DƏYƏRLƏR - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
“Ey oğlum! Sənə Allah qarşısında pəhrizi (təqvanı) vəsiyyət edirəm; Onun göstərişlərinə diqqətli olasan, qəlbini Onun zikri ilə abad edəsən, Onun ipindən yapışasan. Əgər bu vasitədən tutsan, səninlə Allah arasında bu bağlılıq ipindən möhkəm nə ola bilər?!” (“Nəhcül-bəlağə”)

İmam Əli (ə) bu vəsiyyətnamədə vəsiyyət edənin və vəsiyyət olunanın sifətlərini sadalamaqla bütün oxucuların bu sifətləri özlərinə şamil etmələrinə səbəb olmuşdur. Digər bir tərəfdən, dinləyici vəsiyyət edən şəxsin kimliyi ilə tanış olur, vəsiyyət edənin vəsiyyət olunanla rabitəsi aydınlaşır, vəsiyyətnamənin məqsədi məlum olur. Vəsiyyət edənlə vəsiyyət olunan arasındakı bağlılığın açıqlanması vəsiyyət olunan şəxsin fitri və əqli rabitənin dərinliyini dərk etməsinə səbəb olur. O, əmin olur ki, bu vəsiyyətnaməni yazan onun xeyirxahıdır. Bu məsələ hər hansı moizənin, nəsihətin qəbul olunmasında təsirli amildir. Vəsiyyət etdiyi şəxsin etimadını qazandıqdan sonra Həzrət (ə) həqiqi dəyərləri bəyan etməklə hər bir agah aşiqin qəlbini və zehnini  işıqlandırır.

ƏN ÜSTÜN DƏYƏRLƏR
Daha sonra Həzrət (ə) vəsiyyətin xülasəsini yığcam şəkildə zikr edir. Bu da uyğun vəsiyyətnamənin özünəməxsus tərbiyəvi nöqtələrindən biridir. İnsan bütün vəsiyyətnaməni oxumağa macal tapmadıqda, onun bir səhifədən də az yer tutmuş xülasəsini oxuya bilər və ondan faydalanar. Bundan əlavə, insan bir kitabı oxumamış, əvvəlcə onun qısa məzmunu ilə tanış olduqda, kitabdakı məsələləri daha dərindən dərk etməyə çalışır. Vəsiyyətnamə, demək olar ki, onun başlanğıcındakı qısa moizələrin şərhindən ibarətdir. Həzrət (ə) bu qısa moizələrdə üç əsas dəyər üzərində dayanır: təqva (Allah qarşısında pəhriz), Allahı xatırlamaq (zikr), qırılmaz (ilahi) ipdən yapışmaq.
Şəksiz ki, vəsiyyətnamənin ümumi şəkildə müraciət etdiyi şəxs ilahi və islami mərifətə biganə, imansız şəxs deyil. Bu şəxs kamal həddində olmasa da, Allaha inanır, İslamı qəbul edir, dini əsaslara etiqadlıdır. Ona görə də, vəsiyyətin başlanğıcında Allahın varlığından, Onu tanımaq və Ona ibadət etməyin zəruriliyindən danışılır. Sonralar isə Allahşünaslıq mövzusunda bəzi mətləblər bəyan olunur.
İlk öncə təqva tövsiyə olunur. Bütün ilahi kitabların, vəsiyyətlərin əsas mövzusu təqvadır. İmamət və rəhbərlik məsuliyyəti daşıyan bütün insanlar xalqla söhbət zamanı onları təqvaya çağırmalıdırlar. Cümə namazının hər iki xütbəsində imam-cümə xalqı təqvaya dəvət edir. Təqvaya dəvət xütbənin zəruri əsaslarındandır. Əgər xütbədə təqvaya çağırış olmasa, həmin xütbə naqis sayılır.

