KEYFİYYƏTLƏR və SƏCİYYƏLƏRİN ÇİÇƏKLƏNMƏSİ

:

ƏXLAQİ KEYFİYYƏTLƏRİN VƏ İNSANİ SƏCİYYƏLƏRİN ÇİÇƏKLƏNDİRİLMƏSİ
Nəfsin tərbiyə olunub təkmilləşdirilməsi, seyri-süluk və Allah dərgahına yaxınlaşmağın yollarından biri də insanın özündə əxlaqi keyfiyyətləri və insani səciyyələri çiçəkləndirməsidir ki, bunların da kökü insanda qoyulmuşdur.

Gözəl əxlaq insanın ruhu ilə tam münasib və uyğun olan dəyərlərdən ibarətdir. Onların tərbiyələndirilməsi, pərvəriş edilməsi ilə insanın insaniyyəti daha kamilləşir və nəhayət Allah dərgahına yaxın bir məqama çatır. Allahın müqəddəs Zatı bütün kamalların mənşəyidir. İnsan yüksək aləmdən gəldiyindən pak və aludə olmamış fitrəti ilə yuxarı aləmlə münasib olan insani kamalları tanıyır və təbii ki, onlara meyl göstərir. Buna görə də bütün dövrlərdə olan insanlar yaxşı əxlaqın o cümlədən ədalət, fədakarlıq, düzlük, əmanətdarlıq, yaxşılıq, şücaət, səbir, dözümlülük, elm, xeyirxahlıq, məhrumları müdafiə etmək, nemətlər qarşısında şükr etmək, səxavətli olmaq, əhdə vəfalı qalmaq, Allaha təvəkkül etmək, təvazökarlıq etmək, əfv edib güzəştə getmək, mülayim rəftar etmək, insanlara xidmət etmək və s. kimi xüsusiyyətlərin gözəlliyini dərk etmişlər.
Allah Quranda buyurur: “And olsun nəfsə və onu yaradana, günah və savab işləri ona ilham edib öyrədənə ki, həqiqətən öz nəfsini aludəliklərdən paklayan kəslər nicat tapar, onu xarab edənlər isə ziyankar olar.”
Əxlaqi işlər təkrar olunduğu zaman nəfsə nüfuz edir və vərdiş halına çevrilərək insan vücudunun bir hissəsinə çevrilir. O, insan ruhunun quruculuğunda, necə olmasında, hətta nə olmasında belə təsir göstərir. Məhz buna görə də İslam dini əxlaqi məsələlərə xüsusi diqqət yetirmişdir. Əxlaq məsələləri İslam dininin böyük bir qismini təşkil edir. Əxlaq barəsində yüzlərlə, minlərlə ayə və hədis deyilmişdir. Quran ayələrinin əksəriyyəti əxlaqi göstərişlərdir. Hətta, Quranda qeyd olunan hadisələrin və hekayələrin əksəriyyəti əxlaqi səciyyəyə malikdir. Belə ki, Quranı əxlaqi bir kitab kimi də nəzərdən keçirmək olar.
Ümumiyyətlə, böyük ilahi peyğəmbərlərin əsas hədəflərindən biri insan nəfs və ruhlarının paklaşdırılması, onlarda gözəl əxlaqi keyfiyyətlərin çiçəkləndirilməsidir. İslam Peyğəmbəri (s) də öz besətinin əsas hədəfini insani kamalların və əxlaqın təkmilləşdirilməsi kimi təqdim edərək buyurur: “Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaqdan ötrü göndərilmişəm.” (Müstədrəkul-vəsail, 2-ci cild, səh.282)
Peyğəmbəri-Əkrəm (s) bütün insanlara xitabən buyurur: “Sizə gözəl əxlaqı tövsiyə edirəm, çünki Sübhan Allah məni həmin məqsədlə məbus etmişdir.” (Biharul-ənvar, 69-cu cild, səh.375)
O Həzrət (s) yenə buyurur: “Qiyamətdə insanların əməl tərəzisinə gözəl əxlaqdan da fəzilətli olacaq bir şey qoyulmayacaqdır.” (Kafi, 2-ci cild, səh. 99)

