İSLAMDA ƏXLAQ - 1

:

İslam əxlaqi sisteminin digər sistemlərlə fərqi
Ötən fəsillərdə dedik ki, hər bir əxlaqi sistem üç təməl üzərində qurulur:
1. İnsan müxtardır (ixtiyar sahibidir);
2. İnsan öz ixtiyari işlərində zatən bəyənilən, axtarılan hədəfin arxasıncadır;
3. Həmin hədəfə çatmağın yeganə yolu əxlaqi işlər görməkdir.

Yəni insanın bədbəxt və ya xoşbəxt olmasına ixtiyari əməllər səbəb olur və heç kəs bundan başqa yolla xoşbəxt və ya bədbəxt olmur.
Əlbəttə, qeyd etmək lazımdır ki, əxlaq məktəblərinin çoxu bu əsaslara bir o qədər də diqqət yetirmir və bunları öz mövzularının əsası kimi təqdim etmirlər. Lakin biz məsələni araşdıranda bu qənaətə gəlirik ki, bütün əxlaqi sistemlər hətta ümumi şəkildə olsa belə bu üç əsası və qaydanı qəbul edirlər.
İslam əxlaq sistemi də bu əsasları qəbul etmək baxımından digər sistemlərlə həmrəydir. İslam əxlaq sistemi həmin qaydalar üzərində qurulub və bu baxımdan onun digər sistemlərlə fərqi yoxdur.
İndi ortaya belə bir sual çıxır: bəs İslam əxlaq sistemi ilə digər əxlaqi sistemlər arasında hansı əsaslı fərqlər var? Bu sualın cavabında qeyd etmək istərdik ki, İslam əxlaq sisteminin digər əxlaqi sistemlərlə bir sıra fərqləri var və biz burada onların üç əsas fərqini araşdıracağıq.

İslam əxlaq sistemində xoşbəxtlik
Qeyd etmək lazımdır ki, əxlaq sistemlərinin bir-biri ilə əsas fərqi ümumi məfhumlar baxımından yox, çox vaxt həmin ümumi məfhumların xarici nümunələri baxımındandır. Belə ki, hər bir insan fitri olaraq xoşbəxtlik axtarır və o, bu istəyi özündən heç vaxt uzaqlaşdıra bilmir. Bu həqiqəti bütün əxlaq sistemləri qəbul edir və bu yöndə yekdildirlər. Müxtəlif əxlaq sistemlərinin bir-biri ilə fərqi xoşbəxtliyin xarici nümunəsinin müəyyənləşdirilməsindədir. Əsas problem və əxlaq sistemlərinin toqquşduğu nöqtə bu suala cavab verməklə yekunlaşır: İnsanın itirdiyi və var qüvvəsi ilə axtardığı xoşbəxtlik nədir?
Şübhəsiz, bu suala cavab vermək asan deyil. Problemin çətinliyi və işin düyünlü olması səbəbi budur ki, bütün insanların axtardığı xoşbəxtlik xarici aləmdə göstərilməsi mümkün olan bir varlıq, mənəvi heysiyyət, ya ruhi bir mövcud deyil. Buna görə də onu asanlıqla əldə edib ziddiyyətləri azaltmaq mümkün olmur.
Qeyd edilən bu mühüm sualın cavabında deyirik: Biz öncə (birinci fəsildə) öz nəzərimizi açıqladıq və dedik ki, xoşbəxtlik abstrakt bir məfhumdur. O, ləzzətin mütləq mənada davamlı və çox olmasından yaranır. Əgər belə bir ləzzət mümkün deyilsə, onun nisbi davamlı və çox olması nəzərə alınır. Buna görə də əgər həyatımız əzab-əziyyətli olsa, ağrı-acının ən az həddə çatdığı və bunun müqabilində ləzzətlərimizin ən yüksək həddə olduğu yerdə «xoşbəxtlik» sözündən istifadə etmək olar.
Xülasə, xoşbəxtlik axtarmaq insanda fitridir. Hamı ləzzətləri daimi, yüksək keyfiyyətdə, dərdlərlə müqayisədə çox olmasını istəyir. Lakin onlar buna necə nail olmağın yolunu bilmirlər. Bu barədə hərə bir söz deyir. Beləcə, demək olar ki, xoşbəxtlik məfhumu barədə fikirlər eynidir, lakin xoşbəxtliyin xarici nümunələrinin müəyyənləşdirilməsində ziddiyyətlər çoxdur.

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov

Ardını buradan oxuyun

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!