DÜNYANIN MAHİYYƏTİ - 2

:

DÜNYAYA DOĞRU DÜZGÜN BAXIŞ
Söhbətin bu hissəsinədək dünyaya üç baxış tərzi haqqında danışıldı. Hər insan bu baxışlardan birinə uyğun şəkildə həyat sürür. Birinci baxışı əsas götürənlər heyvani həyat yaşayır, ikinci baxışı əsas götürənlər dünyanı ötəri saydıqlarından, ondan daha çox faydalanmaq istəyir.

Üçüncü baxışı əsas götürənlər isə dünyanı əbədi həyata, ali bir məqsədə keçid mərhələsi sayaraq, uyğun məqsədə doğru hərəkət edirlər. Bu əqidələri birbəbir analiz etmədən düzgün qərar çıxarmaq mümkünsüzdür. İlk araşdırmada birinci baxışdan imtina etmək lazım gəlir. Qalan iki yoldan birini seçmək üçün ya dünyanın sonunu yoxluq, ya əbədiyyət qəbul etməli oluruq, üçüncü baxış həyatın məqsədli yaranışını, insanın vəzifəli olduğunu, onu qarşıda vəfalı dostlarla görüş gözlədiyini özündə cəmləşdirir.
Sözsüz ki, son iki baxışın malik olduğu dəlillər araşdırılmalıdır. İndi isə bu iki qrupun özünəməxsus xüsusiyyətləri ilə tanış olaq:
Dünyanı beşgünlük, sonunu yoxluq bilənlər həris, ləzzətpərəst, eqoist, ətrafdakılara diqqətsiz olur, ötəri hesab etdikləri dünyada daha çox faydalanmağa çalışırlar. Onlar yalnız yemək-içmək haqqında düşünür, kübar həyat sürməyə can atırlar.
Amma dünyanı, öz varlıqlarını məqsədli hesab edənlər, onu imtahan meydanı sayanlar insanlıq vəzifələri haqqında düşünür, bu vəzifələrə əməl etmək istəyirlər. Onlar bir müddət sonra dünya həyatının başa çatacağına və əbədi bir həyata qədəm qoyacaqlarına inanırlar. Qurani-Kərimdə buyurulur:
“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Ey kaş biləydilər.” (Ənkəbut surəsi, ayə: 62)
Digər bir ayədə oxuyuruq: “Ey kaş, həyatım üçün bir şey fikirləşəydim.” (Fəcr surəsi, ayə: 24)
Ayələr açıq-aşkar bildirir ki, həqiqi həyat bu dünya həyatı yox, axirət həyatıdır.
Göründüyü kimi, həyata hər növ baxış insanı müəyyən bir rəftara sövq edir. Kimi yalnız maddi nemətlər haqqında düşünür, kimi isə mənəvi nemətlərə üstünlük verir. Həzrət Əli (ə) buyurur ki, bir qrup insan dünyanı dəqiq tanımış, onun mahiyyətini dərk etmişlər. Onlar quraqlıqdan yaşıllığa, viranlıqdan abadlığa səfər edənlər kimidirlər. Yəni dünya həyatı quraqlıqdan gülüstana səfərdir. Bu qrupdan olanların məqsədi tələsik hazırlıq görüb, məqsədə çatmaqdır. Onlar bu yolda bütün olanlarını qurban verir və təəssüflənmirlər. Çünki istənilən sürətli bir vasitə ilə mənzilə çatmaq əsas hədəfdir. Doğrudan da, ən ali məqsədə çatmaq üçün bütün olanlarından keçməyə dəyər! Amma dünyanı rahatlıq, dünyadan sonranı viranlıq bilən kəs yalnız dünya ləzzətlərindən daha çox faydalanmağa çalışır. Belələri axirət həyatına inanmadıqları, həmin səfərə hazırlıq görmədikləri üçün dünya həyatını qənimət hesab edirlər.

