MÜNACAT VƏ BAĞIŞLANMAQ İSTƏYİ - 2

:

BAĞIŞLANMAQ İSTƏYİ VƏ ONUN İNSAN HƏYATINDA ROLU - AYƏTULLAH XAMENEİNİN DİLİ İLƏ - II HİSSƏ
QAFİLLİK - BAĞIŞLANMAQ İSTƏYİNƏ BİRİNCİ MANEƏ - Bir məsələ budur ki, əgər bağışlanmaq və bu ilahi neməti əldə etmək istəsək, iki xisləti özümüzdən uzaqlaşdırmalıyıq: qafilliyi və qüruru. Qafillik odur ki, insan ondan günahın baş verdiyini ümumiyyətlə bilməsin və buna diqqət yetirməsin...

Hər halda, dünyada və insanlar arasında belə adamlar var. Onlar qafildirlər; günah edirlər, lakin onun baş verməsinə diqqət yetirmirlər.
Yalan danışırlar, təxribat aparırlar, qeybət edirlər, zərər vururlar, dağıntı yaradırlar, qətl törədirlər, müxtəlif günahsız insanlara torba tikirlər, ucqar üfüqlərdə və geniş miqyasda xalqlar üçün qorxulu yuxular görürlər, xalqı azdırırlar və bu səhv işləri gördüklərinə əsla diqqət də yetirmirlər. Əgər kimsə ona "günah edirsən" - desə, laqeydliklə qəhqəhə çəkib ələ salması da mümkündür: "Günah?! Nə günahı?!"
Bu qafil insanların bəzilərinin ümumiyyətlə savaba və əzaba etiqadları yoxdur. Bəzilərinin isə etiqadları da var, lakin qəflət içərisindədirlər və ümumiyyətlə nə iş gördüklərini bilmirlər. Əgər bunu özümüzün gündəlik həyatımızda bir qədər kiçiltsək, görəcəyik ki, həyatımızın bəzi hissələri qafillərin həyatına bənzəyir. Qafillik çox qəribə bir iş və böyük təhlükədir. Bəlkə də insan üçün heç bir təhlükə qafillikdən ciddi, heç bir düşmən qafillikdən böyük deyil. Bəziləri belədirlər.
Quran terminlərində bu qafilliyin qarşı tərəfi təqvadır. Təqva - sayıq olmaq və daim özünə nəzarət etməkdir. Əgər qafil insan onlarla günah edir və günah etdiyini əsla hiss etmirsə, təqvalı insan onun tam qarşı tərəfidir. Azca günah da etsə, tez diqqətli olur ki, günah etmişdir və onu düzəltmək fikrinə düşür: "Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu (pis işlərə təhrik edildiyi) zaman onlar xatırlayıb düşünərlər". Şeytan onun yanından keçən kimi, şeytanın küləyi ona dəyən kimi tez şeytanın toxunduğunu, səhvə və diqqətsizliyə uğradığını hiss edir və xatırlayır. Belə adamın gözü açıqdır.
Mənim əzizlərim! Qardaşlar və bacılar! Kim olsanız, diqqətli olun. Bu müraciət xalqın xüsusi bir qrupuna aid deyil ki, məsələn, az məlumatlı insanlar, savadsız insanlar, yaxud gənc və azyaşlı insanlar ona diqqət yetirsinlər. Xeyr, hamı diqqətli olmalıdır. Alimlər, görkəmli şəxsiyyətlər, böyüklər, kiçiklər, pullular, yoxsullar - hamı diqqətli olmalıdır; çünki ən azı bəzən qafillik onların da yaxasını tutur və diqqətsizlik edirlər; günah edirlər, lakin günah etdiklərinə diqqət yetirmirlər. Bu böyük məsələdir.
Mən və siz etdiyimiz günaha diqqət yetirmirik. Günah etdiyimizi bilmədiyimizdən ona görə tövbə də etmir və bağışlanmaq istəmirik. Qiyamət günü gözlərimiz açıldıqda görəcəyik ki, əməl dəftərimizdə qəribə şeylər var. İnsan təəccüb edir ki, mən bu işləri nə vaxt görmüşəm; ümumiyyətlə xatırlamır. Bu, qafilliyin günahı və onun eybidir. Deməli, bağışlanmaq istəyinin bir maneəsi qafillikdən ibarətdir.

