güclü bədənin? İndi gör necə zəifləmisən. Hanı o yalan danışan dilin? İndi gör necə susmusan. Hanı o yoldaşların ki, səni bu vəhşətin içində tək qoyublar?" 

Kəfənə bürünərkən yenə üç xitab gələr: "Ey adəm övladı, çox uzaq səfərə gedirsən, amma özünlə heç nə aparmırsan. Öz evindən çıxırsan. Həmişə evdən çıxarkən yenə qayıdardın. Amma bu dəfə bir daha qayıtmayacaqsan. İndi qorxulu və qaranlıq bir evə gedirsən". 

Tabutun içinə qoyub apararkən də üç xitab yetişər: "Ey adəm övladı, əgər yaxşı əməllərin çoxdursa, onda xoş halına". 

Meyit namazı qılınmağa başlanarkən deyirlər:" Ey Adəm övladı, indi elə bir vaxtdır ki, bütün əməllərini görəcəksən".

İnsanı qəbrə qoyanda da üç xitab gələr:" Ey adəm övladı, yer üzündə gəzərkən gülə-gülə gəzirdin, yerin altına daxil olarkən bəs niyə ağlayırsan? Yer üzərində çox şad gəzirdin, indi qəmginsən. Yer üzündə danışa-danışa gəzirdin, söhbət edirdin, indi isə sakit olmusan". 

Onu dəfn etdikdən sonra hamı dağılışıb gedər. Allah özü ona belə xitab edər: "Ey Mənim bəndəm! Gördün ki, hamı getdi və indi burada tək qaldın. Səni bu qaranlıq torpağın içində qoyub getdilər. Onlara görə (onların ucbatından) Mənə günah edirdin? Onlara görə yalan danışırdın? Günah qalmırdı, haram qalmırdı, qarışdırırdın bir-birinə. Mən bu gün sənə rəhm edəcəyəm, elə bir rəhm edəcəyəm ki, bütün insanlar təəccüb edəcək. Ana balasını nə qədər sevirsə, ondan da çoxdur mənim sənə olan məhəbbətim. Sən mənə günah edirdin onlara görə. Amma, mən səni bağışlayıram, səni istəyirəm, səni sevirəm". 

Həzrət Əli (ə) qəbristanlığa daxil olur. Hamı görur ki, Əli (ə) ölülərlə danışır. 

Ravi deyir ki, gördüm Əli (ə) səsləndi: 

-Ey mömin kişi və qadınlar, salam olsun sizə. Cavab gəldi: 

-Əleykəssəlam ya Əmirəl-Möminin! 

Həzrət buyurdu ki, əvvəl mən sizə öz xəbərlərimdən danışım, yoxsa siz mənə orada olan xəbələrdən danışırsınız? 

Cavab gəldi ki, ya Əmirəl-Möminin, sən öz xəbərlərindən danış. 

Əli (ə) buyurdu: 

-Həyat yoldaşlarınız sizdən sonra ailə həyatı qurdular. Mallarınızı vərəsələrə payladılar, böldülər, yedilər. Övladlarınız isə yetimlər sırasına qoşuldular. Düşmənləriniz də gəlib evlərinizdə oturdular. Bu bizim xəbərlər idi. İndi də siz öz xəbərlərinizi deyin! 

Biri cavabında Həzrətə dedi: 

-Ya Əmirəl-möminin, burada bizə bükülən kəfənlər parçalandı; dərilərimiz parçalandı, çürüdü; gözlərimizin bəbəyi üzümüzdən axıb torpağa töküldü; beynimiz çirk olub ağzımızdan, burnumuzdan, qulaqlarımızdan töküldü. Amma bura nə göndərmişdiksə, gəlib gördük ki, hamısını saxlayıblar. Namazlarımız, oruclarımız, ibadətlərimiz, Quranımız, təqvamız, yaxşı və pis olan bütün əməllərimizi saxlayıblar. Onların hamısını gəlib gördük. Günahlarımızı görüb başa düşdük ki, ziyan etmişik. Biz əməllərimizdən asılıyıq. İndi Allahın rəhmətindən başqa heç nəyə ümüdümüz yoxdur.

ÜÇÜNCÜ: NƏŞR (DİRİLMƏK)

Yəni dünyanın axırında Allahın əmri ilə iki dəfə sur çalınacaq. Buna Suri-İsrafil deyilir.

1-ci dəfə çalınanda bütün dirilər öləcək.

2-ci dəfə çalındıqda isə hamı diriləcək və Qiyamət başlayacaq.

