İSLAMDA ƏXLAQ - 3

:

Səadətə qovuşmağın yolu
Həmçinin insanı səadətə qovuşduran yollarda iki yön var. Onların biri ümumi yön, digəri isə xarici nümunələr və xırdalıqlardır. Ümumi yön barəsində bunu demək olar ki, bizi səadətə qovuşduran hər şey «yaxşı»dır. Bu, tamamilə aydın bir əxlaqi məsələdir.

Bu cəhətdən İslamla digər əxlaq sistemləri arasında fərq yoxdur və İslam da digər sistemlərlə yanaşı bu məsələni təsdiqləyir.
İkinci yöndə isə ortaya belə bir sual çıxır ki, bizi səadətə nə qovuşdurur və bu ümumi mövzunun konkret nümunələri hansılardır? Bu nöqtə fikir ayrılığı yaradan digər bir nöqtədir. Əxlaq sistemləri bu suala fərqli cavab verirlər. İslam əxlaq sisteminin də bu baxımdan digər sistemlərlə fərqi var və o xüsusi nəzərini irəli sürür.
İnsan çox mürəkkəb və müxtəlif cəhətlərə malik bir varlıqdır. Bu cəhətlərin hamısı bir-biri ilə əlaqəlidir, bir-birinə qarşılıqlı təsir göstərir və bir-birlərindən fərqlənir. Buna görə də insan onu səadətə qovuşduran yolun müəyyənləşdirilməsində səhvə düçar olur, gördüyü işin müsbət və ya mənfi təsirini dəyərləndirərkən səhvə yol verir.
İnsan onun taleyinə təsir edən işlərin dəyərləndirilməsində öz vücudunun bütün cəhətlərini nəzərə almalıdır. İnsanın məsələn ailə həyatında xüsusi davranış tərzinin onun həyatının digər sahələri, məsələn, şəxsi və ictimai həyatı, yaxud axirət dünyası ilə heç bir əlaqəsinin olmamasını güman etməsi səhvdir. Çünki onun ailədə həyat tərzinin fərdi, ictimai həyatına, yaxud axirət dünyasına nəzərə çarpacaq təsir göstərməsi qətidir. Hər sahə o birinə münasibətdə belə bir təsirə malikdir.
Deyilənlərdən bu qənaətə gəlirik ki, hər hansı bir işin «yaxşı» yaxud «pis» olmasını bilmək istəsək, onun insanın bütün həyatına və həyatının bütün sahələrinə təsirini nəzərə alaraq qərar çıxarmaq lazımdır. Əlbəttə, aydındır ki, bu şəkildə hesab aparmaq və hər hansı bir işin insan həyatının bütün sahələrinə təsirinin müsbət, ya mənfi olmasını dəyərləndirmək olduqca çətin bir işdir.
Bunu da qeyd etmək lazımdır ki, əməllərin hökmünü sadə şəkildə hamı dərk edib başa düşə bilər. Lakin diqqət etmək lazımdır ki, bu dərin, dəqiq, hərtərəfli və fəlsəfi yox, sadə və səthi olacaqdır. Məsələn, əməllərin ən sadə hökmlərindən biri «doğruçuluğun yaxşı olması» hökmüdür. Bunu bütün insanlar fitri olaraq aydın şəkildə dərk edirlər. Lakin onu ümumi, səthi şəkildə qəbul edir və tam aydın əxlaqi məsələlərdən sayırlar. Məsələyə dərindən diqqət yetirəndə bu sadə və aydın məsələdə qaranlıq məqamların olması üzə çıxır. Hətta bəzən yaxşı saydığımız həmin əməlin yaxşılığında tərəddüd edir, bəzən isə bundan da qabağa gedib doğruçuluğun pis, yalan danışmağın isə yaxşı olması qənaətinə gəlirik. Bunun mənası odur ki, «yaxşılıq» «doğruçuluq» üçün zati sifət ola bilməz. Çünki zati sifətin vəsf etdiyi şeydən nə vaxtsa ayrı düşməsi və ya bu barədə tərəddüd yaranması mümkün deyil. Deməli, «yaxşılıq» «doğruçuluğ»un