BÖHTANIN NÖVLƏRİ

:

Böhtan iki növdən ibarətdir:
Birincisi, bir şəxsin iştirak etmədiyi yerdə onun ardınca yalan danışmaq və etmədiyi rəftarı ona nisbət vermək.
Böhtanın bu növündə iki böyük günah özünü əks etdirir: 1. yalan; 2. qeybət. Çünki yalandan nisbət verilən məsələ həmin şəxsin olmadığı bir yerdə söylənilmişdir.

İkincisi, bir nəfərdə olmayan xüsusiyyəti onun özü qarşısında kiməsə demək.
Böhtanın bu növü isə sırf yalanla qarşılaşmış olduğundan yüksək dərəcəli günah hesab olunur.

BÖHTANIN ƏN PİS NÖVÜ
Bəzən, bir şəxs özünün etmədiyi günahı başqasına ünvanlayır, bəzən də, nalayiq bir rəftarı özü etsə də, başqasının boynuna atır. Bu, demək olar ki, böhtanın ən xoşagəlməz növüdür və Allah-Taala Qurani-Kərimdə məhz bu növə işarə edərək buyurur:

و مَنْ يَكْسِبْ خَطيئَةً اَوْ اِثْمآ ثُمَّ يَرْمِ بِهِ بَريئآ فَقَدِ احْتَمَلَ بُهْتانآ وَ اِثْمآ مُبينآ

“Xətaya, yaxud günaha düçar olduqdan sonra günahsız birini ittihamlandıran şəxs açıq-aşkar “böhtan” günahını boynuna götürmüşdür.”1

BÖHTANIN “HAL”, YAXUD “MƏLƏKƏ”YƏ ÇEVRİLMƏSİ

Digər nalayiq rəftarlar kimi, böhtan da bəzən təsadüfi olaraq insanlarda özünü büruzə verir. Əlbəttə, azacıq səy göstərilərsə, ondan xilas olmaq və bir daha təkrar olunmasının qarşısını almaq olar. Amma diqqətsizlik səbəbilə təkrar olunaraq adət halına çevrilərsə, köklərini dərinləşdirərək möhkəmlənməyə başlayar. Hətta iş o yerə çatar bilər ki, böhtan atan şəxs bundan zövq alar. Çünki o, böhtan atmaqla öz düşmənini ictimai döyüş meydanında məğlub etdiyini düşünəcək və beləliklə də, böhtan atmağı özünümüdafiə üçün bir vasitə seçəcəkdir. Bu zaman həmin şəxs ilahi vilayətin tabeçiliyindən çıxacaq, İblisin tabeçiliyinə daxil olacaqdır. İmam Sadiqin (ə) buyurduğu kimi:

مَنْ رَوَى عَلى مُؤْمِنٍ رِوايَةً يُريدُ بِها شَيْنَهُ وَ هَدْمَ مُرُوءَتِهِ لِيَسْقُطَ مِنْ اَعْيُنِ النّاسِ اَخْرَجَهُ اللّهُ مِنْ وَلايَتِهِ اِلى وَلايَةِ الشَّيْطانِ فَلا يَقبَلُهُ الشَّيْطانُ

“İctimai mövqeyini ləkələmək məqsədilə bir möminin ziddinə söz danışan, onu camaatın gözündən salmağa çalışan insanı Allah-Taala öz vilayətindən çıxarıb, şeytanın tabeçiliyinə tərəf yönəldər. Amma şeytan da onu qəbul etməz.”

ŞƏRİ CƏHƏTDƏN BÖHTANIN PİSLƏNMƏSİ
Dilin digər bəlaları kimi, böhtan da şəriətdə qadağan olunmuş haram işlərdən biridir. Şübhəsiz ki, ona düçar olan şəxsi ilahi cəzalar gözləyir. Necə ki, qeyd edilən ayədə Allah-Taala onu aşkar günah adlandırmışdır.2 Bu barədə də bir çox rəvayətlər nəql olunmuş, böhtan atan adama cəhənnəm vədəsi verilmişdir. İmam Rzanın (ə) Peyğəmbəri-Əkrəmdən (s) nəql etdiyi hədis buna bir nümunədir:

مَنْ بَهَتَ مُؤْمِنآ اَوْ مُؤْمِنَةً اَوْ قالَ فيهِ ما لَيْسَ فيهِ اَقامَهُ اللّهُ يَوْمَ الْقِيامَةِ عَلى تَلٍّ مِنْ نارٍ حَتّى يَخْرُجَ مِمّا قالَ فيهِ.

“İmanlı qadın və ya kişiyə böhtan atan, yaxud malik olmadıqları xüsusiyyəti onlara şamil edən şəxsləri Allah-Taala qiyamətdə dedikləri sözlər canlarından çıxana qədər atəşdə yandıracaqdır.”
İmam Rza (ə) buyurur:

وَ اَمّا عَلامَةُ الْفاسِقِ فَاَرْبَعَةٌ اللَّهْوُ وَ اللَّغْوُ وَ الْعُدْوانُ وَ الْبُهْتانُ

“...Amma fasiqin dörd nişanəsi vardır... Dördücüsü, böhtandır.”3
İmam Sadiq (ə) Ramazan ayının əvvəlində oxuduğu bir dua əsnasında böyük günahlardan bağışlanmaq dilərkən böhtan və yalanı da bu günahlar sırasında sadalamış, böhtanı yalanın bir növü hesab etmişdir. Çünki böhtan atılarkən bir növ yalan hallar da həqiqətə qovuşur.
Bütün bu söylənilənlər böhtanın haram olmasına dair sübutdur və onun böyük bir günah olduğunu nəzərə çatdırır.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Nisa” surəsi, 112-ci ayə.
2. “Nisa” surəsi, 112-ci ayə.
3. “Biharul-ənvar”, Əllamə Məclisi, 1-ci cild, səh. 121.

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!