DÜNYANIN MAHİYYƏTİ - 4

:

HƏYAT YOLU
Qeyd olunduğu kimi, dünya həyatı insanı axirətə aparan bir yoldur. Bəli, həyat insanın keçməyə məcbur olduğu uzun-uzdadı, təhlükəli keçiddən başqa bir şey deyil. Əlbəttə ki, “uzun-uzadı” dedikdə, coğrafi uzunluq nəzərdə tutmuruq. Bu məsafə insanın ömrüdür.

Bu səfərin iki xüsusiyyəti var: əvvəla, bu yol çox uzundur və onun nə vaxt, hansı nöqtədə başa çatacağı məlum deyil. Ağıl bütün gücünü sərf etsə belə, onun sonunu kəşf etməkdə acizdir. İkincisi, bu səfər olduqca təhlükəli bir səfərdir. Bu yolda hərəkət edən insan üçün daim büdrəmə, çaşma qorxusu var. Bu yolda bir an qəflət, yuxu bir ömür peşmançılığa səbəb ola bilər. İnsan ömür boyu öz əməl və rəftarlarına diqqətli olmalıdır. Yalnız Allahın peyğəmbər və övliyaları bu yolu yaxşı tanıyırlar. Əmirəlmöminin (ə) və onun övladları yaranış məqsədini gözəl bilir. Bu məqsədə çatmaq üçün hansı mərhələlərdən keçmək lazım gəldiyini gözəl anlayırlar. Adi insanlar nə qədər çalışıb, zəhmət çəksələr də, bu məsələni olduğu kimi dərk edə bilmirlər. Bəlkə, həmin dərin düşüncəyə görə dost da, düşmən də Əli (ə) həyatını anlamaqda, onun kimi yaşamaqda öz acizliyini bildirir.
Həzrət (ə) gündüzlər ya əkin sahəsində işləyər, ya da döyüş meydanında olardı. Hakimiyyətdə olduğu vaxt isə xalqın problemləri ilə məşğul olardı. Həzrətin (ə) vaxtı gündüzlər (ibadət istisna olmaqla) yalnız belə işlərə sərf edilərdi. Gecənin isə bir hissəsini Həzrət fəqirlərə, yetimlərə, miskinlərə sərf edərdi. Gecənin əsas hissəsini ibadət edər və azca yatardı. Onun ibadəti nalə, göz yaşı ilə müşayiət olunar, səfərin uzunluğundan, azuqənin azlığından şivən qoparardı. Həzrət (ə) bilirdi ki, əsas məqsədə aparan yol çox uzundur. Bizlər isə bu həqiqəti dərk etməkdə çətinlik çəkirik.
Əhli-beyt (ə) buyruqlarından belə məlum olur ki, onların dərk etdiyini bizlərin dərk etməsi mümkünsüzdür. Məgər qarşıda uzun və ağır səfərə çıxası insan, daha doğrusu, belə bir səfərdə olan insan rahat otura bilərmi?! Oturmaq faydasız sözlər danışmaq bekarların işidir. Gündəlik işlərimizdən birini nəzərdən keçirməklə öz münasibətimizi sınaqdan keçirə bilərik. Məsələn, zəruri bir iş dalınca bir neçə saatlıq yol getməli insan hökmən hazırlaşır və məqsədə çatanadək heç vəchlə rahatlaşmır. Bu yolu öz avtomobili ilə qət edəsi şəxs hökmən avtomobilin təkərlərini, yanacağını və sair zəruri hissələrini nəzərdən keçirir. Bir sözlə, yola çıxmalı olan şəxs hazırlıq görür və yalnız mənzil başına çatdıqdan sonra toxtaqlıq tapır. Bəs, necə ola bilər ki, sonu bilinməyən ömür səfərində insan rahatca gün keçirsin? İkinci problem bu yolun təhlükəli olmasıdır. İnsan hər iki tərəfi uçurum olan ömür yolunda azca büdrəməklə məhv ola bilər.
Bir sözlə, qarşımızdakı ömür yolu həm uzun, həm də təhlükəlidir. Hər an minlərlə təhlükə ilə üzləşə bilərik. Əgər ətrafımıza diqqətlə nəzər salsaq, büdrəyib uçuruma yuvarlanmış bəs qədər insan görərik. İnanılmayası insanlar büdrəyib. O qədər şəkk-şübhə içində vurnuxublar ki, iş inkar həddinə çatıb. Hansı ki, bizim gördüklərimiz baş verənlərin yalnız kiçik bir hissəsidir. Allahın sirr saxladığı, üstünə pərdə çəkdiyi işlər isə daha çoxdur. Məbada, yolumuz üstündəki təhlükələrdən qəflətdə qalaq. “Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var.”

