NƏBƏ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 4

:

Təqvalı şəxslərə verilən böyük mükafatların bir qismi
Əvvəlki ayələrdə Allah cəhənnəm əhli və günahkarlara verilən cəzalardan, onların bədbəxtliyinin səbəbindən söhbət açmışdır. Hazırkı ayələrdə isə həqiqi mömin və təqvalılara və onlara veriləcək böyük mükafatlardan danışılacaq.

Quranın üslubu belədir ki, ayələrdə iki qrup – cənnət əhli ilə cəhənnəm əhli – arasındakı fərqlər ziddiyyətli şəkildə qeyd edilir və bu yolla məsələ bəyan olunur.

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا
31. Həqiqətən, təqvalılar üçün qurtuluş (səadət və nicat) yeri vardır.
Allah-taala ilkin olaraq təqvalıların nicat və qurtuluşa çatacağını qeyd edir. Ayədə işlədilən “məfaza” sözü ismi-məkan və ya məsdəri-mimidir və “fəvz” kökündən götürülmüşdür. Mənası isə “salamatçılıqla yanaşı olan xeyir və mənfəətə yetişmək”dir. Eyni zamanda, bu söz “qurtuluş və nicat” mənasını da verir. “Məfaza” sözü nəkərə (qeyri-müəyyən) halda işləndiyindən, ondakı məqsədin böyük mükafat və mənfəət əldə etmək olduğu anlaşılır. Həmin mənfəət və mükafatların şərhi 32-ci ayədə belə verilir:

حَدَائِقَ وَأَعْنَابًا
32. Hasara alınmış bağlar və üzümlüklər,
“Hədaiq” sözü “hədiqə”nin cəmidir və bu söz “yamyaşıl və içərisində çoxlu ağaclar olan və hasarlarla əhatə edilərək qorunan bağlar” mənasını verir.
Rağib İsfahani “Mufrədat” kitabında “hədiqə” sözünün əslində “suya malik olan torpaq” və “hədəqə” sözünün “cari olan bulaq” mənasını verdiyini qeyd etmişdir.
Maraqlı burasındadır ki, ayədə digər meyvələr arasından yalnız üzümə işarə edilib. Bunun səbəbi üzümün bir sıra xüsusiyyətlərə malik olmasıdır. Mütəxəssislərin məlumatına əsasən, üzüm qidalanma baxımından ana südünə bərabərdir və insanın bədənində ətdən iki dəfə çox istilik yaranmasına səbəb olur. Bundan ələvə, onun tərkibində insan üçün faydalı olan maddələr var və üzümü təbii əczaxana adlandırmaq olar. Üzüm zəhərlənmənin qarşısını almaqda, qanın təmizlənməsində, revmatizmin aradan qaldırılmasında da faydalıdır. Eyni zamanda, üzüm əsəb sistemini gücləndirir və insanda şadlıq yaradır, tərkibindəki müxtəlif vitaminlər insanın qüvvəsini artırır. Peyğəmbər (s) buyurur: “Ən yaxşı meyvə üzümdür.”

وَكَوَاعِبَ أَتْرَابًا
33. Yeniyetmə həmyaşıd qızlar.
Bu ayədə Allah-taala pərhizkar və təqvalılara veriləcək digər böyük nemətlərdən, o cümlədən, cənnət hurilərindən söhbət açır.
Ayədəki “kəvaib” sözü “kaib” sözünün cəmidir və yeniyetmə və cavan qızlara işarədir. “Ətrab” sözü isə “turb” sözünün cəmidir. Onun mənası “həmyaşıd”dır. Bu söz daha çox qadın cinsi barəsində istifadə edilir. Bəzi təfsirçilərin nəzərincə, bu söz döş qəfəsindəki sümüklər bir-birinə bənzədiyi üçün “təraib” sözündən götürülüb. Cənnət hurilərinin eyni yaşda, orta boylu və gözəl olduğunu da təfsir edənlər vardır.

وَكَأْسًا دِهَاقًا
34. Və (müxtəlif şərablar və şərbətlərlə) dolu piyalələr (vardır).
Bu ayədə isə digər bir mükafata işarə edilmişdir. Cənnət şərabları, içkiləri dünyadakı şərablardan fərqli olaraq insanın əqlini aradan apararaq onu heyvandan da aşağı həddə endirmir, əksinə insan ruhuna şadlıq verir və əqli qüvvətləndirir.
“Kəs” sözü “dolu olan piyalə” mənasındadır və bəzən də piyalənin içindəki maye ilə bağlı istifadə olunur.
“Dihaq” sözünü əksər təfsirçilər “ağzına qədər dolu” olan mənasına təfsir etmişlər. Amma İbn Mənzur “Lisanul-ərəb” kitabında bu sözün “bir-birinin ardınca” və “saf və duru” kimi iki mənada olduğunu bildirmişdir.
Əgər bu mənaları nəzərdə tutsaq, ayədən cənnət əhlinə bir-birinin ardınca saf və duru piyalələrdə şərablar gətiriləcəyi anlaşılar.

