ELM və CİHAD - 2

:

ELMİ MÜBARİZƏ ŞƏRAİTİ
1. DÜŞMƏNİ TANIMAQ
Elmi mübarizənin şərtləri ilə tanış olaq. Əvvəla, elm və mədəniyyət baxımından düşməni tanımaq zəruridir. Düşmənin cəmiyyətə nüfuz yolları müəyyənləşdirilməlidir. Bundan sonra düşmənə qarşı münasib silah hazırlanmalıdır. Hərbi meydanda modern silahlara ehtiyac olduğu kimi, mədəniyyət hücumlarını dəf etmək üçün də xüsusi metodlara ehtiyac vardır.

Bu iş elm adamlarının dini vəzifəsidir. Hazırda uyğun cəbhədə kifayət qədər qüvvəmiz olmadığından mütəxəssislərin işi çox ağırdır. Hərbi meydanda istənilən bir şəxs iştirak edə bildiyi halda elmi mübarizə meydanında yalnız təhsilli müsəlmanlar fəaliyyət göstərə bilir. Bu cihad ilk öncə dini elmi mərkəz alimlərinin öhdəsindədir. Bilməliyik ki, mədəni təcavüz Amerikanın bir ölkəyə atom bombası atmasından daha təhlükəlidir. Çünki mədəni təcavüz müsəlman gənclərin imanını, mənəviyyatını hədəfə almışdır. Təəssüf ki, bu hücumlar nəticəsində islami dəyərlərə bir çox zərbələr yetirilmişdir. Düşmən, xalqın imanına həmlə edir, onları öz dininə, vətəninə, taleyinə biganələşdirir. Xalqı bu təhlükələrdən xəbərdar etmək, islami mədəniyyəti tanıtdırmaq iman keşikçilərinin vəzifəsidir.

2. NİYYƏT VƏ AMİL
Elmi, mədəni cihadın digər bir şərti ilahi niyyətdir. Uyğun vəzifə bu cəhətdən başqa vəzifələrdən fərqlənmir. İnsanın mərifəti artdıqca, niyyəti də xalisləşir. İşin nəticəsi iman mərtəbəsi, mərifət və xalis niyyətdən asılıdır. İnsanın cəmiyyət üçün yerinə yetirdiyi dini vəzifə yalnız o vaxt onun özü üçün faydalı olur ki, niyyət ilahi, xalis olsun. Bir şəxs var-dövlətini el yolunda xərcləyərkən niyyəti ilahi olmasa, gördüyü işdən zərrəcə xeyir götürməz. Məsələn, imkanlı bir adam yalnız ad-san, “əhsən” xatirinə xəstəxana tikərsə, həmin xəstəxanada yüzlərlə adam şəfa tapsa da, xəstəxananı tikənə faydası olmaz.
Savaş meydanında böyük şücaətlər göstərib, şəhadətə yetişən şəxs dininə, vətəninə fayda verdiyi halda, özü öz fədakarlığından faydalanmaya da bilər. Əgər onun niyyəti ad-san olmuşsa, savabdan söhbət belə gedə bilməz. Bu barədə maraqlı bir rəvayət nəql olunmuşdur:
Kafirlərlə döyüşlərdən birində müsəlman döyüşçü böyük şücaətlər göstərir. Həzrət Peyğəmbərin (s) yanında durmuş səhabələrdən biri soruşur ki, bu döyüşçünün məqamı nədir? Həzrət (ə) “heç nə” deyə ona cavab verir. Sual verən şəxs elə düşünür ki, Peyğəmbər (ə) həmin döyüşçünün fədakarlığını görməyib. Bir daha Həzrətin (ə) diqqətini ona yönəldir. Həzrət (ə) buyurur: “Bəli, həmin şəxsi deyirəm. Bu cəngavərliyin onun üçün heç bir faydası yoxdur. O, camaatın tənəsindən qurtulmaq üçün cəbhəyə gəlib. O, qorxub ki, Mədinə küçələrindən keçərkən qadınların məzəmmətinə tuş gəlsin. Bax, həmin sözlərə görə cəbhəyə gəlib, indi isə məqsədi ad-san qazanmaqdır. Şöhrət naminə meydana girdiyindən o, heç bir savab qazanmayacaq.”
Siyasi, iqtisadi, elmi cihadda da eyni şərtlər zəruridir. Moizə edən şəxs yalnız niyyəti xalis olduqda savab qazanır, amma moizə edənin məqsədi “əhsən” qazanmaqdırsa, bu şəxs heç bir savab əldə edə bilmir. Başqaları onun moizəsindən faydalanıb, elmi məqama çatsalar da, vaizin özü üçün heç bir savab yoxdur.

3. ELMİ FƏALİYYƏTLƏRİN EHTİYACLARA UYĞUNLUĞU
Deyilənlərdən əlavə, elm və mədəniyyət mübarizəsində könül istəyi yox, vəzifəyə əməl etmək lazımdır. Din təhlükədə olduğu vaxt məscid divarlarının naxışına görə narahat olmamalıyıq. Dinin sütunları uçulursa, onun zahirinə görə narahat olmağa dəyməz. Əgər həqiqətən Allaha görə elm öyrəniriksə, əvvəlcə cəmiyyətin hansı elmə ehtiyaclı olduğunu müəyyənləşdirməliyik. O elmi öyrənmək lazımdır ki, həmin elm olmasa, xalqın imanı üçün təhlükə yaranar. Görən, təhsilimiz və işimiz Allaha görədirmi? Yarımçıq qalmış işləri tamamlamağın şəri əsası varmı? Bəli, elm və mədəniyyət mübarizəsində əvvəlcə ilahilik nəzərdə tutulmalı, sonra işə başlanılmalıdır. Yəni elə iş və elə dərs seçilməlidir ki, cəmiyyətin ehtiyacları ödənsin.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!