QİYAMIN RƏHBƏRİ

:

İmam Mehdinin (əc.) inqilab və qiyamı haqqında indiyə qədər çox söhbətlər olmuşdur. Bu məqalədə rəvayətlərə əsaslanaraq, İmam Zamanın (əc.) fiziki (cismi) və əxlaqi xüsusiyyətləri barədə danışacağıq.

FİZİKİ XÜSUSİYYƏTLƏRİ
1. Yaşı və üz siması
Həsinin oğlu İmran deyir ki, Allah Rəsuluna belə ərz etdim: “Bu şəxsin (yəni İmam Mehdinin (əc.)) xüsusiyyətləri və bəzi mənəvi halı haqqında mənə məlumat verin!”
Peyğəmbər (s) buyurdu: “O mənim övladlarımdandır. Hündür cüssəli və Bəni-İsrailin kişilərinə bənzər qaməti vardır. О mənim ümmətimin çətin və problemli günlərində qiyam edəcək. Üzünün rəngi ərəblərə oxşayır. Üzdən 40 yaşlı kişi kimi görünəcək və ay kimi parlaq olacaq. Yer üzündə zülmün baş alıb getdiyi zaman oranı ədalətlə dolduracaq. 20 il bütün işləri idarə edəcək. Roma və Konstantinopol kimi küfr şəhərələrini fəth edəcək.”1
İmam Həsən Müctəba (ə) belə buyurur: “... Allah-Təala qeybət illərində İmam Mehdinin (əc.) ömrünü uzun edəcək. Bundan sonra O, yenilməz və bitməz qüdrəti ilə ona (İmam Mehdiyə) çox yaşlı görünməyən bir üz təravəti bəxş edəcək.”2
Əmirəl-möminin Əli (ə) buyurur: “İmam Mehdi (əc.) qiyam etdiyi zaman o, 30-40 yaşlı bir şəxs kimi görünəcək.”3
Mərvi deyir ki, İmam Rzaya (ə) belə dedim: “Sizin Qaiminizin (əc.) zühur və qiyam edəcəyi vaxtın nə kimi əlamət və nişanələri vardır?”
İmam Rza (ə) cavab verdi: “O İmam (əc.) yaşının çox olmasına baxmayaraq, üzdən cavan görünəcək. Belə ki, onu görən hər bir şəxs 40 yaşlı, bəlkə də daha az olduğunu zənn edəcək. Onun digər xüsusiyyətlərindən biri də budur ki, əcəli (ölümü) çatana qədər həyat onu qocaltmayacaq.”4
Yeri gəlmişkən, İmam Zamanın (əc.) bütün bədən üzvləri bir-birinə uyğun və mötədil (оrta səviyyəli) olması da qeyd olunmuşdur.5

2. Bədən quruluşu
Əbu Bəsir deyir ki, İmam Sadiqə (ə) belə ərz etdim: “Sizin atanızdan İmam Zamanın (əc.) geniş sinəli və enli çiyinli olduğunu eşitmişəm.”
İmam Sadiq (ə) cavab verdi: “Ey Əbu Məhəmməd! Atam Peyğəmbərin (s) zirehini geyinərkən ona gen qalardı. Belə ki, boydan da uzun olub yerlə sürünərdi. Mən də o zirehi geyinmişəm. Elə mənə də gen gəlir. Amma həzrət Qaimin (əc.) qəd-qamətinə Peyğəmbərin (s) əyninnə biçildiyi kimi münasib, ətəyindən azca qısa olacaq. Belə ki, onu görənlər İmamın (əc.) ətrafında düyünləndiyini zənn edəcəklər.”6
Rəyyan ibn Səlt deyir ki, İmam Rzanın (ə) hüzuruna gedərək ona belə ərz etdim: “Siz əmr sahibisiniz?”
İmam Rza (ə) cavab verdi: “Bəli, mən imam və əmr sahibiyəm. Lakin Yer üzü zülmkarlıqla dоlandan sonra оnu ədalətlə dоlduran həmin əmr sahibi mən deyiləm. Sizcə, mən bu gördüyünüz cismimlə, qüdrətimlə necə əmr sahibi ola bilərəm?! İmam (əc.) zühur etdiyi zaman yaşca qoca olmasına baxmayaraq, cavan görünüşə malik olacaq. Onun qüdrətli bədəni və güclü qolları olacaq. Belə ki, əlini ən böyük dağ-qayalara uzatdıqda belə, heç bir təzyiq vermədən onları kökündən qoparmağa qadir olacaq. Əlbəttə, həzrət Musanın (ə) əl ağacı ilə Süleyman (ə) peyğəmbərin üzüyü onun əlində olacaq.”7