TƏQVA DƏYƏRLƏRİN MEHVƏRİDİR
Quran-Kərimin bir çox ayələrində “təqva” kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri, demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır. Allah-taala buyurur:
“Həqiqətən, sizin təqvalınız Allah yanında ən hörmətlidir.” (“Hücurat” surəsi, ayə: 13)
Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə də bu vəsiyyətnamədə bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir.
İmam Əli vəsiyyətnaməsində (ə) buyurur: “Sənə təqva və Allah göstərişlərinə diqqəti tövsiyə edirəm.”
“Təqva” müxtəlif mənalara malikdir. Bu söz bəzən “günahdan çəkinmək”, bəzən “bütün şəri göstərişlərə riayət etmək” mənalarını ifadə edir. Əgər “təqva” kəlməsi yalnız günahlardan çəkinmək mənasını daşıyarsa, “lüzumu əmrihi” (“Allahın əmrinə diqqət, bağlılıq”) ifadəsi “təqvəllah” (“Allah qarşısında pəhriz, təqva”) ifadəsinə bağlı olar. Ayrı-ayrılıqda “təqvəllah” günahdan çəkinmək, “lüzumi əmrihi” vacib əmrlərə itaət etməkdir. Amma “təqva”nın ümumi mənası həm əmrin icrası, həm günahın tərki kimi qəbul olunsa, “lüzumi əmrihi” “təqvəllah” kəlməsinə bağlı olacaq. Yəni əvvəlcə təqva tövsiyə olunur, sonra Allahın əmrinə itaət xüsusi qeyd edilir.
Amma zəif ehtimala əsasən, “əmrillah” “Allah işi” mənasında da işlənə bilər. Yəni ilahi işlərə diqqət, qeyri-ilahi işlərin tərki. Hər halda, Həzrət (ə) ilkin olaraq təqvalı olmağı tapşırır. Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və bütün digər ilahi dinlərdə mötəbərdir.
Həzrət Əli (ə) bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri olan təqvanı tövsiyə edir. Amma insanın daxilində təqva ruhu, Allah qorxusu olmazsa, yəni o, vacib əmrlərə, haramlara fərq qoymazsa, bu yolun axırı yoxdur. Prinsipsiz, biganə adam başını itirmiş kimidir. Təkamül yolunun ilk şərti nəfsə nəzarətdir. Tərəqqi etmək istəyən şəxs başıpozuqluqdan çəkinməlidir. Ürəyindən keçənin ardınca qaçan insan heç bir mənəvi dəyərə nail ola bilməz. Demək, ilk addım nəfsə, ürəkdən keçən həvəslərə nəzarətdir. Bəli, məhz bu baxımdan, Həzrət (ə) hər şeydən əvvəl təqvaya çağırır.

ZİKR VƏ ALLAHI XATIRLAMA
Həzrət Əlinin (ə) ikinci vəsiyyəti Allahın zikri, Onun xatırlanmasıdır. Zikr insan qəlbini abad edir. Həzrət (ə) buyurur: “...qəlbini Allah zikri ilə abad edəsən.” Bu vəsiyyətin ardınca hər biri insan qəlbinə ünvanlanmış ifadələr gəlir. Əvvəlcə qəlbin abadlığından danışılır. Bildirilir ki, qəlb həm abad, həm viran ola bilər. Uyğun cümlələrdən məlum olur ki, insan qəlbi özünəməxsus həyat və ölümə malikdir. O, aram qalmalı, bəzi çətinlikləri qəbul etməli, bəzi həqiqətlərə inanmalıdır. Təbii ki, heç kəs öz vücudunun səmərəsizliyini, bəhrəsizliyini istəməz. O, yaşamaq, inkişaf etmək, səmərə vermək istəyindədir. İnsan qəlbi inkişaf etmiş bir məmləkət kimi abad ola bilər. Eyni zamanda, onun uçulmuş bir bina tək xaraba qalması da mümkündür. Qəlbi əzəmətli imarət tək abad etmək və ya uçulmuş ev tək xaraba qoymaq insanın öz əlindədir. Hər halda Həzrət (ə) “qəlbini abad et” göstərişini verir. Həzrət (ə) onu da qeyd edir ki, qəlbin abadlığı Allahın zikri sayəsində mümkündür. Zikrsiz qəlb virandır. Qəlbin nə olduğunu araşdırmaq fikrində deyilik. Qəlbinizi abad edin, onu viran qoymayın və unutmayın ki, qəlblər Allahın zikri, xatırlanması ilə abad olur.

ALLAHIN İPİNDƏN YAPIŞIN!
Həzrət (ə) bu vəsiyyətin üçüncü bəndində buyurur: “vətəsimu bihəblihi” (“Allahın ipindən yapışın”).
İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə “etisam” kimi ifadə olunur. Bəzən “etisam” yerinə “təməssük”, “istəmək” kəlmələri də işlədilir. Məsələn, Allah-taala Qurani-Kərimdə buyurur: “Fəqəd istəmsəkə bil-urvətil vusqa”( “Bəqərə” surəsi, ayə: 256), yəni “möhkəm ipdən yapışmış olur...” “Həbl” kəlməsi kəndir, ip mənasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır? Adətən, bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə, ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabe olub, ipdən yapışmalıdır. İnsana, “Allahın ipindən“ yapışmaq buyurulursa, demək, o, təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış, süquta uğrayan şəxs kimidir. Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam can-dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır. Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!