İNSAN HƏYATINDA TƏCRÜBƏNİN ROLU - 3

:

DOSTLUĞUN ACILIĞI VƏ ŞİRİNLİYİ
İnsan daim başqaları ilə ünsiyyətə ehtiyac duyur. Ətrafdakılarla ünsiyyət insan həyatının zərurətlərindəndir. Bu ünsiyyət o zaman insanın tərəqqisinə səbəb olur ki, insanın dözüm həddi yüksək olsun. İnsan ətrafdakılarla ünsiyyət zamanı dözüm qüvvəsinə malik olmalıdır ki, onların yaxşılıqlarından faydalana bilsin.

Şübhəsiz ki, insanların düşüncə üsulları, rəftarları və əməlləri bir-birlərinkindən fərqlənir. Bəziləri bizimlə fərqli baxışlarına əsasən bizim xoşlamadığımız tərzdə rəftar edə bilərlər. Bəziləri isə əməlləri qüsurla olduğundan başqalarının hüquqlarını poza bilərlər. Onlar bu yolla ətrafdakıların haqqını tapdayar, onlara qarşı zülmə və hömətsizliyə yol verərlər. Məhz bu səbəbdən biz bəzilərini xoşlamaya bilərik. İnsan öz ictimai həyatında başqalarının hörmətsizliyindən amanda deyil. Əlbəttə, biz, adətən, öz eyiblərimizdən xəbərsiz olur və başqalarının yersiz hərəkətlərindən inciyirik.
Çox az adamlar öz əməllərindən narazıdırlar. Biz başqalarının eyiblərinə daha çox diqqətliyik. Məsələn, yalnız başqalarından zülm gördükdə, zülmün nə qədər pis iş olduğunu anlayırıq. Amma özümüz onqat artıq zülmə yol verdikdə, bunun nə qədər pis olmasının fərqinə varmırıq. Biri bizə qarşı hörmətsizlik göstərdikdə, çox narahat oluruq. Hansı ki, özümüz başqalarına hörmətsizlik etdikdə, bunun onlara nə qədər ağrı verdiyini hiss etmirik. Hər halda, bizim hər birimizin həyatında bu sayaq ölçü-biçisiz hərəkətlər tez-tez baş verir. Çünki biz məsum deyilik və hər birimizin nöqsanları var.
Əgər insan öz ictimai həyatında başqalarının yalnız qüsuruna diqqət yetirib narahat olsa, heç vaxt onların yaxşılıqlarından bəhrələnə bilməz. Hər bir insanın həm müsbət, həm də mənfi cəhətləri var. Əgər insan başqaları ilə ünsiyyət zamanı onların nöqsanlı cəhətlərindən inciyib əlaqəni kəssə, onların bir çox yaxşı cəhətlərindən məhrum olar. Öz ictimai həyatında başqalarının yaxşı xüsusiyyətlərindən faydalanmaq istəyən şəxs onların mənfi xüsusiyyətlərinə dözməyə vərdiş etməlidir ki, həmin yaxşı xüsusiyyətlərdən bəhrələnə bilsin. Biz hər birimiz Allahın bəndəsiyik, Onun maddi və mənəvi nemətlərini bir-birimizin vasitəsi ilə əldə edirik. Bu işin acılıqlarına dözmək lazımdır. İnsan öz sözünü başqalarına qəbul etdirmək üçün onlarla düzgün əlaqə qurmalıdır. Əgər Allahın bəndələri ilə sərt rəftar etsək, nə özümüz onlardan istifadə edə bilərik, nə də onlara bir xeyrimiz dəyər. Belə etsək, Allahın ictimai həyatımızda qərar verdiyi nemətdən həm özümüz məhrum olarıq, həm də başqalarını məhrum edərik. İnsanın mənəvi böyüklüyü ondan tələb edir ki, xoşxasiyyətli olsun. Öz ictimai həyatında başqalarının köməklərindən faydalanmaq istəyən ağıllı insan xoşxasiyyətli və gözəl əxlaqlı olmalıdır ki, başqaları onunla ünsiyyətə maraq göstərsin. Eləcə də, başqalarına faydalı olmaq üçün şirindilli, xoşrəftarlı olmaq lazım gəlir. Başqalarının faydalanması, hidayəti, tərbiyəsi üçün xoş rəftar münbit şərait yaradır, insanın sözü eşidilir, insanlar öz nöqsanlarını anlayıb, bu nöqsanlardan uzaqlaşırlar.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!