Bu hadisəni Quran “Zumər” surəsinin 68-ci ayəsində belə buyurur: “Sur çalınarkən yerdə və göydə olan bütün canlılar Allahın izni ilə öləcək. İkinci dəfə sur çalındıqda isə onlara dirilmək haqqında nida gələcək və onlar hamısı dirilib hesabın çəkilməsini gözləyəcəklər “.

“Yasin” surəsinin 51-ci ayəsində buyrulur: “İkinci dəfə sur çalındıqda bütün insanlar qəbirdən durub dəstə-dəstə Allaha tərəf-məhşər səhnəsinə gedib orada hazır olacaqlar. Çəyirtkələr səpələndikləri kimi, onlar da pərakəndə düşəcəklər. Sonra isə gedib hesabat verəcəklər.”

“Əbəsə” surəsinin 33-cü ayəsindən 42-ci ayəsinə kimi olan fasilədə buyurulur: “Sur çalındığı gün elə bir gün olacaq ki, qardaş-qardaşını tanımayacaq. Bala atadan və anadan ayrılacaq. İnsan öz yoldaşından ayrılacaq, ata, ana, öz balasını atıb, qaçacaq. Hərə öz hayında olacaq. Bəzi üzlər şad olacaq, güləcək. Bəzi üzlər isə qəm-qüssədə qalacaq. Onlar fasid və kafir insanlardır.”

“Həcc” surəsinin 1-ci və 2-ci ayələrində buyurulur: “Ey insanlar, Allahdan qorxun. Qiyamət gününün zəlzələsi çox böyükdür. Bilirsiniz anaya balası nə qədər əzizdir? Qucağına alıb boyunu oxşaya-oxşaya, başını sığallayaraq ona süd verir. Dünyanın bütün cah-cəlalını ona versən də balasının bir barmağını belə verməz. Ana üçün övladdan şirin heç nə yoxdur. Öz canının şirəsini balasına yedirir. Qiyamət günü elə bir gündür ki, hətta həmin analar belə öz körpələrini atıb qaçacaq, öz haylarında olacaqlar. Əgər bir qadın hamilə olsa, uşağını salıb öz işinin dalınca qaçacaq. Bütün insanları gic, məst halında görəcəksiniz. Onlar məst deyillər bəlkə Allahın əzabı şiddətlidir.”

“Müzzəmmil” surəsinin 17-ci ayəsində buyurulur: “Qiyamət elə bir gündür ki, Qiyamətin səhnəsini gördükdə uşaqlar qocalacaqlar, qəm-qüssədən və qorxudan başları ağaracaq”.

Əli (ə) özünün “Nəhcül-Bəlağə” kitabının 156-cı xütbəsində buyurur: “Ey Allahın bəndələri, əməllərin üstünün bir-bir açılıb məhkəmə başlanacağı o gündən qorxun. Onda iztirab çoxalacaq. Fikirdən uşaqlar qocalacaq.” Məhşər belə gündür.

DÖRDÜNCÜ: SİRAT KÖRPÜSÜ

Öləndən sonra insanın keçəcəyi dördüncü mərhələ siratdır.

İslam Peyğəmbəri (s) belə buyurur: “Cəhənnəmin üstündə tükdən nazik, qılıncdan iti bir körpü var. Bütün insanlar oradan keçməlidir.”

Quranda da “Möminun” surəsinin 73-cü ayəsində buna işarə edilərək buyurulur: “Ya Peyğəmbər, sənin borcun və üzərində olan ağır vəzifə insanların hamısını düzgün yola hidayət etməkdir. Amma axirətin olacağına, öldükdən sonra diriləcəklərinə və Qiyamət səhnəsində hazır olacaqlarına iman gətirməyən və inanmayanlar Siratı düzgün gedib başa çatmayacaqlar”.

İmam Sadiq (ə) buyurur: “Sizin haqqında eşitdiyiniz Sirat iki cürdür: Biri budur ki, insan o yolla gedib Allahı tapır və ona inanır; İkinci Sirat axirətdədir. 

Bəs insanların dünyadakı tapmalı olacaqları Sirat hansıdır? 

O Sirat Allahın təyin etdiyi imamdır. İnsanlar onun vasitəsi ilə hidayət olunarlar. Onlara tərəf gedib, onlara itaət edən adam Qiyamət günü Siratın üstündən keçib gedəcək.

BEŞİNCİ: HESAB

Qiyamətdə məhkəmə qurulacaq. İnsanın etdiyi bütün əməlləri haqqında sorğu-sual ediləcək. Sorğudan sonra hesab-kitab bağlanacaq.