ƏХLAQ VƏ RƏFTARI
İmam Mehdi (əc.) digər məsum imamalarımız (ə) kimi əxlaqi kamilliyə malik olan bir şəxsiyyətdir. Məsum imamların (ə) bəşər övladları arasında kamil insanlar olmasını nəzərə alaraq, örnək və nümunə kimi bütün cəhətləri və əxlaqi baxımdan da yüksək həddə olmaları gərəkdir.
Həzrət Rza (ə) belə buyurur: “Mehdi (əc.) ən ağıllı, səbrli və ən təqvalı insandır. O, bütün insanlardan rəhmli, şücaətli və abiddir.”8

1. Allahdan qоrхusu
Kəb deyir: “İmam Mehdinin (əc.) Allah qarşısındakı qorxusu, qartalın qanadları üçün оlan qorxusuna bənzəyir.”9
Burada bəlkə də Kəbin məqsədi qartalın quşlar arasında ən güclü quş olduğuna baxmayaraq, onun bu qüdrətinin qanadlarından asılı olub onların köməyi ilə bu məqama çatmasıdır. Qartalın qanadları bircə an onun ixtiyarında olmasa, o yüksəklikdən yerə düşəcək və öləcəkdir. İmam Mehdi (əc.) də ilahi rəhbərlərin ən güclüsü olmasına baxmayaraq, qüdrətinin İlahinin Zatından qaynaqlandığını dərk edir. O bilir ki, Allah-Təala bircə an onu dəstəkləməsə, onun qüdrəti davamsız olacaq. Elə bu səbəbdən də İmam (əc.) İlahinin dərgahında tamamilə təvazökarlıq və son həddə qədər qorxu hissi ilə yaşayır.
İbn Tavusun yazdıqlarına əsasən,10 İmam Zamanın (əc.) Allaha qarşı olan qorxusu, nizənin iki tərəfinə bənzədilmişdir. Nizədən istifadə üsulu sürətli nişan almaqdır. Bu da elə qartalın iki qanadına bənzəyir. Bunlardan (nizənin iki tərəfindən) biri əyri olarsa, nişangaha vurmaq qeyri-mümkündür. Bəlkə də bu sözləri deməkdə məqsəd İmam Mehdinin (əc.) Allahdan qaynaqlandığı qüdrətinə və bütün vücudu ilə Haqqın köməyinə olan ehtiyacını xatırlatmaqdır.

2. Zöhd
İmam Sadiq (ə) buyurur: “Nə üçün İmam Mehdinin (əc.) zühuruna tələsirsiniz? Bir Allah bilir ki, onun paltarı necə sərt və narahat, yeməyi arpa çörəyi, hakimiyyəti qılınc hakimiyyəti, ölüm də qılıncının kölgəsindədir?”11
Osman ibn Həmmad deyir ki, İmam Sadiqin (ə) olduğu bir məclisdə idim. Kimsə İmama (ə) belə dedi: “Əli ibn Əbu Talibin (ə) geyindiyi ən qiymətli paltar 4 dirhəm idi. Amma sizin geyimləriniz çox bahalı və qiymətlidir.”
İmam Sadiq (ə) də cavabında belə buyurdu: “Əli (ə) o paltarları ona heç kəsin etiraz etmədiyi bir dövrdə geyinərdi. Hər dövrün ən gözəl geyimi elə o zamanın adamlarının paltarlarıdır. Bizim Qaimimiz (əc.) qiyam edəndə Əli (ə) kimi geyinəcək və onun siyasətini yürüdəcək.”12