HƏYAT YOLUNU NECƏ KEÇƏK?
Bəs, bu uzun və təhlükəli yolda vəzifəmiz nədir? Dayanıb-durmaqla bu təhlükədən qurtulmaq olarmı? Şübhəsiz ki, belə bir iş mümkünsüzdür. Zaman insanı özü ilə sürükləyir. İstər-istəməz axirətə doğru hərəkətdəyik və məqsədə sağ-salamat çatmaq üçün tədbir görməliyik. Yolu hərtərəfli nəzərdən keçirib, əvvəl deyilmiş proqramla hərəkət etməliyik. Bəs, bu yola uyğun hansı azuqəni götürməliyik? Çünki dəniz yolu bir cür, səhralıq bir başqa cür, dağ yolu isə tamam başqa cür azuqə, hazırlıq tələb edir. Həzrət (ə) buyurur: “Həqiqətən, bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən.”
Ərəbcə mətndə işlənmiş “irtiyad” kəlməsi bugünkü anlamda “proqram” mənasını bildirir. Yəni insan bu yolda düzgün həyat proqramı üzrə hərəkət etməlidir. Məqsədimizi aydınlaşdırmaq üçün bir misal çəkək: Tutaq ki, ongünlük bir səfərə çıxmalısınız və yolda yeməkxana, ərzaq dükanı yoxdur. Təbii ki, səfəri sağ-salamat başa vurmaq üçün ongünlük ərzaq götürməlisiniz. Əgər ərzaqı az götürsəniz çətinlik çəkəcəksiniz, çox götürsəniz yükünüz ağır olacaq.
Demək, yolun uzunluğuna uyğun ərzaq götürmək lazımdır. Ömür yolu da belədir. Bu uzun yola münasib azuqə hazırlanmalıdır. Az ərzaq götürən aclıq çəkir, çox ərzaq götürən isə ağırlıq altda qalır. Buna görə də, dəqiq proqram üzrə hərəkət etmək lazımdır. İfrat da, təfrit də zərərlidir. Ən pisi budur ki, bəzi müsafirlər tamamilə ehtiyac duyulmayan bir şey götürməklə özlərinə problem yaradırlar. Ağır yük sürəti azaldır, bəzən isə hərəkəti dayandırır. Ona görə də, yalnız zəruri şeyləri götürmək lazımdır. Eləcə də götürülən azuqənin qədərinə diqqət yetirilməlidir ki, səfərdə rahat hərəkət etmək mümkün olsun.
Beləcə, insan bu uzun səfərdə iki şərtə əməl etməlidir. Əvvəla, yalnız zəruri şeylər götürülməli, ikincisi, götürülən şeylərin qədəri dəqiq müəyyənləşdirilməlidir. Yəni həm azuqə götürülməli, həm də yük yüngül olmalıdır. Səfər yükü ağır olarsa, hərəkət etmək çətinləşər. Həzrət (ə) buyurur: “Elə bir azuqə ki, səni məqsədə çatdırsın, çiynində yüngül olsun; gücündən ağır yük götürsən, sənə baha başa gələr.”

