ELM və CİHAD - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Allah yolunda lazımınca cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma, haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir, dini yaxşı öyrən, özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.” (Nəhcül-bəlağə)

Vəsiyyətnamənin nəzərdən keçirdiyimiz bu hissəsində tövsiyə olunur ki, həyat boyu ehtiyatlı olmaq, boş yerə danışmamaq, bilmədiyin mövzulara girişməmək, nahaqdan başqalarının işinə müdaxilə etməmək, nadanlıqdan həzər qılmaq, yalnız xeyir məqsədlə söz demək, şübhəli mövzulara toxunmamaq lazımdır. Deyilən sözlər “insan yalnız özü üçün yaşamalıdır” kimi yanlış təsəvvürlər yaratmasın deyə, Həzrət (ə) sözünün davamında bildirir ki, yaxşı işləri əmr, pis işləri qadağan etmək, həm əl, həm də dil vasitəsi ilə xalqı pislikdən çəkindirmək lazımdır. Həzrət (ə) ictimai məsuliyyətlərimizi xatırladır və məsuliyyətlərin insanın özünə faydasını önə çəkir.

İCTİMAİ VƏZİFƏLƏRİN YERİ
Hər şeydən qabaq bu nöqtəyə diqqət yetirmək zəruridir ki, ictimai vəzifə cəmiyyət və fərdə fərdi vəzifədən daha təsirlidir. İstər fərd, istərsə də cəmiyyət ictimai vəzifələrin yerinə yetirilməsindən faydalanır. Hər bir şəxs cəmiyyət üçün yerinə yetirdiyi vəzifədən ilkin olaraq özü bəhrələnir. İctimai vəzifənin savabı həmin şəxsə çatır. İctimai vəzifə tərk olunarsa, hamıdan qabaq onu tərk edən şəxs zərər görür. İctimai vəzifəni tərk edən şəxs həmin vəzifənin müsbət təsirindən məhrum olmaqla yanaşı, onu tərk etdiyi üçün cəzalanır.
Maraqlıdır ki, bəzən bir ictimai vəzifə o qədər əhəmiyyətli olur ki, onu yüz ibadətlə əvəz etmək olmur. Fərdi ibadətin savabı ictimai vəzifəni təkr etməyin cəzası ilə bərabər deyil. Çünki bəzi ictimai vəzifələr, o cümlədən, “əmr be məruf”un bəzi mərtəbələri və Allah yolunda cihad o qədər əhəmiyyətlidir ki, onların tərk olunmasının zərəri hər hansı müstəhəb ibadətin faydası ilə müqayisə oluna bilməz. İnsanın cəmiyyət qarşısındakı vəzifəsi onun özü üçün fərdi bir vəzifədir və bu vəzifənin nəticəsi hamıdan qabaq onun özü üçün mühümdür.
Ona görə də, fərdi vəzifə kimi ictimai vəzifəyə də əhəmiyyət verilməlidir. İctimai vəzifələr sırasında “əmr be məruf” birinci yerdə dayanır. Bu vəzifənin heç vaxt öhdədən götürülməməsi bir daha onun əhəmiyyətini göstərir. Bu vəzifə bəzən küskünlük, bəzən moizə, bəzən başqa yollarla yerinə yetirilir. Bəzən isə bu yolda fiziki qüvvə işlədilməli, hətta insan canından keçməlidir. “Əmr be məruf”un ictimai mübarizə mərtəbəsi də vardır. Seyyidüş-Şühəda imam Hüseyn (ə) öz qiyamının məqsədini belə açıqlayır: “Həqiqətən, cəddimin ümmətinin islahı üçün qiyam etdim, istəyim “əmr be məruf” və “nəhy əz münkər”dir.” (“Kəlimati-imam Hüseyn (ə)”, səh. 291) Bəli, Həzrət (ə) öz qiyamının əsas səbəbi kimi “əmr be məruf” və “nəhy əz münkər”i göstərir. Bu vəzifənin özünəməxsus şəraitə malik mərtəbələri vardır.