3. Geyimi
Rəvayətlərdə zühur zamanı həzrət Qaimin (əc.) xüsusi geyimi haqqında məlumatlar da vardır. Bəzən Rəsulullahın (s) köynəyini geyəcəyindən, bəzən də Yusif (ə) peyğəmbərin köynəyində olacağından söhbət açılmışdır. Şüeybin oğlu Yaqub deyir ki, İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Sənə həzrət Qaimin (əc.) zühuru zamanında geyinəcəyi köynəyi göstərməyimi istəyirsən?”
Cavab verdim: “Əlbəttə ki, görmək istərdim.”
İmam Sadiq (ə) kiçik sandığın gətirilməsini istədi və onun qapağını açaraq içindəki köynəyi çıxartdı və о köynəyi açdı. Оnun sol qolunda qan ləkəsi var idi. Sonra İmam (ə) buyurdu: “Bu Peyğəmbərin (s) köynəyidir. Müharibədə 4 ön dişinin sındığı gün (Ühüd müharibəsində) bu köynəyi geymişdi. İmam (əc.) də bu köynəyi əyninə geyinib qiyam edəcək.”
Mən o qan ləkəsini öpüb gözlərimin üstünə qoyduqdan sonra İmam (ə) köynəyi büküb götürdü.13

4. Silah
Allah Rəsulu (s) İmam Əliyə (ə) belə buyurdu: “Bizim Qaimimiz (əc.) qiyam etdikdə və zühurunun məmuriyyətinə başlayarkən əlində olan qılınc dil açıb ona deyəcək: Ey Allahın vəlisi! Qiyam et və düşmənlərini öldür!”14
İmam Sadiq (ə) buyurur: “İmam Mehdi (əc.) zühur etdiyi zaman Peyğəmbərin (s) Ühüd müharibəsinin döyüşlərində geyindiyi köynəyi geyəcək, zirehi və əmmaməsi də onun qamətinə xüsusi bir gözəllik bəxş edəcək. Daha sonra o, Rəsulullahın (s) Zülfüqar adlı qılıncını əlinə alaraq 8 ay müddətində bütün dinsizləri məhv etməklə məşğul olacaq.”15
Cabir Cuufi deyir ki, İmam Baqir (ə) buyurub: “İmam Mehdi (əc.) Məkkədən “rükn”lə “məqam” arasından öz köməkçisi və (təqribən) üç yüz neçə nəfərlə (313) birlikdə zühur edəcək. Belə ki, Peyğəmbərin (s) qanun-qaydası, bayrağı və silahı оnunla birlikdə оlacaq. Bü zaman Məkkə səmasından оnun adı və vilayəti (imaməti) tərəfindən nida gələcək. Belə ki, dünyada оlan Yer əhlinin hamısı о adı eşidəcək. Оnun adı Peyğəmbərin (s) adıdır.”16

5. İmamın (əc.) хarakteri bilməsi
Bütün insanların daxili xarakterlərini, sahib olduqları şəxsiyyət onların üzlərində (çöhrələrində) özünü əks etdirir və bunu öyrənən bir elm də vardır. İmam Mehdinin (əc.) əhəmiyyətli xüsusiyyətlərindən biri də bu elmə sahib olması ilə saleh insanları nasalehlərdən ayırd edib və fasidləri öz cəzalarına çatdırmaqdan ibarətdir.
İmam Sadiq (ə) buyurur: “Bizim Qaimimiz (əc.) qiyam edərkən tanımadığı pis və ya yaхşı bir şəxs qalmayacaq.”17
Həmçinin, belə buyurmuşdur: “Bizim Qaimimiz (əc.) qiyam edərkən bizim düşmənlərimizi üzlərindən tanıyacaq. Sоnra isə оnların başlarından və ayaqlarından tutacaq, dostları ilə birlikdə qılıncla qətlə yetirəcəklər.”18
Eləcə də digər yerdə belə buyurur: “Bizim Qaimimiz (əc.) qiyam edəndə güclü tanıma hissiyatı ilə dostunu-düşmənindən ayırd edəcək.”
Müaviyə Dehni deyir ki, İmam Sadiq (ə): “Cinayətkarlar üzlərindən tanınacaq, bu zaman əl-ayaqları tutulacaq”19 - ayəsi haqqında belə buyurdu: “Ey Müaviyə! Başqaları bu barədə nə deyirlər?”
Dedim: “Onlar Allah-Təalanın qiyamət günündə günahkarın üzlərindən tanınacağını, onların ön saçları ilə ayaqlarından tutub, odun içinə atacaqlarını düşünürlər.”
İmam (ə) dedi: “Allahın özü yaratdığı cinayətkar insanı tanımasının nə mənası var?”
Dedim: “Bəs onda ayənin mənası necədir?”
İmam (ə) buyurdu: “İmam (əc.) qiyam edəndə, Allah-Təala ona üzdən tanıma elmini də verəcək. İmam Mehdi (əc.) də kafirləri başlarından və ayaqlarından tutaraq оnlara ağır qılınc zərbələri ilə vurmağı əmr edəcək.”20