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا
35. Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
Dünyadakı şərab insanın ağlını aradan aparır, onun boş və yersiz sözlər danışmasına səbəb olur. Amma pak olan cənnət şərabı isə əksinə, insanın ağlının itiləşməsinə və ruhi şadlığına yardım edir.
Ayədə “fiha” kəlməsindəki əvəzliyin nəyi ifadə etməsi ilə bağlı iki ehtimal var. Birincisi, ondakı məqsəd cənnətdir, ikincisi, cənnət piyalə və badələridir.
Nəticədə, birinci təfsirə uyğun olaraq ayənin mənası belə olacaq: “Cənnətdə boş və mənasız sözlər danışılmayacaq.”
“Ğaşiyə” surəsinin 10-11-ci ayələrində belə buyurulur: “(Onlar) Ali və uca məqamlı cənnətdə olarlar. Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.”
İkinci təfsirə əsasən, ayəni belə mənalandırmaq olar: “Pak olan cənnət şərabları yalan, boş və yersiz sözlərin yaranmasına səbəb olmur.”
“Tur” surəsinin 23-cü ayəsində Allah-taala buyurur: “Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.”
Beləliklə, təqvalılara verilən bu cür cənnət mükafatları necə də gözəl və əzəmətlidir, çünki Cənnətdə möminlərin qəlbini incidən və onların əziyyətinə səbəb olacaq boş və yalan sözlər, töhmət və böhtanlar mövcud deyil. “Məryəm” surəsinin 62-ci ayəsində buyurulur: “Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır.”

جَزَاءً مِنْ رَبِّكَ عَطَاءً حِسَابًا
36. (Bu) sənin Rəbbinin tərəfindən bir mükafatdır, kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
Sonda isə bu mükafatlardan daha üstün olan məsələyə toxunulur. Belə ki, zəif və həqir olan bəndəyə Allah kimi əzəmətli xaliqin diqqət yetirərək onu dəyərli hesab etməsi və nemət verməsindən də üstün bir şey ola bilərmi?!
Ayədə “Rəbb” kəlməsinin 2-ci şəxsin təkində olan şəxs əvəzliyi ilə (کَ) işlənməsi və ondan sonra “ətaə” (bəxşiş) ifadəsinin gəlməsi də Allahın sonsuz lütf və mərhəmətinə işarədir.
“Hisabən” sözü isə “kifayət qədər” mənasını verir. Yəni təqvalılara kifayət qədər nemət və mükafat veriləcəkdir. Əmirəl-möminin Əli (ə) buyurur: “Qiyamət günü Allah möminlərin mükafatını on dəfədən yeddi yüz dəfəyə qədər artıracaq və bu barədə Allah Quranda buyurur: “(Bu,) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.” (“Nurus-Səqələyn”, c.5, səh.495, hədis 29)
Bu rəvayətdən başa düşülür ki, Allahın bəndələrə mükafatı öz fəzilətinə uyğun olmaqla yanaşı, eyni zamanda, onların əməlləri ilə də mütənasibdir. Ayədəki “hisabən” kəlməsi həmin məsələyə dəlalət edir.

رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖلَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا
37. Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
Bu ayədə Allahın əzəməti və mükafatların Rəhman olan Allah tərəfindən verilməsinə işarə edilmişdir. Aləmin Rəbbi, idarəçisi olan Allahın rəhməti hər şeyi əhatə eləmişdir və möminlərə qiyamətdə dəyərli və əzəmətli mükafat verən də Odur. Eyni zamanda, dünyada da bu cür nemətlər ilahi rəhmət olaraq yer və göy əhlinə göstərilərək nişan verilmişdir.
“La yəmlikunə” sözündəki şəxs əvəzliyinin bütün yer və göy əhlinə və yaxud da məhşərə toplaşan müttəqi və zalımların hamısına şamil olduğu ehtimal edilir. Yəni qiyamətdə heç kəs nəzərdən qaçırılmayacaq və Allah ədalətli və hər şeyi dəqiqliklə ölçüb-biçdiyi üçün kimsə etiraz edə bilməyəcək. Həmçinin, Allahın icazə verdiyi kəslərdən başqa, heç kəsin şəfaət etmək haqqı da olmayacaq.
Bu məsələyə “Bəqərə” surəsinin 255-ci ayəsində də işarə edilib: “İzni olmadan onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?!”

