İNSAN HƏYATINDA TƏCRÜBƏNİN ROLU - 4

:

TƏXİR MÜVƏFFƏQİYYƏTİN BƏLASIDIR
Əhli-beytin (ə) buyruqlarında və bu ailənin böyüklərinin bütün kəlamlarında diqqət mərkəzində olan məsələlərdən biri fürsətin qənimət sayılmasıdır. İnsan öz məqsədlərinə nə vaxt gəldi çata bilməz. Yəni hər bir işin həyata keçməsi üçün münasib şərait lazımdır.

Ümumiyyətlə, insan öz məqsədini həyata keçirmək üçün münasib şərait, fürsət axtarışında olmalıdır. Əslində insan həyatının hər bir anı müəyyən bir məqsədin həyata keçməsi üçün daha münasibdir. İnsanın fiziki və mənəvi durumu hər yaş dövründə-növcavanlıqda, gənclikdə və qocalıqda müəyyən bir vəziyyətdə olur. Hər yaş dövrünün öz tələbləri vardır. Bəzən yaşlı bir adamın gördüyü hansısa işi bir gənc bacarmır. Əksinə də ola bilər, bir gəncin asanlıqla gördüyü iş yaşlı adamın əlindən gəlmir.
Demək, hər bir yaş dövrü hansısa işlərin görülməsi üçün daha münasibdir. Çünki hər bir yaş dönəmində insanın fiziki və ruhi halı, psixoloji durumu, ictimai mövqeyi müəyyən bir iş üçün daha münasib olur. Hər hansı bir işin görülməsi üçün hətta məkan da şərtdir. Yəni bir işin görülməsi üçün konkret münasib məkan mövcuddur. Məsələn, təhsil almaq məqsədi ilə insanlar öz şəhərlərini tərk edib, hər hansı bir şəhərdə cəmləşirlər. Çünki onların öz şəhərlərində təhsil almaq üçün münasib şərait mövcud deyil. Demək, müəyyən bir işin görülməsi üçün müxtəlif zəruri şərtlər eyni zamanda ödənməlidir. Əgər bütün şərtlər ödənməsə, işin həyata keçməsi üçün münasib şərait yaranmaz. Bir işin görülməsi üçün müxtəlif şərtlərin eyni zamanda həyata keçməsi, ödənməsi, münasib məkan, münasib ruhi durum, münasib fiziki hal kimi şərtlərin ödəndiyi məqam “fürsət” adlandırılmışdır. “Fürsət” bir işin həyata keçməsi üçün müxtəlif amillərin toplandığı bir haldır. İnsan düşünməlidir ki, görən bu yaşda, bu zamanda, bu məkanda, bu ailə vəziyyətində nəzərdə tutduğu işi həyata keçirə bilərmi?
Hal-hazırda mövcud olan şəraitdə insanın özü və başqaları üçün faydalı olan işin necə gerçəkləşməsi müəyyənləşdirilməlidir. Müxtəlif amillərin və şərtlərin mövcud olduğu halı müəyyən məqsədin həyata keçməsi üçün qənimət saymaq lazımdır və bu hal “fürsət” adlanır. Çünki yaranmış şəraitin bir də ələ düşüb-düşməyəcəyi məlum deyil. Bu məsələlər ona görə ciddi vurğulanır ki, insan unutqan və qafil bir mövcuddur. Cavanlığın daimi olmadığını hamımız bilirik. Amma özümüzü elə aparırıq ki, guya həmişə cavan qalacağıq. Unuduruq ki, bir gün yaş ötəcək və gücümüz azalacaq. Bu gün görə biləcəyimiz işi, mümkündür ki, sabah görə bilməyək. Bəzən o qədər qəflətdə oluruq ki, başqaları nə qədər nəsihət etsə də, bu nəsihətlər kəsərsiz olur və bir-birinin ardınca fürsətləri əldən veririk. Həqiqət budur ki, biz ixtiyarımızda olan nemətlərə diqqətsizik. Hansı nemətlərin ixtiyarımıza verildiyinə kifayət qədər diqqət göstərmirik, yalnız fürsət əldən çıxdıqdan sonra həmin nemətlər haqqında düşünürük.
Məsələn, təhsil müəssəsində olduğumuz vaxt böyük ustadların, alimlərin, tərbiyəçilərin, əxlaq müəllimlərinin qədrini bilmirik. Elə düşünürük ki, bu fürsət həmişə olacaq. Bir də ayılırıq ki, fürsət əldən çıxmışdır. Bu məsələnin böyük əhəmiyyəti və müqəddəs İslam dininin ona diqqəti səbəbindən şərif rəvayətlərdə müxtəlif təbirlərlə bu məsələyə geniş yer ayrılmışdır. Tapşırılır ki, fürsətləri qənimət bilin, onlar təkrar buludlar tək ötüb keçir. Bu mövzuda həzrət Peyğəmbərin (s) Əbuzərə (ə) dəyərli öyüdləri olmuşdur. (“Biharul-ənvar” 77-ci cild, səh. 77, 3-cü rəvayət)