 Kitabın adı: Son hakimiyyət
Tərcümə edən: Mətanət Hüseynova


1. İbn Tavus, “Mulahim”, səh. 142.
2. “Kəmalud-din”, 1-ci cild, səh. 315; “Kifayətul-Əsər”, səh. 224; “Əəlamul-Vəra”, səh. 401; “Əl-İhticac”, səh. 289.
3. “İhqaqul-Həqq”, 19-cu cild, səh. 654.
4. “Kəmalud-din”, 2-ci cild, səh. 652; “Əəlamul-Vəra”, səh. 435, “Xəraic”, 3-cü cild, səh. 1170.
5. “Biharul-ənvar”, 52-ci cild, səh. 283.
6. “Bəsairud-dərəcat”, 4-cü cild, səh. 188; “İsbatul-Hudat”, 3-cü cild, səh. 440 və 520; “Buharul-ənvar”, 52-ci cild, səh. 319.
7. “Kəmalud-din”, 2-ci cild, səh. 48; “Əəlamul-Vəra”, səh. 407; “Kəşful-Ğummə”, 3-cü cild, səh. 314; “Biharul-ənvar”, 52-ci cild, səh. 322; “Vafi”, 2-ci cild, səh. 113; “İsbatul-Hudat”, 3-cü cild, səh. 478.
8. “Yənabiul-Məvəddə”, səh. 401; “İsbatul-Hudat”, 3-cü cild, səh. 537; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 367.
9. İbn Həmmad, “Fitən”, səh. 100; “Əqdud-Durər”, səh. 158; İbn Tavus, “Mulahim”, səh. 73; Muttəqi Hindi, “Burhan”, səh. 101.
10. İbn Tavus, “Mulahim”, səh. 73.
11. Numani, “Qeybət”, səh. 233 və 234-də azca fərqlərlə nəql оlunubdur. “Biharul-ənvar”, 52-ci cild, səh. 354.
12. “Kafi”, 6-cı cild, səh. 444; “Biharul-ənvar”, 41-ci cild, səh. 159 və 47-ci cild, səh. 55.
13. Numani, “Qeybət”, səh. 243; “İsbatul-Hudat”, 3-cü cild, səh. 542; “Hilyətul-Əbrar”, 2-ci cild, səh. 575; “Biharul-ənvar”, 52-ci cild, səh. 355.
14. “Kifayətul-Əsər”, səh. 263; “Biharul-ənvar”, 36-cı cild, səh. 409; “Əvalim”, 15-ci cild, üçüncü hissə, səh. 269, “İsbatul-Hudat”, 3-cü cild, səh. 563.
15. Numani, “Qeybət”, səh. 308; “Biharul-ənvar”, 52-ci cild, səh. 223; Müraciət edin: “İrşad”, səh. 275.
16. “Əl-Usulus-Sittə Əşər”, səh. 79; “İsbatul-Hudat”, 3-cü cild, səh. 588; “Biharul-ənvar”, 26-cı cild, səh. 209; “Mustədrəkul-Vəsail”, 11-ci cild, səh. 38.
17. “Kəmalud-din”, 2-ci cild, səh. 671; “Xəraic”, 2-ci cild, səh. 930; “İsbatul-Hudat” 3-cü cild, səh. 493; “Biharul-ənvar”, 51-ci cild, səh. 58 və 52-ci cild, səh. 389.
18. “İhqaqul-həqq”, 13-cü cild, səh. 357; Numani, “Qeybət”, səh. 242; “Kəmalud-din”, 2-ci cild, səh. 366; “İrşad”, 5-ci cild, səh. 36; “Əəlamul-Vəra”, səh. 433; “Kəşful-Ğummə”, 3-cü cild, səh. 256.
19. Ər-Rəhman surəsi, 41-ci ayə.
20. “İxtisas”, səh. 304; Numani, “Qeybət”, səh. 128; “Bəsairud-dərəcat”, səh. 356; “Biharul-ənvar”, 52-ci cild. səh. 321; “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 431; “Əl-Muhəccətul-Bəyza”, səh. 217; “Yənabiul-Məvəddə”, səh. 429.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!