Diqqətə layiq mətləblər

1. Müttəqilərə verilən savablar və zalımların cəzası:
Əvvəlki ayələrdə təqvalılara verilən mükafat və zalımlara nəsib olan cəzalardan söhbət açılır və onlar bir-biri ilə müqayisə edilir.
Mömünlər üçün “məfaz”, yəni “nicat və qurtuluş” yeri, zalımlar üçün isə “mirsad” – “pusqu yeri və tələ” ifadəsindən istifadə olunur. Təqvalılara veriləcək üzüm bağlarından söhbət açılır və kafirləri isə sonsuz və ağrılı əzab gözlədiyi bildirilir. Möminlər cənnətdə dadlı şərablara, kafirlər isə cəhənnəmdə irin və çirkdən ibarət olan qaynar suya qonaq ediləcəklər.
Eyni zamanda, möminlərə nemət veriləcəyi, kafirlərin isə əzabının artırılacağı bildirilir. Xülasə, bu iki dəstə əməl baxımından fərqli qütblərdə durduğu kimi, mükafat və cəza baxımından da fərqlərə malikdir.
2. Cənnət şərabları:
Quranın digər ayələrində də cənnət şərablarından söhbət açılmış və bildirilmişdir ki, ondan içənlərin duyduğu ləzzəti vəsf etmək mümkün deyil. Ayələrə diqqət yetirin:
“Dəhr” surəsi, ayə 21: “Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.”
“Saffat” surəsinin 45-47-ci ayələrində bu şərabın baş ağrısı, məstlik və ağlın aradan getməsinə səbəb olmadığı da bildirilir: “Onların dövrəsində (cənnətdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar. Ağappaq və içənlər üçün başdan – başa ləzzət olan bir şərab. Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.”
Digər bira ayədə həmin şəraba sərin olması üçün kafur qatıldığı da bildirilmişdir: “Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.” (“Dəhr” surəsi, ayə 5)

Növbəti ayələrdə böyük gün, onun bəzi xüsusiyyətləri və o gündə baş verəcək hadisələr haqqında açıqlamalar verilir:

يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّاۖ لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا
38. Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allahın) izn verdiyi kəslərdən başqa, heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
Şübhəsiz, “ruh” və “mələklər”in o gündə bir sırada dayanması, Allahın izni ilə danışmaları yanlız və yanlız Allahın fərmanını və göstərişlərini icra etmək üçündür. Onlar bu dünyada da Allahın əmrlərini icra edirlər. Axirət aləmində bu məsələ daha da geniş olacaqdır.

Sual: Bu ayədə “Ruhdan” məqsəd kimdir?

Cavab: Bu barədə təfsirçilər müxtəlif nəzəriyyələr irəli sürmüşlər:
1. Mələk cinsindən olmayan və onlardan üstün olan məxluq,
2. Cəbrail (ə),
3. İnsanların “ruhu”,
4. Hətta Cəbraildən (ə) üstün olan mələk. Bu mələk bütün peyğəmbərlər və məsum imamlarla birgə olmuşdur və onlarladır.

Bəzi ayələrdə Allah-taala “ruhu” özünə nisbət verərək buyurmuşdur:
“Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!” (“Hicr” surəsi, ayə 29)
“Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.” (“Məryəm” surəsi, ayə 17)
Bu açıqlamalardan belə başa düşülür ki, “ruh” müxtəlif və fərqli mənalarda işlədilmişdir. Lakin bizim bəhsimizlə uyğun olan fikir “Ruh”un Allahın böyük mələklərindən, hətta Cəbrail mələkdən üstün olması fikridır. Belə ki, bir hədisdə İmam Sadiqdən (ə) nəql edilmişdir: “O, (yəni Ruh) Cəbrail və Mikaildən böyük mələkdir.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh. 427)
Hər halda bu varlıq Qiyamət günündə digər mələklərlə birlikdə Allahın itaətində olacaqdır.

