İNSAN HƏYATINDA TƏCRÜBƏNİN ROLU - 2

:

HƏYATDA TƏCRÜBƏNİN ROLU
Hamı üçün müyəssər olan və həyatda hamının istifadə edə biləcəyi şey təcrübədir. İstər insanın özünün, istərsə də başqalarının topladığı təcrübələr həyat yolunun çırağıdır və gələcəyə aparan yolu işıqlandıra bilər. İlk öncə kara gələn şəxsi təcrübələr olur.

Amma təəssüflər olsun ki, insan həyatını sərf edib, üzücü hadisələr ağuşunda geniş təcrübələr əldə etsə də, münasib məqamlarda ondan istifadə etmir, bəzən isə dəyərli təcrübələri tamamilə yaddan çıxarır. Məgər mərifət çeşməsinə belə bir münasibət axmaqlıq deyilmi?!
Şübhəsiz ki, hər bir insan öz yaş və həyat şəraitinə uyğun olaraq, fərdi, ailəyə aid ictimai, siyasi, hətta təhsil, ünsiyyət, səyahət təcrübələrinə malikdir və bu təcrübələrdən istifadə etməlidir. Amma çox əfsus ki, əksəriyyətimiz dəyərli şəxsi təcrübələrimizi unudur, ya da heç vaxt onlardan istifadə etmirik.
Olsun ki, bəzən bir məsələ haqqında malik olduğunuz təcrübəni başqalarının nəzərinə çatdırırsınız, amma özünüz bu şəxsi təcrübədən istifadə etməyi unudursunuz. Başqaları sizin təcrübənizdən faydalandığı halda, siz özünüz həmin təcrübəyə diqqətsizlik göstərirsiniz. Ətrafdakılar bizim təcrübəmiz vasitəsi ilə inkişaf edir, biz isə geri qalırıq. Məgər belə bir münasibət nadanlıq deyilmi?!
Bu sərmayəni boş yerə əldən verməmək üçün ixtiyarımızda olan sərmayənin inkişafımızdakı rolundan agah olmalı, bilməliyik ki, düzgün həyat yolunu tapmaq üçün bu yolu işıqlandırası təcrübəmiz var. Əlbəttə, başqalarının təcrübəsindən də qəflətdə qalmamalıyıq. Vəsiyyətnamənin başlanğıcında imam Əli (ə) buyurur ki, o, qədimdəkilər haqqında o qədər məlumatlıdır ki, sanki onlarla bir yerdə yaşamışdır. Yəni başqalarının təcrübəsindən xəbərdar olanlar onların da həyatını yaşamış kimidir. Amma biz nəinki başqalarının təcrübələrindən istifadə etmirik, hətta öz təcrübələrimizi də bir kənara qoymuşuq. Bu isə düşüncəsizliyin son həddidir. Aqil o kəsdir ki, başqalarının təcrübələri ilə yanaşı, öz təcrübəsini də hifz edib, onlardan istifadə edərək öz həyat yolunu işıqlandırsın.
Deyildiyi kimi, Allahın verdiyi dini mərifətdən faydalanan kəs özünün və başqalarının təcrübələrindən əlavə bütün təcrübələrdən üstün olan peyğəmbər və övliyaların maarifindən və dini elmlərdən istifadə edir. Bu biliklərin qədrini bilib onlardan istifadə etmək lazımdır.
Diqqəti cəlb edən başqa bir nöqtə budur ki, bu maarif, bu elmlər, bu moizə və nəsihətlər hamının faydalana biləcəyi bir şəkildə bəyan olunmuşdur. Quran və sünnə bütün hallarda hamı üçün yararlıdır. Əgər insanın özünün və başqalarının təcrübələrindən istifadə etməsi və həyat yolunu işıqlandırması təkid olunursa, hər bir aqil insan bu işi görə bilər və həyatının bütün mərhələlərində onlardan faydalanar. “Ağıl təcrübələrin hifzidir” qaydası ümumi qaydalardan biridir.
Hazırkı əsrin fəlsəfi məsələləri ilə tanış olanlar üçün Həzrətin (ə) uyğun buyurduğu empirizmə (təcrübənin əsas götürülməsi baxışı) meyl kimi görünə bilər. Hansı ki, bu ifadələr uyğun mətləbin bəyanı məqamına uyğun deyil. Həzrət Əli (ə) “ağıl təcrübələrin hifzidir” buyurarkən bütün elmləri təcrübə çərçivəsində məhdudlaşdırmır. Həzrət (ə) sadəcə təcrübəni aqillik üçün şərt sayır. Həzrət (ə) buyurmur ki, bütün elm və biliklərin mənbəsi təcrübədir. Empirizm isə istisnasız olaraq bütün biliklər üçün təcrübəni əsas götürür. Həzrət Əli (ə) buyurur ki, ağıl insanın öz təcrübəsini hifz etməsi və həyat yolunda bu təcrübədən yararlanmasıdır. Yəni ağılın şərti və ya aqilliyin nişanəsi insanın özünün və başqalarının təcrübəsini öyrənib münasib məqamlarda bu təcrübələrdən istifadə etməsidir.
Əlbəttə ki, məqsəd bu təcrübələrin sadəcə öyrənilməsi deyil. Çoxları öz həyatının bütün hadisələrini nöqtəbə-nöqtə xatırlaya bilir. Əgər təcrübələrin yadda saxlanılmasında ifrata varılmasa və bu iş başqa işlərə mane olmasa, bu təcrübələrdən faydalanılacağı halda uyğun iş çox yaxşıdır.
Şübhəsiz ki, təcrübələri sadəcə yadda saxlamaq kifayət deyil. Əsas məqsəd bu təcrübələrdən əməldə istifadə olunmasıdır. Belə ki, təcrübələr rəftarımıza təsir etməli, bizi yaxşı işlərə həvəsləndirib, pis işlərdən çəkindirməlidir. İnsanın təcrübələrdən nəticə çıxarıb, onlara əsasən əməl etməsi halı “moizə və nəsihətin qəbulu halı” adlanır. Əgər təcrübələr insan üçün nəsihətçi olarsa, bu təcrübələrdən əməldə istifadə edilərsə, demək, təcrübələr faydalı olmuşdur. Ağıl təcrübələrin yadda saxlanılmasını tələb etsə də, yalnız əməl və rəftara təsirli təcrübələr xeyirlidir. “Təcrübələrin ən üstünü səni moizə edən təcrübədir”, buyurulmuşdur. Yəni təcrübə insanın əməlinə təsir etməli və insan təcrübədən ibrət almalıdır.
“İbrət”, “etibar”, “ibrət götürmək” kimi təbirlər Qurani-Kərimdə, rəvayətlərdə və “Nəhcül-bəlağənin” özündə dəfələrlə bəyan olunmuşdur. İnsan üçün çox işlər ibrət ola bilər və bu işlərdən biri də təcrübədir. Həzrət Əli (ə) bizi təcrübələrdən ibrət götürməyə çağırır. İnsanın öz təcrübəsi ona daha artıq təsirli olur. Bu təcrübə başqalarının təcrübəsindən daha yetərli görünür. Olsun ki, həzrət Əli (ə) məhz bu səbəbdən bizim diqqətimizi öz təcrübələrimizə yönəltmişdir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!