zati sifəti deyil və buna görə də ağıl onu aydın şəkildə dərk edə bilməz. Bu kimi istisnalar bəzilərinin doğruçuluğun tam yaxşı olması barədəki iddialarının dəqiq olmamasını və onların məsələni lazımi şəkildə dərk etməmələrini göstərir. Əslində, bu kimi deyimlər iddia edildiyi kimi, aksiom yox, xalq arasında bir növ səhlənkarlıq və sadəlövhlükdən məşhurlaşmış məsələlərdəndir. Hamının pis saydığı «zülm», «yalan» və bəzi başqa əməllər də yaxın vasitə ilə dərk edilməsinə və sadə formula malik olmasına baxmayaraq, qeyd edildiyi kimi məşhur məsələlərdəndir və dəlilə əsaslanmır. Əgər onları dəlillə əsaslandırmaq istəsək məsələlərin bütün cəhətlərini dəqiqliklə araşdırmalı və çərçivələrini müəyyənləşdirməliyik. (Bu mövzu «Əxlaq fəlsəfəsi dərsləri» kitabında müfəssəl şəkildə araşdırılıb. Məsələ ilə ətraflı tanış olmaq istəyənlər həmin kitaba müraciət edə bilərlər.)
Biz öz məhdud baxışlarımızla əməllərimizin son səadətimizlə sözün əsl mənasında (vücudumuzun bütün cəhətlərinin son hədəfə çatması mənasında) əlaqəsini dərk edə bilmirik. Adətən, «izin gördüm, özün yox» məsəlində deyildiyi kimi onun bir cəhətini dərk edirik, əksər cəhətləri bizə qaranlıq qalır.
İnsanların işlərin «yaxşı» yaxud «pis» olması barədəki mühakimələrinin çoxu belədir. Onlar məsələnin bir cəhətini nəzərə alırlar. Əslində isə onun digər cəhətləri və əlaqədə olduğu şeylər də var. Onlar da nəzərə alınmalı və son qərarda hesablanmalıdır. Lakin insanlar bundan qafildirlər. Bəli, bu cəhətlərin hamısı nəzərə alınmalıdır. Hətta hər hansı bir iş maddi cəhətdən və dünyəvi baxımdan bizim üçün faydalı olsa, bu onun «yaxşı» adlandırılması üçün yetərli deyil. Həmin iş axirət üçün də faydalı olmalıdır ki, biz düzgün qərar çıxarmış olaq. Amma bizim bunu hesablamağımız mümkün deyil və biz bu dünya ilə o biri dünya arasında hansı əlaqənin olmasını bilmirik.
Bu deyilənlər əxlaqi aksiom barədə idi. Daha mürəkkəb formulları olan nəzəri məsələlər isə daha çətin, əlaqələr çoxşaxəlidir. Bizim onlar barəsindəki məlumatımız daha məhduddur. Odur ki, bizim onlar barədə mühakiməmiz həqiqətdən daha uzaq olacaq. İslam məşhur olan və insanların dərk etdikləri əxlaqi gerçəkliklərə diqqət yetirir. Amma onlarla kifayətlənmir. İslam baxımından əxlaqi əməllərin dəqiq xarici nümunələrini, onların yaxşı və ya pisliyini, şərt və çərçivəsini vəhy təyin etməlidir. Bu barədə vəhyə istinad İslam əxlaq sisteminin xüsusiyyətlərindəndir.
Qeyri-islami sistemlərin nəzərincə isə əxlaqi məsələlər ya aksiomdur, ya da təcrübə vasitəsilə vəhyə ehtiyac olmadan tapıla bilər. Yaxud insanların istəyi ilə əxlaqi dəyərləri təyin etmək və ya dəyişdirmək mümkündür. Odur ki, əxlaqi dəyərlərin üzə çıxarılmasında vəhyə əsaslanmaq İslam əxlaq sisteminin xüsusiyyətlərindən və imtiyazlarındandır.

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov

Ardını buradan oxuyun

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!