İSLAMDA ƏXLAQ - 4

:

İslam əxlaq sistemində insan
İslam əxlaq sistemi Allahı başlanğıc və yaradan, insanı isə Ona bağlı və möhtac varlıq kimi təqdim edən dünyagörüşünə əsaslanır. Bu dünyagörüşünə əsasən, insan sırf möhtac bir varlıqdır və onun vücudu Allahdan asılılıqdan başqa bir şey deyil.

Allah-taala Quranda buyurur:
"يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ"
“Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) Sifətləri və işləri öyülmüşdür.” (“Fatir”, 15)
Bu sistemin həqiqətə əsaslanması və xülyadan uzaq olması üçün yuxarıdakı bəndə-Rəbb əlaqəsinə diqqət yetirilməli və bu qaydanı nəzərə almaqla proqram hazırlanmalıdır.
Əlbəttə, bunu da bilmək lazımdır ki, yuxarıda deyilənlər təkcə insana xas xüsusiyyətlərdən deyil. Bütün varlıqlar Allahla münasibətdə bu şəkildədir və birmənalı olaraq Ondan aslı, Ona möhtacdırlar. Lakin biz əxlaq sistemi barədə danışdığımız üçün yalnız insanın asılılığına toxunduq.
Bu ümumi asılılığı nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, insan hər hansı şeyə yiyələnib ondan istifadə edəndə, Allahın mülkünə yiyələnir. Əlbəttə, biz insanın müəyyən cəhətdən mala yiyələnməsini inkar etmirik. Hər hansı bir şey və ya bədən üzvləri şərti qanunlarla onun mülkiyyyəti sayılır. Lakin yaddan çıxarmaq olmaz ki, hər bir şey sonda və ən yüksək məqamda Allaha aiddir, hər şeyin həqiqi sahibi Odur.
Bu asılılıqdan digər bir nəticə də alınır: bir iş insanın dünya həyatına xeyirli olmasa da, axirət səadətinə təsirsiz qalsa da, onu Allah əmr edirsə və «bu işi yerinə yetirməyin vacibdir» buyurursa, belə məqamlarda Allahın əmrinə itaət etmək zəruridir.
İnsan tam tabeçiliklə və heç bir etiraz olmadan Allahın əmr və qadağaları müqabilində təslim olmalıdır. Çünki Allahın yaradılış və qanunvericilik rübubiyyətinə, müdiriyyətinə etiqad insanın əməldə Ona tabe olmasını, qadağalarına diqqət yetirməsini tələb edir.
Allahın əmr və qadağalarının hikmətə əsaslanması, əmrlərdə və qadağalarda xeyir olması bir həqiqətdir. Həmin xeyir-ziyanlar Allahın əmr və qadağası olmaqla yanaşı gerçəkliyə malikdirlər və biz bu həqiqəti inkar etmirik. Söhbət bundan gedir ki, əgər Allahın əmr və qadağalarında xeyir və ziyan olmasaydı, insanın onlara tabe olması vacib idi. Belə bir halda da Allahın qarşısında müti olmaq lazımdır.
İndi belə bir sual oluna bilər ki, bu məsələ sırf nəzəriyyədir, yoxsa gerçəklik? İndiyə kimi Allah belə bir fərman veribmi? Cavab olaraq deməliyik ki, Allahın belə bir əmr verməsi qeyri-mümkün deyil. Misal olaraq Allahın həzrət İbrahimə (ə) oğlu İsmaili (ə) qurban etməsi əmrini göstərmək olar. Çünki insanın öz övladını öldürməsi nə dünya səadəti, nə də axirət xoşbəxtliyi ilə nəticələnmir. Bunun onların heç biri ilə qəti əlaqəsi yoxdur. Əgər Allah-taala belə bir əmr verməsəydi, İsmailin (ə) qurban kəsilməsi axirət səadətinə səbəb olmazdı. Heç həzrət İbrahimin (ə) özü də bu işi düzgün hesab etməz və yerinə yetirməzdi. Bütün bunlara baxmayaraq, Allah-taala şirkin hakim olduğu bir zamanda az saylı təkallahlı bəndələrin İbrahimdən (ə) sonra ən əzizi olan İsmail (ə) barədə belə bir göstəriş verir və həzrət İbrahim (ə) zərrəcə etiraz etmədən, mütləq itaətkarlıqla həmin əmri yerinə yetirməklə razılaşır. Həzrət İsmailin (ə) özü də atasını bu əmrin icrasına həvəsləndirir. Quranın nəqlinə əsasən o belə deyir:
" قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ"
“(İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir.” (“Saffat”, 102)
İlahi əxlaq sistemindən başqa heç bir əxlaqi sistemdə bu əmri əsaslandırmaq mümkün deyil. Lakin digər bir həqiqət də var. Yəni hər bir şeyin Allahla əlaqəsi, Ondan asılılığı var, hər bir şey Onun mülküdür. İlahi sistemlərdə Onun buyurduğu hər bir iş yerinə yetirilməlidir – istər fərd ya cəmiyyət üçün hansısa bir xeyiri olsun, yaxud da olmasın. Bunların hamısı Allahın mülküdür və bəndənin onun barəsində «nə üçün – niyə» soruşmaq haqqı yoxdur.
İnsanın Allahın rübubiyyəti ilə bəndəlik əlaqəsi onun bütün işlərinə rəng verə bilər. İnsanın öz səadətinə nail olması istiqamətində hər şeydən daha cəzbedici və təsirli olan bir rəng! Biz bu barədə izah verəcəyik. Allah-taala onun haqqında buyurur:
"صِبْغَةَ اللَّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً "
“İlahi boya! Kimin boyası Allahınkından gözəldir?!” (“Bəqərə”, 138)
Bu məsələ bəzi müsəlman mütəfəkkirlərin əxlaqi dəyərlərin əsas kimi yalnız Allahın əmr və qadağasnı qəbul etməsinə səbəb olmuşdur. Onların nəzərincə, «yaxşı» Allahın əmr etdiyi, «pis» isə Allahın qadağan etdiyi şeydir. Onların «yaxşı» və «pis»liyinin səbəbi Allahın onları əmr və ya onları qadağan etməsidir. Həmçinin deyirlər ki, hər hansı bir iş öz-özlüyündə nə yaxşıdır, nə də pis. Onun bu cəhətləri arasında fərq yoxdur və o, öz-özlüyündə nə bəyəniləndir, nə də bəyənilməyən. Əməllərin yaxşı və pisliyi zati deyil və onlar Allahın əmr və qadağasından asılıdırlar.
Qeyd etmək lazımdır ki, bu münasibətin səbəbi həmin alimlərin düçar olduqları böyük səhvlərdir. Əməllərin «pis» və «yaxşılığı» birmənalı şəkildə Allahın əmr və qadağasından qaynaqlanmır. Onlarda zatən yaxşılıq və pisliyin olmamasını demək düz deyil. Əslində əmr və qadağaların heysiyyəti əməllərin zati heysiyyətindən fərqli bir heysiyyətdir. Onlar Allahın əmr və qadağası olduğu üçün özlərinin zati dəyərindən əlavə insan üçün müsbət ya mənfi dəyər yaradırlar. Yəni Allaha bəndəlik, itaət və Onun əmrlərinə tabe olmağın dəyəri, yaxud Ona qarşı çıxmaq və əmrlərini pozmaq (istər Allahın əksər hökmlərində olduğu kimi xeyir və ziyana əsaslansın, ya əsaslanmasın) işarə edilən nümunə kimidir.
Quran ayələri bizim iddiamızı təsdiqləyir və əməllərin zati dəyərə malik olduğunu göstərir.
Allah-taala buyurur:
" إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإِحْسَانِ "
“Şübhəsiz, Allah ədaləti və yaxşılığı əmr edir.” (“Nəhl”, 90)
Həmçinin buyurur:
"إِنَّ اللَّهَ لَا يَأْمُرُ بِالْفَحْشَاءِ "
“De: «Allah əsla pis iş əmr etməz.” (“Əraf”, 28)
Bu ayələrdən çox gözəl şəkildə başa düşmək olur ki, Allahın əmr buyurduğu ədalət və yaxşılıq onlara əmr edilməmişdən qabaq insanın bəzi əməllərinin zatı sifəti kimi mövcud olub. Allah həmin zati xüsusiyyətlərə görə onları əmr edib. Həmin əməllərə «ədalət» və «yaxşılıq» xüsusiyyəti Allah əmri olduğu üçün verilməyib.
Həmçinin pislik də bir sıra əməllərin zati xüsusiyyəti olaraq mövcuddur və Allah-taala bu cəhətdən onların yerinə yetirilməsini əmr etmir. Buna görə də ədalət və yaxşılıq, zülm və pislik əmr və qadağalar nəzərə alınmadan xarici nümunəyə malikdir və öncə izah etdiyimiz kimi abstraktdır.

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov

 

Tags: QURAN, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!