SƏLƏMÇİLƏR RƏFTARINI TARAZLAYA BİLMƏYƏN DƏLİLƏRƏ BƏNZƏYİRLƏR

:

الَّذِینَ یأْكُلُونَ الرِّبَا لَا یقُومُونَ إِلَّا كَمَا یقُومُ الَّذِی یتَخَبَّطُهُ الشَّیطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَیعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللَّهُ الْبَیعَ وَحَرَّمَ الرِّبَا فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَى فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ وَمَنْ عَادَ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

“Sələm yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq şeytan toxunmuş dəli kimi qalxarlar. (Tarazlıqlarını saxlaya bilməyib, gah yıxılar, gah da durarlar.) Bu onların “şübhəsiz, alış-veriş də sələm kimidir” demələrinə görədir. Buna görə də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o, (sələm yeməkdən) çəkinsə, keçənlər onundur (onun sələm hökmünün nazil olmasından qabaq götürdüyü qazanc özününküdür) və işi (axirət cəzası baxımından) Allaha aiddir. (Sələm yeməyə) qayıdan kəslər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.”1

AYƏNİN TƏFSİRİ
Məsəlin şərhindən öncə, ayə ilə bağlı bir neçə incəlik diqqəti cəlb edir:
1. Ayənin ahəngindən məlum olur ki, artıq sələm haram edilmişdir və onun cəzası cəhənnəmdir. Amma “Bəqərə” surəsinin 278 və 279-cu ayələrindən belə başa düşülür ki, müsəlmanların bəziləri hələ də sələmçiliklə məşğul olurlarmış.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ. فَإِن لَّمْ تَفْعَلُواْ فَأْذَنُواْ بِحَرْبٍ مِّنَ اللّهِ وَرَسُولِهِ وَإِن تُبْتُمْ فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ لاَ تَظْلِمُونَ وَلاَ تُظْلَمُونَ

“Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin! Əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allahla Peyğəmbərinə qarşı müharibəyə girdiyinizə əmin olun! Amma tövbə etsəniz, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız.”
Bu ayələrə əsasən, İslamın əvvəllərindəki müsəlmanları, o cümlədən, bütün səhabələri günahsız və ədalətli sanmaq əbəs bir fikirdir.
2. Adətən, sələmlə bağlı ayələr infaq və sədəqəyə aid ayələrin ardınca gəlir və bunlar var-dövlət vasitəsi ilə qarşıya çıxan xeyir və şər məsələlərini aydınlaşdırır. İnfaq əvəzsiz vermək, sələm isə əvəzsiz almaqdır, infaq yaxşılığa yol açırsa, sələm də pisliyə sarı yönəldir.
3. Qurani-Kərimin qətl, zülm, spirtli içki, qumar və zina kimi böyük günahlara qarşı mövqeyi kəskindirsə, sələmə qarşı daha şiddətlidir. Çünki sələm, həqiqətdə, Allah və Peyğəmbəri ilə müharibə sayılır.
4. Ayədən belə başa düşülür ki, sələm yeyənlər şeytan tərəfindən tarazlığı pozulmuş, yıxılıb-duran adama bənzəyirlər. Təfsir alimləri bu haqda bir neçə nəzər irəli sürürlər:
1. Sələmçi dünyada cəmiyyətdəki sinfi tarazlığın pozulmasına bais olduğu üçün, qiyamətdə müvazinətini itirərək divanələr kimi zahir olacaq.
2. Ayədə sələmçilərin dünyadakı ictimai siması təsvir edilir. Yəni onlar bir insan kimi ictimai təfəkkür tərzindən məhrum olan dəlilərə bənzəyirlər. Çünki onlar məişət tarazlığını pozur, sələmlə alış-veriş arasında heç bir fərq görmürlər:

{...ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَیعُ مِثْلُ الرِّبَا...}

“Bu onların “şübhəsiz, alış-veriş də sələm kimidir” demələrinə görədir.”2

Kitabın adı: Qurani-kərimdə ibrətamiz məsəllər
Tərcümə edən: Rza Şükürlü


1. “Bəqərə” surəsi, ayə 275.
2. “Əl-mizan”, 2-ci cild, səh. 413.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!