ELM və CİHAD - 3

:

MƏDƏNİYYƏT CİHADININ BƏLALARI
1.DÜŞÜNCƏ XƏTALARI
Elmi və mədəni fəaliyyətlərin böyük bəlalarından biri vəzifə müəyyən olunduqdan sonra insanın mənfi təsir altına düşüb süstləşməsidir. Məsələn, insan bir qədər yubanıb, öz məqsədini araşdırsa, elə bir nəticəyə gələ bilər ki, bu nəticə onu razı salmaz.

“İnşaallah, qəbul olar,” deyib, aldığı nəticəyə göz yumar. Hansı ki, nəticələr göstərmişdi ki, məqsəd düzgün seçilməmişdir. Bir sözlə, insan həqiqətdən uzaq düşməmək üçün bütün istəklərini yaxşıca götür-qoy etməlidir.

2. ƏMƏL XƏTALARI
İnsanın seçiminə ictimai rəy böyük təsir göstərir. Onun qərarında xalqın münasibəti mühüm rol oynayır. Məsələn, bəzən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən” qazanmaq üçün meydana atılır. Afərinlər onun gördüyü işə daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün müəyyən işlər tərk olunur. Bəs, həqiqət haradadır? İnsan hansı yolu seçməlidir? İnsan vəzifəsini, yoxsa xalqın bəyəndiyi işi yerinə yetirməlidir? Bəzən insan agah şəkildə hər hansı bir işi özü üçün vəzifə seçir. Amma ailə üzvləri bu işi bəyənmir, müqavimət göstərirlər. Bu halda vəzifə nədir? İnsan hansı həddə müqavimət göstərməlidir? Qurani-Kərimdə bu məsələ ilə bağlı buyurulur: “Ey iman gətirənlər, hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərlə mülayim, kafirlərlə sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar...” (“Maidə” surəsi, ayə: 54) Uyğun təbirlə həzrət Əmirəlmömininin (ə) vəsiyyətnaməsində də rastlaşırıq: “Allah yolunda lazımınca cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma...” Allah yolunda cihad vəzifəsini kamil şəkildə yerinə yetirin. Vəzifənizin icrası yolunda malınızı, canınızı, hörmətinizi əsirgəməyin. İnsan o vaxt vəzifəsinin ardınca gedir ki, yersiz məzəmmətləri qulaqardına vursun.
Bu böyük bəla həm fərd, həm də cəmiyyətə öz mənfi təsirini göstərir. Bəzən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara gəlmiş insan ətrafdakıların mənfi münasibəti səbəbindən süstləşərək vəzifəsini tərk edir. Bu səbəbdən də, Əmirəlmöminin (ə) oğlu Həsəni (ə) həmin təhlükədən xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır.

HƏQİQİ ŞİƏ
Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər əhəmiyyətlidir ki, məsum imamlar (ə) bu xüsusiyyəti şiəlik meyarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn Yəzid Cöfiyə buyurur: “Ey Cabir! Əgər bizim şiələrdən olmaq istəyirsənsə, elə olmalısan ki, əgər bütün şəhər əhli toplaşıb “Cabir pis adamdır, kafirdir, ona ölüm olsun” şüarını verərsə, sənin qəlbinə zərrəcə təsir edib, qorxutmasın. Hamı bir ağızdan Cabirə “əhsən” deyərsə, şad olmamalısan...”. Sözsüz ki, belə bir ruhiyyə asan əldə olunmur. Əgər bir nəfərin məzəmməti insanı süstləşdirirsə, təbii ki, xalqın məzəmməti onun qəddini sındırasıdır.
Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını, hörmətini əsirgəməsin. Əhli-beyt (ə) aşiqləri bu isar, fədakarlıq (ehtiyacı olan şeydən keçmək) ruhiyyəsini elm və mədəniyyət mübarizəsində də qoruyurlar. Onlar bütün ömürlərini islami dəyərlərin hifzi yolunda sərf edirlər. Bu işə görə məzəmmət olunduqları vaxt süstləşmir, peşman olmurlar. İlahi niyyətlə dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz işindən soyumur. Ona deyiləndə ki, başqa işdə qazancın çox olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən süstləşmir. Bəli, Həzrətin (ə) buyurduğu kimi, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər salmalı, Allahın razılığından kənar işlərini bir daha nəzərdən keçirməlidir. Vəzifəni müəyyənləşdirdikdən sonra heç bir tərəddüdə, süstlüyə yol vermək olmaz. Ətrafdakıların məzəmmətinə görə dini vəzifəsini tərk edən insanın şiəliyi şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir. Rəvayətdə buyurulur: “Özünü Quranla qiymətləndir. Əgər yolun Quran yolu, zöhdün Quranın istədiyidirsə, Quranın dəvətinə rəğbətli və qadağasından çəkinənsənsə, möhkəm ol. Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən. Əgər özünü Quranla qiymətləndirərkən Qurana zidd olduğunu görsən, düşün ki, səni məğrur edən nədir?” (“Biharul-ənvar”, c. 78, b. 22, səh.162, rəv. 1) Bəli, Quranın nəyi yaxşı, nəyi pis qiymətləndirdiyini müəyyənləşdirərək, onun buyruqlarına itaət etməliyik.
İnsan özünü elə tərbiyə etməlidir ki, başqalarının məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin. Sözsüz ki, dini vəzifənin müəyyənləşdirilməsində səhlənkarlıq etmək olmaz. Həzrət Əli (ə) buyurur: “Dinini yaxşı öyrən.” Vəzifəsinə əməl etmək istəyən şəxs əvvəlcə vəzifəsini tanımalıdır. Dini həqiqətlərlə tanış olmadan, İslam maarifinə yiyələnmədən vəzifəni bilmək müyəssər olmur. Ona görə də, insan hər şeydən əvvəl dinində bəsirətli olmalı, bu məsələyə agahlıqla yanaşmalıdır. Bu biliklər əsasında vəzifəyə əməl olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!