İNSAN HƏYATINDA TƏCRÜBƏNİN ROLU - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Təcrübəni yadda saxlamaq ağıl və düşüncə nişanəsidir. Ən yaxşı təcrübə sənə öyüd verən təcrübədir. Yumşaq rəftar böyüklükdəndir. Qüssəyə batmazdan qabaq fürsəti qənimət bil.” (“Nəhcül-bəlağə”)

Bu dürlü kəlamlar dünya həyatı dərsini və axirət səadəti yolunu açıqlayır. İlk baxışdan bir-birləri ilə o qədər də əlaqəli görünməyən bu kəlamların bir qədər düşündükdən, ilahi və islami baxışla, Əhli-beyt (ə) məktəbi ilə tanışlıqdan sonra sıx əlaqəli olduğu üzə çıxır, bu sonsuz maarif və hikmət okeanından bəhrələnmək mümkün olur. Nəql olunan hissədə Həzrət (ə) maarif çeşmələrindən birinə toxunur. Bu çeşmə başqalarının bəhrələnməli olduğumuz təcrübələridir.

AQİLLİK NİŞANƏSİ
Bu məktubda təkid olunan məsələlərdən biri keçmişin təcrübəsindən istifadə olunmasıdır. İnsan çalışmalı, öz təcrübələrindən lazımi və faydalı şəkildə istifadə etməlidir. Həyat təcrübələrini unudub, onlardan istifadə etməmək ağılsızlığın son həddidir. İnsan dünya səhnəsinə daxil olarkən, Quran təbirincə, elmi məlumatlara və sərmayəyə malik olmur. (“Nəhl” surəsi, ayə: 78) Düzdür, Allah və bəzi həqiqətlər haqqında vaxtında istifadə olunan örtülü fitri biliklər olur. Amma uyğun ayədən məlum olur ki, insan anadan olarkən agah məlumatlara malik olmur. O, düşüncə qüvvəsini tədricən əldə edir. İnsanın ağıl qüvvəsi tədricən güclənir, müxtəlif məsələlərlə rastlaşmaqla daha çox məlumat toplayır. Daha artıq məlumat əldə etməkdə insana bir çox şeylər köməkçi ola bilər. İnsan özünün və başqalarının təcrübələrindən əlavə, öz təfəkkür gücünü işə salmalı, elm sərmayəsini artırmalıdır. Bütün elmlərin fövqündə Allah-taalanın peyğəmbər və övliyalara göndərdiyi elmlər durur. Bu yol insanın öz məlumatını artırıb kamilləşməsi üçün mövcud olan yollardan biridir.
Beləcə, insanın öz ağlını işlətməməsi, müxtəlif elmlərdən faydalanmaması axmaqlığın son həddidir. İstər Allah-taalanın xaricdə qərar verdiyi elmlər, istər peyğəmbərlərə vəhy etdiyi elmlər, istər qədim alimlərin araşdırıb açıqladığı elmlər, istər müəllimlərin tədris etdiyi elmlər, istərsə də insanın həyatda qazandığı təcrübələr onun xoşbəxtliyi üçündür. Bu elmlərdən üz döndərən insan xəzinə üstündə oturub, yoldan ötənlərə əl açan axmaq kimidir. Təəssüf ki, bu işdə az-çox hamımız təqsirkarıq. Həm ağıl gücümüzdən düzgün faydalanmırıq, dünya işlərinə aludə olub təfəkkür fürsətini əldən çıxarırıq, həm də başqalarının bizim üçün topladığı elmlərdən faydalanmırıq. Hətta bir kitabı açıb oxuyacaq qədər təpərimiz yoxdur. Minlərlə faydasız işlərə vaxt sərf edir, amma rəfdəki kitablardan əlimizə götürmürük. Bu cəhətdən biz müsəlmanlar hamıdan daha böyük zərərdəyik. Çünki daha çox sərmayəni əldən çıxarır və böyük mənəvi sərvətləri hədərə veririk. Bizlər Qurani-Kərim elmlərindən istifadə etməli, intəhasız Əhli-beyt (ə) biliklərindən yararlanmalıyıq. Amma bu elmlərin qədrini bilmir, onlara ciddi yanaşmırıq. Ən kamil, ən dəyərli biliklərin Quranda və Əhli-beyt (ə) buyruqlarında olduğuna inandığımız halda, bu biliklərdən istifadə etmirik. Bu misilsiz və sonsuz xəzinə həmişə ixtiyarımızda olduğu halda, ayə və rəvayətlər kövsərindən bir qurtum içməklə, bu elmlərin mütaliəsi ilə susuzluğumuzu yatırmırıq.
Təəssüf ki, bu sahədəki geniş imkanlardan-ustad və alimlərdən, özümüzün və başqalarının təcrübələrindən, misilsiz İslam kitabxanasından ehtiyacımız olan qədər faydalanmırıq.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!