Vəsiyyətnamənin bu hissəsində Əmirəlmöminin Əli (ə) da qısa və mənalı cümlələrlə tapşırır ki, fürsətləri qənimət bilin, bu fürsətlərdən öz təkamülünüz üçün istifadə edin, əgər istifadə etməsəniz, sabah peşman olacaqsınız və bu fürsətlər qüssəyə çevriləcək. Nə qədər ki, bu fürsətlər əlinizdən çıxmayıb, qəm-qüssəyə çevrilməyib, onu qənimət bilin!
Adətən, şeytan zahirən hikmətli şəkildə olan öz batil təlqinləri ilə insanı aldadır. Çünki şeytan bizdən heç də savadsız deyil. Hətta yüz şəxsin elmi üst-üstə toplansa, İblisin elminə çatmaz. Şeytan həzrət Adəmdən altı min əvvəl dünyaya gəlmişdi. O, özünün və başqalarının təcrübələrindən istifadə edir. Ona görə də, bizdən daha elmlidir və başqalarını aldatmağın yolunu çox gözəl bilir. Düşünməyin ki, biz çox fürsətliyik və şeytana qalib gəlməyimiz labüddür. O bizdən cəld tərpənir və zahiri gözəl sözlərlə qəlbimizi tora salır. Məsələn, insana təlqin edir ki, “yaxşı götür-qoy et, tələsmə, qabaqda vaxt var” və bu yolla da işlərimizi təxirə salıb, yubadır, fürsətləri əlimizdən çıxarır. Biz də ona aldanaraq deyirik: “Tələsmək şeytan işidir, tələsməyək!” Düşünürük ki, fürsət var, həmişə təhsil almaq olar və bir gün gec alim olsaq, nə eybi var! Məsələn, ibadətlərdə və müstəhəb işlərin icrasında bizi aldadaraq belə təlqin edir ki, “hələ Rəcəb ayı təzəcə başlayıb, qarşıda otuz gün var, tələsməyə dəyməz, hələ oruc tutmaq üçün çox imkan olacaq. Beləcə, min bir təlqinlə fürsətləri əlimizdən alır. Şeytan növbənöv sözlərlə, şirin dil və bəhanələrlə insanı xeyir işdən çəkindirir. Sözü də budur ki, tələsmə, səbir et, hövsələn olsun, hələ ki cavansan, ibadət və təhsil üçün qabaqda vaxt çoxdur. Təlqin edir ki, nə vaxt elm əldə edib, daha ağıllı olarsan, onda edəcəyin ibadətlərin də savabı çox olar.
İnsanı aldatmaq üçün şeytanın nüfuz yollarından biri qarşıda böyük fürsətlərin olmasını təlqin etməkdir. O, bu yolla insanı ləngitməyə, yubatmağa çalışır. Əmirəlmöminin Əli (ə) şeytanın bu qurğusunu məhv etmək üçün buyurur: “Əzm və iradə uzaqgörənlikdəndir.” Uzaqgörənlik tələb edir ki, insan cəld qərar qəbul edib, işə başlasın. Əgər ibadət, təhsil, xalqa xidmət üçün fürsət yaranmışdırsa, insan bu fürsətdən istifadə etməlidir. Allahın razılığı, Ona yaxınlaşmaq üçün öyrənilən elm çox böyük ibadətdir. Əgər Rəcəb ayının başlanğıcında, yəni orucluq ayı Ramazandan qabaq ibadət və oruc tutumaq üçün fürsət yaranmışdırsa, bu fürsəti qənimət saymaq və bu bərəkətli ayda ibadətə məşğul olmaq lazımdır.
Uzaqgörənlik insandan tələb edir ki, fürsəti qənimət bilsin. Fürsət yarandığı vaxt onu qənimət bilib, addım atmaq lazımdır. Çünki bu fürsət ikinci dəfə ələ düşməyə də bilər. Məbada, günü-günə satıb, işi yubadaq. İşin təxirə salınması insanı bir çox faydalardan məhrum edir. Bu yubanmanı səbir, hövsələ, uzaqgörənlik adlandırmaq olmaz. Bəlkə də, səhlənkarlığın ən kamil nümunəsi şeytana uyaraq yubanmaq, işi təxirə salmaqdır. Çünki əlindən xeyir iş gələn insan bu yolla fürsəti əldən verir və xeyir işin savabından məhrum olur.
Əlbəttə ki, xeyir işi görərkən, fürsətlərdən faydalanarkən şərtlər nəzərə alınmalıdır. Çünki çoxsaylı xeyir işlər və müxtəlif imkanlar mövcuddur. Hətta vacib dini əməllər arasından ən üstün olanı seçilməlidir. Bəzən eyni bir vaxtda bir neçə vacib vəzifənin yerinə yetirilməsi üçün şərait yaranır. Belə hallarda daha üstün olan vəzifəni seçmək lazımdır. Diqqət edib hansı işin daha dəyərli və mühüm olduğunu təyin etməliyik. Vəzifə təyin olunduqdan sonra səbir edib, yubanmaq olmaz. Çünki “əzm və iradə uzaqgörənlikdəndir.” Uzaqgörənlik işə başlanılmasını tələb edir. İşin təxirə salınması və süstlük fürsətin əldən çıxmasına səbəb olar.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!