QÜRUR - BAĞIŞLANMAQ İSTƏYİNƏ İKİNCİ MANEƏ - İkinci maneə qürurdur. İnsan kiçik bir iş görən kimi məğrur olur. Dua və rəvayətlərimizdə "Allah qarşısında məğrurluq" ifadəsi işlənib. Səhifeyi-Səccadiyyənin cümə günləri oxunan 46-cı duasında çox oyadıcı təbirlər mövcuddur. Deyir: "Bədbəxtlərin ən böyüyü Sənin qarşında məğrur olandır". Ən böyük bədbəxtlik Sənə məğrur olan şəxsə məxsusdur. Qürur belədir. Məğrur insan abadlıqdan çox uzaqdır, qurtuluş və salamatlıq sarıdan əliboşdur. Nə üçün? Çünki kiçik bir iş görən kimi, iki rəkət namaz qılan kimi, məsələn, xalqa bir xidmət göstərən kimi, filan qutuya pul salan kimi, yaxud Allah yolunda bir iş görən kimi tez məğrur olur ki, biz Allah-Taala yanında işimizi düzəltmiş, borcumuzu ödəmişik və heç bir şeyə ehtiyacımız yoxdur. Bunu dillə söyləmir, lakin qəlbində belə düşünür.
Ehtiyatlı olun! Allah-Taala tövbə qapısını açmış və buyurmuşdur ki, mən günahları bağışlayaram. Bunun mənası o deyil ki, günahlar kiçik və əhəmiyyətsizdir. Xeyr! Bəzən günahlar insanın bütün həqiqi vücudunu tələf edir, məhv edir, uca insani həyat dərəcəsində olan bir insanı çirkin və dəyərsiz yırtıcıya çevirir. Günah belədir. Elə bilməyin ki, günah kiçik şeydir. Yalan danışmaq, qeybət etmək, insanların ləyaqətini alçaltmaq, bir sözlə olsa belə zülm etmək az və kiçik günahlar deyil.
İnsanın günahkarlıq hissi keçirməsi üçün mütləq uzun illər günaha qərq olması lazım deyil. Xeyr! Bir günah da günahdır. Günahı kiçik saymaq olmaz. Rəvayətlərimizdə günahları kiçik saymaq bölməsi var, onu məzəmmət etmişlər. Allah-Taalanın "bağışlayarıq" - deyə buyurmasının səbəbi budur ki, Allaha qayıdış çox mühümdür, nəinki günah az və kiçikdir. Günah çox təhlükəli bir şeydir, lakin Allaha qayıdış, diqqət və Allahın zikri o qədər əhəmiyyətlidir ki, əgər insan bunu səmimi və düzgün şəkildə yerinə yetirsə, o zaman əlacı çətin olan o xəstəlik sağalar. Buna görə yaxşı işlə məğrur olmaq - bunu da biz elə bilirik ki, yaxşı işdir, lakin o qədər də yaxşı olmaması, yaxud çox da əhəmiyyətli olmaması mümkündür - sizin bağışlanmaq istəyinə sarı getməməyinizə bais olur.
İmam Səccad (ə) başqa bir duada Allaha deyir: "Ey Allahım! Sən hətta siddiq bəndələrinin də sənə yaxınlaşmaları ilə qürur etməmələrinə layiqsən". Baxın, bu duada həqiqətən çox gözəl məzmun və məna vardır. Yol budur. O buyurur ki, insanların bəndəlik məqamının yüksək dərəcəsinə nail olmuş siddiqlər də Allahın yolunu düzgün getdiklərinə, daha işləməyə və çalışmağa ehtiyaclarının qalmadığına görə məğrur olmamalıdırlar. Xeyr! Bu da bağışlanmaq istəyinə maneədir. Əgər qəflət olmasaydı, qürurlanmaq da olmazdı, aldanmaq və özünə heyranlıq da olmazdı.
Bir məsələ də budur ki, həqiqi və ciddi bağışlanmaq istəyi təsirli olur. Fərz edin sizin böyük bir probleminiz var və Allah-Taaladan onun həll olunmasını istəyirsiniz. Məsələn, Allah eləməmiş, əzizlərinizdən biri üçün bir problem yaranmışdır. Siz adi yollarla onun problemini həll etməyə çalışmısınız, amma bacarmamısınız. İndi isə Allah-Taalaya üz tutub dua edir və yalvarırsınız. Görün insan belə bir halda, məsələn övladının, yaxud əzizinin bir xəstəliyə tutulduğu, Allahın qapısına getdiyi və onda dua halının yarandığı zaman Allahdan necə istəyər?! Günahlarınızın bağışlanmasını Allahdan belə istəyin. Həqiqətən bağışlanmaq istəyin və həmin günahı bir daha təkrar etməməyə qərar verin.
Əlbəttə, insanın günah etməmək qərarı ola və sonradan yenə də onu təkrarlaya bilər. Bu zaman yenə tövbə etməlidir. Əgər insan yüz dəfə tövbəsini sındırsa da, yüz birinci tövbənin qapısı da açıqdır. Lakin tövbə edən və bağışlanmaq istəyən insanda əvvəldən həmin səhv və günah işi təkrarlamaq qərarı olmamalıdır. Belə olmaz.
Kitabda imamların birindən belə bir hədisin söyləndiyini gördüm: "Dili ilə bağışlanmaq istəyən, amma qəlbində günahına görə peşman olmayan şəxs özünü məsxərə etmişdir". Yəni qəlbində günaha görə peşman olmayan və çox sevinən, amma dili ilə "əstəğfirullah" deyən şəxs özünü ələ salır. Bu neçə bağışlanmaq istəyidir?! Bu, bağışlanmaq istəyi deyil. Bağışlanmaq istəyi odur ki, insan qayıtsın; həqiqətən və ciddi şəkildə Allah-Taaladan onu bağışlamasını istəsin. Bu zaman insan həmin işi təkrarlamaq niyyətində ola bilərmi?! Belə bir insanın Allah-Taaladan bağışlanma diləməyə üzü gələrmi?!

Ardını buradan oxuyun

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!