İSLAMDA ƏXLAQ - 2

:

Dünyagörüşü ilə xoşbəxtliyin əlaqəsi
Müxtəlif əxlaq sistemlərində xoşbəxtliyin xarici nümunəsi onların təməlini təşkil edən fərqli dünyagörüşlərinə görə fərqlənir. İslam da özünəməxsus ilahi dünyagörüşünə görə «xoşbəxtlik» üçün xüsusi xarici nümunə təqdim edir və ona nail olmaq üçün xüsusi işlər görmək tövsiyə edilir.

Bu haqq dinə görə, insan məhdudiyyətsiz və sonsuz ömrə malik bir varlıq olmaqla yanaşı, Allaha bağlıdır və onun heç bir müstəqilliyi yoxdur. İslam bu dünyagörüşünə uyğun olaraq insan üçün əbədi və maddi həyatdan üstün bir xoşbəxtlik təqdim edir. Əksinə materialist dünyagörüşündə insan müstəqil bir varlıqdır, onun ömrü məhduddur və bu dünya həyatında bitir. Bu dünyagörüşünə əsasən, materialist sistemlər insan üçün dünya ləzzəti və xoşbəxtliyi axtarışındadırlar. Çünki onlar dünya həyatından sonra üçün xoşbəxtlik və ləzzət tanımırlar.
Əlbəttə, belə də ola bilər ki, bəziləri əbədi həyata, axirət dünyasına və sonsuz xoşbəxtliyə etiqad bəsləsinlər, amma onun insanın ixtiyari əməlləri və dünyadakı davranışları ilə əlaqəsini qəbul etməsinlər. Məsələn, belə fikirləşsinlər ki, bizim dünyadakı əməl və davranışımız yalnız dünya xoşbəxtliyimizi təmin edə bilər və bütün səylər buna yönəlməlidir. İnsanın axirət xoşbəxtliyi də onun həmin aləmdəki səyləri nəticəsində təmin ediləcəkdir. Buna görə də axirət xoşbəxtliyini təmin etmək üçün özümüzü dünyada zəhmətə salmağa ehtiyac yoxdur, yaxud bu iş faydasızdır.
Belə düşünənlər əslində axirəti inkar etmirlər. Amma əməldə diqqətləri dünya həyatına yönəlib və axirət dünyasından qafildirlər.
İslam öz dünyagörüşündə və dünya barədə təqdim etdiyi təfsirində insana öyrədir ki, onun vücudu bir tərəfdən tamamilə Allaha bağlıdır və Allah-taala birmənalı olaraq onun Rəbbidir, digər tərəfdən isə onun həyatı dünya həyatı ilə bitmir. Onun əsl həyatı o qədər dərin və genişdir ki, dünya həyatı onun müqabilində əhəmiyyətsizdir.
Bu dünyagörüşünə əsasən, İslamın əxlaq sistemi yuxarıdakı iki əsas üzərində qurulur. Bir tərəfdən «insanın yaradılışın başlanğıcı ilə əlaqəsinə», digər tərəfdən «insanın məad ilə əlaqəsinə» diqqət yetirilir. Buna görə də Quran ayələri çox yerdə «fəlah»ın (qurtuluşun) xarici nümunəsi kimi axirət səadətini təqdim edir. Ümumimiyyətlə, Qurani-kərimdə «səadət» kökündən düzəldilmiş söz yalnız “Hud” surəsinin 105-108-ci ayələrində işlədilmişdir və “axirət səadəti” mənasını bildirir.
Əlbəttə, yuxarıda dediklərimizdə məqsəd bu deyil İslam insana ümumiyyətlə dünyanı tərk etməyi və əsla nəzərə almamağı tövsiyə etməsi edir. Əsla! Burada dünyanın əbədi həyatla əlaqəsinin gərəkliyi və əbədi səadətə çatmaq yolunda onun əhəmiyyətini bilməkdir. Bir sözlə, onu olduğu kimi, yəni vasitə və müqəddimə olaraq nəzərə alıb istifadə etmək lazımdır.
