ÇİRKİNDƏN DƏ ÇİRKİN

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) belə buyurur: “Bağlandıqdan sonra qırılmaq, qardaşlıqdan sonra cəfa, dostluqdan sonra düşmənçilik, sənə arxayın olana xəyanət və sənə etimad edənə hiylə gəlmək necə də pisdir.

Qardaşından qırılmaq (uzaqlaşmaq) istəyəndə (geriyə dönməyə) yer qoy ki, əgər bir gün həqiqət aşkar olsa, (dostluğa) geri dönmək mümkün olsun. Sənə olan xoş gümanı (əməl ilə) təsdiq et. Qardaşının haqqını ona olan dostluğa görə zay etmə. Haqqını zay edəcəyin kəs sənə dost deyil. Məbada, əhlin sənin yanında ən bədbəxt adamlar olsunlar.” (“Nəhcül-bəlağə”)
Vəsiyyətnamənin bu hissəsində Əmirəlmöminin Əli (ə) ictimai əxlaq və ünsiyyət qaydaları mövzusunda danışır. Məlum olduğu kimi, Həzrət (ə) öz tövsiyələrini ali əxlaqi xüsusiyyətlərə malik olan imam Həsənə (ə) ünvanlamışdır. Əslində Həzrət (ə) ictimai həyatda müvəffəq olmaq istəyən bütün insanlara müraciət edir. Onun buyruğu insani dəyərlərə əməl etmək istəyən bütün insanlara aiddir. Ona görə də, deyilmiş sözlər təkcə möminlərə və Allaha etiqadı olanlara ünvanlanmır. Buyruqların faydası daha geniş kütlələr üçün nəzərdə tutulur. İstənilən bir şəxs bu tövsiyələrdən istifadə edərək onun faydalarını əldə edə bilər. İstər imanlı, istərsə də imansız şəxs bu tövsiyələrə əməl etməklə bir çox faydalara çata bilər.
Əlbəttə ki, bu nəsihətlərə Allaha yaxınlaşmaq məqsədi ilə əməl edən imanlı insanlar bütün həyatlarına ibadət rəngi vermiş olurlar. Onlar ali məqsədə doğru irəliləyir və hər bir əməlləri ilə Allaha yaxınlaşmaq istəyirlər. İmandan məhrum insanlar isə bu tövsiyələrdən yalnız dünya həyatında faydalana bilərlər. Onlar imanlı insanlar kimi böyük nəticələr əldə edə bilməsələr də, ideal dünya həyatına müvəffəq olurlar. Bir sözlə, söhbətin mövzusu, ünsiyyət qaydaları, ictimai yaşayış ayinləri və başqaları ilə davranış tərzidir.
Ötən bəhslərdə dostlarla ünsiyyət, əməli hikmətlər haqqında danışıldı. Eləcə də, başqaları ilə ünsiyyətin necəliyi, dost seçimi tərzi, dostla davranış, səmimiyyətin yaranması və meyarı kimi məsələlər bəyan oldu. Həmçinin dostların qarşılıqlı vəzifələri haqqında tövsiyələr verildi. İndi isə Həzrət (ə) dostluq qaydaları və ayinləri haqqında öyüdlərini verir.
İctimai həyata ilk qədəmlərini atan insan bir sıra dəyərlərə əməl etməli, yaxşı dostlar seçməyə çalışmalı, ətrafdakılarla mehriban olmalı, ehsan etməli və xeyirxahlıq göstərməlidir. Amma ictimai həyata daxil olduqdan, dost seçdikdən, ictimai mövqe qazandıqdan sonra əvvəlki vəzifələrlə kifayətlənmək olmaz və daha ciddi vəzifələr barədə düşünmək lazımdır.