SALEH ƏMƏL
Qurani-Kərimdən məlum olur ki, imandan sonra saleh əməl nəfsin təkmilləşdirilməsinə, Allah dərgahına yaxınlaşmağa və ali-insani dərəcələrə nail olaraq axirətdə pak-pakizə həyatdan bəhrələnməyə səbəb olur. Quranda buyurulur: “Hər kəs imanı olduğu halda saleh əməl görsə – istər kişi olsun, istərsə də qadın – Biz onu pak-pakizə bir həyatla dirildərik, onlara əməl etdiklərindən daha yaxşı mükafat verərik.” (Nəhl surəsi, ayə: 97)
Bu ayədən məlum olur ki, insan üçün dünya həyatından əlavə, pak-pakizə olan digər bir həyat da vücuda gələ bilər və o da məhz iman və saleh əməlin nəticəsidir. Qurani-Kərimdə buyurulur: “Hər kəs iman və saleh əməllə Allaha tərəf gedərsə... Məhz onlar çox yüksək dərəcələrə və məqamlara nail olarlar.” (Taha surəsi, ayə: 75)
Yenə buyurulur: “Hər kəs Pərvərdigarı ilə görüşə ümid bəsləyirsə, gərək saleh əməllər görsün və Rəbbinə ibadətdə heç bir (şeyi) Ona şərik qərar verməsin.” (Kəhf surəsi, ayə: 110)
Yenə buyurulur: “Hər kəs izzət istəyirsə, (bilməlidir ki,) izzət bütünlükdə Allaha məxsusdur. Pak söz (la ilahə illəllah) Allaha doğru yüksəlir və saleh əməl onu yuxarı aparır.” (Fatir surəsi, ayə: 10)
Allah-taala bu ayədə buyurur ki, bütün izzətlər və qüdrətlər Ona məxsusdur, Onun yanındadır, pak kəlmə, yəni, müvəhhid insanın pak ruhu, pak tövhid əqidəsi Allaha doğru yüksəlir, saleh əməl də onu daha da yüksəldən bir vasitədir.
Saleh əməl pak niyyət və ixlasla görülərsə ilə iş görənin nəfsində təsir qoyur və onu inkişaf etdirərək təkamülə çatdırır. Qurandan məlum olur ki, axirətin pak-pakizə və gözəl həyatı, Pərvərdigarın dərgahına yaxınlıq və Onunla görüş iman və saleh əmələ bağlıdır. Quranda saleh əməlin üzərində çox təkid olunur və əbədi səadətin və qurtuluşun yeganə vasitəsi saleh əməl hesab edilir. Əməlin saleh olmasının yeganə meyarı onun şəriətlə və vəhylə müvafiq, uyğun olmasıdır. Bütün dünyanı yaradan Allah insanın bütün ruhi xüsusiyyətlərini bildiyindən, onun səadət və təkamül yolunu da bilir. O, bu yolları vəhy vasitəsilə Peyğəmbərə (s) öyrədir ki, insanlara çatdırsın, insanlar da bu yollardan istifadə etsinlər. Allah-taala Quranda buyurur: “Ey iman gətirənlər, Allah və Onun Rəsulu sizi sizə həyat bağışlayacaq bir şeyə dəvət etdikləri zaman onu qəbul edin.” (Ənfal surəsi, ayə: 24)
Saleh əməl müqəddəs şəriətdə vacib və ya müstəhəb əməl kimi təqdim edilir. Təkamül yolçusu da onları yerinə yetirməklə bu mərhələləri keçməli, Allah dərgahına yaxınlaşmalıdır. Yol yalnız budur, hər kəs bundan başqasını seçsə, azğınlıqdadır və o, heç vaxt həqiqi məqsədə çatmaz. Təkamül yolçusu Allahın əmr və fərmanlarına qeydsiz-şərtsiz və tam mənada müti olmalı, seyri-süluk üçün şəriətin göstərdiyi yoldan başqa bir yolu keçməməli, şəriətdə heç bir mənbəyi, əsası olmayan zikrləri deməkdən və hərəkətləri yerinə yetirməkdən ciddi şəkildə uzaq olmalıdır. Çünki, bunlar təkamül yolçusunu nəinki məqsədə çatdırmır, hətta, onu məqsəddən tamamilə uzaqlaşdırır. Çünki şəriətdən kənara çıxmaq bidət və günah sayılır.
Təkamül yolçusu ilk mərhələdə ciddiyyətlə çalışmalı, vacibləri və s. dini göstərişləri düzgün şəkildə və şəriətdə mövcud olan qanunlar çərçivəsində yerinə yetirməlidir. Çünki vacib əməlləri tərk etməklə, hətta müstəhəbləri yerinə yetirsə, zikrləri deməklə ciddi fəaliyyət göstərsə belə, yüksək ali məqamlara çata bilməz.
İkinci mərhələdə müstəhəblərə və zikrlərə növbə çatır. Təkamül yolçusu bu mərtəbədə özünun ruhi qüdrət və istedadına uyğun olaraq müstəhəb işləri görməlidir. Bu zaman nə qədər çox çalışarsa, bir o qədər də ali məqamlara çata bilər. Müstəhəblərin hamısı fəzilət baxımından bir səviyyədə deyildirlər. Onların bəziləri digərlərindən daha üstün olub, insanı Allah dərgahına daha artıq yaxınlaşdıra bilər.

Kitabın adı: Nəfsin saflaşdırılması
Tərcümə edən: M.Turan

 

Tags: QURAN, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!