MÜNACAT VƏ BAĞIŞLANMAQ İSTƏYİ - 3

:

BAĞIŞLANMAQ İSTƏYİ VƏ ONUN İNSAN HƏYATINDA ROLU - AYƏTULLAH XAMENEİNİN DİLİ İLƏ - III HİSSƏ
TƏSİRLİ BAĞIŞLANMAQ İSTƏYİNİN FORMASI - Bu necə bağışlanmaq istəməkdir?! Bu bağışlanmaq istəyi kifayət etmir. Bağışlanmaq istəyi ciddi və həqiqi olmalıdır. Bağışlanmaq istəyi müəyyən bir qrupdan olan insanlara məxsus deyil ki, deyək onlar çox günah etmişlər və bağışlanmaq istəməlidirlər.

Xeyr! Bütün insanlar, hətta peyğəmbərlər də bağışlanmaq istəməlidirlər. "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq". Peyğəmbər (s) də bağışlanmaq istəməlidir.
Bağışlanmaq istəyi ya bizim etdiyimiz günaha görədir, ya da əxlaqi günahlara görə. Fərz edin bir insan heç bir günah etməmişdir; nə yalan danışmış, nə qeybət etmiş, nə zülm etmiş, nə qanunu pozmuş, nə ehtiraslara uymuş, nə bir kəsi aşağılamış, nə xalqın malına təcavüz etmişdir. Sözsüz ki, belə insanlar çox azdır. Lakin bu növ fiziki günahları etməyən insanların çoxu da duyğu günahlarına - əxlaqi günahlara düçar olurlar. Əgər heç bir günah etməyən həmin adam xalqa baxıb "bu bədbəxt camaatın hamısı günah edir, amma biz Allahın lütfü ilə özümüzü saxlamışıq və günah etmirik" - desə, yəni özünü onlardan üstün hesab etsə, bunun özü bir günah, tənəzzül və süqutdur və onun üçün bağış diləmək lazımdır. İnsanları təhqir etmək, özünü digərlərindən üstün tutmaq, öz işinə xalqın işindən daha çox dəyər vermək, yaxud insanlarda olan bəzi pis əxlaqi xarakterlər, məsələn paxıllıq, tamahkarlıq və eqoizm üçün də bağış diləmək lazımdır.
Fərz edək bu günahları etməyən bir insan da var, amma məsələn tövhid elmini yüksəldə bilməmişdir. Bu bir qüsurdur və onun üçün bağışlanmaq istəməlidir. Tövhid və Allaha etiqad elmi məhdud və bağlı bir sahə deyil, sonsuz yoldur. Bütün peyğəmbər və övliyalar bu yolda inkişaf və təkamüldə olmuş, Pərvərdigarın müqəddəs zatı və Həzrət Haqqın kamal sifətləri barədə daha çox məlumat toplamağa çalışmışlar. Belə şəxslər bu yolda nə qədər inkişaf etməsələr, bu bir qüsur, gerilik, mənəvi acizlikdir və onun üçün bağışlanmaq istəmək lazımdır.
Bağış diləmək hamı üçündür. Görürsünüz ki, bu dualarda imamların necə yanğısı var. Bəziləri elə bilirlər ki, İmam Səccad (ə) digərlərinə öyrətmək üçün belə yanğılı dua etmişdir. Bəli, həm işin formasında, həm də məzmununda digərlərinə öyrətmək var, lakin məsələnin məğzi bu deyil. Məsələnin məğzi bu saleh bəndənin, uca və böyük insanın özünün istəmək halətidir. Bu yanğı onun özünə aiddir. Allah qarşısında belə yalvarış onun özünə aiddir. Allah əzabından bu qorxu, Allaha yaxınlaşmağa və Allahın razılığına meyl onun öz hissləridir. Bu bağışlanmaq istəyi və Allahdan diləmək həqiqətən onun özünə aiddir.
O ucalıqda olan bir insanın nəzərində həyatın halal işlərinə - halal ləzzətlərə və halal işlərə diqqətin də bir növ süqut və tənəzzül hesab olunması mümkündür. Ürəyi istəyirdi ki, maddi və fiziki zərurətlər çərçivəsində qərarlaşmasın, həyatın halallarına və adi məsələlərinə bu yarımçıq baxışı da etməsin, mərifət yolunda, ilahi razılığa və ilahi dərkin cənnətinə sarı sonsuz vadidə daha çox irəliləsin. Bu baş tutmadıqda isə, bağışlanmaq istəyir. Buna əsasən, bağışlanmaq hamı üçündür.
Mənim əzizlərim! Bağışlanmaq istəyi üçün ramazan ayını qənimət sayın, Allah-Taaladan bağış diləyin. Bizim xalqımızın bu fədakar ruhiyyəsinə, göstərdiyi bu müqavimətə, gördüyü bu böyük işə, malik olduğu bu nurlu və yaxşı gənclərə, - bu qədər gənc bizim cəmiyyətimizdən başqa heç bir yerdə yoxdur - bu qadınlara, kişilərə, analara və bu xalqın göstərdiyi müxtəlif fədakarlıqlara görə maddi və mənəvi, dünya və axirət sahələrində onun böyük inkişaf potensialı vardır. Bu xalq bağış istəyi ilə ilahi rəhməti özünə cəlb etməlidir.
Hamınız bağışlanmaq istəyin. İbadət adamı olanlar, ibadətdə orta səviyyədə olanlar, hətta ibadət işində zəif olan və yalnız vacib əməllərlə kifayətlənənlər, hətta hərdən Allah eləməmiş, bəzi vacib ibadətlərini də tərk edən şəxslər - hamı və hamı bilməlidir ki, işləri aparan onlarla Allah arasındakı bu əlaqədir. Allah-Taaladan bağışlanmaq istəyin, əfv diləyin, Allahdan bu günah maneəsini götürməsini, Özünün lütf və mərhəmət günəşinin önündən buludları qaldırmasını, lütfünü bu qəlblərə və ruhlara saçmasını diləyin. O zaman inkişaf və irəliləyişi görəcəksiniz.