“Ənbiya” surəsinin 47-ci ayəsində buyurulur: “Qiyamət günü biz ədalət tərəzisini insanın qarşısına qoyacağıq. Heç bir insana zülm olunmayacaq. Zərrə qədər yaxşı və ya pis əməli olandan da hesab soruşulacaq. Mühasiblər insanların əməl dəftərini gətirib onlardan hesab alacaqlar.”

Həzrət bu ayələrin təfsirində buyurur: “Sizin burada yaşağıdınız günlər əməl günüdür və sizdən hesab götürən yoxdur. Hara gedirsən, nə danışırsan, hara baxırsan, nə yazırsan və nə yeyirsənsə, azadsan. Amma Qiyamət günü əməl yoxdur, ancaq hesabdır.”

ALTINCI: MİZAN

İnsanın bütün əməllərini o tərəzidə hesablayacaqlar.

“Əraf” surəsinin 8-9-cu ayələrində buyurulur: “Qiyamət günü çəki haqqdır. Əməllər çəkiləcək və ölçüləcək. Əməlləri ağır gələn insanlar nicat tapacaqlar. Tərəzidə əməlləri yüngül gələn adamlar ziyan görəcəklər; Çünki onlar öz nəfslərinə qarşı ziyan etməklə yanaşı bizim ayələrimizə zülm etdilər (etinasızlıq göstərdilər).” (Quran) ayələrini eşitdikləri halda inanmadılar və əməl etmədilər. Onlar peşiman olacaq və deyəcəklər: İlahi, biz başa düşmədik, bizi qaytar gedib (dünyada) yaxşı əməllər edək. Biz onlara deyəcəyik ki, lal olun və danışmayın. Biz sizə peyğəmbərlər göndərdik, kitablar göndərdik və Quranı göndərdik, amma siz qulaq asmadınız. Buna görə də sizin istəyiniz heç vaxt qəbul olmayacaq”. 

Hədisdə Peyğəmbər (s) buyurur: “Allah Qiyamət günü Adəm peyğəmbəri (s) çağırıb deyəcək ki, bunların hamısının atası sənsən. Gəl tərəzinin yanında dur və balalarının əməllərinə tərəzidə diqqətlə bax! Əgər onların yaxşı əməlləri zərrə qədər də olsa pis əməllərindən ağır gəlsə, onlar Cənnətə gedəcəklər. Ya Adəm, sonra demə ki, burada zülmə yol verildi”.

“O insanlar” dedilər ki, Salman, filan heyvanın quyruğu sənin saqqalından üstündür. Salman cavabında dedi: Əgər keçə bilməsəm, sən deyəndir. İtin quyruğu bundan üstündür (Qeyd: Əgər bu saqqal məni siratın körpüsündən keçirməsə, sən deyəndir).

Quran buyurur: Üç qrup insana tərəzi qurulmayacaq:

1. Müşrik və Kafir olanlara.

Onları hesabsız, kitabsız və tərəzisiz odun içinə atacaqlar.

“Kəhf” surəsi, 105-ci ayə: “Müşrik və kafir olanlar üçün mizan (tərəzi) qoymayacağıq”.

2. Şəhidlərə.

Allah yolunda dünyada şəhadətə çatmış insanlara tərəzi və hesab olmayacaq. Onlar behiştə azad şəkildə gəlib keçəcəklər.

3. Müsbət mənada iki xüsusiyyətə malik olan insanlara:

Xəlvətdə da olsalar günah etməyən və dünyada halal ruziləri az da olsa ona qane olanlar. Onlar da azad şəkildə gəlib keçəcəklər.

YEDDİNCİ: KİTAB

Yeddinci mərhələdə insanların hamısına 3 cür kitab verəcəklər. Kitab haqqında iki fikir mövcuddur:

1.İnsanın dünyada hansı əməli olarsa, orada qeyd edərlər. Buna kitab deyilir.

“İnfitar” surəsi 12-ci ayə: “Allah sizə gözətçi qoyub. Sənin yanında çox hörmətli yazıçı var. Hər nə etsəniz onlar bilir və yazırlar.

“Qaf” surəsi 18-ci ayə buyurur: “Sənin sağında və solunda gözətçi olanların ikisi də etdiklərinin hamısını yazırlar. Hər bir insan hər nə iş görür və hər nə danışırsa, bilməlidir. Sözə qədər hər şey onların qələmindən keçir və qeyd edilir.

“Yasin” surəsi 12-ci ayə: “Ölüləri biz dirildəcəyik və onların hamısının əməllərini biz yazırıq. Hansı əməlləri özləri edib və hansı əməlləri onlara göndərirlərsə onları da yazırıq”.

“Casiyə” surəsi buyurur: “Sizin əməllərinizin hamısını çəkirlər və yazırlar. Qiyamət günü insanlara öz əməllərini göstərəcəklər. Bütün bunları yazdıqdan sonra onu bir kitab halına gətirirlər”. 