İctimai həyata ilk qədəmlərini atdıqda insana çoxları nəsihət edir ki, dost seçimində diqqətli olsun və yaxşı dostlar seçsin. Bəli, ictimai həyatda özünə elə şəriklər və dostlar seçməlisən ki, çatmaq istədiyin məqsədlərdə sənə köməkçi olsunlar. İkinci mərhələyə qədəm qoymuş insan isə artıq cəmiyyətin qayda-qanunları ilə tanış olmuşdur. Artıq o dost seçmiş, bir çox insanlarla ictimai əlaqələr qurmuş, hansısa bir mövqe tutmuşdur. Kimlərsə ona arxayındır və onu etibarlı hesab edir. Sözsüz ki, bu mərhələdə insanın vəzifələri daha ağırdır.
İlkin mərhələdə insan dost seçimində diqqətli olmasa, şübhəsiz ki, məzəmmət olunacaq və bir çox zərərlərlə üzləşəcəkdir. Amma yaxşı dostu tapdıqdan sonra onu itirmək daha çox məzəmmətə səbəb olur. İnsan bəzən müsbət işlər görmədiyi üçün, bəzən isə əldə etdiyi faydaları əldən verdiyi üçün məzəmmət olunur. Aydındır ki, ikinci əməlin məzəmməti daha ağır olur.
Bu hissədə Əmirəlmöminin Əlinin (ə) buyruğu insanın yaxşı dostlar seçməsi məsələsini əhatə edir. Yaxşı dostlar tapdıqdan sonra onların qədrini bilməyib itirənlərə, başqalarının inamı müqabilində xəyanət edənlərə müraciət olunur. Əlbəttə ki, əvvəlcədən yaxşı bir dost seçilməməsi bu dostu itirməkdən daha yaxşıdır. Həzrət buyurur: “Bağlandıqdan sonra qırılmaq, qardaşlıqdan sonra cəfa necə də pisdir.” Dostsuz və ictimai dayaqlarsız bir həyat tərzi, sözsüz ki, yanlış bir yoldur. Bundan da pis odur ki, dostu seçdikdən sonra dostluq əhdini sındırıb, dostluq rabitələrini qırasan.
“Qardaşlıqdan sonra cəfa necə də pisdir.” İnsan dostu seçib, qardaşlıq əlaqələri qurduqdan sonra həmin dosta cəfa edirsə, qardaşlıq hüquqlarını pozursa, bu iş əvvəlcədən dostsuz qalmaqdan daha pisdir. Dost sərmayəsi də başqa sərmayələr kimi qorunmalı və möhtərəm sayılmalıdır. Belə bir sərmayəni qazanmamaq pis, onu itirmək isə daha pisdir. Necə ki, dostluqdan sonra düşmənçilik birbaşa düşmənçilikdən daha çirkindir.
Həzrət buyurur: “Sənə arxayın olana xəyanət necə də pisdir.” Şübhəsiz ki, istənilən bir şəxsə xəyanət çirkin işdir. Amma sizi etibarlı sayan adama qarşı xəyanət daha pis və daha çirkindir. Xəyanət də növbənöv olur. Bəzən başqalarının hüquqları pozulur, bəzən isə xalqın malı qəsb olunur. İnsan ictimai mövqe qazandığı vaxt xalq ona etimad göstərir və bəzi işlərdə ona müraciət edərək öz var-dövlətini, ləyaqətini ona tapşırır. Əgər belə bir şəxs xəyanət etsə, bu xəyanət adi bir insanın, yəni hələ ki ictimai mövqe qazanmamış şəxsin xəyanətindən qat-qat pisdir.
Söhbətin əvvəlində qeyd olunduğu kimi, Həzrətin (ə) nəsihətlərinin ünvanı bütün cəmiyyətdir və bu nəsihətlər hamı üçün xeyirlidir. Amma mömin şəxs Allaha yaxınlıq məqsədi ilə bu buyruqlara əməl etsə, dünyəvi faydalardan başqa, axirət savabları da qazanar. İmanlı şəxs bu tövsiyələrə əməl edərək dünya həyatında tərəqqi etməklə yanaşı, axirət səadətini də əldə edir. Amma Allaha və qiyamət gününə inanmayan insan bu göstərişlərə dünya səadəti naminə əməl edə bilər və bu yolla öz dünya həyatını sahmana salar.

Kitabın adı: Əbədi öyüd
Müəllif: Ayətullah Misbah Yəzdi

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!