TÖVBƏ VƏ DUANIN ZAMANI
Mənim əzizlərim! Ən yüksək və ən kamil insan Allah yolunda hərəkət edə bilən, Allahı özündən razı salan və ehtirasların əsiri olmayan insandır. Düzgün və kamil insan budur. Ehtirasın, qəzəbin, nəfsin, istək və hisslərinin əsiri olan materialist insan zahirən böyük olsa da, yüksək vəzifə tutsa da, çox kiçik insandır. Dünyanın ən böyük ölkəsinin prezdenti, yaxud ən sərvətli adamı öz nəfsinin istəkləri ilə mübarizə apara bilməsə, öz nəfsinə əsir olsa, kiçik insandır. Öz istəklərinə hakim olan, insan kamilliyi və Allah yolundan ibarət olan düzgün yolu gedən yoxsul bir insan isə böyük insandır.
Bağışlanmaq istəyi sizi o həqarətdən xilas edir. Bağışlanmaq istəyi bizi o boyunduruq və zəncirlərdən xilas edir. Bağışlanmaq istəyi Allah-Taalanın sizə verdiyi nurlu qəlbin pasını təmizləyir. Qəlb – insanın canı, ruhu və həqiqi kimliyidir. O, çox nurludur. Hər bir insan nurludur. Hətta Allahla əlaqəsi və tanışlığı olmayan insanın da zatında nur vardır, lakin etiqadsızlıq, günah və ehtiras səbəbindən paslayır. Bağışlanmaq istəyi bu pası təmizləyib onu parıldadır.
Ramazan ayı tövbə, dua və bağış istəyinin zamanıdır. Qədr gecəsinin ehtimal olunduğu iki gecə - 19 və 21-ci gecələr ötdü, amma 23-cü gecə qarşıdadır; onun qədrini bilin. 23-cü gecənin əvvəlindən, yəni günəş batan zamandan sübh azanına qədər ilahi salamatlıq başlanır: "O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!" Ortadakı bu bir neçə saat ilahi salam, əmin-amanlıq və Allahın bütün yaranış üzərinə düşən rəhmət kölgəsidir. O gecə möhtəşəm gecədir; min ayla bərabər yox, hətta min aydan daha yaxşı, daha xeyirlidir. İnsanın min ay həyatı nə qədər faydalı ola, rəhmət və xeyir qazandıra bilər? Bu bir gecə min aydan yaxşıdır. Bunun böyük əhəmiyyəti var. Bu gecənin qədrini bilin, onu dua ilə, diqqətlə, təfəkkürlə, yaranışın əlamətləri barədə fikirləşməklə, insanın taleyi və Allah-Taalanın insandan istədiyi işlər barədə düşünməklə, bu maddi həyatın etibarsızlığı, gördüklərinizin hamısının can verən anda qapısı açılan o biri dünyaya hazırlıq olduğunu düşünməklə keçirin.
Mənim əzizlərim! Can verən anda biz başqa bir dünyaya daxil olacağıq. O gün üçün özümüzü hazırlamalıyıq. Bu dünyanın, bu sərvətlərin, Allah-Taalanın bu dünyada sizin vücudunuzda əmanət qoyduğu bu enerjilərin, Allahın bəşər üçün istədiyi məsələlərin - ədalətli hökumətin, rifahlı həyatın və digər amillərin hamısı insanın özünü o biri dünyaya hazırlaması üçündür. Özünüzü hazırlayın, Allahla ünsiyyət qurun, münacat edin, Allahı yada salın, bağışlanmaq istəyin. Allaha belə üz tutan, qəlbini paklayan, günahdan üz çevirən və xeyirli əməllərə qərar verən insanlar bu dünyanın problemləri ilə üzləşə bilən əzəmətli varlıqlardır. Bir nümunəsi bizim böyük imamımızdır; digər nümunələri bizim öz cəmiyyətimizin möminləri - bu mömin və yorulmaz gənclər, bu qadın və kişilər, şəhidlər, müharibə əlilləri, əsirlikdə ağır zindanlara dözənlər, əzizlərinin ayrılığına dözənlər, müharibənin çətinliklərinə tab gətirənlər, bu gün minini dəfn etdiyiniz bu insanlardır. Bunların hər biri bir xalq üçün fəxr sayılan, uca tutulan və örnək olan üstün və yüksək nümunələrdir.
Son


Yazı elektron kitablardan götürülmüşdür

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!