HƏSƏD – QƏLBİN XƏSTƏLİYİ - 1

:

SIRLI VƏ AZDIRICI MEYL

Bəşər bu qalmaqallı dünyada həyat gülüstanından bir gül qoparmaq və arzularına çatmaq üçün hər an özünü oda-közə vurur və müxtəlif çətinliklərə sinə gərməli olur. Ömrünün son anınadək nə qədər ki, ümid qapıları onun üzünə açıqdır, öz səyindən əl çəkmir və müvəffəqiyyət ardınca düşür.

İnsana əhval-ruhiyyə verən şey onun qəlbində şölələnən ümid çırağıdır. Həyatın bütün ağrı-acılarını şirinləşdirən də məhz həmin bu ümid nurudur. Birisi külli miqdarda var-dövlət əldə etmək istəyir və ona nail olmaq üçün yorğunluq bilmədən çalışır. Başqa birisi isə şan-şöhrət və vəzifə arzusunda olur. Bunun üçün də istəyinə çatmaq üçün gecə-gündüz dəlicəsinə fəaliyyət göstərir. Çünki hər bir insanın istəyi onun cismani ehtiyacları və ruhi təkamülü ilə əlaqəlidir. Onların şüur və tərzi-təfəkkürü isə bir-birlərindən tamamilə fərqli olur. Lakin diqqət yetirmək lazımdır ki, istək və arzularımız yalnız o zaman xoşbəxtliyə səbəb olur ki, psixoloji və ideoloji ehtiyaclarımızla həmahəng olub, ehtiyaclarımızı təmin etmiş olsun və eyni zamanda dərk və mərifət səviyyəmizi ucaldaraq parlaq işıq tək ətrafımıza nur saçsın və bizi qorxunc zülmətdən xilas etmiş olsun. 

Bəzən hərislik və şan-şöhrət hissi insanda tüğyan edir və onun bədbəxçiliyinə səbəb olur. Azdırıcı istəklər kimi ortaya çıxan və sağlam tərzi-təfəkkürü özünə əsir edən, habelə insanı qarşısına qoyduğu məqsədə çatmağa qoymayan mənfi əxlaqi xüsusiyyətlərdən biri də "həsəd" hissidir. Bədxah insanlar başqalarını rahatlıq və asayişdə görmək istəməzlər və başqalarının maddi və mənəvi nemətlərdən bəhrələnməsi onlarda böyük sıxıntı və narahatçılığa səbəb olur. 

Sokrat deyir: "Başqalarına həsəd aparan və paxıllıq edən şəxslər onların köklüyündən arığlayırlar."

Həsəd və paxıllıq insanı öz ömrünü-gününü həsrət və təəssüf içində keçirməyə vadar edir və onun qəlbində ədavət və düşmənçilik toxumu səpir. Bu xüsusiyyətə yiyələnən insanlar daim başqalarına bədbəxtçilik arzulayır və onların səadətə çatmamaları üçün müxtəlif hiylələrə əl atırlar.

Məşhur yazıçılardan biri deyir:

–Bizim canımız divar və qalası olmayan, səadət və xoşəbəxtlik oğrularının asanlıqla qarət və tarac etdikləri səhraya bənzəyir. Mülayim dəniz küləyi belə qəlbimizi iztirab və təlatümə düçar edir. Sayı-hesabı bilinməyən nəfsani istəklər düşmənlərinin hər biri bir yolla özünü ürək evinə daxil edir və bizləri ədavət və düşmənçiliyə vadar etməyə başlayır. Baş ağrısından əziyyət çəkən hər bir insan bilir ki, müalicə üçün həkimə müraciət etməlidir, lakin həsəd xəstəliyinə düçar olan biçarə hər zaman öz çətinliklərini aradan qaldırmaq üçün yanıb-yaxılmalı və böyük müsibətlərlə üzləşməlidir!"

Başqalarının uğur və müvəffəqiyyəti onları özlərinə cəlb edir və bu mənfur xüsusiyyətin onları hansı ağır fəlakətə düçar edəcəyinə diqqət yetirmədən, müxtəlif məkrli tədbirlərə əl ataraq onları əldə etdiklərindən məhrum etməyə can atırlar. Lakin zaman onların yalanlarını üzə çıxarır. Bütün bunlar onları qane etmədikdə isə hər şeyin onların istəklərinin əksinə doğru hərəkət etdiyini görüb, – hətta başqalarının hüquqlarına təcavüz etməklə də olsa belə – onların haqlarını tapdalamaqdan belə çəkinmirlər. 

Görəsən, doğrudan da belə bir meyl həqiqi insanın istəklərindən irəli gəlmiş və onun hədəf və məqsədləri ilə həmahəngdirmi?

Bədxah insanlar nəinki insaniyyətdən xaric, hətta daha da tənəzzülə uğrayaraq heyvanat aləmi ilə eyni səviyyədə olarlar. Çünki həqiqi insan ətrafındakılarının dərdində, qəmində şərik olmalıdır. Onların çətinliklərinə səbəb olan və bununla da özündə rahatlıq tapan bir varlığa insan adını vermək qeyri-mümkündür. 

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ. Əhmədov

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!