İslamın təqdim etdiyi əxlaqi dəyərlər onun özünəməxsus dünyagörüşünə əsaslanır. Buna görə də biz İslam məktəbi baxımından başlanğıc və sona etiqad olmadan əxlaqi sistem təqdim edə bilmərik. Belə bir sistem İslam əxlaq sistemi ola bilməz. O, ya qeyri-islami, ya da qarışıq əxlaq ola bilər. Qarışıq məktəb davamçıları və tərəfdarlarının etiqadda Allahı tanıması, əxlaq və əməldə isə hər şeyi yaddan çıxarması təbiidir. İslam əxlaq sisteminin dünyagörüşü ilə sıx və ayrılmaz əlaqəsi var. Ondakı dəyər məfhumları da dünyagörüşündən qaynaqlanır. Əgər İslam nəyinsə yaxşı olmasını deyirsə, həmin şeyin yaradılışın başlanğıc və sonu ilə əlaqəsini nəzərə alır. Hətta insanın qurtuluşundan danışanda onun yaradılışın əvvəli ilə əlaqəsi nəzərə alınır. Belə ki, qurtuluş və uğur Allahın bizə mükafat olaraq əta etdiyi mərhəmətidir. Həyatın son hədəfinə, səadət və qurtuluşa diqqət Allaha diqqətdən ayrı olmamalıdır.
Allah-taala adətən yaxşı əməl sahiblərinin aqibətindən və mükafatından danışarkən müxtəlif ifadələrlə incə şəkildə onu Özünə aid edir. Məsələn, bir çox ayələrdə buyurur:
"ً لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِم‏"
“Onların mükafatı (yalnız) Rəbbi yanındadır.” (“Bəqərə”, 262 və 277; “Ali-İmran”, 199)
Digər bir yerdə buyurur:
"إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ"
“Həqiqətən, təqvalılar bağlar və axar çaylar içərisində olacaqlar – qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında!” (“Qəmər”, 54, 55)
Başqa bir yerdə buyurur:
" يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا فِيمَ أَنتَ مِن ذِكْرَاهَا إِلَى رَبِّكَ مُنتَهَاهَا "
“Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar. Sənin onun (vaxtının) yada salınması ilə nə işin? Onun sonu sənin Rəbbinə tərəfdir.” (“Naziat”, 42-44)
Demək, İslam əxlaq sisteminin digər əxlaq sistemləriylə əsas fərqi dünyagörüşü ilə əxlaq arasındakı dərin əlaqədədir. Lakin bundan öncə qeyd etdiyimiz kimi, dünyagörüşləri arasındakı fərq səadətin xarici nümunəsinin müəyyənləşdirilməsinə və nəticədə fərqli dünyagörüşlərinə uyğun nümunələrin yaranmasına səbəb olur. Bu isə səadət məfhumunda ixtilaf yaratmır.
İslami ya qeyri-islami olmasından asılı olmayraq səadət məfhumu bütün sistemlərdə nisbi bir məfhumdur, ləzzətin davamlı, yaxud nisbətən davamlı olması mənasını verir. Hətta materialist məktəblər də dünya səadəti barəsində bu şərhi qəbul edirlər. Buna görə də məsələn, narkotik maddələr istifadə edən və ilk dəfələrdə ondan hədsiz ləzzət alan şəxsə heç bir məktəbdə, hətta materialist məktəblərdə xoşbəxt deyilmir. Çünki bu ləzzətlərin və xoş hisslərin arxasında bədbəxtlik və qara günlər var.
İslamın xüsusi olaraq irəli sürdüyü və onun digər sistemlərlə fərqinə səbəb olan məsələ onun ölümdən sonrakı həyat əsasında digər ləzzət və ağrı-acılardan xəbər verməsi və buna uyğun olaraq, səadət məfhumunu daimi və əbədi axirət ləzzəti kimi təqdim etməsidir.
İslam insana xəbərdarlıq edir ki, onun həyatı dünya həyatı, dünya ləzzət və əziyyətləri ilə bitmir. Onun qarşıda ləzzət və əziyyətlərlə dolu digər bir əbədi həyatı da var və o, müqayisə zamanı bu cəhətləri nəzərə almalıdır. Əks təqdirdə, insanın dünya həyatı başdan-başa ləzzətlə dolu olsa belə, sonda əzaba düçar olacaq. Belə bir həyatın dəyəri yoxdur və insan onunla xoşbəxt olmayacaq.

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov

Ardını buradan oxuyun

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!