HƏZRƏT ƏLİNİN (Ə) NƏZƏRİNDƏ DÜNYA
Həzrət Əli (ə) öz övladına ən həqiqi nəzəriyyəni təqdim edərək buyurur: “Oğlum, mən səni dünya və onun halından, onun dəyişkənliyi və puçluğundan, əldən-ələ düşməsindən xəbərdar etdim.”
Bəli, bu dünya davamlı deyil. Dünya ilə müqayisədə axirət misilsiz, nemət və şadlıqla dolu bir aləmdir. Allah həmin aləmi öz sadiq dostları üçün hazırlamışdır. Axirət aləmini dünya həyatı ilə müqayisə etməyiniz üçün bəzi nümunələr göstəririk. Bu nümunələri nəzərdən keçirib, düşünün. Özünüz hansının üstün olduğunu müəyyənləşdirin. Seçdiyiniz nümunəyə uyğun yaşayın. Həzrət (ə) buyurur: “Sənə axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər verdim. İbrət götürməyin, onları öz işində rəhbər tutmağın üçün hər ikisi haqqında misallar çəkdim. Dünyanı sınağa çəkib tanıyanların əhvalatı susuz, qeyri-abad yerdə mənzil salıb, bolnemətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol əziyyətini özlərinə asan bilib, dostdan ayrılığı, yemək və yatmaq çətinliyini qəbul ediblər ki, özlərini şadlıq mənzilinə çatdırsınlar, öz asayiş yerlərində rahatlansınlar.”
Dünyaya bəsirət gözü ilə baxanlar onu tanıdılar. Onlar quraqlıqdan gülüstana üz tutmuş karvan kimidirlər. Çünki qarşıdakı mənzili ideal bilir, bütün yol ağrılarına dözürlər. Onların həqiqi dostları çatacaqları mənzildə olduğundan həmin aləmə düşmək üçün hazırlıq görürlər. Sözsüz ki, səfər şəraiti ev şəraitindən ağır olur. Amma bu yolun yolçuları əmindirlər ki, tezliklə əbədi, rahat və geniş bir mənzilə çatacaqlar. Ona görə də, yol çətinlikləri onları narahat etmir. Məgər məhbubu ilə görüşə tələsən aşiq yorğunluq hiss edərmi?! Hətta bədən yorulsa da, aşiq bu yorğunluğu hiss etmir. Bu yolda xərclənilən pul zərər sayılmır. Həqiqət yolunun yolçusu çəkdiyi zəhmətləri, xərcləri özü üçün iftixar sayır. Deyilənlər dünyanı olduğu kimi, tanıyanların halından nümunələr idi.
Amma bu əqidə müqabilində dünyanı zahir gözü ilə müşahidə edib, ona aldananların əqidəsi dayanır. Onları aldadan dünyanın ötəri şirnisi, əlvanlığıdır. Amma bir vaxt gəlir ki, bu şirinlik zəhərə, əlvanlıq zülmətə çevrilir. Qurani-Kərimdə buyurulur: “Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.” (Ali-İmran surəsi, ayə: 185)
Ayənin ərəbcə ifadəsindəki “qurur” kəlməsi “yalan” mənasında işlədilmişdir. Yəni dünya yalan vasitəsidir. Dünya uşağa verilmiş süni əmziyə oxşayır. Həmin əmzik uşağı aldadıb başını qatdığı kimi, dünya da insanın başını qatıb, onun diqqətini mühüm məsələlərdən yayındırır. Əlbəttə ki, dünyaya aldananlar da bir neçə qrupdurlar. Onlardan bir qrupu dünyaya heyvani nəzərlə baxır. Dünyanın sonunu puç hesab edənlər də dünyaya aldananlardandırlar. İstər dünyanın ötəriliyini dərk etməyənlər, istərsə də onu ötəri bildikləri halda sonunu yoxluq sayanlar dünyanın əsl mahiyyətindən qəflətdədirlər.
Dünyanın mahiyyətini dərk edənlərlə onun sonunu yoxluq kimi başa düşənlər arasında oxşar cəhət odur ki, hər iki qrup dünyanı ötəri sayır. Demək, dünyaya heyvani nəzərlə baxanların, dünyanın sonunu yoxluq sayanların və dünyanın mahiyyətini dərk edənlərin hər birinin səciyyəvi rəftarı var.
Bəli, xalq dünyaya üç baxışdan biri ilə baxır: bir qrup insan dünyanın ötəriliyini hiss etmədən heyvani həyat sürür, digər qrup insan dünya həyatının ötəriliyini hiss etsə də, onun sonunu puç sayır, üçüncü qrup insanlar isə dünya həyatını axirətə doğru səfər hesab edirlər. Həzrət (ə) dünyaya aldananlar haqqında buyurur: “Dünyaya aldananların əhvalı isə nemət dolu mənzildə yaşayıb, oradan susuz, ələfsiz mənzilə köçənlərin əhvalatı kimidir.” Onlar üçün bu səfərdən ağır bir şey yoxdur. Dünyadan ayrılmaq onlar üçün çox çətindir. Heçliyə, yoxluğa yaxınlaşdıqlarını düşünənlər üçün hər nəfəs bir əzabdır. Onlar səfalı saydıqları mənzildən fəna bildikləri yerə köçmək istəmirlər. Yoxluq düşüncəsi onları o ki var sıxır. Bununla yanaşı dünya həyatını fürsət bilib ondan qədərincə ləzzət almağa çalışırlar. Çünki yalnız dünya həyatını barlı-bəhrəli, ləzzətli güman edirlər. Onların fikrincə, ölümdən sonrakı mənzildə heç bir xoşluq yoxdur.
İnsan qeyd olunan iki yolu bəsirət gözü ilə nəzərdən keçirib, öz baxışını müəyyənləşdirməlidir:
1. Həyat beşgünlükdür (müvəqqətidir). Bu baxışa görə həyat ölümlə başa çatıb, puç olur və ondan sonra heç bir nemət və yaşayış yoxdur. Nə varsa, elə bu beşgünlük dünyadadır.
2. Həyat əbədi axirət həyatıdır. Yəni beşgünlük dünyamız həmin axirət dünyası ilə müqayisə olunası deyil. Bu dünya əsil məqsəd olan axirət dünyasına keçiddir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!