ÜSTÜN CİHAD
İctimai vəzifələrin əhəmiyyətini qeyd etdikdən sonra onların bəziləri haqqında ətraflı danışmağımız yaxşı olardı. Şübhəsiz ki, namaz kimi əhəmiyyətli ictimai vəzifələrdən biri Allah yolunda cihaddır. Bu cihada kafirlərlə vuruşu misal göstərə bilərik. Amma bu cihad təkcə vuruşdan ibarət deyil. Cihadın müxtəlif şəraitlərə uyğun nümunələri vardır. Silahlı mübarizə cihadın növlərindən biridir. Cihadın elmi, mədəni, iqtisadi, siyasi növləri də var və bizim cəmiyyət bütün bu cihadlara ehtiyaclıdır. Təəssüf ki, cihadın bu növləri dərindən araşdırılmamışdır. Ayə və rəvayətlərdə geniş yer almış cihadlardan biri nəfslə cihaddır. Həzrət Peyğəmbər (s) nəfslə cihad haqqında buyurur: “Xoş o cəmiyyətin halına ki, kiçik cihadı yerinə yetirmişdir və böyük cihad qarşısındadır... Böyük cihad həmin nəfslə cihaddır.” (“Kafi”, c. 5, “cihad” bölümü)
“Cihad”, “mücahidə” dedikdə qarşıda durmuş maneəyə müqavimət göstərilməsi nəzərdə tutulur. Cihad kəlməsini eşidərkən təsəvvürdə cəbhə və döyüş canlanır. Amma bəzən düşmən gözlə görünmür. Daha təhlükəli olan bu yağı insanın daxilində gizlənir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən yağı düşmən sənin daxilindəki nəfsdir.” (“Biharül-ənvar”, c. 70, səh. 64, rəv. 7)
“Böyük cihad” (“cihadi-əkbər”) dedikdə nəfs istəklərinə qarşı mübarizə nəzərdə tutulur. İnsan öz nəfs istəklərinə nəzarət etməli, onların tüğyanını susdurmalıdır. Nəfslə cihad da düşmənə müqavimət göstərməkdir. Bu düşmən daxili olduğundan onunla mübarizə daha da çətindir.
İmam Xomeyninin “böyük cihad” barəsində dəyərli söhbətləri vardır. Böyük inqilab rəhbəri işə öz nəfsi ilə cihaddan başlamışdır. Yalnız bu cihadda qalib gəldikdən sonra islami cəmiyyəti süqutdan xilas etmək üçün ayağa qalxmışdır. Onun buyruqları xoşbəxtlik yolunda bizim üçün mayakdır. Həqiqi İslamı diriltmiş o ilahi insanın buyruqlarını, kitablarını yaddan çıxarmamalıyıq. Həmin nəsihətlər daim qulağımızda sırğa olmalıdır. Hər şeydən qabaq nəfsimizlə cihada, özünü tərbiyəyə başlamalıyıq ki, siyasi, iqtisadi, hərbi, elmi və s. mübarizə meydanlarında qalib gələ bilək.
Hövzə və universitetin məsul olduğu cihad növü “elm yolu ilə cihaddır”. Bu iş hövzə və universitet könüllülərinin, səfərbərlərinin öhdəsindədir. Yəni bu məsuliyyət özünü “imam Zaman (ə) əsgəri” adlandıranlara aiddir. Bizlər imam Zaman (ə) süfrəsinin ətrafından dolananlarıq. İnanırıq ki, ilahi rəhmətə qovuşmaq üçün məsum imamlar bir vasitədir. “Camieyi-kəbirə” ziyarətində deyirik: “Yağış sizin (məsumların) pak nurunuz bərəkətindən yağır.” (“Məfatihul-cinan”, “Camieyi-kəbirə” ziyarətnaməsi) Bu baxımdan tələbələrin vəzifəsi çox ağırdır. Onların peşəsi, məlumatı, elmi imkanları bu yolda öndə getmələri üçün şərait yaradır. Universitet tələbələri və digər gənclər bu işdə onlara yardımçı olmalıdırlar. Bəli, elmi yolla cihad hamıdan çox ruhanilərə aid olan vəzifədir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!