YÜNGÜL YÜKLƏ NECƏ YAŞAMAQ OLAR?
Bura qədər deyilənlərdən məlum oldu ki, ömür yolu uzun və təhlükəli bir səfərdir. Bu səfərdə zəruri və yüngül yük götürülməlidir. Ona görə də, yüngül yük götürməyin qaydasını bilməliyik. Həzrət Əli (ə) bu məsələni gözəl bir misalla aydınlaşdırır. Adətən, müsafirlər öz yüklərini bir başqasının çiyninə qoymaq istəyirlər. Bu işi zirəklik, fərasət sayanlar da var. Yəni yükü ağır olan müsafir kömək üçün yoldaş arzulayır. Belə bir kömək ağlabatandır. Ağır yükə köməkçi tapıb, səfərin sonunda öz yükünü sağ-salamat təhvil almaq məntiqəuyğun bir işdir. Heç bir aqil insan belə köməkdən imtina etməz. Amma bu qaydaya əməl edənlər olduqca azdır. Az varlı öz sərvətini yoxsullara paylayır ki, axirətdə geri alsın. Hansı ki, ən ağıllı yol ehtiyacdan artıq olan sərvəti imkansızlara verib, axirətdə geri almaqdır. Amma çoxları nəinki öz sərvətini, hətta başqalarının haqqı olan xüms və zəkatı da sahibinə ödəmək istəmir. Ağıllı insanlar isə dünya və axirəti müqayisə etməklə belə bir nəticəyə gəlirlər ki, dünya səfər və bu səfərdə yükün yüngül olması isə hünərdir. Həzrət (ə) bu nöqtəni çox gözəl şəkildə açıqlamışdır: “Yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil.”
Bəli, heç bir səfər azuqəsiz, yüksüz olmur. Əgər bir şəxs yükünü götürüb, mənzil başında sizə vermək istəyirsə, onun istəyini qəbul edib, səfər yükünüzü yüngülləşdirin. Bu yolla həm yükünüz yüngülləşəcək, həm də heç bir yol haqqı ödəməyəcəksiniz. Yoxsula verilən yardıma gəldikdə, insan bu yardım müqabilində qat-qat artıq əvəz alasıdır. Qurani-Kərimdə buyurulur: “Allah yolunda yaxşı borc verən kimdir ki, Allah da onun əvəzini qat-qat artırsın?” (Bəqərə surəsi, ayə: 245) Allah öz verdiyi sərvətdən fəqirlər üçün borc istəyir və vəd edir ki, həmin borcu qat-qat artıq qaytaracaq. Əgər Allah-taalanın bu buyruğunu qəbul ediriksə, nə üçün ona əməl etmirik? Əslində əməl etməmək qəbul etməmək deməkdir. İkiqat qazanc vəd edən insana inanırıq, amma onqat qazanc vəd edən Allaha inanmırıq. Bu münasibət etiqad zəifliyi deyilmi? Əgər Allaha inanırıqsa, öz səfər yükümüzü (sərvətimizi) bir fəqir tapıb ona verməli və axirət günü geri almalıyıq. Bu fürsəti qənimət sayıb, səfər yükümüzü yüngülləşdirməliyik. Ömür yolunda yüngül yüklə hərəkət etmək yaxşı olmazmı?! İnanın ki, verdikləriniz hədərə getməyəcək. Bu gün imkanınız varsa yubanmayın. Sabah gec ola bilər!

ÖMÜR YOLUNUN SEÇİLMƏSİ
Həzrətin (ə) digər buyruğunda qeyd olunur ki, bu uzun, dolambaclı yol çox təhlükəli bir aşırımda başa çatasıdır. Aşırımdan sonra iki yol uzanır. Yolayrıcında sizin heç bir seçim gücünüz və ixtiyarınız yoxdur. Yollardan biri behiştə, o biri isə cəhənnəmə aparır. Ona görə də, həmin aşırıma çatanədək bütün qüvvə səfərbər edilməlidir. Yəni nə qədər ki, dünyadasınız, nəfəsiniz gedib-gəlir, özünüzə bir çarə qılın. Unutmayın ki, aşırıma çatdıqdan sonra heç bir peşmançılıq fayda verməyəcəkdir. Ömür yolu həmin aşırıma aparır. Aşırımdan rahat keçmək üçün ömür yolunda lazımi qaydada addımlamaq lazımdır. Aşırıma çatdıqdan sonra Allahı nə qədər çağırıb, yardım diləsəniz də, faydası olmayacaq. “Pərvərdigara, məni geri qaytar” (Muminun surəsi, ayə: 99) – çağırışları səmərəsiz qalacaq. Aşırıma çatanadək, ömür yolu üçün düzgün proqram hazırlayıb, yolumuzu təyin edək. Bu yolda düzgün seçim isə Həzrətin (ə) buyurduğu yüngül yüklə hərəkətdir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!