Bu kitab üç cürdür: Quranın buyuruğuna əsasən onlardan biri budur ki, insanın öz fərdi əməllərini yazırlar. Qiyamət günü hər bir insanın əməl kitabını öz əlinə verəcəklər.

“Əlhaqqə” surəsi buyurur: “Qiyamət günü kitabları sağ əlinə verilənlər şad olaraq hamını çağıracaq və deyəcəklər ki, gəlin mənim kitabıma baxın. Görün nə gözəl kitabım var. Mən dünyada bilirdim ki, mənim əməllərimi yazırlar. Ona görə də düzgün əməllər etdim. Bu insanlar rahat və Allahın Cənnətində olacaqlar. Kitabları sol əllərinə verilənlər isə deyəcəklər: Vay olsun mənə, kaş bu kitabı mənə verməyəydilər, kaş hesabımı bilməyəydim”. 

İkinci kitabı bütün ümmətlərə verəcəklər. Bu kitablar bütün peyğəmbərlərin ümmətlərinə ayrı-ayrılıqda hazırlanmışdır. O kitabı da açıb hər bir ümmət öz əməllərinə baxacaqlar.

“Casiyə” surəsi 29-cu ayədə buyurulur: “Ya peyğəmbər, bütün ümmətlərin hamısını diz üstə çökən görəcəksiniz. Hər bir ümmət öz kitabına tərəf dəvət olunacaq. Kim nə iş görübsə hamısını ona deyəcəklər”. 

Bu bizim kitabımızdır və sizə haqq danışır. Bu kitabda səhv yoxdur.

Üçüncü kitabda bütün insanların əməlləri qısa surətdə bir xətdə yazılır. Hamı öz əməllərini bu kitabda görəcək. Hamı bir-birinin əməllərindən xəbərdar olacaq.

Quran buyurur: “Allahın nuru ilə o yer işıqlı olacaq. Bütün insanların hamısının əməllərini yazılmış bir kitab təşkil edəcəklər. Peyğəmbəri (s) şahid gətirəcəklər. O zaman insanlar arasında qəzavət olunacaq və hökm veriləcək. Heç bir insana zülm olunmayacaq”.(“Zumər” surəsi, 68-ci ayə)

O kitabı gördükdə insanlar deyəcəklər: “Vay olsun bizə, bu necə kitabdır ki, kiçikdən-böyüyə qədər bütün əməllərimizin hamısını yazıb burada saxlayıblar”. Qiyamət günü ən böyük əzab insanların bir-birlərinin yanında çəkdikləri xəcalətdir. İnsanların əksəriyyətini dünyada həvayi-nəfs bədbəxt edir.

Mərhum Əllamə Təbatəbaidən soruşurlar: Ağa, irfanın neçə mənzili var? Ağa cavab verir ki, iki mənzili var: Bir ayağını qoy həvayi-nəfsin üzərinə, digərini də yarın məhzərinə. Əsas insanın Allaha itaət etməsidir. 

Rəcəbəli Xəyyat (xəyyat “dərzi” deməkdir. Bu insan dərzi olmasına baxmayaraq böyük arif və övliyalardan biri idi.) Ayətulla üzma Milaninin yanına gedib öz əhvalatını ona danışır. Deyir ki, mən cavan oğlan idim. Günlərin bir günü mən tələyə düşdüm. Belə ki, gördüm bir qız məni aldadıb tələyə salıb və bu tələnin içindən çıxmağa heç bir yolum yoxdur. Öz-özümə bir qədər fikirləşib dedim: İlahi sənin məni imtahana çəkib dəfələrlə yoxlamağın mümkündür. Bu həmişə olan şeydir. İcazə olar bir dəfə də mən səni imtahan edib, yoxlayım? Elə bunu demişdim ki, Yusif (ə) Züleyxanın tələsindən alnı açıq, üzü ağ və başı uca çıxdığı kimi, mən də gözlərimi yumub tələdən elə çıxdım. Oradan çıxdıqdan sonra Allah mənim gözümü açdı. Rəcəbəli ölənə qədər insanların batinini görürdü. Onların həqiqi surətlərini görürdü. O, qeyd edirdi ki, bəzi vaxt küçədə gedərkən çox adamın gəzib, dolandığını görürsən. Amma, bəzi vaxt bir, iki nəfəri adam surətində görürsən, ondan qalanları heyvan surətindədir. Allah Rəcəbəlinin gözünü, ayağını həvayi-nəfsin üzərinə qoyduğu üçün açdı. 

Kitаbın аdı: Əhli-Beytin məqamı

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!