Sonra Allah-taala insan və mələklərin səf-səf duracağı və həm də günahkarlara əzab, təqvalılara mükafat verilən o böyük günə işarə edərək buyurur:

ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖفَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا
39. “O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, ona yetişsin).”
“Haqq” həqiqəti olan, sübuta yetirilmiş mənalarını ifadə edir. Bu məna qiyamət barəsində tamamilə sadiqdir. O gündə hər kəsin haqqı özünə qaytarılacaq. Məzlumların haqqı zalımlardan alınacaq, sirlər və həqiqətlər tamamilə aşkar olacaq.
Bu həqiqətlərə diqqət yetirmək insanda Allaha doğru hərəkət və onun göstərişlərinə əməl etmək üçün maraq və həvəs yaradır.
Yəni bu ilahi hərəkət üçün bütün səbəb və vasitələr hazırdır. Peyğəmbərlər bəşəriyyət üçün lazım olan bütün hidayət yollarını açıqlamışlar. Eyni zamanda insanın daxili peyğəmbəri olan “əql” də bütün yaxşı və pis yolları onun üçün müəyyən edib göstərmişdir. Onu seçmək insanın öz ixtiyarı əsasındadır. Yalnız güclü iradə lazımdır ki, Allahın insana verdiyi bu ixtiyardan istifadə edib irəliləsin.
“Məab” qayıdış yeri və bəzən də yol mənasında işlədilir.

Sonda Allah-taala günahkarların cəzalanması və o böyük günün yaxın olması məsələsi üzərində təkid edərək buyurur:

إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا
40. “Həqiqətən, biz sizi yaxın olan əzabla qorxutduq – elə bir günlə ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: “Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı).””
Dünyanın ömrü nə qədər də olsa, axirət ömrü ilə müqayisədə bir neçə saata bənzəyir. Allah-taala “Məaric” surəsi 5-7-ci ayələrdə öz Peyğəmbərinə buyurur: “Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər – əlamət olmasın). Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər). Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.”
Həmçinin, Əli (ə) bu barədə buyurur: “Hər bir gələcək, yaxındadır.” (“Nəhcül-bəlağə”, xütbə 102)
Niyə də yaxın olmasın?! Halbuki, ilahi əzabın səbəbi insanalrın öz əməlləridir və həmişə də onlarla birgədir. “Ənkəbut” surəsi 54-cü ayədə buyurulur: “Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki, Cəhənnəm kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir.”
O əzəmətli gündə böyük bir dəstə qəm-qüssə və həsrət içərisində olacaqlar. Bu peşmançılıq və həsrətin onlar üçün heç bir faydası olmayacaqdır. Belə bir xəbərdarlığın ardınca buyurur: “...Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».”
Ayədə işlədilən “Yənzuru” cümləsi barəsində təfsirçilər müxtəlif fikirlər söyləmişlər:
1. “Yənzuru” (baxır) cümləsi bu ayədə “Yəntəziru” (gözləyir) mənasına təfsir olunmuşdur. Məqsəd budur ki, insan o gündə öz əməllərinin cəzasını gözləyəcəkdir.
2. Bəziləri “Əməl dəftərinə baxmaq” mənasında təfsir etmişlər.
3. Məqsəd əməllərin cəza və mükafatını müşahidə etməkdir.
“Qəddəmət yədahu” ibarəsinin işlədilməsi insanın əksər işləri əlləri ilə yerinə yetirməsinə görədir. Təkcə əl ilə görülən işlərlə şamil edilmir, əksinə dil, göz, qulaq, ayaqla da yerinə yetirilən əməllər hamısı bu qanuna daxildir.
Quran o böyük gün (Qiyamət) çatmadan öncə bizə xəbərdarlıq edərək buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabahı üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!” (“Həşr” surəsi, ayə 18)
Hər halda kafirlər bütün ömürləri boyu etdikləri əməllərini öz qarşılarında müşahidə etdikdə, qəm-qüssəyə batıb həsrət çəkərək deyərlər: “Ey kaş, torpaq olaydıq!” Yəni ey kaş insan yaranıb ölüb torpaq olduqdan sonra qiyamətdə yenidən dirilməyəydik! Kafirlər və günahkarlar qiyamət səhnəsi, ilahi ədalət və əməllərinin cəzasını müşahidə etdikdə, özlərindən müxtəlif əksül-əməl göstərərlər. Quran ayələrində bu barədə oxuyuruq:
“...(Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə!...” (“Zümər” surəsi, ayə 56)
“Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» - (deyəndə) görəydin.” (“Səcdə” surəsi, ayə 12)
“...«Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)». (“Nəbə” surəsi, ayə 40)

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!