QEYBƏT – RUHİ XƏSTƏLİK (3)

:

DIN, ƏXLAQI POZĞUNLUQLARLA MÜBARIZƏ APARIR

Qurani-Kərim kiçik və olduqca məzmunlu bir ibarə ilə qeybətin mahiyyətini bəyan edərək buyurur: “Sizdən biriniz ölmüş qardaşınızın ətini yeməyə razı olarmı?”

İnsan ölmüş heyvanın ətini haram bilib yemədiyi kimi, onun ağıl və şüuru da qeybətdən uzaq olmalıdır. 

Peyğəmbərlər və imamlar şirk və bədbinliklə mübarizə apardıqları kimi, qeyri-əxlaqi rəftar və xüsusiyyətlərlə də eləcə mübarizə aparmış və onların yüksək əxlaqi dəyərlərlə əvəz olunmasına xüsusi diqqət yetirmişlər. Peyğəmbər (s) buyurur: "Mən, əxlaqi dəyərləri tamamlamaq üçün Peyğəmbərliyə göndərildim." Bunun üçün də əsaslı məntiqlə bəşəriyyəti əxlaqi dəyərlərə sövq etmiş və qeyri-əxlaqi rəftar və davranışlardan uzaq olmağa çağırmışdır. 

Qeybət və ona qulaq asmağın böyük günah olduğu müsəlmanlara bəyan edildiyi kimi, qeybəti olunan şəxsləri müdafiə etmək də hər bir müsəlmana vacib edilmişdir. Peyğəmbər (s) buyurur: "Əgər iştirak etdiyiniz məclisdə kiminsə pisliyinə danışarlarsa, onu müdafiə edib həmin şəxsləri bu işdən çəkindirməyə çalış. "

Başqa bir hədisdə deyilir: "Allah-taala müsəlman qardaşını onun iştirak etmədiyi yerlərdə müdafiə edən şəxsi axirət əzabından amanda saxlayar." "Qeybəti olunan şəxs razı olmayınca onun qeybətini edən şəxslərin qırx gün namaz və orucları qəbul olunmaz. Ramazan ayında qeybət edən şəxslər isə tutduqları oruca görə heç bir savab qazanmazlar. "

Həqiqi müsəlman barədə buyurulur: "Müsəlman o kəsdir ki, sair müsəlmanlar onun əlindən və dilindən amanda qalsınlar."

Məlum məsələdir ki, başqalarının qeybətini edən şəxslər mənəvi dəyərlərdən uzaq düşmüş olur. Müsəlman alimləri hamılıqla qeybəti böyük günah hesab edir. Çünki bu günaha düçar olan şəxslər Allahın əmrindən çıxmaqla yanaşı, başqalarının da haqlarını tapdalayaraq onların hüquqlarına təcavüz etmiş olurlar. 

Ölmüş cəsəd özünü müdafiə edə bilmədiyi kimi, məclisdə hazır olmayan şəxslər də öz şərəf və ləyaqətlərini müdafiə edə bilmirlər. Bir sözlə, başqalarının mal və canına hörmətlə yanaşıldığı kimi, onların şərəf və mənəviyyatına da eyni qaydada hörmət və ehtiramla yanaşılmalıdır. 

Qeybət və başqaları barədə pis fikirdə olmaq bir növ ruhi sarsıntıdan irəli gəlir. Əli (ə) buyurur: "Başqalarının qeybətini edib ardınca danışmaq süst və iradəsiz insanların işidir. "

Helen Şaxter deyir: "Aradan qalxmayan hər bir ehtiyac narahatçılığımıza səbəb olur və hər bir narahatçılıq bizi müəyyən tədbirə əl atmağa vadar edir. Lakin hamı ehtiyaclardan irəli gələn narahatlıqların aradan götürülməsi üçün eyni addım atmır. İnsan özünü başqalarının nəzərində özü istədiyi kimi görmədikdə birdəfəlik onlardan uzaq düşür və cəmiyyətdə təhqir olunacağından qorxub, ya kənara çəkilməyi hər şeydən üstün tutur, ya pərişan və narahat halda bir kənara çəkilir və heç kimlə kələmə kəsmir, ya da özünün yersiz gülüş və atmacaları ilə başqalarına istehza edir. Bunları etməsə də ətrafındakıların dedikləri hər bir sözə irad tutur və başqalarının qeybətini edir. Beləliklə o ətrafındakıların nəzərini özünə cəlb etmiş olur."

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, cəmiyyətdə xoşbəxtlik və səadət üçün lazımi şərait yaratmaq üçün hər şeydən əvvəl daxili islahatlar aparılmalı, səmimiyyət, sədaqət və bu kimi müsbət xüsusiyyətlərin gücləndirilməsinə çalışmalıyıq.

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ. Əhmədov

 

Tags: SUALLARA CAVAB, FİQH, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!